Fermerlərə daha çox pul vermək, yoxsa şərait yaratmaq?
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Gələn il "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" üzrə subsidiyalar bu illə müqayisədə 230 milyon manat çox olacaq.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi çərçivəsində bildirib:
“Düşünürəm ki, bu, çox böyük addımdır. Beləliklə, kənd təsərrüfatına verilən subsidiyaların ümumi məbləği cəmi bir il ərzində 500 milyon manatdan 720-730 milyon manata yüksələcək. Bu, təxminən 50 %-lik artım deməkdir. Hər halda, böyük nailiyyətdir və düşünürük ki, kənd təsərrüfatına ciddi dəstək olacaq".
Qeyd edək ki, ölkədə indiyədək subsidiyalar artırılsa da, bu sektorda hələlik inkişaf müşahidə edilmir.
Doğurdanmı 50 faiz artım böyük addımdır və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, subsidiyaların 500 milyon manatdan 720-730 milyon manata çatdırılması, aqrar sektor üçün ciddi maliyyə dəstəyidir:
“Amma bunu avtomatik olaraq kənd təsərrüfatında böyük inkişafın təmin olunması kimi qiymətləndirmək düzgün olmazdı. Çünki indiyədək də bu sahəyə kifayət qədər vəsait ayrılıb, subsidiyaların həcmi artırılıb. Lakin bunun müqabilində kənd təsərrüfatında məhsuldarlıq, rəqabətqabiliyyətlilik və yerli istehsalın artımı arzuolunan səviyyədə deyil. Deməli, problem təkcə maliyyənin azlığında deyil, ayrılan vəsaitlərin nə dərəcədə səmərəli istifadə olunmasındadır. Əsas məsələ subsidiyaların həcmi deyil, onun hansı istiqamətlərə yönəldilməsi və fermer üçün hansı real nəticəni yaratmasıdır.
Əgər fermerin suvarma problemi həll olunmursa, torpaq sahələrinin bir hissəsi istifadəsiz qalırsa, müasir texnika və keyfiyyətli toxumlara çıxış məhduddursa, təkcə subsidiya verməklə ciddi nəticə əldə etmək mümkün deyil. Eyni zamanda, kənd təsərrüfatında maya dəyərinin yüksək olması, logistika, saxlama və satış problemləri də istehsalçının inkişafına mane olur”.
Onun sözlərinə görə, digər mühüm məsələ subsidiyaların nəticəyönümlü olmasıdır:
“Dövlət dəstəyi real məhsul istehsalına, məhsuldarlığın yüksəldilməsinə, müasir texnologiyaların tətbiqinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət etməlidir.
Əgər ayrılan vəsaitlərin səmərəliliyinə ciddi nəzarət edilmirsə, subsidiya artımı büdcə xərclərinin çoxalmasından başqa ciddi iqtisadi nəticə verməyə bilər. Hesab edirəm ki, 230 milyon manatlıq əlavə vəsait böyük imkandır. Ancaq bu imkan düzgün idarə olunmalıdır.
Məqsəd fermerə sadəcə daha çox pul vermək deyil, onun daha çox və daha keyfiyyətli məhsul istehsal etməsinə şərait yaratmaq olmalıdır. Əks halda, gələn il subsidiyaların 50 faiz artırılması barədə danışacağıq, amma bir neçə ildən sonra yenə də kənd təsərrüfatında niyə ciddi irəliləyiş olmadığını müzakirə edəcəyik”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: fermerlər Akif Nasirli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 05 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















