Tacgül Hekayə
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vilayət QULİYEV
Əsərlərini V.Yan təxəllüsü ilə yazan Ukrayna əsilli rus yazıçısı Vasili Qriqoryeviç Yançevitskinin (1875-1954) adı Azərbaycan oxucularına yaxşı tanışdır. Bizim nəslin uşaqlıq və ilk gənclik illərində onun dilimizə tərcümə olunub böyük tirajla nəşr edilmiş biri-birindən oxunaqlı "Çingiz xan", "Batı", "Sonuncu dənizə doğru" tarixi romanları əl-əl gəzirdi.
Həyatı da əsərləri qədər maraqlı və cəlbedici olan V.Yan 1898-ci ildə Peterburq universitetinin tarix-filologiya fakültəsini başa vurandan sonra jurnalist kimi işə başlamış, iki il Avropa Rusiyasını və Malorossiyanı piyada gəzib dolaşmışdı. 1902-ci ildən Türküstanda çalışmış, Xivə xanlığında, Buxara əmirliyində, İranda, Əfqanıstanda olmuş, rus-yapon müharibəsi zamanı hərbi jurnalist kimi döyüşən orduda xidmət etmişdi. Aralıq dənizi hövzəsinə, Yunanıstana, Fələstin və Misirə uzun müddətli səfərləri, eyni zamanda Peterburq Teleqraf Agentliyinin müxbiri sifətində bir müddət İstanbulda yaşayıb-işləməsi yaradıcılığında Şərq mövzusunun üstünlük təşkil etməsinə təsirsiz qalmamışdı. Piyada səyahətlərinin birində Yasnaya Polyanada Lev Tolstoyu ziyarət etməsi və böyük yazıçıdan "həyatı öyrənməklə bağlı" seçdiyi yolun düzgünlüyü haqqında təqdir sözləri eşitməsi V.Yanı daha da ruhlandırmışdı.
Yazıçının mövzusu Türküstan həyatından alınmış maraqlı süjeti və psixoloji siqləti ilə seçilən bir "Şərq hekayəsini" rus dilindən tərcümədə "525-ci qəzet"in oxucularına təqdim edirəm.

Vasili YAN
Şimali İranda, Xəzərboyu sərhədlərimizin arxasında kürd kəndləri var. Kürdlər bura neçə əsr əvvəl nərmənazik farsları cəsur türkmən atlılarının hücumundan qorumaq üçün Osmanlı sərhədindən köçürülüb. Geyim-kecimləri farslardan seçilir, üstəlik də, tam fərqli dildə danışırlar.
Yarımköçəri həyat keçirirlər. Sürülərini qabaqlarına qatıb bir neçə aylığına düzənlikdəki kəndlərdən dağlara qalxırlar. Orada ərəblərinkinə bənzəyən qara çadırlar qurub yaşayırlar.
Sürüləri ilə birlikdə tez-tez bizim sərhədi (keçmiş çar Rusiyası ilə Qacarlar dövləti arasındakı sərhəd nəzərdə tutulur - V.Q.) də pozurlar. Qoyunları Kopetdağın zirvəsində, isti yay günlərində də təzə-tər otların göyərdiyi çəmənlikdə otlayır. İran dağlarında dəhşətli fırtına qopduğu, qar hər tərəfdə adam boyu qalxdığı qış aylarında da bizim düzənliklərə gəlirlər.
Kürdlərin arasında Xivə Klıc adlı cavan tanışım vardı. General Skobelevin Göytəpə yürüşü vaxtı valideynləri xata-bəladan uzaq olsun deyə onu kiçik uşaq ikən kürd kəndinə aparıb tanışlarının yanında qoymuşdular.
Göytəpə civarındakı savaşdan sonra bir müddət dalınca gələn olmamışdı. Balaca Xivə Klıc da kürd tərbiyəsi görmüş, kürdcə sərbəst danışmağı öyrənmişdi. Bir neçə il sonra imkanlı qohumlar gəlib onu təzədən yanlarına, doğma aula aparmışdılar. Burada Xivə Klıc artıq əsl türkmən kimi böyümüşdü.
Vətəninə qayıdandan sonra İrandakı kürd tanışları arasındakı o ailəni heç vaxt unutmamışdı. Buradakı tay-tuşlarını özünə doğma bilir, bacı-qardaşları sayırdı.
Bir dəfə ikilikdə ova çıxmışdıq. Soyuq qış gecəsi ocağın qırağında oturub qızındığımız vaxt mənə həyat tarixçəsini danışdı.
- Düşdüyüm ailədə bir qız vardı. Adı Tacgül idi, - deyə Klıc sözə başladı. - Məndən bir neçə yaş kiçik idi. Bacı-qardaş kimi böyüyürdük. Qənirsiz gözəldi. Anası da özü kimi gözəl bir fars qadını idi. Basqın vaxtı İrandan əsir kimi gətirmişdilər.
Tacgüllə qayalara dırmaşır, vəhşi heyvanlara tamaşa edirdik. Təpələrin arxasında gizlənib çöl donuzlarının necə otladıqlarına baxırdıq. Onlar vəhşi qabanlardan fərqlənirdi. Çox hiyləgər, həm də həssas idilər. Balaları yanlarında olanda qabaqlarına çıxan hər canlının üstünə atıla bilərdilər. Nizə kimi dişləri ilə istənilən insanı, yaxud heyvanı dəlmə-deşik etməyə hazır dayanırdılar.
Tacgül cəsarətli qız idi. Heç nədən qorxub-çəkinməzdi. Birlikdə vəhşi keçilər, ipə-sapa yatmayan ceyranlar təki dağlarda gəzib-dolanırdıq. Elə onun iri, qara gözləri də ceyranların gözəl gözlərinə bənzəyirdi.
Sonra məni Axala gətirdilər, öz türkmənlərimin arasında yaşamağa başladım. Amma Tacgül bir an da olsun, yadımdan çıxmırdı. Hiss edirdim ki, onu dünyada hamıdan çox istəyirəm. Kiçik miqdar vərəsəlik payına sahib olandan sonra süvari kimi türkmən atlı alayına yazıldım. Axaltəkə cıdırında dəfələrlə mənzil başına birinci çatan yaxşı at, qədimdən qalma qılınc, bir də Tacgül üçün ipək paltar aldım.
Bu arada eşitdim ki, qohumları qızı Sumbur çayının yuxarı axarında, rus sərhədinə yaxın yerdə varlı-hallı bir əşirət başçısına, yaxud kəndxudaya ərə veriblər. Fikirləşdim ki, ona baş çəkim. Görüm necə yaşayır, yeni həyatından razıdırmı?
Doğrusu, ərə getdiyini eşidəndə çox kədərləndim. Çünki özüm ona evlənmək istəyirdim. Qərara gəldim ki, əgər zorla ərə veriblərsə, qaçırıb auluma gətirim. Kürdlər türkmənlərdən qorxurlar. Heç vaxt Axala girməyə ürək eləməzdilər.
Yayda süvari nəfərlərini bir aylığına evə buraxanda İrana adladım. Sərhəddən keçmək üçün heç bir "kağız" almadım. Dağlardakı bütün cığırları beş barmağım kimi tanıyırdım. Sərhəd postları biri-birində uzaq qurulub. Türkmən qaçaqmalçıları onların arasından asanlıqla sivişib keçirlər.
Mənzil başına çatanda axşam düşmüşdü. Kənd dağların arasındakı dərədə, çayın qırağında yerləşirdi. Çay elə dərin deyildi, atla asanlıqla keçmək olurdu. Əlbəttə, yağış yağanda bu mümkünsüz idi. Çünki suyun səviyyəsi azı iki-üç metr yüksəlirdi. Sel yolunda nə varsa hamısını - kol-kosu, ağacları, mal-qaranı ağzına alıb aparırdı. Adamlar canlarını qurtarmaq üçün yuxarı, dağlara qalxırdılar.
Bizim Axalda havalar isti keçirdi. Kürd kəndinə çatanda, xüsusən də axşam çağı əməlli-başlı sərinlik hiss elədim.
Kəndxudanın evinə yaxınlaşdım. Hiss edilirdi ki, burada çox zəngin adam yaşayır. Dağın yamacında yastı damları biri-birinin üstündə ucalan xeyli tikili vardı. Gecələr damlarda ulduzların işığında yatmaq olurdu.
Həyətə girdim. Qabaq ayaqlarını yerə döyüb astadan kişnəyən atımı dirəyə bağladım. Tacgül damda göründü. Səsini eşidən iki kürd xidmətçi yüyürüb gəldi, atı əlimdən alıb talvarın altına apardılar.
Tacgül böyümüşdü, göy rəngli koftada, dizlərinə çatan enli göy darbalaqda yaraşıqlı qadın olmuşdu. Dörd hörüyə ayrılmış saçında, yaxasından asılan sinəbəndində qızıl, gümüş sikkələr bir-birinə toxunub cingildəyirdi. Başında qırmızı şal vardı. Bu da onun artıq qız uşağı deyil, ərli qadın olduğunu nişan verirdi.
Tacgül məni ucadan salamladı. Qardaşının gəlişindən çox xoşhal olduğunu dedi.
Kəndxudanın üç evi nərdivan pillələri kimi bir-birinin üstündən dağın yamacına söykənmişdi. İkinci evin damında ev sahibinin özü də göründü. Çiyninə qaragül dərisindən bahalı kürk atmışdı.
Məndən qat-qat zəngin olduğu dərhal gözə çarpırdı. Mənim vur-tut atım, iti qılıncım vardı, bir də süvari maaşı alırdım. Amma o da diqqətimdən yayınmadı ki, kəndxudanın sifəti tamam çəkilib, gözünün ağı saralıb, baxışları boz-bulanıqdır. Dərhal başa düşdüm ki, tiryəkidir, yəni anaşa çəkir.
Ürəyim oxlanmış quş kimi ayağımın altına düşdü. "Tacgül bədbəxt qadındır, heç vaxt oğul-uşaq sahibi olmayacaq" - deyə düşündüm. Tiryəkilər arvadı ilə yaxınlıq edə bilmir. Amma əhvalımın pozulduğunu büruzə verməməyə çalışdım. Kəndxudanın dayandığı ikinci evə qalxanda qardaş səmimiyyəti ilə salamladım.
Xalçada bardaş qurub xidmətçinin gətirdiyi çayı içdik. Ona Axaldakı vəziyyət haqda danışdım. Kəndxuda sürülərinin, ilxılarının sayından, var-dövlətindən söz açdı.
Süfrəyə plov gətiriləndə Tacgül də gəldi. Ərinin arxasında dayandı. Amma kəndxuda ona əhəmiyyət vermədi. Heç oturmağı da təklif etmədi. Baxdım, yeməyi də bir şey deyildi. Dərhal hiss olunurdu ki, zəif, halsız adamdır.
Məclisin ortasında yerindən qalxıb heç nə demədən qonşu otağa keçdi. Açıq qapıdan lampanı necə yandırdığını, böyrü üstə uzandığını, qəlyanın ucuna tiryək sürtüb lampanın istisində necə qızdırdığını gördüm. Sonra dalbadal bir neçə dərin qullab vurub tüstünü sinəsinə çəkdi və az keçməmiş yuxuya getdi.
O yatandan sonra Tacgüllə xeyli söhbət elədik.
Tacgül valideynlərinin onu böyük başlıq müqabilində ərə verməsindən danışdı. Kəndxudaya da bu ümidlə vermişdilər ki, bəlkə tiryəkin daşını atıb adam olar. Fikirləşmişdilər ki, cavan, gözəl qıza evlənsə, sağalar, həyatını yenidən başlayar. Amma toydan yarım il keçsə də, əri ona bir dəfə də olsun yaxın düşməmişdi...
Tacgülə ürəyim ağrıdı. "İstəyirsən, bu dəqiqə onun başını bədənindən ayırım", - dedim.
Qız bir cavab vermədi. Ayağa qalxıb ərinin olduğu otağa keçdi. Mən də arxasınca getdim.
Kəndxuda gözləri açıq halda uzanmışdı. Bir əzələsi də tərpənməyən sifətindən həzzin ən yüksək məqamında yetişdiyi sezilirdi.
Gözlərimiz bir-birinə sataşdı.
- Niyə bacımla ər-arvad kimi yaşamırsan? - deyə soruşdum.
- Belə şeylər məni maraqlandırmır...
- Onu istəyirsən?
- İstəyirəm.
- İndən sonra adam kimi yatıb-duracaqsan?
- Bunun mətləbə dəxli yoxdur...
- İndi ki, belədir, onu özümlə Axala aparıram.
- Aparırsan, apar. Gedin, qoşa qarıyın. Amma mənə mane olmayın.
Gördüm ki, tiryəkini çəkəndən sonra dünyanı tamam-kamal unudub. Həqiqətən də heç nəyin ona dəxli yoxdur. Bu dəqiqə evini başına uçursam, od vurub yandırsam da, vecinə olmayacaq.
Qəməmi çıxardım. Ancaq adamın tükü də tərpənmədi.
Tacgül əlimdən yapışdı:
- Onunla işin olmasın. Indi cənnətin tam ortasındadır.
Tacgüllə ən üstdəki evə qalxdıq. Dama sərilmiş xalçada oturduq. Günəş artıq dağların arxasında görünməz olmuşdu. Üfüq qıpqırmızı idi. Elə bil hər tərəfə qan çilənmişdi. Bacıma onu Axala aparmaq istədiyimi deyəndə üzündə heç bir sevinc ifadəsi görməməyim ürəyimi ağrıtdı.
Yuxarı evin damı çox yüksək idi. Heç kəs bizi görə bilməzdi. Ətrafda yalnız qayaların şiş ucları gözə dəyirdi. Onların arasında əyri-üyrü püstə ağacları bitmişdi.
Tacgülün davranışında nə isə bir narahatlıq sezdim. Dinib danışmırdı. Bir-iki dəfə yerindən qalxdı. Deyəsən, aşağı qata enmək istəyirdi. Arada barmağını dişləyirdi. Görünür, nə isə bir qəsdi vardı. Di gəl məndən ya utanır, ya da çəkinirdi.
Vəziyyətini başa düşdüm. Ürəyimə çökən kədər daha da qatılaşdı. Sakitcə dizlərimi qucaqlayıb oturmuşdum. Tacgülə baxırdım.
- Çəkmək istəyirsənsə, çəkə bilərsən, - dedim. - Amma yanımda çək ki, səni görə bilim.
Tacgül tez aşağı endi. İki dəqiqə keçməmiş kiçik lampa, qəlyan və qara qutu ilə geri qayıtdı. Sonra yaxınlaşıb əlimdən öpdü:
- Bax, belə otur, tərpənmə. Sənə baxacam, sənin haqqında fikirləşəcəm. Həmişə belə eləyirəm. Onda mənə elə gəlir ki, səninlə o vaxtlar olduğu kimi daşların üstündən atıla-atıla qaçırıq. Dağın güntutan yamacında, lalələrin, zanbaqların gül açdığı yerdə otururuq. Əlimi necə sığalladığını hiss edirəm. O anlarda elə sevinirəm ki, heç təsəvvürünə gətirə bilməzsən...
O, ipək yastığı başının altına qoyub köhnə xalçanın üstünə uzandı. Balaca əlləri ilə qəlyanın ucuna tiryək sürtməyə başladı.
Elə sakitlik idi ki, lampadan qalxan işıq sanki düz səmaya qədər ucalırdı.
Tacgül tiryəkin tüstüsünü sinəsinə çəkənə qədər yavaşdan danışırdı. Sonra gözləri qəribə sevinclə dolub xeyli böyüdü və qımıldanmadan mənə baxmağa başladı. Vaxt keçdikcə gözlərindəki işıq sanki öləziyirdi. Nəhayət baxışları bir nöqtəyə zillənib hərəkətsiz qaldı.
Əllərini yana uzatdı. Ona baxmağa xəcalət çəkirdim.
Sonra arxası üstdə uzandı. Avazımış sifətində fikirlərin, hisslərin biri-birini necə əvəz elədiyini duya bilirdim. Bu anlarda Tacgülə həm yazığım gəlirdi, həm də ona nifrət edirdim. Hər şeydən də çox daha mənə baxmadığına, sanki yuxarıda kimi isə görürmüş təki gözlərini göyə zilləməyinə əsəbiləşirdim.
Ona yaxınlaşdım. Dizi üstdə çöküb ağarmış sifətinə baxdım. Üzündə o qədər xoşbəxtlik vardı, bu anlarda o qədər gözəl görünürdü ki, artıq harada olduğumu unutmuşdum. Kəndxudanın, yaxud nökər-naibdən kimsənin bura gələcəyindən də qətiyyən qorxmurdum.
Elə həmin dəqiqələrdə də qonağı olduğum evin şərəfini ləkələdim.
Tacgül yalnız aradan xeyli keçəndən sonra gözlərini açdı. Amma yenə də hərəkətsiz uzanmışdı.
Ətrafdan gələn ən xırda hənirtini də necə həssaslıqla dinlədiyini danışmağa başladı. Dağda, burunları ilə torpağı eşən qabanların necə xoruldadıqlarını nağıl etdi. Mənim ürəyimin necə döyündüyünü eşitdiyini dedi. Nəhayət ayağa qalxıb açıq üst-başını düzəldəndə artıq ona sahibləndiyimi, həyatının ilk kişisi olduğunu başa düşdü.
Yorğun və əzgin görünsə də, özünə gələndən sonra həyəcanlanmağa başladı. Bütün bədəni əsirdi. Onu bacardığım qədər sakitləşdirməyə çalışırdım.
Deyirdim ki, gecə ilə dağları aşıb Axala gedərik. Deyirdim ki, orada mənim qanuni arvadım olacaq və heç kim ona barmağının ucu ilə də toxuna bilməyəcək.
Dərədən böyük, dəyirmi ay qalxanda artıq qaranlıq tamam düşmüşdü. Qayaların üzərində sanki nəhəng dağ cininin əllərinə bənzəyən əcaib kölgələr oynayırdı.
Bu vaxt kəndxuda da gəlib çıxdı. İndi çox mehriban, gülərüz, söhbətcil idi. Tacgül də ondan geri qalmırdı. Hər ikisi becid addımlarla yeriyir, əl-qollarını ölçür, aramsız danışır, səbəbsiz yerə gülürdülər. Kəndxuda məni pendirə, badama, şirniyyata qonaq elədi. Öz iştahası da açılmışdı. Dayanmadan yeyirdi. Lovğa-lovğa çox böyük adam olmasından, hamının əmrinə hazır dayanmasından, məsləhəti ilə oturub-durmasından danışırdı.
- Mən qədim kürd nəslindənəm, - deyirdi. - Babalarımın hamısı xan olub. Mənə kəndxuda demək düzgün deyil, gərək Məhəmməd xan desinlər. Yoxsa hamısının dərsini verərəm. Onda məni yaxşı tanıyarlar.
Kənxuda qışqıra-qışqıra yumruğunu qaldırıb Axal tərəfi göstərdi:
- Bütün kürdlərimi yığıb Axalı yağmalamağa gedəcəyəm! Ən yaxşı Axaltəkə ilxılarını qovub İrana keçirəcəyəm. Tehrana aparacağam. Satıb böyük pul qazanacağam. Ən gözəl atı isə şaha hədiyyə edəcəyəm. Axı mən çox hiyləgərəm. Kimə nə verməyi yaxşı bilirəm. Şaha Məşhəddən həm də qəşəng bir oğlan uşağı gətirəcəyəm. Şah belə hədiyyələri qiymətləndirməyi bacarır. Əvəzində mənə qızıl qılınc, bahalı kürk ənam edəcək. Vali təyin eləyəcək. Xivə Klıc, mən də səni alay başçısı qoyacam. Alay başçısı olacaqsan, kimi desəm, kötəkləyəcəksən...
Kəndxuda dayanmadan danışırdı. Özünü döyüş meydanında görürdü, ordulara sərkərdəlik eləyirdi. Kiminsə üstünə hücuma keçir, bütöv mahalları çapıb-talayır, yüzlərlə adamı əsir alırdı.
Sonra aşağıdakı evə getdi. Damda Tacgüllə mən qaldım.
Tacgül də şad-xürrəm idi. İlk gənclik günlərimizdə olduğu kimi, ara vermədən gülürdü. Gözləri parlaq ulduz kimi yanırdı. Mənimlə bir yerdə Qaraqum səhrasına köçüb orada yurd salmaq istəyirdi. Deyirdi ki, qoyun sürülərinin otladığı, tək hörgüclü dəvələrin biri-biri ilə oynaşdığı qumlu düzənlikdə ikilikdə baş-başa verib yaşayacağıq. Neçə uşağımız olacaq, necə gözəl xalı-xalçalar toxuyacaq.
Sevincdən özümə yer tapa bilmirdim. Qərara gəldik ki, gecə hamı yatandan sonra dağları aşıb qaçaq. Tacgül kişi paltarı geyinməli, bıçaq və tapança götürməli, ərinin ən qaçağan atını seçməli idi.
Mənə elə gəlirdi ki, onda əvvəlki yaşam şövqü baş qaldırıb, əvvəlki həyat gücü, sağlamlığı qayıdıb. Aşağı enəndə qulağıma pıçıldadı:
- Hayıf ki, bir-birimizdən uzaqda bu qədər gözəl illər itirdik. Niyə uşaqlığımız belə uzun çəkdi, niyə sevginin dadını tez anlamadıq?
Onun ardınca mən də enib atıma baş çəkdim. Heyvan başını aşağı sallamışdı. Üzgün görkəmi vardı. Görünür, nökərlər arpasını vaxtında verməmişdilər. Axurunda heç ot da yox idi. Ot, arpa tapıb qabağına qoydum. Arada kəndxudanın atlarına da göz gəzdirdim. Onlar da baxımsız qalmışdı. Əgər alay başçımız Mergen ağa bu atları görsəydi, sahibinin kimliyinə baxmazdı, mehtərləri ayağının altına salardı.
Başımı əllərimin üstünə qoyub uzun müddət damda salınmış xalçada uzandım. Parlaq ulduzların sayrışdığı səmanı seyr etdim. Sakitlik idi. Arada inəklərin, yaxud dəvələrin boynuna bağlanmış zınqırov cingiltisi bu sükutu pozurdu. Bəzən dağlarda tənha bir çaqqal kədərli ahənglə, uzun-uzadı ulayırdı. Kəndə yaxınlaşmaqdan qorxan digər çaqqallar da onun səsinə eyni darıxdırıcı və yanıqlı tərzdə səs verirdilər.
Ay yenə də dağların üzərinə əyilmişdi. Elə bil öləzimiş, işığı azalmışdı. Hər tərəfə qaranlıq çökmüşdü. Artıq Tacgül çoxdan evdə hamının yatdığını, özünün də yola hazır olduğunu bildirmək üçün yanıma gəlməli idi. Narahat oldum, başına nə isə bir iş gəlməyindən qorxub ehtiyatla aşağı endim.
Hamı daş kimi yatmışdı. Alt mərtəbədən nökər-naibin xorultusunun səsi gəlirdi. Böyük otaqdan keçəndə ayağım nəyəsə ilişdi. Əyilib baxdım. Tacgül idi. Meyit kimi ortalıqda düşüb qalmışdı. Yerdən qaldırmaq istədim. Bədəni əlimdə əyilib sanki iki qatlandı. Huşu başında deyildi.
Kibrit yandırdım. Yanında sönmüş çıraq, tiryək qabı və qəlyan vardı. Yenə tiryək çəkib varından yox olmuşdu. Özünü də, məni də, bir neçə saat əvvəl can atdığımız təzə həyatı da yerli-dibli unutmuşdu.
Başqa yerdə belə vəziyyətdə rastıma çıxsaydı, qılıncımı çəkib doğrayardım. Amma burada qonaq idim. Bizim auldakı qadınların da tiryək çəkib saçları dağınıq, heç nəyi fərq etməyən küt nəzərlərlə küçələrdə dolandıqlarını, necə gülüş hədəfinə çevrildiklərini yadıma salanda qəti qərarımı verdim.
Nökərlər dərin yuxuya dalsa da, silkələyib oyatdım, hava qızmamış, gecə sərinində yola çıxmalı olduğumu, üstəlik də, gündüz sərhəddə ələ keçə biləcəyimi dedim.
Tapşırdım ki, Tacgüllə kəndxudaya minnətdarlığımı çatdırsınlar. Sonra atımı minib təkbaşına dağlardan aşaraq şimala yollandım. O vaxtdan bəri təkəm və yəqin ki, ömrümün axırına qədər də tək qalacağam.
- Sonra heç o kəndə, kəndxudanın evinə yolun düşmədi? - deyə soruşdum.
- Yaxınlıqda olanda onlara baş çəkirəm, - Xivə Klıç cavab verdi. - Tacgül gəlişimə həmişə sevinir. Kəndxuda isə ondan da çox sevinir.
Tərcümə edən: Vilayət QULİYEV
Budapeşt, 30 dekabr 2024-cü il.
