Emalatxanası tarixin yaddaşıdır ƏMƏKDAR RƏSSAM MÜBARİZ ƏKBƏROV 70
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hər zaman Ulu Şeyx Nizami yurdu olan qədim Gəncə böyük tarixi şəxsiyyətlər yetirməklə elm, mədəniyyət beşiyi hesab edilib. Bu qədim torpaq özünün tarixi ənənələrini qorumaqla yanaşı yetişdirmiş olduğu şəxsiyyətləri ilə tanınıb. Məhz onlar öz yaradıcılıqları ilə Gəncənin adını ucalda bilib. Hər zaman olduğu kimi özünün əsrarəngiz gözəlliyi ilə insanı valeh edən, qəhrəmanlıq tarixinin bir parçasına çevrilən, şer-sənət beşiyi olan qədim Gəncədə dünyaya göz açan, Azərbaycan Respublikasının Əməkdar rəssamı, “Turan” Elmlər Akademiyasının fəxri akademiki Mübariz Səməd oğlu Əkbərovun əsrarəngiz yaradıcılıq yolu, sənət dünyası nəinki ölkəmizdə, habelə onun hüdudlarından kənarda da ünlü sənət nümunəsi olaraq geniş şəkildə tanına bilib. Məhz bu gün Mübariz Əkbərov yaradıcılığından söhbət açmaqla onun əsrarəngiz sənət nümunələri haqqında ətraflı danışmaq istərdim.
Mübariz Səməd oğlu Əkbərov 2 aprel 1955-ci ildə Gəncə şəhərində anadan olub. O, 1971-ci ildə Gəncə Rəssamlıq məktəbini, 1975-ci ildə Gəncə Pedaqoji Texnikomunun “Rəssamlıq” fakültəsini həmçinin 1985-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsini bitirib.
Onun yaradıcılığına nəzər salarkən qeyd etmək lazımdır ki, 1993-cü ildə Bakı şəhərində təşkil edilən “Azərbaycan folkloru” müsabiqə sərgisində ikinci dərəcəli diploma layiq görülüb. 1995-ci ildə Əlyazmalar İnstitutunda fərdi sərgisi təşkil olunub. Daha sonra 1996-cı ildə Bakı şəhərində təşkil olunan “Dekorativ tətbiqi sənət” üzrə müsabiqə sərgisinin laureatı və qalibi olub. 2000-ci ildə “Dədə Qorqud-1300” müsabiqə sərginin laureatı və qalibi olaraq, 2001-ci ildə Gəncə şəhərində fərdi sərgisi həmçinin 2003-cü ildə Bakı şəhərində “Sənət inciləri” adlı fərdi sərgisi və 2004-cü ildə isə yenə də Gəncə şəhərində növbəti fərdi sərgisi təşkil edilib. Mübariz Əkbərov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Ona uzun müddətli yaradıcılıq yolu nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 19 sentyabr 2007-ci il tarixli məlum Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adı verilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığı illər ərzində Şərq və Azərbaycan xalçasının eləcə də dekorativ-tətbiqi sənət nümunələri məziyyətlərinin daha dərindən öyrənilməsi həmçinin dünya miqyasında tanıdılmasında Xalq rəssamı Lətif Kərimovun tələbəsi olaraq yaradıcılıq imkanlarının daha da genişlənməsi istiqamətində mühüm rol oynadığını xüsusi olaraq qeyd etmək lazımdır. Bu baxımdan sənət məziyyətlərindən söhbət düşərkən Mübariz Əkbərov ilk öncə deyir: “Lətif Kərimovun tövsiyyəsi ilə bu sənətə gəldim. Tədricən təkminləşdirdikcə sənətin incəliklərini daha dərindən öyrənə bildim. Bu gün xoşbəxtəm ki, dünya şöhrətli sənət əsərləri olan işlər ərsəyə gətirə bildim. Bununla da deyə bilərəm ki, dünyanın hər yerindən maraqlanır, gəlib sənət əsərlərimdən ibarət işlərimə baxırlar. Əlbəttə ki, xoşbəxt taleli bir insan olmaq hər kəsə nəsib olmur. Bu baxımdan xoşbəxt taleli bir yaradıcılq yolum var”.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 110 illiyi münasibətilə “Lətif Kərimov ili” elan edilən bir zaman kəsiyində Azərbaycan Xalça muzeyində Mübariz Əkbərovun dekorativ-tətbiqi sənət nümunələrindən ibarət “Metalda həkk olunmuş gözəllik” adlı sərgisi təşkil olunub. Sərgi muzeydə keçirilən “I Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar” adlı simpozium ərəfəsində təşkil edilməklə Lətif Kərimovun əvvəllər nümayiş olunmayan müəllif eskizləri də burada geniş tamaşaçı auditoriyasına təqdim edilib.
Bildiyimiz kimi azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Bu dövrdə məhz Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb. Məhz Mübariz Əkbərovun ailə üzvləri də 1947-ci il dekabrın 23-də İ. Stalinin imzası ilə SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-in kolxozçu və digər azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə qərarından sonra 1948-ci il martın 10-da köçürmə üzrə tədbirlər haqqında daha bir qərar verildiyi zaman Qərbi Azərbaycandan deportasiya olunanlar siyahısında olub. Bu zaman onun babası Hüseyn kişi ailə üzvlərilə birlikdə Gəncəyə köçürülüblər. O illəri xatırlayan Mübariz müəllim deyir: “Hüseyn babam 1948-ci ildə Qərbi Azərbaycandan Gəncəyə deportasiya edildikdə özü ilə “Qara dəstə” adlı xəncərini gətirmişdir. Mən anadan olduqda babamın Qərbi Azərbaycandan gətirdiyi və yadigarı olan “Qara dəstə” adlı xəncəri hər zaman yastığımın altında olub. Sənətə gəldikdən sonra isə bu xəncəri də yenidən hazırlamaq qərarında oldum. Xoşbəxtlikdən taleyimə nəsib olub ki, ata-babalarımın mənə yadigar qoyduqları “Qara dəstə” adlı xəncərini də yenidən hazırlaya bildim”.
Həmçinin sənətkar bu dövr ərzində İrəvanlı ağsaqqalların təklifləri əsasında İrəvan xəncərinin də hazırlanaraq ərsəyə gəlməsinə müvəffəq ola bilib.
Bu gün Mübariz Əkbərov bütün əlişlərini milli arnamentlərlə bəzəməyi sevdiyini xüsusi olaraq qeyd edir. Məhz onun ərsəyə gətirdiyi qılınç-xəncər ustadı olaraq barmaqlarının nəvazişiylə polad üzərindəki nəfis naxışlarla bəzədilmiş sənət nümunələri Azərbaycanımızın milli-mənəvi dəyərləri, tarixi-mədəni irsi olaraq təqdim edilir. Mübariz Əkbərovun yaratdığı sənət nümunələri təkcə forma və işlənmə texnikasının nəfis formasında deyil, eyni zamanda zərifliyi və incəliyi ilə də göz oxşayır. Məhz onun işlədiyi sənət nümunələri məmulatlarda müxtəlif orjinal variasiyarla yanaşı yüksək bədiiliyi ilə diqqət mərkəzində olmağı bacarır. Bu barədə söhbət düşərkən ustad sənətkar deyir: “Düzdür mən rəngkarlıqğı bitirmişəm. Ancaq bütünlükdə sənət əsərlərimdə istifadə etdiyim arnametləri Lətif Kərimov mənə aylarla öyrədib. Onun məsləhətləri ilə bütün bu arnamentlər üzərində daha dərindən işləməyi öyrənə bildim”.
Həmçinin qeyd etmək lazımdır ki, əksər işləri əsasən poladdan hazırlayan sənətkar bu əlişlərinin uzun müddətli bir vaxta ərsəyə gəldiyini söyləyir. Onun bütün işlərinin üzərində Gəncə adı xüsusi olaraq yazılır. O bununla da Ulu Şeyx Nizami yurduna məxsusluğunu qoruyub saxlaya bilir. Onun yaradıcılığında müxtəlif mədəniyyətlərə və dövrlərə aid olan qılınç-xəncər nümunələri Azərbaycan ənənəvi ornamentləri ilə bəzədilməklə yanaşı özünəməxsus ştrix və incəliklərlə böyük sənətkarlıq nümunələri olaraq təqdim edilə bilir. Bu barədə sənətkarla söhbət zamanı bir az da düşünərək deyir: “Azərbaycanın hərb tarixində bizim qılınçların və xəncərlərin xüsusi yeri olub. Hər xalqın öz qılınçı, xəncəri mövcuddur. Məsələn, “Qafqaz xəncəri” respublikamızın Quba, Şəki, Zaqatala və Gəncə bölgələrində geniş yayılmış silahlarından hesab edilir. “Qafqaz xəncəri”nin bir neçə növü vardır: “Dağıstan” və “Çərkəzi”. “Dağıstan” növü enli, “Çərkəzi” növü isə bir qədər nazik olur. Bu baxımdan bu kimi sənət əsərləri üzərində işləmək daha məsuliyyətli və mənim üçün daha böyük maraq kəsb edir”.
Müqəddəs İslamda ədalətin rəmzi hesab edilən dini əşyalardan biri də İmam Əlinin qılınçı adlanan “Zülfüqar”dır. İnsanlarda “Zülfüqar” qılınçı ilə bağlı ən geniş yayılmış təsəvvür onun haçauclu olmasıdır. Bu gün də “Zülfüqar” qılınçı hazırlanan suvenirlərdə, bəzək əşyalarında rəmzi olaraq ikihaçalı qılınç kimi təsvir olunur. Ancaq əslində, bu təsəvvür də doğru bildiyimiz yanlışlardandır. Uzun illərdən sonra belə bir qılınçın daha doğru və düzgün görünüş formasını əldə edən Mübariz Əkbərov gərgin zəhməti sayəsində məhz bu sənət əsərini ərsəyə gətirməyə müvəffəq olub. Bu haqda söhbət düşərkən o, deyir: “Bildiyiniz kimi “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş təntənəli gecə Türkdilli dövlətlərin VI Zirvə toplantısına gəlmiş dövlət başçılarının iştirakı ilə Bakı şəhərində 2000-ci il aprelin 9-da keçirilib. Bu ərəfədə həm də geniş miqyaslı əlişlərindən ibarət sərgi də təşkil edilmişdir. Sərgidə Ulu öndər, mərhum Heydər Əliyev iştirak edirdi. O, mənim əlişlərimlə tanış olan zaman belə bir sual verdi: “Sən Həzrət Əlinin Zülfüqar qılınçını düzəldə bilərsənmi?” Bu sualdan sonra çox düşündüm. 20 ildən artıq bir zaman idi ki, “Zülfüqar” qılınçının forması və onun üzərində hansı naxışların olduğu haqda araşdırmalar aparırdım. Bir çox ölkələrin muzey işçiləri, ədəbiyyatçıları və din xadimləri ilə söhbətlər etmişəm. Araşdırmalarım nəticəsində belə qərara gəlmişəm ki, “Zülfüqar” qılınçının uc hissəsi daxildən ikitərəflidir. Bunun isə bir çox üstünlükləri var. Bir çox mənbələrdə isə qılınç ikihaçalı təsvir olunur. Məncə bu yanlış fikirdir, çünki fiziki olaraq ikihaçalı qılınçı idarə etmək çox çətin olardı. Bu baxımdan onu daha dolğun bir fomada yaratmağa müvəffəq ola bildim. Uzun araşdırmalardan sonra polad və gümüşdən hazırladığım “Zülfüqar” qılınçını əqiq və gümüş naxışlarla bəzəyib, üzərinə isə ərəb dilində “Əli kimi igid, Zülfüqar kimi qılınç yoxdur” sözlərini yazdım”.
Sənətkar söhbətləri zamanı həmçinin çox maraqlı və həm də incə bir həssaslıqla sənətinin daha dolğun məqamlarını sevə-sevə dinləndirməyi bacarır. Belə ki, maraqla dinlədiyim həmsöhbətim deyir: “Bədii metal sənəti ilə məşğul olduğum zaman hiss etdim ki, rəssamlıqdan bəhrələnməklə sıradan çıxmaq üzrə olan qədim silahlara yeni bir ömür verə bilərəm. Bu yeni ömür isə mənim bir sənətkar olaraq tarix qarşısında vətəndaşlıq borcum hesab edilə bilər”.
Təbii ki, bu gün onun evindəki kiçik emalatxanasında böyük sevgi və məhəbbətlə hazırladığı əsərləri arasında ispan və ingilis xanımlarının istifadə etdiyi “pika”, ərəblərə məxsus “yamən”, Nepala xas olan “kukri”, fransızlara məxsus “şpaqa” və Yaponiyanın simvoluna çevrilən “katana” kimi əl işləri və digər milli silah növləri mədəniyyət tariximizin bir parçası hesab edilməklə böyük bir tarixi özündə yaşatmaqdadır. Bu gün sənətkarın əl işlərindən ibarət olan qılınçlar dünyanın bir çox məhşur muzeylərində və fərdi kolleksiyalarında qorunub saxlanılır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2008-ci ilin oktyabr ayının 10-da Bakı şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunan rəngkarlıq və tətbiqi incəsənət müsabiqə sərgisində onun əlişlərindən ibarət sənət əsərləri birincilik qazanıb.
Məhz bu gün zəngin ahəngi ilə bəzədilən yaradıcılıq yolu tükənməz olan Mübariz Əkbərov özünün sənət nümunələri ilə Almaniya, Böyük Britaniya, Danimarka, Fransa, Rusiya və Türkiyədə təşkil olunan bir sıra beynəlxalq sərgilərdə ölkəmizi uğurla təmsil edir. Müxtəlif ölkələrdən dəvətlər alsa da ustad sənətkar Ulu Şeyx Nizami yurdu olan Qədim Gəncəni tərk etmir. Bu barədə özü isə belə deyir: “Londonda təşkil olunan sərgidə əlişlərimi görüb təklif etdilər ki, daimi olaraq bu ölkədə qalım. Ancaq heç zaman bu barədə düşünməmişəm. Doğma Gəncəmi nəinki Londona heç bir ölkəyə dəyişmərəm”.
Bu gün xüsusi olaraq qeyd etməliyəm ki, Mübariz Əkbərovun işlədiyi xəncər, qılınç qəbzələri və qınları, buynuzdan hazırladığı badələr, əl əsaları, döyüş libasları, bel kəmərləri və digər işləmələr müxtəlifliyi və zənginliyi ilə hər zaman diqqət mərkəzində olmağı bacarır. Qeyd etmək lazımdır ki, 2009-cu ildə ekranlara çıxan Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında ekranlaşdırılan “Cavad xan” tammetrajlı bədii filmində istifadə edilən Gəncə xanının hərbi geyim dəsti və qılınçı da məhz Mübariz Əkbərovun əlişidir. Onun dekorasiyalarda işlədiyi şəbəkə texniki üsulu hər zaman dünyanın gözəllik harmoniyasını duymaq bacarığı qədər həssas duyğularla tərənnüm edilməkdədir. Sənətkar hazırladığı hər bir silahın kimə məxsusluğunu, adını və yaranma tarixini də dəqiqliklə öyrənir. Bu haqda söhbət düşərkən ustad sənətkar deyir: “Xalqımızın məğrur mentalitetinə xas olan etik-mənəvi normalar, özünəməxsus davranış qaydaları kişilərə aid edilən zərgərlik nümunələrinin tipoloji azadlığını izah edən faktorlardır. Bu baxımdan zərgərlik örnəkləri kişilər arasında əsasən soyuq silahın tərtibatında özünü göstərirdi. Müxtəlif yaraq-yasaq, qılınç və xəncərlər təyinatından savayı, həm də yüksək sənətkarlıq örnəkləridir. Xəncər yaraq olmaqdan əlavə, həm də kişilərin ənənəvi üst geyim komplektini tamamlayan dekorativ bəzək növü olaraq hər zaman diqqətimi özünə cəlb edib. Bu səbəbdən də hər zaman məhz onun qınının və qəbzəsinin yaraşıqlı görünməsinə xüsusi diqqət yetirmişəm”.
Ömrünün 70-ci baharına qədəm qoyan Respublikanın Əməkdar rəssamı Mübariz Əkbərov öz sənət incilərinin parlaq işığının şöləsində böyük bir yolu uğurla davam etdirir. Amalı və məqsədi uğrunda yorulmaq bilmədən uğurla addımlayır. Ulu Nizami Gəncəvinin yurdu olan qədim Gəncədə sənət şöləsinin nur işığı qədər parlaq sənət incilərini möhtəşəmliklə təqdim edir.
Anar Ərtoğrul Burcəliyev
Teatrşünas-tənqidçi
.jpeg)












