Ərəb dilinin Tarixi Doha Lüğəti tədqiqatçıların ixtiyarına verilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Qahirə, 23 dekabr, AZƏRTAC
Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə, Ərəb dilinin Tarixi Doha Lüğəti ictimaiyyətə təqdim olunub. Ərəbdilli tarixi mənbələrlə, ədəbiyyatla maraqlananlar üçün mühüm töhfə olan bu elektron portal təxminən 300 min lüğət maddəsini əhatə edir. Elektron lüğət Araşdırmalar və siyasətlərin öyrənilməsi üzrə Ərəb Mərkəzinin rəhbərliyi ilə hazırlanıb.
AZƏRTAC “dohadictionary.org” saytına istinadla xəbər verir ki, bu lüğətdə ərəb ədəbi dilində sözlərin təşəkkül mərhələlərini, söz yaradıcılığı prosesinin tarixini izləmək, ədəbi dilin tarixi dövrlər üzrə inkişafını ardıcılıqla təhlil etmək mümkündür. Elektron portalda sözlər üzrə axtarış aparmaqla lüğət materialları ilə tanış olmaq olar.
Lüğət üzərində iş 2013-cü ildə başlayıb. Lüğətin hazırlanmasında ərəb ölkələrindən beş yüzdən artıq universitet müəllimi, ekspert və alim iştirak edib. Leksikoqrafiya qruplarının üzvləri təlim kursları və seminarlarda lüğətin əsas redaksiya heyəti tərəfindən hazırlanmış və elmi şuranın hazırladığı normativ leksikoqrafik redaktə təlimatı ilə tanış olub və buna uyğun vahid iş metodologiyası əsasında işləyiblər.
Bununla yanaşı, qeyd olunur ki, ərəb dilinin tarixi lüğətində sözlərin və mənalarının tam şəkildə əhatə olunduğunu iddia etmək hələ tezdir. Bir sıra obyektiv səbəblər, o cümlədən ərəb dilinə aid mətnlərin hədsiz çoxluğu və onların hamısının toplanması və söz ehtiyatının tam şəkildə araşdırılmasının mümkün olmaması, mətnlərin əhəmiyyətli hissəsinin hələ də əlyazma şəkilində qalması, bəzi mətnlərin müəllifliyi ilə bağlı mübahisələr, müxtəlif rəvayətlərin mövcudluğu, mətnlərin yazılma tarixinin, habelə müəllifin vəfat tarixinin müəyyənləşdirilməsindəki ziddiyyətlər lüğətin hazırlanmasında çətinliklər yaradır.
Yuxarıda deyilənlərə əsasən, bu lüğət yenilənməli və zənginləşdirilməlidir. Lüğətin redaksiya heyəti bu prosesdə iştirak etmək üçün bütün alim və tədqiqatçıları əməkdaşlığa dəvət edir. Bu lüğətin əsas xüsusiyyətlərindən biri onun açıq və daimi yenilənə bilən olmasıdır.
Səmərəli və faydalı qarşılıqlı əlaqə üçün portalda dərc olunmuş sənədlərlə, o cümlədən normativ leksikoqrafik redaktə təlimatı ilə tanış olmaq tövsiyə edilir. Bu sənədlər lüğətin hazırlanmasında əsas götürülən elmi və metodoloji prinsipləri aydınlaşdırır. Hər bir tədqiqatçı lüğət maddəsinin istənilən elementi, eləcə də söz, işarələmə, tarix, nümunə, istifadəçi adı və mənbə barədə, eləcə də ümumilikdə dərc olunmuş bütün lüğət materialı haqqında rəy bildirə bilər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 23 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















