Fermerlər çətin durumda: Aqrar sahəni nə gözləyir?
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni bank məhsulu buraxılıb.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, bu il agentliyin vəsaitindən istifadə qaydalarında dəyişiklik edilib:
"Dəyişikliklərə əsasən, bankların verdiyi kreditlər üzrə faizlərin subsidiyalaşdırılması məhsulu yaradılıb. Bu məhsulun əsas istiqaməti dənli və paxlalı bitkilərin, texniki bitkilərin, eləcə də tərəvəz və bostan bitkilərinin, yəni birillik əkinlərin maliyyələşdirilməsidir.
Kreditlərin təyinatı həmin bitkilərin becərilməsində istifadə olunan gübrə, toxum və pestisidin alınmasının maliyyələşdirilməsidir".
Nazirlik rəsmisi bildirib ki, məhsulun şərtlərinə gəlincə, kreditlərin müddəti bir ilə qədərdir:
“Müvəkkil təşkilatların verdiyi kreditlərin 19 %-lik hissəsini agentlik maliyyələşdirir. Kreditlər üzrə faizlər rüblük əsasda təşkilatlara köçürülür. Kreditin əsas məbləği müddətin sonunda ödənilir.
Bu məhsulla bağlı müvəkkil təşkilatların qarşısında bir sıra vəzifələr də dayanır. Belə ki, onlar ilk növbədə bu məhsul üzrə yeni kart məhsulu buraxmalıdırlar.
Ayrılmış kredit vəsaitləri yalnız həmin kart vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki (EKTİS) “tapagro.az” altsistemi vasitəsiylə nağdsız qaydada istifadə olunmalıdır.
Beləliklə, vəsaitlərin nağd şəkildə istifadəsi tamamilə məhdudlaşdırılır və bütün ödənişlər sistem üzərindən həyata keçirilir. Bu da kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət etməyə imkan verir".
Kənd təsərrüfatı istehsalçıları üçün yeni bank məhsulunun kənd təsərrüfatının inkişafında bir rolu olacaqmı?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, bu kredit məhsulunun kənd təsərrüfatının inkişafına müəyyən müsbət təsiri ola bilər:
“Çünki aqrar sektorda fermerlərin qarşılaşdığı əsas problemlərdən biri əkin mövsümünün əvvəlində dövriyyə vəsaitlərinin çatışmazlığıdır.
Fermer torpağı əkib-becərmək üçün əvvəlcədən toxum, gübrə və pestisid almalıdır. Lakin bir çox təsərrüfatların bu xərcləri qarşılamaq üçün kifayət qədər maliyyə imkanları olmur. Yeni kredit məhsulu məhz bu ehtiyacın ödənilməsinə xidmət edir.
Burada əsas üstünlük ondan ibarətdir ki, bank kreditləri üzrə faizlərin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması fermerlərin maliyyə yükünü azaldır.
Nəticədə fermer daha əlverişli şərtlərlə kredit əldə edə və əkin sahələrinin becərilməsinə vaxtında vəsait yönəldə bilər. Xüsusilə kiçik və orta təsərrüfatlar üçün belə bir maliyyələşmə mexanizmi əhəmiyyətlidir.
Çünki bu təsərrüfatların kommersiya banklarından adi şərtlərlə kredit almaq imkanları çox vaxt məhdud olur”.
Ekspertin sözlərinə görə, digər mühüm məqam kredit vəsaitlərinin yalnız xüsusi kart vasitəsilə və nağdsız qaydada “tapagro.az” altsistemi üzərindən istifadə edilməsidir:
“Bu mexanizm vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarəti gücləndirir, kreditlərin başqa məqsədlərə yönəldilməsi riskini azaldır və aqrar sektorda maliyyə şəffaflığını artırır.
Eyni zamanda, gübrə, toxum və pestisidlərin rəsmi satış kanalları vasitəsilə alınmasını stimullaşdıra bilər. Hesab edirəm ki, bu mexanizmin real nəticəsi onun nə dərəcədə əlçatan olmasından asılı olacaq.
Əgər kreditlərin verilməsi zamanı fermerlərdən həddindən artıq təminat, girov və sənədləşmə tələbləri irəli sürülərsə, nəzərdə tutulan dəstək bütün istehsalçılara çatmaya bilər.
Digər tərəfdən, birillik kreditlərin müddəti də məhsulun yetişdirilməsi və satışından əldə edilən gəlirlə uyğunlaşdırılmalıdır. Fermer məhsulunu vaxtında sata bilmədikdə kreditin əsas məbləğini müddətin sonunda qaytarmaqda çətinlik çəkə bilər.
Fikrimcə, bu təşəbbüsün ən mühüm əhəmiyyəti kənd təsərrüfatında istehsalın maliyyələşdirilməsinə yeni yanaşma gətirməsidir. Lakin təkcə toxum, gübrə və pestisid alınmasına kredit ayrılması aqrar sektorun bütün problemlərini həll edə bilməz.
Fermerlərin suvarma suyu ilə təminatı, texnika və anbar imkanları, məhsulun satışı, logistika və sığorta məsələləri də paralel şəkildə həll edilməlidir.
Əks halda, maliyyə dəstəyi istehsalın artmasına müəyyən töhfə versə də, onun davamlı inkişafına tam təminat yaratmayacaq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Fermerlər Akif Nəsirli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:115
Bu xəbər 25 Noyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















