Icma.az
close
up
RU
Ermənistan demoqrafik böhran girdabında

Ermənistan demoqrafik böhran girdabında

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Doğum səviyyəsi enir, miqrasiya artır, kəndlər boşalır

Dövlət müstəqilliyinin bərpasından ötən 34 ildə Ermənistanda mövcud olan demoqrafik vəziyyəti birmənalı şəkildə “demoqrafik böhran” kimi xarakterizə etmək olar. Bu böhran işğalçı keçmişə malik ölkə üçün indi həm siyasi, həm sosial, həm də iqtisadi ölçüdə ciddi problemə çevrilib, onun gələcək inkişafına böyük təhdidlər yaradır.

Ölkədə əhalinin sayının azalması tendensiyası son illər daha da sürətlənib. Doğum səviyyəsinin aşağı düşməsi, ölüm hallarının artması və miqrasiyanın kütləvi hal alması vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə gənc və əmək qabiliyyətli əhali ölkəni tərk edir. Bu isə həm əmək bazarını daraldır, həm də sosial strukturda dərin boşluqlar yaradır. Region ölkələri arasında ən zəif demoqrafik göstəricilərə malik olan Ermənistan gələcək inkişaf baxımından təhlükəli məqama çatıb. Rəsmi İrəvanın həyata keçirdiyi sosial proqramlar isə real nəticə vermir. İnsanlar ölkədə gələcək görmədikləri üçün kütləvi şəkildə mühacirət yolunu seçirlər. Bunun nəticəsində kəndlər boşalır, şəhərlərdə isə yaşlı əhalinin payı sürətlə artır. Beləliklə, Ermənistanın demoqrafik böhranı artıq sosial məsələ olmaqdan çıxaraq milli təhlükəsizlik problemə çevrilib.

Bu günlərdə İrəvanda sosial-iqtisadi çağırışlara həsr edilmiş müzakirələr zamanı iqtisadçı ekspert Suren Parsyan, necə deyərlər, həyəcan təbili çalıb. O bildirib ki, Ermənistan hökuməti demoqrafik problemləri həll etmək üçün təcili addımlar atmalıdır. Əks halda, indiki temp belə davam edərsə, 2040-cı ilə qədər ölkə əhalisinin sayı 2,5 milyondan aşağı düşə bilər. Parsyan qeyd edib ki, son 2-3 ildə Ermənistana əcnəbilərin, əsasən Ukrayna ilə döyüşmək istəmədikləri üçün ölkəni tərk edən relokantların (“relokant” deyərkən köçkünlər nəzərdə tutulur – S.H) gəlməsi və Qarabağdan 2023-cü ildə hayların köç etmələri nəticəsində əhalinin sayında mexanki artım qeydə alınıb. Bununla belə, bu amil özünü müvəqqəti göstərib: relokantlar faktiki olaraq ölkəni tərk edib və Qarabağdan gəlmiş 100 min (?) nəfərin təxminən 20 min nəfəri artıq Ermənistandan gediblər.

Parsyanın fikrincə, Qarabağdan gələnlərin, eləcə də digər əhalinin ölkəni tərk etməsinin əsas səbəbləri sosial-iqtisadi çətinliklər və təhlükəsizliyin dayanıqlı olmamasıdır: “İnsanlar özlərinə layiqli həyat şəraiti təmin edə bilmədiklərinə və həmçinin, özlərini təhlükədə hiss etdiklərinə görə ölkəni tərk edirlər. Ermənistanın əsas resursu onun insanlarıdır. Bununla belə, biz ciddi demoqrafik çağırışlarla üzləşirik: əhalinin qocalması, doğum səviyyəsinin azalması və yüksək miqrasiya”.

İqtisadçı xəbərdarlıq edib ki, əhalinin azalması ölkə üçün təkcə sosial deyil, həm də strateji çağırışdır. Xüsusilə, regionun mürəkkəb geosiyasi mühitində demoqrafik göstəricilər təhlükəsizlik məsələləri ilə birbaşa bağlıdır: “İnsan kapitalı regionda təhlükəsizliyin təmin edilməsi üçün həlledici əhəmiyyətə malikdir. Məsələn, Azərbaycanın əhalisi 10 milyonu ötüb, Türkiyənin əhalisi 100 milyona yaxınlaşır, İranın əhalisi 80 milyonu keçib”.

Parsyanın fikrincə, hökumətin prioriteti vəzifəsi əhalinin Ermənistandan getməməsi üçün şərtlər formalaşdırmaqdan və Qarabağdan gələnlərin inteqrasiyası üçün əlverişli şərait yaratmaqdan ibarət olmalıdır. Bunun üçün dayanıqlı sosial-iqtisadi proqramlar, əsas təhlükəsizlik təminatları və doğum nisbətinin stimullaşdırılması tələb olunur.

Ermənistanın digər əraziləri kimi Zəngəzur (Sünik) vilayəti də sürətlə boşalır. Demoqraf Mikael Malxasyanın sözlərinə görə, Zəngəzurda əhalinin hər beş nəfərindən biri bölgəni tərk edir. Statistikaya görə, burada yaşayan əhalinin sayı 2011-ci illə müqayisədə 20 faiz azalıb. “Hraparak” qəzeti isə yazır ki, Zəngəzurda əhalinin azalması xüsusilə 2019-cu ildən sonra sürətlənib.

“Sputnik Ermənistan”da yer almış statistikada bildirilir ki, 2025-ci ilin yanvar-avqust aylarında Ermənistanda 20 437 uşaq doğulub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə (21 821) 1 439 nəfər azdır. Eyni dövrdə ölənlərin sayı isə əvvəlki illə müqayisədə 138 nəfər artaraq 17 210 nəfərə çatıb. Beləliklə, bir tərəfdən doğum səviyyəsi azalır, digər tərəfdən ölüm halları artır. Ümumiyyətlə, Ermənistanda doğum 2025-ci ildə son 7 ilin ən aşağı səviyyəsinə enib.

Onu da bildirək ki, 2011-ci ilin siyahıyaalmasına əsasən Ermənistan əhalisinin sayı 3 milyon 18 min nəfər olub. Onlardan 1 milyon 911 min 200 nəfəri şəhərlərdə yaşayıb. 2022-ci ilin əvvəlində aparılan siyahıyaalmada Ermənistanda 2 milyon 961 min nəfərin yaşadığı məlum olub.

***

Problemin kökündə uzun illər formalaşmış yanlış siyasi kurs dayanır. Ermənistan rəhbərləri xarici siyasəti avantüralar üzərində quraraq, iqtisadi inkişafa xidmət edən strateji qərarları ikinci plana salıblar. İşğalçılıq siyasətinə sərf edilən resurslar nəticədə ölkə daxilində sosial layihələrin məhv olmasına gətirib çıxarıb. Demoqrafik tənəzzül təkcə doğum səviyyəsinin enməsi ilə deyil, həm də ailə institutunun zəifləməsi ilə əlaqəlidir. Gənc ailələrin maddi imkanlarının məhdudluğu uşaq sayının azalmasına gətirib çıxarır. İctimai münasibətlərdə pessimizm, dövlətə inamsızlıq, sosial təminatın zəifliyi ailə planlaşdırmasını mənfi istiqamətə yönəldib. Məsələn, Ermənistanın kənd rayonlarında bir vaxtlar çoxuşaqlı ailələr üstünlük təşkil edirdisə, indi bu tendensiya tamamilə itib. Əvəzində, ailə qurmaq yaşının artması və nikahların azalması demoqrafik mənzərəni daha da ağırlaşdırır.

Ermənistanın regional demoqrafik xəritəsi də parçalanma mərhələsinə qədəm qoyub. Xüsusilə Zəngəzur, Dərələyəz (Vayoçdzor) və Göyçə (Geğarkunik) kimi ərazilərdə əhali kütləvi şəkildə yaşayış yerlərini tərk edir. Bu bölgələrdə kəndlərin bir qismi tamamilə boşalıb. İqtisadi aktivliyin mərkəzləşməsi İrəvana yönəldikcə, paytaxtda sosial təzyiqlər artır, ucqar ərazilərdə isə həyat dayanır. Dövlət bu prosesi nə idarə edə, nə də qarşısını ala bilir. Bu vəziyyətdən çıxış yolu barədə İrəvanda fərqli təkliflər səslənir. Lakin əksər “proqramlar” real iqtisadi baza üzərində qurulmadığı üçün praktik nəticə vermir. Əcnəbilərə vətəndaşlıq verilməsi, relokantların cəlbi kimi ideyalar da uzunmüddətli sabitlik yaratmaq gücündə deyil. Ermənistan üçün əsas məsələ mövcud əhalinin ölkəni tərk etməsinin qarşısını almaq və təbii artımı stimullaşdırmaqdır. Bunun üçünsə etibarlı iqtisadi mühit, təhlükəsizlik zəmanəti və sosial rifah lazımdır ki, onlar da bu gün Ermənistanda yoxdur.

Bütün bu reallıqlar fonunda diqqətəlayiq məqam odur ki, Ermənistanın demoqrafik boşluğu təkcə daxili səbəblərlə izah olunmur. Tarixi ədalətsizliklər nəticəsində öz doğma torpaqlarından didərgin salınmış Qərbi azərbaycanlıların qayıdışı həm humanitar, həm də sosial baxımdan ədalətli addım olardı. Onların geri dönməsi bölgənin iqtisadi həyatına canlanma gətirə, əhalinin strukturunda tarazlıq yarada bilər. Bu, təkcə demoqrafik göstəriciləri bərpa etməz, həm də regionda dayanıqlı sülhün bərqərar olmasına töhfə verər. Əslində, Ermənistanın demoqrafik sabitliyi elə o torpaqlara ədalətli qayıdışdan keçir.

Politoloq Zaur Məmmədov bu fikirdədir ki, Ermənistanın demoqrafik vəziyyəti artıq statistik göstəricilərin fövqünə keçərək milli təhlükəsizlik məsələsinə çevrilib. Onun sözlərinə görə, ölkə uzunmüddətli sosial və iqtisadi böhranların, həmçinin uğursuz idarəçiliyin nəticəsində əhalisini itirir: “Əgər əvvəllər miqrasiya yalnız iqtisadi səbəblərlə izah olunurdusa, bu gün psixoloji və siyasi amillər ön plana çıxıb. İnsanlar özlərini dövlətin gələcək planlarında görmür, ölkənin perspektivinə inam itməkdədir. Ermənistanın daxili sabitsizliyi, regional təcridi və məhdud iqtisadi resursları gəncləri daha güvənli ölkələrə yönəldir”.

Politoloq qeyd etdi ki, demoqrafik azalmanın ən təhlükəli tərəfi isə onun struktur xarakter daşımasıdır: ölkəni tərk edənlər əsasən ali təhsilli və peşəkar gənclərdir. Bu, “beyin axını”nı gücləndirir və iqtisadi modernləşmə imkanlarını minimuma endirir: “Doğum səviyyəsinin azalması, ailə institutunun zəifləməsi və sosial pessimizm isə bu prosesi daha da dərinləşdirir. Ermənistan hökumətinin təqdim etdiyi proqramlar formal xarakter daşıyır və real sosial-iqtisadi motivasiya yaratmır. Əhalinin azalması həm də sərhədyanı ərazilərdə məskunlaşmanı məhdudlaşdırır. Bu şəraitdə bölgədə sabitlik və inkişaf üçün ən real çıxış istiqamətlərindən biri Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların tarixi torpaqlarına mərhələli şəkildə qayıdışının təmin edilməsidir. Bu proses təkcə ədalətin bərpası deyil, həm də regionda sosial və iqtisadi tarazlığın yaradılması baxımından mühüm amil ola bilər”.

P.S. Ermənistan qəzəbin ən yüksək olduğu ölkələrin ilk onluğuna daxildir. Bu barədə “Gallup”un “Dünyanın emosional sağlamlığının durumu 2025: Qlobal sülh, rifah və sağlamlıq arasındakı əlaqələr” adlı hesabatında deyilir. 2024-cü il üçün məlumatları təqdim edən araşdırmaya görə, qəzəb səviyyəsi ən yüksək Çad, İordaniya, Ermənistan, Şimali Kipr, Sierra-Leone və İraqda – aktiv münaqişə, son müharibələr və ya davam edən siyasi və iqtisadi qeyri-sabitlik yaşayan ölkələr və bölgələrdə olub.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri