Əmlak bazarında stimullaşdırıcı addım
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İcarə gəliri vergisinin azaldılması şəffaflığı və qazancı yüksəldəcək
İcarə bazarı hər bir ölkənin sosial-iqtisadi həyatında mühüm yer tutur. Şəhərləşmənin sürətlənməsi, tələbə axını, əmək miqrasiyası, biznes məqsədli daşınmaz əmlak tələbi bu sahədə dinamizmi daha da artırır.
Azərbaycanda da bu məsələ xüsusi önəm daşıyır. Respublikamızın Bakı və digər böyük şəhərlərində kirayə mənzil bazarı həm sosial rifah, həm də vergi potensialı baxımından gəlirli sektorlardan biridir. Məhz bu baxımdan hökumətin 2026-cı ildən fiziki şəxslərin icarə gəlirinə tətbiq edilən vergi dərəcəsini 14 faizdən 10 faizə endirməsi də stimullaşdırıcı amil kimi qiymətləndirilir.
Bu addım vergi yükünün azaldılması ilə bərabər, həm də bazarın şəffaflaşdırılması, kirayə münasibətlərinin rəsmiləşdirilməsi və vergi daxilolmalarının artırılması kimi çoxşaxəli hədəflərə xidmət edir. Bununla yanaşı, beynəlxalq təcrübə də göstərir ki, icarə vergi dərəcəsinə belə bir yanaşma vətəndaşların rəsmi müqavilələrə marağını artırır, sahibkarlar sanksiyalardan yayınmaq üçün daha çox əməkdaşlığa meyillənir, bazarda institusional sabitlik güclənir.
İcarə gəliri vergisinin azaldılmasından bəhs edən Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə, 14 faizdən 10 faizə endirilmə ilə bağlı qərar təkcə fiskal yükün azaldılması deyil, həm də vergi itkilərinin qarşısının alınması baxımından mühüm mexanizmdir. Deputat-iqtisadçının sözlərinə görə, hazırda icarə sektorunun əhəmiyyətli hissəsi qeyri-rəsmi şəkildə fəaliyyət göstərir, bu isə büdcə üçün ciddi itkilər yaradır. Verginin azaldılması ilə vergi ödəyicilərinin qanun-qaydalara, standartlara və etik normalara uyğun könüllü fəaliyyət səviyyəsi artır, beləliklə, həm şəffaflıq yüksəlir, həm də bütövlükdə dövlət gəlirləri çoxalır.
Dövlət Vergi Xidməti də eyni yanaşmanı bölüşərək bildirir ki, 2025-ci ildən tətbiq ediləcək agent mexanizmi, yəni fiziki şəxslərin qeydiyyata ehtiyac olmadan seçdikləri agent vasitəsilə vergi öhdəliklərini yerinə yetirmək imkanını – idarəetməni daha da sadələşdirəcək. Bu, xüsusilə çoxsaylı icarə obyekti olmayan kiçik ev sahibləri üçün prosesi xeyli yüngülləşdirəcək.
Aşkar fəaliyyətin səmərəsi
Hazırkı qanunvericilik icarə gəlirini xərclər çıxılmadan vergiyə cəlb edir ki, bu da bəzi hallarda faktiki vergi yükünü artırır. Gəlir vergisi dərəcəsinin real gəlirlərə uyğunlaşdırılması islahatı daha balanslı yük bölüşdürməsi yaradır. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, vergi dərəcəsinin azaldılması büdcə gəliri ilə bərabər, sosial münasibətlərə də təsir edir. Onun fikrincə, əvvəla, rəsmi müqavilələrin artması kirayəçilərin hüquqlarını qoruyur. Qeyri-rəsmi kirayə münasibətlərində kirayəçilər hüquqi müdafiədən məhrum olur, ev sahibləri isə risklərlə üzləşir. Rəsmi münasibətlər isə sabit və ədalətli bazar yaradır. İkincisi, rəsmi gəlir sahibkarların maliyyə institutları ilə münasibətlərini yaxşılaşdırır. Bank sistemində icarə gəliri rəsmi təsdiq edilən şəxslər kredit almaqda üstünlük qazanır. Üçüncüsü, dövlət üçün proqnozlaşdırılan vergi bazası yaranır. Qeyri-rəsmi dövriyyə azaldıqca, vergi planlaması daha dəqiq olur.
Ekspert fikrinin davamında tarif endiriminin 2026-cı ildə kirayə qiymətlərinə əhəmiyyətli dərəcədə təsiri olmayacağını da vurğulayaraq, dəyişikliklərin bazara təsirinin yalnız şəffaflıq təmin edildikdən sonra qiymətləndirilə biləcəyini deyib. O, bunun səbəbini kirayə bazarının bir hissəsinin hələ də qeyri-rəsmi fəaliyyət göstərməsi ilə əlaqələndirib.
Beləliklə, vergi dərəcəsinin azaldılması əhalinin Vergi Məcəlləsinə riayət etməsi üçün iqtisadi stimul yaradır, gəlirləri leqallaşdırır və icarə bazarında şəffaflığı artırır. Hökumətin əsas məqsədi də vergidən yayınma hallarını azaltmaq, icarə müqavilələrinin rəsmiləşdirilməsini gerçəkləşdirmək və vergi yığımını artırmaqdır.
Lakin ekspertlərin bir çoxu həm də belə bir fikirdədir ki, vergi dərəcəsinin azaldılması kirayə qiymətlərində qısa müddətdə ciddi dəyişiklik yaratmayacaq. Çünki qiymətlərin formalaşmasında əsas amillər – təklifin məhdudluğu, tələb yüksəkliyi, tələbə axını, mövsümilik və sosial-iqtisadi vəziyyət vergi siyasətinə daha güclü təsir edir.
Hüquqi tənzimlənmənin üstünlüyü
Ekspert Qoca Əmirov mövzu ilə bağlı açıqlamasında bildirdi ki, kirayə müqaviləsi bağlanarkən vergi orqanlarına məlumat verilməməsi İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə uyğun olaraq vergidən yayınma kimi qiymətləndirilir. Cərimələrin məbləği ödənilməli verginin 30-70 faizi arasında dəyişir. Bununla belə, qanunvericilik ilk dəfə uyğunsuzluğa yol verən və vergini tam ödəyən şəxslər üçün məsuliyyətdən azadolma mexanizmi də nəzərdə tutur. Bu praktikada tətbiq olunan “gözlənilən davranış dəyişikliyi” modelidir. Məqsəd cərimələmək deyil, vergi sisteminə qoşulmağı təşviq etməkdir. Endirilən 10 faiz dərəcəsi isə bu mexanizmi daha səmərəli edir, çünki vergi ödəmək üçün stimul artır, yayınma üçün isə maraq azalır.
Q.Əmirov söhbət zamanı beynəlxalq təcrübədə vergi dərəcəsinin azaldılmasının nəticələri barədə də fikirlərini diqqətə çatdırdı: “Polşada bir neçə il əvvəl tətbiq edilən sadələşdirilmiş icarə vergisi özünü tam doğrultdu. Bu ölkədə vergi dərəcəsinin real bazar şərtlərinə uyğunlaşdırılması nəticəsində qeyri-rəsmi icarə müqavilələrinin payı 30 faizdən çox azaldı. Rəsmi müqavilələr üzrə illik vergi daxilolmaları isə artdı. Eyni zamanda, rəsmi qeydiyyatdan keçən ev sahiblərinin sayı da çoxaldı və bu sahədə bazar tam şəffaflaşdı.
Estoniyada da bu sahədə mühüm bir yeniliyə imza atıldı – vergi sistemi tamamilə rəqəmsallaşdırıldı. Başqa sözlə, icarə gəlirləri barədə məlumatlar elektron platformada formalaşdırıldı. Bunun nəticəsində icarə bazarında rəsmiləşdirilən gəlirin payı 70 faizi keçdi.
Vergi monitorinqi xərcləri azalıb
Azərbaycanda 2026-cı ildən tətbiq ediləcəyi nəzərdə tutulan icarə gəliri vergisinin azaldılması məhz yuxarıda adları çəkilən ölkələrin müasir idarəetmə modelinə uyğunlaşma kimi qiymətləndirilir. Ekspert Qoca Əmirov və digər mütəxəssislər Azərbaycanda 10 faiz seçimə üstünlük verilməsinin beynəlxalq təcrübəyə tam uyğun gəldiyini bildirirlər. Onlar bu dərəcənin vurğulanan səviyyədə təsdiqlənəcəyi təqdirdə, dövlət gəlirlərinin azalmasına təsir göstərməyəcəyini, eyni zamanda, qeyri-rəsmi əməliyyatların qarşısının alınmasında stimullaşdırıcı rol oynayacağını, ümumiyyətlə, bu cür balanslaşdırılan yanaşmanın bazarın leqallaşdırılması baxımından ən uyğun model olduğunu deyirlər.
Yeri gəlmişkən, ekspertlər tərəfindən icarə gəliri vergisi kimi islahatların makroiqtisadi mühitə 3 əsas istiqamətdə təsir etdiyi xatırladılır:
– bazar iştirakçıları daha çox rəsmi müqavilə bağladıqları üçün vergi bazası genişlənir. Bu, “gizli” iqtisadiyyatın payının azalması deməkdir;
– şəffaf, proqnozlaşdırılan qaydalar həm yerli vətəndaşlarda, həm də xarici investorlar arasında etimadı artırır;
– daşınmaz əmlak bazarında sabitlik yaranır. Eyni zamanda, rəsmi müqavilələr kirayə münasibətlərində riskləri azaldır, bu isə qiymət volatilliyini zəiflədir və bazarda uzunmüddətli sabitliyi dəstəkləyir.
Bir sözlə, 2026-cı ildən etibarən, yeni icarə gəliri vergisinin tətbiqi ilə ev sahibləri üçün daha az vergi yükü, daha az sanksiya riski, daha çox hüquqi müdafiə amillərinin reallaşacağı, kirayəçilər üçün şəffaf müqavilələr, daha sabit qiymət siyasəti, hüquqi təminatın mövcudluğu, dövlət üçün artırılan vergi bazası, səmərəli monitorinq, optimallaşdırılmış idarəetmə xərcləri, bazar üçün leqallaşmanın yüksəlməsi, daha sağlam rəqabət, uzunmüddətli institusional sabitlik gözlənilir.
Beləliklə, ekspertlərin hamısı həmfikirdir: vergi dərəcəsinin azaldılması kirayə qiymətlərinin kəskin dəyişməsinə səbəb olmayacaq. Real təsirlər bazarda şəffaflıq artdıqca özünü göstərəcək.
* * *
Azərbaycanın icarə gəliri üzrə vergi siyasətində atdığı bu addım həm sosial, həm fiskal, həm də institusional baxımdan düşünülmüş və elmi əsaslara söykənən qərardır. Dünya təcrübəsi də göstərir ki, vergi dərəcələrinin optimal səviyyəyə endirilməsi rəsmi dövriyyəni artırır, qeyri-rəsmi sektorun payını azaldır və dövlət gəlirlərini yüksəldir.
10 faiz dərəcəsi ilə ölkəmiz həm kirayə bazarının “ağardılması”, həm vətəndaşların hüquqlarının qorunması, həm də iqtisadi idarəetmənin modernləşdirilməsi istiqamətində mühüm addım atır. Bu siyasət 2026-cı ildən bazara yeni dinamika gətirəcək və respublikamızın vergi sisteminin şəffaflığına, sabitliyinə və səmərəliliyinə ciddi töhfə verəcək.
Ramil OSMANLI,
Əmlak Ekspert Mərkəzinin direktoru, Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü
Gələn ildən ölkəmizdə fiziki şəxslərin mənzil (yaşayış sahəsi) kirayəsindən əldə etdikləri gəlirə görə, vergi dərəcəsinin (ödəmə mənbəyindən) 14 faizdən 10 faizə endirilməsi nəzərdə tutulub. Yəni 2026-cı il yanvar ayının 1-dən etibarən, fiziki şəxsə məxsus yaşayış sahəsinin başqa fiziki şəxsə kirayə verilməsindən əldə olunacaq gəlirdən ödəniləcək vergi 10 faiz olacaq. Bu dəyişiklik mehmanxana və mehmanxana tipli obyektləri nəzərdə tutmur. Belə bir qərar, təbii ki, ölkədə vergi siyasəti baxımından aparılan geniş islahatların davamı kimi bir tərəfdən fiziki şəxslərin gəlirlərinə müsbət töhfə verməklə yanaşı, bu sahədə şəffaflığı artırmağa və daha çox kirayə münasibətlərindən yaranan öhdəliklərin rəsmiləşdirilməsinə fiziki şəxsləri, vergi ödəyicilərini təşviq etməyə yönəlib. Yəni söhbət mövcud qanunvericiliyin tələblərinə uyğun fiziki şəxslər arasında notarial qaydada imzalanmış kirayə müqalələri üzrə ödənişlərdən gedir.
Aparılan araşdırmalar göstərir ki, ölkə üzrə kirayənin subyekti olan yaşayış sahələrinin sayı təqribən 350-400 mindən yuxarıdır ki, onların da böyük hissəsi məhz Bakı və Abşeronun payına düşür. Amma təəssüflə qeyd etməliyik ki, vurğulanan rəqəmlər daxilində rəsmiləşdirilən kirayə müqavilələrinin xüsusi çəkisi bu rəqəmdə 10 faizdən aşağıdır. Bu baxımdan düşünürəm ki, kirayə müqavilələrinin sayının artırılması, maksimum səviyyəyə çatdırılması üçün bu cür təşviqedici layihələr olduqca əhəmiyyətlidir.
Vergi orqanlarının səlahiyyət dairəsinə vergidən yayınan subyektlərin araşdırılması, onların vergitutma obyektinə çevrilməsi üçün qanuni əsaslarla müxtəlif tədbirlərin görülməsi, o cümlədən cərimələrin, vergi sanksiyalarının tətbiq olunması kimi hallar da daxildir. İndiki halda İqtisadiyyat Nazirliyinin əsas xətt kimi təşviqedici tədbirlərin həyata keçirilməsinin, müəyyən güzəştlərin verilməsinin nəzərdə tutması, əslində, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun gerçəkləşdirilməsinə, mikro, kiçik sahibkarlığın inkişafına yönələn müsbət, səmərəli addımdır.
Bu məsələdə subyektiv mövqeyim bundan ibarətdir ki, 1-2 ildən sonra monitorinqlər yolu ilə bu qərarın iqtisadi səmərəliyini araşdırıb müvafiq istiqamət üzrə vergi dərəcəsini müəyyən qədər azaltmaq da mümkündür. Amma bu addımlar sistemli və iqtisadiyyata zərbə vurmadan həyata keçirilməlidir. Son illərdə İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən hökumətə təqdim olunan layihələr, uzunmüddətli vergi güzəştlərinin tətbiqi, planlı vergi yoxlamalarının azaldılması və aradan qaldırılması qeyd etdiklərimə real nümunədir.
Yaşayış sahəsi kirayəsindən əldə olunan gəlirə görə, vergi dərəcəsinin (ödəmə mənbəyində 10 faizə endirilməsinin hansı müsbət nəticələrə gətirib çıxaracağına gəlincə isə deyə bilərəm ki, konkret nəticələr baxımından bu qərar kölgə iqtisadiyyatının azaldılmasına xidmət edəcək, rəsmi müqavilələri əhəmiyyətli dərəcədə artıracaq, vergi ödəyicisinin vergi yükünü azaldacaq, dövlət büdcəsinə bu sahədən daxilolmalara müsbət təsir etməklə yanaşı, qərarın səmərəliliyindən asılı olaraq kirayə qiymətlərinin, nisbi də olsa, azalmasına gətirib çıxaracaq.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 28 Noyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















