Icma.az
close
up
RU
Fransanın tarixə seçmə yanaşması və Azərbaycanın unudulmayan qələbə payı TƏHLİL

Fransanın tarixə seçmə yanaşması və Azərbaycanın unudulmayan qələbə payı TƏHLİL

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 may, AZƏRTAC

Dünən mediada yayılan bir xəbər diqqətdən yayınmadı: “Fransa Azərbaycan səfirini Qələbə Günü ilə bağlı tədbirə dəvət etməyib”. Bu məlumat istər-istəməz cəmiyyətdə müxtəlif reaksiyalara səbəb oldu. Bəziləri üçün bu xəbər narazılıq, hiddət və nifrət hissi oyatdısa, digərləri üçün təəccüb doğurdu. Əminəm ki, bu gün Azərbaycanda əksər oxucular bu addımı Fransanın, xüsusən də Prezident Emmanuel Makronun komandasının ucuz siyasi gedişi kimi dəyərləndirir və bunu tarixi yaddaşa hörmətsizlik kimi qiymətləndirir.

Sirr deyil ki, rəsmi Paris uzun müddətdir ki, “kiçik və ayağısürüşkən bacıları” Ermənistana bəslədiyi saxta sevginin təsiri ilə Azərbaycana qarşı kin və nifrət dolu mövqe sərgiləyir. Fransanın rəhbərliyi, daxili və xarici problemlərini həll etmək əvəzinə, müstəqil siyasət yürüdən Azərbaycanı hədəfə almağı özünə vərdiş edib. Artıq Parisdə tarixə selektiv yanaşmaq, onlara sərf etməyən səhifələri silmək dəb halını alıb. Təəssüf doğuran məqam isə odur ki, bu qərəzli siyasət hətta Avropanı faşizmdən xilas edən insanların şücaətinin anıldığı məqamları da əhatə edir.

Bu fikirlər siyasi şərhçi Əhməd Abbasbəylinin “Fransanın tarixə seçmə yanaşması və Azərbaycanın unudulmayan qələbə payı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Əslində isə etiraf etməliyik ki, Fransanın, onun prezidentinin bu cür çirkin, qərəzli və ucuz əməlləri bizim üçün artıq təəccüblü deyil. Biz bu rəzalətə alışmışıq, demək olar ki, xroniki hala çevrilmiş bu xəstəlik qarşısında immunitet qazanmışıq.

Məhz bu səbəbdən də bu mövzuya toxunmağa, vaxt ayırmağa belə ehtiyac yoxdur. Lakin yayılan xəbərdə təəccüb doğuran əsas məqam Fransanın özünü sanki faşizmə qarşı mübarizənin avanqardı, bu qələbənin əsas sahibi və səbəbkarı kimi təqdim etməsidir. Elə bil Avropanı “qəhvəyi vəba”dan xilas edən, dünyanı vahiməyə salan “hərb maşınını” məhv edən məhz Fransa olub. Xüsusilə də son illərdə aparılan təbliğat, müasir texnologiyanın verdiyi imkanlar, müxtəlif maliyyə və informasiya resurslarından istifadə etməklə əsl həqiqətləri kölgədə qoymaq və bəzi dövlətlərin xidmətlərini, uğurlarını öz adına çıxarmaq cəhdləri dünya ictimaiyyətində, xüsusilə də gənc nəsil arasında ciddi yanlış təsəvvürlər formalaşdırır.

Təəssüf ki, həyasızlıq artıq elə həddə çatıb ki, bu tarixi nailiyyətdə, bu möhtəşəm qələbədə özündən qat-qat böyük töhfə vermiş dövlətin nümayəndəsinə hörmətsizlik etməkdən çəkinmirlər. Üstəlik, nəzərə alsaq ki, həmin hadisədən cəmi 80 il keçib, yəni, tarix üçün çox qısa bir müddətdir və hələ də canlı şahidlər yaşayır - bəs görəsən, əsrlər sonra bu həyasızlıq, riyakarlıq hansı həddə çatacaq? İnsanı düşündürən, narahat edən əsas sual da budur.

Hər kəs bilməlidir ki, faşizm üzərində qələbə digər xalqlarla yanaşı, Azərbaycan xalqının da qanı, böyük maddi sərvətləri və saysız-hesabsız məhrumiyyətləri bahasına qazanılıb. Əslində, Azərbaycanın bu qələbəyə töhfəsi elə miqyasdadır ki, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə aparan dövlətlər sırasında göstərilən xidmətlərin təsiri, çəkisi və verdiyi itkilərin həcminə görə ən ön sırada yer almalıdır. Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə döyüşərək, döyüş meydanlarında və arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri sərgiləmişdir. Bu gerçəyi dostlarımız yaxşı bilir və etiraf edirlər. Amma düşmənlərimizin də gözünə soxmaq üçün bəzi faktları, rəqəmləri dəfələrlə xatırlatmaq vacibdir. Faşizm üzərində qələbə naminə Azərbaycanın etdiklərini tarixdə çox az ölkə edə bilib. Yalnız bir fakt: 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox vətəndaşı cəbhəyə yollanıb, onlardan 300 mindən çoxu şəhid olub. Təkcə Fransanın işğaldan azad olunmasında belə minlərlə azərbaycanlı vuruşub və canını fəda edib.

Daha mühüm nüans isə Azərbaycanın arxa cəbhədəki rolu ilə bağlıdır. Müharibənin ən ağır illərində - 1940-cı illərdə SSRİ-də hasil olunan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü. Bakı o dövrdə ölkə neftinin 70-75 faizini verirdi. Cəbhənin ehtiyac duyduğu benzinin 80-90 faizi, sürtgü yağlarının isə 90 faizi məhz Azərbaycandan təmin olunurdu. Müharibə dövründə istifadə olunan təyyarə və tank motor yağlarının, döyüş maşınlarının hərəkət üçün vacib yanacaq və yağlarının dörddə üçü Bakıda istehsal edilirdi. Hətta müharibədən sonrakı illərdə SSRİ rəhbərlərindən biri etiraf etmişdi ki: “Əgər SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovet İttifaqının faşizm üzərində qələbəsi sual altında qalardı”.

Bundan əlavə, müharibə illərində Bakıda 130-dan çox adda silah və döyüş sursatı istehsal olunub. Bütün bu faktlar Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfənin miqyasını və əhəmiyyətini açıq-aydın göstərir.

Hesab edirəm ki, burada Ümummilli Lider Heydər Əliyevin fikirlərini xatırlamamaq ədalətsizlik olardı. O deyirdi: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.

Təkcə neft deyil, həm də Azərbaycanın müharibə dövründə istehsal etdiyi ərzaq və kənd təsərrüfatı məhsulları, vətəndaşların Müdafiə Fonduna ianə etdiyi şəxsi vəsaitlər və saysız digər fədakarlıqlar bu qələbədə Azərbaycanın rolunu daha da möhkəmləndirirdi. Bütün bu amilləri nəzərə alsaq, Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə verdiyi töhfə nəinki regionda, hətta dünya miqyasında müqayisə olunmaz dərəcədədir.

Bəs belə olan halda, Fransanın özünü bu qədər təkəbbürlü, sanki qələbənin əsas sahibi kimi aparmağa hansı əsasları var? Onun İkinci Dünya müharibəsində hansı xidmətləri olub? Əlbəttə, biz opponetlərimizdən fərqli olaraq, haqsızlıq etmədən, Fransa xalqının da faşizmə qarşı apardığı mübarizəni, verdiyi itkiləri hörmətlə qeyd edirik. Amma, eyni zamanda, bəzi tarixi faktları da diqqətə çatdırmaq zəruridir.

Əvvəlcə ondan başlayaq ki, İkinci Dünya müharibəsi ərəfəsində Fransa Polşa ilə müttəfiqlik münasibətlərində idi. Rəsmi olaraq Fransa-Polşa ittifaqı 1921-ci il fevralın 19-da imzalanmışdı. Bu əsas müqavilədən sonra Fransa və Polşa arasında ittifaqı möhkəmləndirən bir neçə əlavə sənəd də qəbul olunmuşdu. İttifaqın əsas məqsədi Almaniya tərəfindən mümkün hücuma qarşı qarşılıqlı hərbi yardım və təhlükəsizlik təminatı vermək idi.

1939-cu ilin may ayında Almaniya təhlükəsinin artması ilə əlaqədar Fransa və Polşa arasında siyasi və hərbi konvensiya imzalanmışdı. Bu sənəddə də Almaniya tərəfindən hərbi təcavüz halında qarşılıqlı yardım öhdəliyi bir daha təsdiqlənmişdi. Lakin 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücum etməsi və ölkənin qısa müddətdə işğal olunmasından sonra Fransa guya müttəfiqlik öhdəliyini yerinə yetirərək Almaniyaya müharibə elan etsə də, əslində Polşaya ciddi müdafiə və hərbi yardım göstərmədi. Beləliklə, bu ittifaqın real dəyərinin olmadığı və sadəcə kağız üzərində qalmış bir sənəddən ibarət olduğu aydın oldu. Sözügedən hadisə sonradan Polşanın ciddi narazılığına səbəb oldu və Fransa-Polşa münasibətlərində uzun illər dərin iz qoydu.

Əslində, yalnız bu hadisənin özü belə dövlətlərarası münasibətlər tarixində tutarlı bir dərs olmalıdır. Fransanın “sözdə deyil, əməldə” real müttəfiqliyinin necə olduğunu göstərən “gözəl” bir nümunədir.

Az müddət sonra isə müharibə artıq Fransanın öz qapısını döyməyə başladı. Belə ki, 1940-cı il mayın 10-da Alman qoşunlarının Fransa, Belçika, Niderland və Lüksemburqa hücumu ilə tarixə “Qəribə müharibə” adı ilə düşən hərbi əməliyyatlar başlandı. Alman qoşunları cəmi bir neçə həftə ərzində irəliləyərək, iyunun 14-də Fransa paytaxtına daxil oldular. 1940-cı ilin may-iyun aylarında Almaniya çox sürətli bir hücumla (Blitzkrieg) Fransa ordusunu darmadağın etdi. Nəticədə, iyunun 22-də Fransa rəsmi şəkildə təslim oldu. Üstəlik, Almaniya I Dünya müharibəsində 1918-ci ildə məğlub olduğu zaman imzalanan təslim sənədinin bağlandığı eyni dəmir yolu vaqonunda Fransa tərəfinə kapitulyasiya aktını imzalatmaqla bu təslimi rəmzi bir alçaldmaya çevirdi.

O dövrdə özünü güclü hesab edən Fransa ordusunun cəmi altı həftə - yəni 42 gün (2 gün daha tez) ərzində məğlub olması hərb tarixinin ən diqqətçəkən məqamlarından biri kimi tarixdə yer aldı.

Fransa ilə Üçüncü Reyx arasında imzalanan müqaviləyə əsasən, ölkə iki bölgəyə bölündü. Razılaşmaya görə, bölgələrdən biri alman işğalı altında qalırdı, digər hissə isə formal olaraq Fransanın nəzarətində olsa da, əslində, Almaniyaya bağlı idi. Bu ərazidə marşal Filipp Petenin başçılıq etdiyi totalitar rejim - Vişi hökuməti quruldu. Kollaborasionist xarakter daşıyan bu kukla dövlət İkinci Dünya müharibəsində Berlin-Roma-Tokio ittifaqına qoşuldu.

Bu hadisələr zamanı fransızların yalnız kiçik bir qrupu İngiltərəyə mühacirət edərək, general Şarl de Qollun rəhbərliyi altında Azad Fransa hərəkatını yaratdı. Beləliklə, 1940-cı ildən etibarən Almaniya ilə müharibədə yalnız Böyük Britaniya təkbaşına mübarizə aparan ölkə olaraq qalmışdı.

Əlbəttə, bu tarixi hadisələr fonunda bu gün özünü demokratiya, insan haqları müdafiəçisi və böyük idealların daşıyıcısı kimi təqdim etməyə çalışan Fransanın tarixində növbəti utancverici səhifələrdən birini - Fransa Holokostunu və onun qurbanlarını xatırlamadan keçmək haqsızlıq olardı.

1940-1944-cü illər arasında işğal olunmuş Fransa ərazilərində yəhudilər kütləvi təqib, deportasiya və qətliamlara məruz qalırdılar. Fransada yaşayan yəhudilərin təqibi prosesi hələ 1940-cı ildə başlamış və xüsusilə 1942-ci ildən 1944-cü ilin iyul ayına qədər onların Almaniya və Polşada yerləşən həbs düşərgələrinə göndərilməsi ilə öz kulminasiya nöqtəsinə çatmışdı. Bu illər ərzində təxminən 75 min Fransa yəhudisi qətlə yetirilib.

Fransa hökuməti və bəzi tarixçilər bu hadisələri uzun müddət nasist Almaniyasının ayağına yazmağa çalışsalar da, artıq təkzibolunmaz faktlarla sübuta yetirilib ki, həmin dövrdə Fransada fəaliyyət göstərən Vişi rejimi və yerli polis qüvvələri ölkənin müxtəlif bölgələrində yəhudilərin toplanması, həbs olunması və deportasiya olunması işində bilavasitə iştirak ediblər.

1940-cı il iyunun 22-də Üçüncü Reyx və fransız marşalı Filipp Peten arasında imzalanmış müqavilənin şərtlərinə əsasən, Fransanın yalnız Avropa hissəsi Almaniya tərəfindən işğal olunurdu. Vişi rejimi isə nəzarəti altında saxladığı ərazilərdə anti-yəhudi tədbirlərin miqyasını getdikcə genişləndirirdi. 1940-cı ildə Fransadakı nasist yönümlü hökumət tərəfindən “Yəhudilərin statusu” adlı qanun qəbul edildi. Qanunun 9-cu maddəsinə əsasən, bu status təkcə Fransanın özündə deyil, həm də onun müstəmləkələrində - Əlcəzair, Mərakeş və Tunisdə yaşayan yəhudilərə şamil olunurdu. 1941-ci ilin martında isə ölkədə antiyəhudi təbliğatının aparılması və yəhudilərə qarşı tədbirlərin təşkil olunması məqsədilə Yəhudi İşləri üzrə Baş Komissarlıq yaradıldı. Bu və digər faktlar aydın şəkildə sübut edir ki, on minlərlə yəhudinin deportasiyası və qətlinə görə məsuliyyət təkcə nasist Almaniyasının deyil, məhz o dövrdəki Fransa hökumətinin də üzərindədir.

Lakin müharibədən sonra onilliklər ərzində Fransa hökuməti yəhudilərin deportasiyasında və digər dövlət səviyyəsində həyata keçirilmiş repressiyalarda fransız polisinin iştirakına görə üzr istəməkdən boyun qaçırırdı. Yalnız 1995-ci il iyulun 16-da Fransa Prezidenti Jak Şirak ölkənin keçmişi ilə bağlı həqiqətləri etiraf etməyə məcbur qaldı və alman işğalı dövründə dövlətin yəhudilərə və digər qurbanlara qarşı törədilən haqsızlıqlarda oynadığı rolu rəsmən təsdiqlədi.

Bundan sonra, bu hadisələrin 70-ci ildönümü münasibətilə 2012-ci il iyulun 22-də Prezident Fransua Olland da Vél d'Hiv deportasiyasına həsr olunmuş abidənin qarşısında çıxış edərək baş verənləri soyqırımı kimi tanıdı. O, çıxışında bu faciənin “Fransada, Fransa tərəfindən” həyata keçirildiyini bildirdi və deportasiyada iştirak edən fransız polis qüvvələrinin öz xalqının dəyərlərinə, prinsiplərinə və ideallarına xəyanət etdiyini açıq şəkildə bəyan etdi.

Əlbəttə, bütün bunlar o demək deyil ki, bütövlükdə Fransa xalqı bu cinayətlərə görə məsuliyyət daşıyır. Şübhəsiz ki, Fransa xalqının da faşizm üzərində qələbədə müəyyən xidmətləri və fədakarlıqları olub və bu, tarixi faktlarla təsdiqlənir. Xüsusilə də 1941-ci il iyunun 22-də faşist Almaniyasının SSRİ-yə hücumu ilə müharibə yeni bir mərhələyə qədəm qoydu. Beynəlxalq vəziyyət köklü şəkildə dəyişdi və İkinci Dünya müharibəsi dövründə antifaşist hərəkatı özünün ən yüksək həddinə çatdı. 1941-ci ilin dekabrında Yaponiyanın ABŞ-ın hərbi bazalarına zərbəsi SSRİ, ABŞ və İngiltərə arasında ittifaqın yaranmasına təkan verdi. Bu hadisə, eyni zamanda, işğal altında olan ölkələrdə, o cümlədən Fransada müqavimət hərəkatının dirçəlməsinə ciddi təsir göstərdi. 1943-cü ilin əvvəllərindən etibarən Fransada faşist işğalına qarşı müqavimət hərəkatı daha fəal və təşkilatlanmış mərhələyə qədəm qoydu. 1944-cü ilin əvvəllərində isə həm Fransanın daxilində, həm də beynəlxalq cəbhədə baş verən hadisələr müqavimət hərəkatının güclənməsinə səbəb oldu. 1944-cü il avqustun 15-də 6-cı ABŞ ordusunun hissələri cənubi Fransada hərbi əməliyyatlara başladılar. Bu əməliyyatlarda Fransa müqavimət qüvvələri də amerikan qoşunlarına qoşularaq fəal iştirak etdilər. Nəhayət, birgə səylər nəticəsində 1944-cü il avqustun 25-də Paris alman işğalçılarından azad olundu.

Fransız tarixçilərinin də etiraf etdiyi kimi, Fransa Müqavimət hərəkatının ən həlledici dövrü 1944-cü ilin sonu və İkinci Dünya müharibəsinin başa çatmasına qədər olan mərhələ hesab olunur. 1944-cü il iyunun 6-da ABŞ generalı Duayt Eyzenhauerin komandanlığı altında müttəfiq qoşunları Şimali Fransaya - Normandiyaya desant çıxardı. Bununla da Avropada ikinci cəbhə açıldı.

Bu hərbi əməliyyatlar və müttəfiq qoşunlarının uğurlu irəliləyişi nəticəsində həmin ilin sonuna qədər bütün Fransa işğaldan azad edildi. Yəqin ki, məhz bu faktlar ABŞ Prezidentinin mətbuat katibinin yaxın keçmişdə səsləndirdiyi “Əgər ABŞ olmasaydı, bu gün bütün Fransa alman dilində danışardı” fikrini söyləməsinə əsas verib.

Nəhayət, 1945-ci il mayın 8-də, sonradan Stalinin tələbi ilə təkrarən mayın 9-da Vermaxtın Ali Komandanlığının, anti-Hitler koalisiyasının Qərb Müttəfiqləri Ali Komandanlığının və Sovet İttifaqının nümayəndələrinin iştirakı ilə Almaniya silahlı qüvvələrinin qeyd-şərtsiz kapitulyasiyası aktı imzalandı.

1945-ci ildə Almaniya təslim olduqda, Fransa da rəsmi şəkildə “qalib dövlətlər” sırasında yer aldı ki, bu da tarix baxımından olduqca maraqlı və diqqətçəkən məqamdır. Çünki Fransa faktiki olaraq müharibənin əvvəlində işğal olunmuş və təslim olmuşdu. Bəs bu statusu ona necə və hansı səbəbdən verildi?

Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ Prezidenti Franklin Ruzvelt əvvəllər Şarl de Qollu bəzi şəxsi keyfiyyətlərinə görə qəbul etmir, onu demokratik və təvazökar adam hesab etmirdi və dəstəkləməkdə maraqlı deyildi. Eyni zamanda, SSRİ lideri İosif Stalin də Fransanın müharibə dövründə işğala məruz qalıb təslim olduğunu əsas gətirərək, onun qalib dövlət statusunu qəbul etmək istəmirdi.

Sözsüz ki, bu prosesdə Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin rolu həlledici oldu. O, Fransanın “qalib dövlət” kimi iştirakının siyasi dəstəkçisi qismində çıxış edərək hesab edirdi ki, müharibə boyunca işğal altında qalmasına baxmayaraq, Avropanın gələcəyində Fransanın iştirakı və söz sahibi olması vacibdir. Çörçill bu mövqeyini digər iki liderə - ABŞ Prezidenti Franklin Ruzvelt və SSRİ rəhbəri İosif Stalinə də qəbul etdirməyi bacardı.

Ədalət naminə qeyd etmək lazımdır ki, bu prosesdə general Şarl de Qollun da siyasi nüfuzu və diplomatik uğurları müəyyən rol oynadı. Nəticə etibarilə Fransa Almaniyanın kapitulyasiya aktının imzalanmasında “qalib dövlət” kimi iştirak hüququ qazandı, Almaniya ərazisində işğal zonası əldə etdi və daha sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü oldu. İndi isə tarix kitablarında və siyasi tribunalarda faşizm üzərində “qalib dövlətlər” sırasında adı çəkilir.

Əminəm ki, İkinci Dünya müharibəsi tarixinin, xüsusilə də Fransa rəhbərliyinin və məsul şəxslərinin o dövrdə atdığı addımların bir daha xatırladılmasına ciddi ehtiyac var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

08 May 2025 21:07see158

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

08 May 2025 01:38see149

İkinci Dünya Müharibəsi iştirakçılarına və əlillərinə 10 min dollar verilib

08 May 2025 18:54see137

Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı?

09 May 2025 02:13see136

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

08 May 2025 02:02see132

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

08 May 2025 03:14see132

ABL: Neftçi yenidən Sabah la qarşılaşacaq

08 May 2025 09:22see131

Zelenski Trampla müzakirələr apardı

08 May 2025 23:30see130

“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının rayon turu İsmayıllıda təşkil olunub

09 May 2025 02:46see127

Ulu öndərin multikulturalizm və tolerantlıq ideologiyası

08 May 2025 09:20see126

Geyindiyi cırıq ağ köynəyi ilə gündəm oldu FOTO

09 May 2025 03:15see125

Makron: Aİ Suriyaya qarşı sanksiyaların “tədricən ləğvini” davam etdirəcək

08 May 2025 08:10see122

“Walt Disney” şirkəti Əbu Dabidə əyləncə parkı tikəcək

08 May 2025 08:08see121

İspaniyada restoranda qazlı su içən kişinin daxili orqanları yandı

08 May 2025 03:24see120

“Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”

09 May 2025 00:36see119

Orta məktəbdə bıçaqlanma Yaralı var KONKRET

09 May 2025 14:11see117

Putinin prezidentlərlə görüşündən MARAQLI ANLAR Lukaşenkoya GÖRÜN NƏ DEDİ (VİDEO) KONKRET

08 May 2025 21:21see117

“Barselona” “İnter”in futbolçusunu alır

08 May 2025 00:39see117

Nyu Delhi hava limanında ən azı 130 reys ləğv edilib

08 May 2025 14:20see116

“Oyunçularım paltardəyişmə otağında ağladı” Arteta

08 May 2025 06:11see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri