Əmək bazarında yeni tələblər: Hansı peşələrə ehtiyac artır?
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycanda peşə hazırlığı kurslarının əmək bazarının tələblərinə uyğunlaşdırılması zərurəti gündəmə gəlib.
Hesablama Palatası peşə hazırlığı kurslarının nəticələrini müsbət qiymətləndirsə də, tədris olunan ixtisaslarla əmək bazarının tələbləri arasında uyğunluğun təmin edilməsinə, məşğulluq nəticələrinin daha ətraflı təhlilinə və peşə istiqamətlərinin mütəmadi yenilənməsinə ehtiyac olduğunu vurğulayıb.
Rəydə qeyd olunub ki, 2026-cı ilin ilk 6 ayında peşə hazırlığına cəlb edilən 9 149 nəfərdən 6 757-si, yaxud 73,9 faizi kursları başa vurub, 4 104 nəfəri və ya 44,9 faizi işlə təmin edilib.
2025-ci ildə isə peşə hazırlığına cəlb olunan şəxslərin 71,7 faizi kursları bitirib, hazırlığa cəlb edilənlərin 44 faizi, kursları başa vuranların isə 61,4 faizi işlə təmin olunub.
Hesablama Palatası əvvəlki il kursları bitirənlərin təlimlərə cəlb olunanlara nisbətinin 71,7 faiz təşkil etməsini beynəlxalq təcrübə nəzərə alınmaqla orta göstərici hesab edib.
Eyni zamanda, peşə hazırlığına cəlb edilmiş müəssisələr üzrə göstəricilərin təhlili, bu fəaliyyətin gücləndirilməsi, xüsusilə tabeliyində olan müəssisələrə münasibətdə detallı strategiyanın hazırlanması və peşə hazırlığı üzrə məlumat bazasının tam formalaşdırılması ehtiyacını diqqətə çatdırıb.
Rəydə təlimlərin regionlar və peşələr üzrə bölgüsü, təklif olunan ixtisaslarla əmək bazarının tələbləri arasında uyğunluğun yetərincə təmin edilməsi məsələsi də vurğulanıb.
Bildirilib ki, peşə hazırlığı sistemi əmək bazarının tələbləri əsasında təkmilləşdirilməli, yaxın və orta müddətdə formalaşacaq tələbat daha dəqiq müəyyənləşdirilməli, peşələr üzrə məşğulluq nəticələri sistemli təhlil edilməli, əldə olunan nəticələr əsasında tədris olunan peşə istiqamətləri mütəmadi yenilənməli və təkmilləşdirilməlidir.
Peşə təhsili müəssisələrində hazırlanan kadrların əmək bazarında daha rəqabətqabiliyyətli olması üçün ixtisas seçimində hansı məqamlar nəzərə alınmalı, mövcud ixtisaslar üzrə hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda peşə təhsili müəssisələrində tədris olunan ixtisaslar əmək bazarının real tələbləri ilə demək olar ki, uyğunlaşır:
“Lakin zaman-zaman müəyyən uyğunsuzluqlar da müşahidə edilir. Müasir dövrün tələblərinə uyğun yeni ixtisasların yaradılmasına və həmin istiqamətlər üzrə qəbulun aparılmasına ehtiyac var.
Gözləntimiz ondan ibarətdir ki, təkcə Bakıda deyil, bölgələrdə fəaliyyət göstərən peşə təhsili müəssisələrində də əmək bazarının konkret ehtiyaclarına uyğun ixtisaslar formalaşdırılsın.
Hazırda bu müəssisələrdə aşpazlıq, gözəllik ustalığı, avtomobil təmiri, dərzilik, dizayn və digər istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir.
Bununla belə, ümumilikdə əmək bazarının real tələblərinə uyğun gəlməyən bəzi ixtisaslar da mövcuddur. Bu isə peşə təhsili ilə əmək bazarı arasında uyğunluğun daha da artırılmasını zəruri edir.
Bu uyğunsuzluqların aradan qaldırılması üçün həm Peşə Təhsili üzrə Dövlət Agentliyi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarını mütəmadi araşdırmalı, daha çox tələbat olan ixtisas istiqamətlərinin inkişafına dəstək verməlidir”.
Onun sözlərinə görə, tədris olunacaq ixtisaslara əmək bazarında ehtiyac əvvəlcədən məhz Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən müəyyənləşdirilir:
“Daha sonra tələbatın yüksək olduğu ixtisaslar aidiyyəti qurumlara təqdim olunur və həmin istiqamətlər üzrə daha çox plan yeri ayrılaraq qəbul həyata keçirilir.
Bizim düşüncəmiz və yanaşmamız ondan ibarətdir ki, peşə təhsili istiqaməti daha da inkişaf etdirilməlidir.
Çünki ümumi təhsillə peşə təhsilini müqayisə etdikdə görürük ki, peşə təhsili müəssisələrini bitirənlər əmək bazarında daha asan iş tapmaq imkanı əldə edirlər”.
Ekspert qeyd edib ki, hətta elə peşə təhsili müəssisələri var ki, onların məzunlarının 90-95 % təhsillərini başa vurduqdan dərhal sonra işlə təmin oluna bilirlər:
“Ona görə də həm cəmiyyət, həm də vətəndaşlarımız peşə təhsilinə münasibətlərini yenidən nəzərdən keçirməlidirlər.
Ali təhsillə yanaşı, peşə təhsilinin də əmək bazarına daha çevik çıxış və iş tapmaq imkanları yaratdığını nəzərə alaraq, gənclərə bu istiqamətə yönəlməyi tövsiyə edirik”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: peşə. Elçin Əfəndi
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Noyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















