Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Əskişəhər Yunus Əmrənin Vətəni

Əskişəhər Yunus Əmrənin Vətəni

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəhərlərin tarixi sanki insan ömrünün yaşantılarıdır.  Təsadüfi deyil ki, dünyanın nəhəng və kiçik şəhərlərinin  yaranma tarixindən, inkişafından, oradakı maddi, mənəvi zənginliklərdən söhbət açılanda  insan faktoru ön plana çıxır. Hətta,  hər şəhərin özünəməxsus  xarakterik  cəmiyyəti –insanları  yetişir. Bir sözlə, yaranışdan şəhərlər  insanlarla  böyüyür, dirçəlir, nəfəs alırlar.  Qədim  türk  şəhəri  Əskişəhərə  ayaq basan dəqiqələrdən  bu yerlərin  sehrinə düşməmək mümkün deyil. Əskişəhər Türkiyənin şimal- qərbində yerləşir.  

Bu  qədimi yerlər  mədəniyyət, sənət və təhsil  mərkəzi kimi məşhurlaşıb.  Əskişəhərdə yaşayan  insanlarda yüksək  mədəniyyət  davranışlarını gördükcə  bu qədim  məkan  haqqında gözəl təəssüratım yaranırdı. Hər hansı bir ünvana yetişmək üçün  bəzən yaşlı  nəslin nümayəndələrinə  yaxınlaşırdıq.  Xüsusilə  Azərbaycandan olduğumuzu  biləndə  çöhrələrinə  təbəssüm qonurdu, bizim yerlərdən hal- əhval tuturdular.  Burada  vaxtilə krım tatarları yaşamış və onların nəsil şəcərəsi bu gün də Əskişəhərli olmaqları ilə fəxr edirlər.  Əskişəhərdə krım  tatarlarının   mətbəxi xüsusi olaraq  seçilir.  Məşhur  Balaban küftəsi   süfrələrin  dadı, ləzzətidir.  Əskişəhərin çox qədim tarixi var.  Öyrənirəm ki, miladdan əvvəl 14-cü  yüzillikdə  Hititlər  bəylikləri, böyük tayfalar  bu şəhərdə əsrlərlə yaşamışlar.  Özəllikləri odur ki, bu tayfalar elmli insanlar olmuşlar.  Bu bölgəyə türklərin  axını Səlcuq imperiyası dövründə başlayıb.  Bu illərdə Əskişəhərə  böyük  bir Türkmən  köçü olmuşdur. Burada tatların da yaşaması haqqında  məlumat aldıqca, məndə belə bilgi yaranır  ki,  Əskişəhərdə milli mənşəyi etibarı ilə  maraqlı bir mədəni mühit formalaşıb.

Əskişəhərlilər  Türk dünyasının   son dərəcə  yüksək mədəniyyətli, tarixi bağlarına sahib çıxan  mədəni insanlarıdır.  2013-cü ildə bu şəhər Türk dünyasının  Mədəniyyət Mərkəzi  seçilmişdir. Əskişəhər Qurtuluş Muzeyi,  Böyükərşən Balmumu Heykəllər Muzeyi, Odunbazarı Modern Muzeyi, Anadolu Universiteti  Cumhuriyyət Tarixi Muzeyi  şəhərə xüsusi önəm verir.  Ona görə də Türk dünyasının  məşhur  Sazova  Bilim Kültür və Sanat Parkı da  bu şəhərdə  salınmışdır. Böyük filosof, şair Yunus Əmrənin  məzarı  Əskişəhərin  Sarıköy -indiki adıyla Yunus Əmrə  kəndində  tapılmışdır.  Şairin adı Əskişəhərdəki bir çox  mərkəzlərə, küçələrə  verilmişdir. Əskişəhərin adı  Yunus Əmrənin  vətəni kimi  Türk dünyasında  hörmətlə, izzətlə  qarşılanır,  bura gələn qonaqlara öz sevgisini göstərən tarixi  məkandır.   Şəhərdə  3 universitet var ki, bu ali təhsil ocaqları  bütün Türk dünyasında   elmi  kadrların  və yüksək ixtisaslı mütəxəssislərin  hazırlanmasına görə məşhurdur. Anadolu,  Osmanqazi və Texniki universitetləri.  Şəhərin təmiz havası, tən ortasından axan Porsuq çayının  füsunkarlığı,  təmtəraqdan uzaq  maşınsız küçələri, burada əsas nəqliyyat vasitəsi  olan, bu yerlərə  gözəllik,  sakitlik gətirən tramvaylar  Əskişəhərə  xüsusi bir yaraşıq verir. Şəhərin mərkəzi hissəsində  minik maşınlarını  görmək mümkün  deyil. Tramvay  xətlərinin  yanından xüsusi bir xətt ayrılır ki, burada  ancaq  velosipedlə  gəzən yaşlı və cavan nəslin nümayəndələrini görə bilərsən. Əskişəhərə   xüsusi  fərqlilik  verən  qədimi,  qırmızı kərpicli evləri və müasirliyin göstəricisi olan, fəqət bu qədim şəhəri əndazədən çıxarmayan  yaşayış binaları  da diqqətimi  cəlb etdi. Əskişəhərdə gördüyüm  az sayda 9-10 mərtəbəli binadan başqa, bir dənə də olsun hündür mərtəbəli göydələn görmək mümkün deyil. Əskişəhərin baş planını daima diqqətdə saxlayan memarlara  qibtə etdim ki, bu səlahiyyətlərini əldən verməyiblər. Şəhərin mərkəzi küçələrindən tutmuş böyük  bir hissəsində  yerin örtüyü qədimi qəmbər daşları ilə örtülüb. Bu da  küçələrin daş örtüyünə xüsusi fərqlilik  verir.  

Əskişəhəri möhtəşəm edən göstəricilərdən  biri Kıbrıs şəhidlərinin xatirəsinə  ucaldılan  abidələrin  şəhərin mərkəzi yerlərində  qoyulmasıdır.  Hətta insanların  Kıbrıs qəhrəmanlarının heykəlləri qarşısında fotolar çəkdirməsi nəzərimdən yayınmırdı.  Yunus Əmrənin ölməz xatirəsinə böyük ehtiramı gördükcə Əskişəhərlilərin zəngin mənəviyyatına, milli təfəkkürünə  heyran qalırdım. Xüsusilə Türk dünyasında, Avropada tanınmış elm, təhsil ocaqlarından biri olan Anadolu universitetinə qədəm qoymaq istəyən hər kəsi  Yunus Əmrənin heykəli, bu müdrik ,Türk –İslam filosofunun  varlığının simvolu olan sənət əsərinin  əzəmətli  görüntüsü  salamlayır. Təsadüfi deyil ki, 1991-ci ildə YUNESKO tərəfindən  Yunus Əmrənin 750 illik yubileyi keçirilmişdir.  Əskişəhərdə yerləşən,  dünyanın məşhur təhsil ocaqları sırasında seçilən və bu gün nəinki türk dünyasında, Avropada, Amerikada  sayılıb–seçilən Anadolu universitetinin girəcəyində yolun tən ortasında  qoyulan  Yunus Əmrənin  heykəli  bəşər övladını  insanlığa  səsləməklə yanaşı,  belə bir yüksək statuslu ali təhsil ocağının dəyərinə dəyər qatır. Türk dünyasının gəncliyini Yunus Əmrə fəlsəfəsini dərk etməyə çağırır:    

Gelin tanış olalım                                                 
İşi  kolay  kılalım                                                  
Sevelim  sevilelim                                                  
Dünya  kimseye kalmaz!      

Hətta Anadolu Universitetinin  ərazisində Yunus Əmrə İnstitutu və kampusu yerləşir. Anadolu Universitetinin şəhərciyi son dərəcə böyükdür. Dünyanın bütün ölkələrindən  burada təhsil alan gənclər var.  Gördüyüm elə amillər var ki, ali məktəb kimi belə bir elm, tədris mərkəzinə ancaq qibtə etmək olar. Burada birinci növbədə tələbəyə  və müəllimə  dəyər verilir.  Bu barədə geniş təhlilə ehtiyac olduğuna görə,  daha müfəssəl   məqalənin hazırlanması haqqında düşünürəm.                                        

Əskişəhər Azərbaycanlılar Dərnəyi

Əskişəhəri gəzdikcə ona doğmalaşırsan, sanki sən illər əvvəl buralarda olmusan. Yəni, qəribə hisslərdir. “Əskişəhər  Azərbaycanlılar  Dərnəyi” nin  rəhbəri,  həmyerlimiz Cavid Aydın  bizi  ofislərinin yerləşdiyi ünvana gətirdi və söhbət əsnasında dedi ki, Əskişəhərə yolunuz düşəndə bilin ki, bu şəhərdə  isti ocağınız var. Qapının üstündə belə yazılıb: Əskişəhər  Azərbaycanlılar Dərnəyi. Otaqlara nəzər salıram.  Sanki  Azərbaycandayam.  Divardakı saatın əqrəbi belə  Bakı vaxtının üzərində  dayanıb.                  

- Müsahibim Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydındır.  Bir neçə gündür ki, bu qədim şəhərdəyəm, təəssüratım çox zəngindir. Çünki şəhərdə gəzdikcə, azərbaycanlılar haqqında məlumat almaq istəyəndə  Cavid Aydın  adını eşitdim  və  çox  şad oldum ki, qardaş Türkiyədə azərbaycanlıların təəssübünü çəkən, onları başına yığan  Vətən oğlumuzun rəhbərlik etdiyi bir təşkilat  var: “Əskişəhər  Azərbaycanlılar Dərnəyi”.  Həmvətənlərimizin  toplandığı ünvandayam.

- Siz otuz ilə yaxındır ki, Əskişəhərdə yaşayırsınız. İlk dəfə dövlət  proqramı ilə təhsil almağa gələn gənclərdən olmusunuz. Sonra da burada kök  atmısınız. Bu gün Əskişəhərdə sıradan bir sakin deyilsiniz, azərbaycanlıları  başınıza toplayan, Vətənə sevginizi ifadə edən isti bir ocaq yaratmısınız.  Əskişəhərdəki Azərbaycan dərnəyi azərbaycanlılar üçün çox önəmlidir.  Əvvəlcə özünüz haqqında ətraflı məlumat verməyinizi xahiş edirəm.  

- Mən Cavid Aydın  9 fevral 1980-ci ildə Azərbaycanın Bərdə şəhərində   doğulmuşam. Əslim, dədə-babalarım 1948-ci ildə Qərbi Azərbaycandan  deportasiya olunublar. Vedibasar mahalındanıq. Orta təhsilimi Bərdədə başa  vurduqdan sonra, dövlət təqaüd proqramı ilə 1998-ci ildə Türkiyə respublikasının  Anadolu Universitetində əczaçılıq ixtisası üzrə təhsil qazanıb, Əskişəhərə  gəlmişəm. İxtisasımı tamamladıqdan sonra təhsilimi magistratura pilləsində   davam etdirmişəm. Tale elə gətirdi ki, bu şəhərdə qalmaq istəyim yarandı.  Azərbaycan sevgisi ilə yaşayan bir gənc olaraq burada Vətən adını yaşatmağa,  həmvətənlərimi ətrafıma yığmağa çalışdım. Etiraf edim ki, bu fikir sadəcə tək  mənim deyil, dostlarımın da Azərbaycan sevgisindən doğan bir istəyi idi. Yəni, tək  bu işi edə bilməzdim.

Beləliklə, 2010-cu ildə bu dərnəyi təsis etdik. Arzularımız  gerçək oldu. Xüsusilə, 1998-ci ildən əvvəl gələn tələbələr ətrafıma toplaşaraq  müqəddəs bir ocağın işığını yandırdılar.  “Əskişəhər Azərbaycanlılar Dərnəyi” fəaliyyətə başladı. Bu təşkilatı  yaratmamışdan əvvəl də tədbirlər keçirirdik. Sadəcə, görüşlərimizi, əlaqələrimizi  rəsmiləşdirən bir təşkilata ehtiyacımız var idi. 7 (yeddi) nəfər idarə heyətimizin  üzvü var. Artıq 15 ildir ki, Əskişəhərdə tanınırıq. Azərbaycan adına uğurlarımız  var. Bilirsiniz ki, Əskişəhərdə Türkiyə respublikasında xüsusi olaraq tanınan üç ali  təhsil ocağı var. Burada çoxlu azərbaycanlı tələbələr təhsil alır. Bu mənada önəmli  bir güc sahibiyik. Sıralarımız hər il çoxalır və möhkəmlənirik. Tələbələrimizin,  burada yaşayan azərbaycanlıların sosial və iş şəraitlərini diqqətdə saxlayırıq.  Burada birisi işlə təmin olunmaq istəyəndə və yaxud bir evi kirayə edən zaman  qarşı tərəf əmin olmaq üçün “Əskişəhər Azərbaycanlılar Dərnəyi” rəhbərini arayır,  bir bilgi almaq istəyir. Buradakı bütün dövlət qurumları ilə birgə işləyirik.  

Əskişəhərdəki gənclərimizin sosial, təhsil problemləri daima diqqətimizdədir.  2016-cı ildən Dünya Azərbaycanlıları qurultayına qatılmışıq. Heydər Əliyev  Mərkəzində cənab Prezident İlham Əliyev çıxış edərək dedi ki, Azərbaycan elə bir  gücə gəlib çatıb ki, biz xalq olaraq varlığımızı qapalı toplantı salonlarında  deyil, mediada göstərməliyik. Çalışın ki, xarici dövlətlərdə sözünüzü media  vasitəsilə deyəsiniz. Artıq kütləvi informasiya vasitələrinin təsiri vasitəsilə bədnam  qonşularımıza cavab verməliyik. Çalışın xaricdəki fəaliyyətlərinizi medianın gücü  ilə həyata keçirin.  Beləliklə, 2017-ci il 1 yanvar tarixindən Əskişəhərdə “Üç cizgi” juranlı  çıxarmağa başladıq. Siz masamızın üstündə jurnalları görürsünüz. 2017-ci ildən bu  istiqamətdə fəaliyyətimizi gücləndirdik. Hazırda elektron formatda jurnalımızı  çıxarırıq. Qeyd etmək istəyirəm ki, nəşr məsələlərində Əskişəhər Anadolu  Universitetinin qayğısı da çox olub. Hazırda Anadolu Universitetinin özü belə  mətbuat orqanlarını onlayn formada idarə edir. Artıq dərnəyimiz 15 ildir ki,  Əskişəhərdə tanınıb, məramını, məqsədini geniş ictimaiyyətə təqdim edib.  

Azərbaycan adına görəcəyimiz bütün işlərin mayasında, qayəsində Vətən sevgisi  yaşanır. Dərnəyimiz Əskişəhər rəhbərliyinin inamını qazanıb. Şəhərin valisi,  bələdiyyə başqanı hər hansı problemimiz olarsa, köməklərini əsirgəmirlər. İl-ildən  təmaslarımız çoxalır. Hər zaman müsbət mənada fəaliyyətimizlə seçilmişik.  Maddi cəhətdən imkanlarımız məhdud olsa da, “Üç cizgi” jurnalının 26-cı  sayını da uğurla nəşr etdirdik. Əskişəhərin nömrəsi də 26 rəqəmi ilə başlanır.  Hazırda məhdud sayda qismən də olsa, jurnalın nəşrini kiçik vəsaitlə davam  etdiririk. Elektron formatda daha çox işləmək məcburiyyətindəyik. Çap etdiyimiz  nümunələrdən sizə də təqdim edəcəyəm ki, Vətənə aparasınız. Ölkəmizin ictimai-  siyasi, elm, təhsil, mədəniyyət sahəsindəki uğurları jurnalımızın səhifələrində  işıqlandırılır.

2020-ci ildə pandemiya zamanı dar çərçivədə fəaliyyət göstərirdik.  2020-ci il Vətən Müharibəsində xaricdə yaşayan bütün azərbaycanlılar kimi,  biz də müsəlləh əsgər olub, ordumuzla, xalqımızla bir olduq. İlk növbədə  Əskişəhər ESTV televiziyasında 25 sentyabrdan başlayaraq verilişlərimizə  başladıq. İlk proqramımızın qonağı Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq  Qrupunun rəhbəri Şamil Ayrım oldu. Onun xeyir-duasını aldıqdan sonra geniş  şəkildə Azərbaycanla bağlı proqramlarımızı təqdim etməyə başladıq. 27  sentyabrdan başlayaraq Vətən Müharibəsində qazandığımız Qələbəmizin hər günü  haqqında tamaşaçılara ətraflı məlumat verirdik. Mən deyərdim ki, Zəfər tariximizin  salnaməsinin yazılmasında bizim verilişlərimizin az da olsa, təsiri oldu. Bu  mənada dərnəyimizin bütün üzvlərinə minnətdaram. Professor Toğrul İsmayıl  televiziyada “Üç Cizgi” proqramımızda Zəfər günümüzlə bağlı geniş ictimaiyyətə,  Türkiyədə yaşayan və işləyən insanlara ətraflı bilgilər verdi. Siyasi partiyalarla  görüşdük, brifinqlər keçirdik. Xalqımızın halal haqqı olan - tarixi torpaqlarımız  haqqında geniş maarifləndirici çıxışlarımız oldu. Azərbaycana ordumuz üçün  dərman ləvazimatı göndərməyi də unutmayaraq, bu işi özümüzə mənəvi borc  bildik.  Üç cizgi.com saytında jurnalımızın elektron nəşri davam etdirilir.

Doğrudur,  yazılı mətbuat çox əhəmiyyətlidir. Çünki XXI əsrdə böyük bir tariximiz yazılır.  Biz bu əsrdə 30 ildən çox düşmən tapdağında qalan Qarabağ torpaqlarımızı işğalçı  erməni faşistlərindən xilas etdik. Ona görə də qismən də olsa, jurnalımızın yazılı  mətbu formada nəşrini davam etdiririk. Amma geniş anlamda Əskişəhər  ictimaiyyəti ilə əlaqələrimizi elektron media formasında davam etdiririk. Vətən  müharibəsi vaxtı Əskişəhər televiziyasında hazırladığımız proqramlarımızın 5 sayı  sırf Qarabağ torpaqlarımızın tarixi ilə bağlı olan faktlara və döyüşçülərimizin  qəhrəmanlığına həsr olunmuşdu. Biz Əskişəhər ictimaiyyətinə müraciət edərək,  Azərbaycan ordusuna dərman ləvazimatları və vacib preparatların göndərilməsi ilə  bağlı geniş kampaniyaya başladıq. Azərbaycan səfirliyi və Müdafiə Nazirliyi  vasitəsilə dərmanları ölkəmizə göndərdik. Əlbəttə, Azərbaycan ordusu maddi-  texniki baza baxımından ən yüksək səviyyədədir. Sadəcə olaraq, 44 gündə Vətənə  bir övlad borcumuzu ödəmək üçün yardımların göndərilməsini lazım bildik.  Fəaliyyətimizə görə Dövlət Diaspor Komitəsinin sədri Fuad Muradovun əmri ilə  medalla təltif olundum. Həmin mükafatın cənab Prezidentin ad günündə -- 24  dekabrda mənə təqdim olunması ilə bağlı məlumat göndərildi. Amma çox təəssüf  ki, həmin günlər Covid-19 pandemiyası ilə əlaqədar, mən ağır vəziyyətdə ölümlə  mübarizə aparırdım. Şükürlər olsun ki, sağlığıma qovuşdum.

Onu da demək  istəyirəm ki, pandemiya vaxtında kəskin xəstəlik bizə aman verməsə də, Vətən  müharibəsi üçün xaricdə yaşayan bir vətəndaş kimi tək mən yox, Əskişəhərdə  yaşayan bütün azərbaycanlılar canlarını fəda etməyə hazır idilər. İnanın ki, 44  gündə Türkiyədə fərqli-fərqli sahələrdə çalışan vətəndaşlarımız, Güneyli  azərbaycanlılarımız hər gün bizə müraciət edir, ordumuz üçün yardım etməyə  çalışırdılar.  “Əskişəhər Azərbaycanlılar Dərnəyi” artıq bu şəhərdə kifayət qədər tanınmış  bir ictimai təşkilatdır. Vətənimizdən təhsil almağa gələn gənclərin demək olar ki,  böyük bir hissəsi ətrafımızda birləşib. Tarixi, milli bayramlarımızla bağlı bir yerə  toplanırıq, söhbətləşirik, fikir mübadiləsi edirik və son qərarımızı veririk. İnanın ki,  Azərbaycanın dəyərli ziyalıları ilə xarici ölkələrdə böyük işlər görmək  mümkündür. Mən bunu öz dərnəyimizin simasında görmüşəm və görürəm də.  Cənab Prezidentimizin xaricdə yaşayan bütün həmvətənlərimizə tövsiyyə etdiyi  kimi: “Birliyimizi, həmrəyliyimizi gücləndirməliyik”. Vətən sevgisi olan yerdə heç  vaxt büdrəmək mümkün deyil. Siz bu reallığı 44 günlük Vətən müharibəsində  Müzəffər Azərbaycan ordusunun, xalqımızın və dövlətimizin simasında gördünüz.

8 Noyabr tarixində ESTV-də yayımlanan “Üç cizgi” proqramında “Əskişəhər  Azərbaycanlılar Dərnəyi”nin başkan yardımçısı Sirac Yaquboğlu Qarabağda  qazandığımız Zəfərimizdən qürurla danışaraq bir daha Dünya Azərbaycanlılarını,  xalqımızı təbrik etdi.  Sizə gördüyümüz işlərdən yenə də bəhs etmək istəyirəm, Azərbaycan  Cümhuriyyətinin 100 illiyində Türkiyədə ən yüksək səviyyədə keçirilən elə bir  tədbirimiz oldu ki, dünyada yaşayan 66 alimi – azərbaycanlıları, türkləri,  Beynəlxalq Elm Simpoziumuna dəvət etmişdik və onların “Əskişəhər  Azərbaycanlılar Dərnəyi”nin təşkil etdiyi belə bir mötəbər elm tədbirində iştirakı  bizi çox fərəhləndirdi. Çünki zəkalı adamlarımızı kəşf etdikcə onların xalqa,  millətə və dövlətə xeyri çox dəyir. Üç gün davam edən elmi simpozium haqqında  akademik məqalələr toplum halında nəşr olundu. Türkiyədə və Azərbaycanda  yayımlandı. Bu elmi simpoziumun əsas təşkilatçısı bizim Anadolu Universitetinin  məzunu Rza Məmmədov idi. Hazırda o, Azərbaycan Dövlət Neft və Sənaye  Universitetində prorektor vəzifəsində işləyir. Rza Məmmədov Əskişəhərdə təhsil  alıb, Vətənə xidmət göstərən istedadlı Azərbaycan gənclərinin simalarından biridir.  

Tələbələrimizə dəstək olmaq üçün təqaüd proqramı ilə bağlı dərnəyimizin  komandasının geniş fikir mübadiləsi olub və qərara almışıq ki, Əskişəhərdə təhsil  alan azərbaycanlı gənclərimizə maddi, mənəvi dayaq olmaq üçün ayda 2000 (iki  min) türk telesi təqaüd təyin edək. Bu təqaüdün verilməsinin bütün xərcini vaxtilə  burada təhsil alıb, məzun olub, Azərbaycana dönən və xarici ölkələrdə çalışan, iş  sahibi olan, dövlətin etibarını qazanan vətənpərvər, xalqımızı sevən  həmvətənlərimiz ödəyir. Keçən il 32 tələbəyə təqaüd ayırmışıq. Bu ilki təqaüd  proqramlarımızın nəticələrini də hazırlayırıq. Yenə də çalışacağıq ki, yardım alan  tələbələrimizin sayını çoxaldaq, xüsusilə imkansız ailələri nəzərə almışıq.  Təsəvvür edirsinizmi, bu şəhərdə təhsil alıb, məzun olub gedən həmvətənlərimiz təqaüd proqramına dəstək olmaq üçün bizə təkrar geri dönürlər, problemlərimizlə  maraqlanırlar. Bu mənada “Əskişəhər Azərbaycan Dərnəyi“nin yaşamasında,  fəaliyyət göstərməsində bizim əvvəlki məzunlarımızın böyük əməyi var. Bura  Azərbaycanın Əskişəhərdəki yanan ocağıdır. Hamı bu ocağın başına toplaşır.  Allah ocağımızı daima yandırsın. Gəldiyiniz bu ofisin kirayə xərclərini Dövlət Diaspor Komitəsi ödəyir.

Qeyd  edim ki, Azərbaycan dövlət rəsmilərinin diqqəti, qayğısı olanda biz Əskişəhərdə  istənilən qapını döymədən aça bilirik. Xaricdə yaşayan hər bir azərbaycanlı  dövlətimizin xaricdə olan nümayəndələrinə mənəvi dayağı görəndə ürəyi dağa  dönür. Həmin xarici ölkədə bilirik ki, bizim arxamızda təmsil etdiyimiz ölkə  dayanıb. Bu mənada dərnəyimizi ziyarət edən, bizə mənəvi dəstək olan millət  vəkillərinə, dövlət rəsmilərinə, Türkiyədəki Azərbaycan səfirliyinə öz təşəkkürümü  bildirirəm. Təkrar edirəm ki, biz öz dövlətimizin diqqətini və qayğısını görəndə  daha güclü oluruq. Ümumiyyətlə, kənara çıxırıqsa və yaxud da qərib bir ölkədə  yaşayırıqsa, damarlarımızda axan milli heysiyyatımızı yadırğamamalıyıq.  Bizim fəaliyyətimiz ikişaxəlidir. Belə ki, biz həm daxildə öz  həmvətənlərimizlə, həm də xaricdə, yəni, kənarda təbliğatımızın necə qurulmasını  planlaşdırmışıq. Başlıca olaraq, ətrafımızda birləşən xalqımızın istedadlı, bacarıqlı  gənclərini, bir sözlə insan kapitalını elə istiqamətləndirmək istəyirik ki, onlar  Azərbaycan naminə ən yüksək səviyyədə işləməyi qarşılarına məqsəd qoysunlar.  Bu mənada seminar və toplantılarımız olur. Hər bir vətəndaşımız bilməlidir ki, o,  yaşadığı şəhərdə Azərbaycanın mədəniyyətini, milli-mənəvi köklərini yaşadır. Bu  şəhər mədəniyyət beşiyidir. Burada çoxlu muzeylər, incəsənət mərkəzləri, tarixi  məkanlar var. Əgər bu şəhərdə yaşayırıqsa, buradakı ictimai, mədəni mühitlə geniş  əlaqələr qurmalıyıq. Dərnəyimizin üzvləri arasında Azərbaycan sevgisi ilə bizə  qovuşan başqa ölkələrin nümayəndələri, xüsusilə Türkiyə vətəndaşları da var.  Azərbaycan və Türk bayraqlarını eyni anda göylərə qaldıran həmin insanlara  daima Azərbaycan Dərnəyinin qapısı açıqdır.  

Mənim və “Əskişəhər Azərbaycan Dərnəyi”nin üzvü olan hər bir  həmvətənlimizin gücü – dövlətimizin gücüdür! Ona görə də hər il Əskişəhərə  gələn gəncləri, vətəndaşlarımızı dərnəyimizə dəvət edirəm və çalışıram ki, onlar  tək olduqlarını hiss etməsinlər. Bilsinlər ki, bu şəhərdə onların Azərbaycan  Dərnəyi Evi var. İlk növbədə burada təhsil alan tələbələrimizin problemlərini  çözməyə çalışırıq ki, onlar rahat şəkildə elmin, təhsilin ziyasına özlərini həsr  etsinlər. Onu da deyim ki, il ərzində fəal olan tələblərimizə Azərbaycana təyyarə  bileti, pul mükafatları veririk. Misal üçün, bu ilin sonunda ən aktiv tələbəmizə  Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlunun  sponsorluğu ilə Kıbrısa beş gecəlik səyahət verəcəyik. Görürsünüz, vaxtilə  məzunlarımız olmuş keçmiş tələbələrimiz sanki bu şəhərə gələn həmyerlilərinə  dəstək olmağı özlərinə bir vəfa borcu bilirlər. Bizə əməyi keçən hər kəsə  təşəkkürümü bildirirəm.  İdarə Heyətimizin üzvləri ilə birgə Cavid Aydın adının arxasında böyük bir güc  olan Vətənimiz, xalqımız, dövlətimiz var olsun, deyirik.  

- Qarşıdan Dünya Azərbaycanlılarının 31 Dekabr Həmrəylik Günü gəlir.  Bu münasibətlə yəqin ki, dərnəyinizin planları var?  - Əlbəttə, Ümummilli Lider Heydər Əliyevin Dünya Azərbaycanlılarına bəxş  etdiyi 31 Dekabr Həmrəylik Günü əbədi olaraq tarixə yazılıb. Dünyanın istənilən  ölkəsində yaşayan və işləyən azərbaycanlıların birliyi naminə belə bir günün dövlət  səviyyəsində qeyd olunması ildən-ilə gücümüzü, birliyimizi artırır. Bu il də bu  möhtəşəm Həmrəylik Günü bayramımıza yüksək səviyyədə hazırlaşmışıq.  

Əskişəhərdəki üç ali məktəbdə təhsil alan azərbaycanlı gəncləri, bu şəhərdə  yaşayan həmvətənlərimizi və Azərbaycanı sevən, dərnəyimizin üzvü olan türk  vətəndaşlarını müqəddəs bayramımıza dəvət etmişik. Bütün xalqımızı Həmrəylik  Günü bayramı münasibətilə təbrik edirəm, Tanrı birliyimizi qorusun!

- Mən də “Əskişəhər Azərbaycan Dərnəyi”nin üzvlərini Sizin simanızda  təbrik edirəm, Vətən naminə təhsil almaq, işləmək üçün qəriblikdə olan bütün  vətəndaşlarımıza 2026-cı ildə uğurlar arzulayıram.    

Kəmalə Abdinova  
XQ                                       

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see242

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see229

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see201

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see168

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see145

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri