Bir tələbənin 20 Yanvar gündəliyindən: “Biz qalib gələcəyik!..”
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Biz bu gün öz nəzərlərimizi düşmənə yönəltməzdən əvvəl özümüzə, öz daxilimizə, öz ruhumuza baxaq, onu bütün çirkinliklərdən təmizləyək, onu gözəlliklə, paklıqla dolduraq, qoy biz təmiz, gözəl olaq, düşmən isə çirkin olaraq qalacaq, sonra öz sözümüzü, öz gücümüzü, öz nəzərlərimizi o murdar düşmənə qarşı yönəldək, onda o bu gözəllik, bu ruh birliyi qarşısında tab gətirməyib əriyəcək və məhv olacaq...”
"Əgər biz bu QÜVVƏyə doğru can atırıqsa, cəhd ediriksə, o bizi irəliyə aparır və bizim yolumuzu asanlaşdırır... Bu qüvvədən uzaqlaşan isə tamamilə insanlıqdan çıxır, heyvanlaşır və deməli, özü öz cəzasına çatır..."
36 il öncə bu gün –yəni 1990-cı il yanvarın 20-də tale elə gətirmişdi ki, ali məktəbin 3-cü kursunda təhsil alan bu sətirlərin müəllifi Bakıda yox, Laçında idi... Məsələ ondadır ki, 1990-cı illərin ilk günlərində paytaxt Bakı ilə yanaşı, keçmiş Dağlıq Qarabağ və ətraf bğlgələrdə, o cümlədən Laçında da vəziyyət gərginləşmişdi, Moskva tərəfindən dəstəklənən erməni yaraqlıların Ermənistanla sərhəddəki, həmçinin daxildə ermənilər yaşayan kəndlərimizlə qonşu kəndlərə də hücumları və nəticədə insan itkiləri getdikcə artırdı. O zaman bəndəniz institutda könüllü dəstə yaradıb Laçına yollanmaq təşəbbüsü ilə çıxış etdi. Azərbaycan Xalq Cəbhəsinin ali məktəbdəki dayaq dəstəsi bu təşəbbüsü dəstəklədi. Həmin dəstə rəhbərlərinin sözlərinə görə, o zaman hələ AXC-nin idarə heyətində olan Nemət Pənahov Laçına çatdıqdan az sonra könüllü dəstəmizə silah da göndərəcəyini vəd etmişdi. Bu minvalla Laçının hücum təhlükəsi olan kəndlərindəki postlarda durmaq yerli insanlara dəstək olmaq məqsədilə yanvarın 13-də təxminən 15 nəfərdən ibarət kiçik bir könüllü dəstə ilə Laçına yollandıq. Təəssüf ki, bizə verilən vədlər doğrulmadı. Nə Laçında bizə silah verən oldu, nə də Bakıdan Nemət Pənahov silah yolladı... Beləliklə, boş-bekar günlərlə Laçında qalası olduq. Mən yenə evimizdəki ov silahını götürüb öz kəndimizdəki postlarda dayanırdım... Laçının kəndlərindən olan bir neçə yoldaş da öz kəndlərində.... Digər rayonlardan olan tələbələr isə bir az bizim evdə, bir az Laçındakı mehmanxanada qalmalı oldular... Səhv etmirəmsə, yanvarın 16-dan da Moskva tərəfindən bütün respublika boyu fövqəladə vəziyyət elan edildiyindən Laçından heç hara çıxa bilmədik, yəni Bakıya qayıtmaq imkanından da məhrum olduq... Ta ki, martın 4-dək...
20 Yanvar faciəsi baş verəndə isə radio ilə bu haqda məlumat bilsək də, Bakıdakı tələbə, qrup yoldaşlarımızdan, dostlarımızdan, qohumlarımızdan on günlərlə xəbərsiz qaldıq...
Həmin günlər ürəyimdən keçənləri bir dəftərə yazmışdım... Bu günlərdə arxivimi arayarkən həmin dəftər rastıma çıxdı... Və 20 Yanvar qətliamından sonra yaşadığım 45 günün həyəcanını bir daha yaşadım... Həmin gündəlikdən bir parçanı Moderator.az oxucularının nəzərinə çatdırıram. Yəqin ki, 22 yaşlı bir gəncin həmin faciəli günlərdəki ürək sözləri sizlər üçün də maraqlı olar...
“Neçə gündür özümə gələ bilmirəm... Ədalətə, insanlığa, azadlığa qarşı edilən qəsdlər gündən-günə artır. Bunların hamısı sanli mənim ürəyimə bir iynə tək sancılır...
Ən dəhşətli qəsd isə dünən Bakıda olmuşdur... Alçaqlıq, çirkinlik, vəhşilik, namussuzluq, vicdansızlıq, ədalətsizlik, zülmkarlıq paklığa, gözəlliyə, insanlığa, namusa, vicdana, ədalətə, azadlığa qəsd etmişdir...
O günahsız körpələrin, qızların, oğlanların, qocaların müqəddəs bədəninə dolmuş, onların o pak qanını yerə axıtmış avtomat güllələri bütün Azərbaycan xalqının ürəyinə dəymişdir. Ancaq o ürəkdən damcı-damcı qan axsa da, o hələ də döyünür və döyünəcək. Ona görə ki, bu ürək kainatdakı ən saf, ən təmiz, ən pak, ən müqəddəs duyğulardan, ən gözəl, ən inci, ən ülvi hisslərdən yoğrulmuş bir ürəkdir... Bu hisslər, bu duyğular isə məhv edilə bilməz. Əgər bunlar da məhv olarsa, onda bütün insanlıq, bütün bəşər məhv olmalıdır...
Bu alçaq cinayəti törədənlərin çirkin, murdar adlarını mən öz təmiz ürəyimdən keçirib bu təmiz dəftərimə də yazmaq istəmirəm... Onsuz da Allah onları öz qara siyahısına çoxdan yazıbdır. Qoy onlar bunu bilsinlər. Və bilsinlər ki, gözəllik və ədalət çirkinliyə, ədalətsizliyə həmişə qalib gəlib və indi də gələcəkdir...
Bəli, bizim Allahımız bu zülmkarların cəzasını verəcəkdir. Bəs bizim Allahımız kimdir?.. Bizim Allahımız – kainatdakı ən ülvi, ən müqəddəs, ən ali məhfumların – insanlığın, gözəlliyin, ədalətin, azadlığın, mənəvi paklığın, Vətənə məhəbbətin, anaya məhəbbətin, namusun, qeyrətin, vicdanın birliyindən, məcmuyundan ibarət olan bir QÜVVƏDİR...
Bu qüvvənin qarşısında heç bir qoşun, heç bir tank, heç bir raket dayana bilməz. Bu qüvvə yalnız o zaman məhv olar ki, bütün bəşər məhv olsun...
İnsanlığa, irəliyə, tərəqqiyə doğru aparan bu QÜVVƏdir. Bütün insanlar onun təsiri altındadır. Bu qüvvə həmişə çirkinliyi, alçaqlığı məhv etməyə, gözəlliyi, paklığı yaşatmağa çalışır...
O hər addımda, hər işdə bizimlədir, bizə təsir edir, bizi görür. Əgər biz bu QÜVVƏyə doğru can atırıqsa, cəhd ediriksə, o bizi irəliyə aparır və bizim yolumuzu asanlaşdırır... Bu qüvvədən uzaqlaşan isə tamamilə insanlıqdan çıxır, heyvanlaşır və deməli, özü öz cəzasına çatır...
Bütün bu haqsızlıqların, qırğınların səbəbkarı məhz belə insanlardır. Və belə insanlar bu gün hər bir millətdə, hər bir partiyada, hər bir təşkilatda özlərinə yer eləyiblər. Ona görə də Bakıdakı bu qırğında təkcə cənab(!) prezidenti(SSRİ rəhbəri Mixail Qorbaçov nəzərdə tutulur- S.L.) və erməni mafiyasını günahlandırmaq olmaz. Bu günahkarlar Azərbaycanda da çoxdur. O insanlar ki, o şəxslər ki, öz şəxsi məqsədləri, öz şəxsi kefiköklüyü naminə xalqı soyur, xalqı ələ salır, pulu, varı, yemək-içməyi öz xalqından, öz tarixindən, öz tarixindən, öz mənliyindən üstün tutur, xalqın ağır günündə isə öz stolunu bərk-bərk qucaqlayaraq “yuxarı”dan gələn əmrləri “sədaqət”lə yerinə yetirir və son anda qaçıb gizlənir, onlar da ən göyük günahkarlardan biridir. Və bu gün onlar özlərindən asılı olmayaraq erməni mafiyası ilə birləşir və xalqa təmiz, vicdanlı, namuslu insanlara qarşı yönəlir və bizi bu fəlakətə, bu faciəyə düçar edirlər...
Bizim Allahımız – o müqəddəs qüvvə onların da cəzasını verəcək. Ancaq bu qüvvənin qalib gəlməsi üçün bizim təkcə sözdə, gücdə yox, mənəviyyatda, ruhda da bir olmağımız vacibdir. Biz bu gün öz nəzərlərimizi düşmənə yönəltməzdən əvvəl özümüzə, öz daxilimizə, öz ruhumuza baxaq, onu bütün çirkinliklərdən təmizləyək, onu gözəlliklə, paklıqla dolduraq, qoy biz təmiz, gözəl olaq, düşmən isə çirkin olaraq qalacaq, sonra öz sözümüzü, öz gücümüzü, öz nəzərlərimizi o murdar düşmənə qarşı yönəldək, onda o bu gözəllik, bu ruh birliyi qarşısında tab gətirməyib əriyəcək və məhv olacaq... Və biz qalib gələcəyik!..
20-25 yanvar 1990-cı il... Laçın
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 20 Yanvar 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















