Fransanın Baş naziri pula qənaət etmək məqsədilə nazirlərin işdən çıxma müavinətini ləğv edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 9 oktyabr, AZƏRTAC
Fransanın müvəqqəti Baş naziri Sebastian Lekörnü ölkədə büdcə qənaətinə ehtiyac olduğunu əsas gətirərək, onun rəhbərlik etdiyi qısamüddətli hökumətin nazirlərinə işdən çıxma müavinəti verilməyəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Lekörnü bu qərarı ölkəyə nümunə göstərmək məqsədilə verdiyini bildirib: “Əgər özümüz nümunə göstərməsək, qənaətə nail ola bilmərik”.
Qeyd edək ki, Fransada nazirlər vəzifədən getdikdə üç ay müddətinə təqaüd alırlar. Bu məbləğ ayda təxminən 10 min avro, Baş nazir üçün isə 14 min avro təşkil edir. Bu ödənişlər işsizlik sığortası hüququ olmayan nazirlər üçün nəzərdə tutulub.
Sebastian Lekörnü cəmi bir neçə saat fəaliyyət göstərmiş hökuməti ilə birlikdə bazar ertəsi istefa verib. Beləliklə, bu kabinet müasir Fransa tarixində ən qısa müddətli hökumət olub.
“Reuters”in məlumatına görə, Fransada büdcə kəsirinin azaldılması ilə bağlı cəhdlər fonunda siyasi qeyri-sabitlik dərinləşir. Son illər ardıcıl dəyişən baş nazirlər xərclərin azaldılması və vergi artımına qarşı ictimai müqavimətlə üzləşiblər.
Məlumata görə, təkcə keçən il vəzifədən getmiş keçmiş baş nazirlərin katiblərinə ödənilən maaşlar və digər imtiyazlar dövlət büdcəsinə 1,58 milyon avro xərclə başa gəlib.


