“Futbol kralı”nın vida tanqosu
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milyonlarla insanı sehirləyən futbol tarixinin əfsanələri çox olub: Pele, Qarinço, Kroyf, Maradona, Bekkenbauer, Platini, Ronaldino, Ronaldo. Amma XXI əsrin futbol kralı, canlı əfsanəsi, şübhəsiz ki, Lionel Messidir. Argentinanın Rosario şəhərində kasıb ailədə doğulmuş və İspaniyanın Barselona klubunda futbol tarixinin ən parlaq ulduzuna çevrilmiş Leo 7 oktyabr gecəsi pillələrinə qədər dolu Buenos-Ayresdəki “Monumental” stadionunda milli komandanın heyətində son oynuna, vida matçına çıxdı.
Argentina Benin millisini 3:0 hesabı ilə məğlub etdi və Leo hər üç qolda iştirak etdi: iki məhsuldar ötürmə və bir qol. Messi 71-ci dəqiqədə sonuncu, milli komandanın oyunlarında 126-cı qolunu vuranda stadiondakı bütün tamaşaçılar ayağa qalxıb onu 2 dəqiqədən çox fasiləsiz alqışladılar və öz kumirləri ilə göz yaşlarına boğularaq vidalaşdılar.
21 il davam edən bir dövr rəsmi olaraq başa çatdı. Argentinalı dahi yavaş-yavaş dünya futbolunu tərk edir və biz futbol azarkeşlərinə yalnız sevinc dolu xatirələr buraxır. Bu tamaşaya baxanlar aydın gördülər ki, vida matçı sadəcə bir futbol yarışından daha böyük tədbirə, milli təntənəyə çevrildi. İlk baxışdan adi görünən bu yoldaşlıq görüşünə biletlər cəmi dörd dəqiqə ərzində satılmışdı. Oyun günü dövlət bayramı elan edilmişdi. Messinin doğma Rosario şəhərində vertolyotdan üzərində 10 rəqəmi olan 30 metrlik futbol maykası bütün şəhərin üzərində dalğalanırdı. Məgər bu, əsl böyüklük deyilmi?
Həmin gecə bütün Argentina sadəcə bir futbol matçına deyil, vida mərasiminə çıxmışdı. Bütün bir millətin həyatında futbol bütünün sonuncu tamaşası. Bu, iyirmi bir il davam edən bir tamaşanın son aktı idi. Bircə dənə də olsun boş söz olmayan, bir yalan jest olmadan belə möhtəşəm bir pyes. Leo Messi Argentina milli komandasında karyerasına son qoydu.
Təbii ki, Beninlə yoldaşlıq oyununun heç bir turnir əhəmiyyəti yox idi. 85 mindən çox insan futbol matçı üçün deyil, sadəcə, bir görüş üçün bilet almışdı. Səmanın təkcə Buenos Ayres üzərində deyil, həm də öz həyatları, öz evləri, öz itkiləri üzərində də ağ-mavi ola biləcəyinə inandıran adamla son görüşə. Bu o adam idi ki, onları ümidin xəyal deyil, reallıq olduğuna və bir az inansalar, səbir etsələr, talenin yumşalıb illər boyu onlardan aldığını geri qaytaracağına inandırmışdı.
Lionel Messinin milli komandadakı bütün karyerası bir xronika, turnirlərin quru siyahısı deyil. Bu, Tanqodur. Tanqo – ehtirasın ağrıdan, ağrının isə geridönüşdən ayrılmaz olduğu bir rəqsdir və bu rəqs bütün tamaşaçıların ayağa qalxıb alqışlaması, bəzilərinin ağlaması və göz yaşlarından utanmaması ilə başa çatır, çünki göz yaşları ürəyin tərcüməçisiz fikrini ifadə edə biləcəyi yeganə dildir.
Gənc Leo ilk dəfə 2005-ci ildə Argentina formasını geyinib. O vaxtdan bəri 208 oyunda 126 qol vurub və 70 məhsuldar ötürmə edib. Bu, hər hansı bir tac və ya kubokdan daha ağır olan forma geyinmiş bir insanın həyatıdır. Çünki tac bir imtiyazdır, forma isə bir məsuliyyətdir. Sevməyi və nifrət etməyi bilən bir ölkə qarşısında məsuliyyət.
Bu rəqəmlərin Argentina və onun xalqı üçün nə demək olduğunu anlamaqdan ötrü hər şeyin necə başladığını bilməlisiniz - qələbə ilə deyil, alqışlarla deyil, rədd edilməklə, soyuqluqla... yalnız doğma torpağın çəkdirə biləcəyi xüsusi ağrı ilə. Leo Messi uşaqlıqda Argentinanı tərk edib və Barselonada katalon ləhcəsi ilə danışaraq böyüyüb. Vətənində ona “ispan” deyir, kənar adam hesab edirdilər.
Barselonada Messi əfsanəyə, klubun simvoluna çevrildi - qollar, kuboklar, “Qızıl toplar”. Amma milli komanda ilə işlər daha mürəkkəb idi... 2014-cü il Dünya çempionatının finalı - Almaniyaya məğlubiyyət və Messi yalnız gümüş medal qazanır. 2015-ci il “Copa America” finalı - Çiliyə məğlubiyyət. 2016-cı il “Copa America” finalı - yenə Çili, daha çox ağrı. Ardıcıl üç final, üç məğlubiyyət.
Sonuncu finaldan sonra Messi milli komandadan getdiyini elan edir. O zaman 29 yaşı var idi. Artıq millisini çempion edə bilməyəcəyini, artıq öhdəsindən gələ bilməyəcəyini deyirdi. Bütün bunların onun üçün ağrı olduğunu dedi – və bu “ağrı” şikayət kimi deyil, diaqnoz, höküm kimi səsləndi.
Amma o geri döndü. Çünki hekayə bitməmiş gedə bilməzdi. Messisiz Argentina ariyasız bir opera idi. Geri döndü, çünki başa düşdü ki, sonun nə vaxt olacağına qərar vermək onun ixtiyarında deyil. Sonun gəldiyini zaman özü qərar verir - vaxtı gələndə, tarix öz yerini tutanda, dairə qapananda. Sən hələ hər şeyi deməmisən, hələ hər şeyi verməmisən. Argentinalılara arzularını geri qaytarmaq lazımdır.
Milli komandaya qayıtdıqdan sonra gərginlik daha da artdı, Dieqo Maradona ilə müqayisələr başladı, yaşlı nəsil azarkeşlər onun kuboksuz qayıdışına şübhə ilə yanaşdılar və 2018-ci il Dünya çempionatının 1/8 finalında Fransadan aldıqları daha bir məğlubiyyətdən sonra Leonun müqəddəs arzusunun xəyal olaraq qalacağı kimi görünürdü. Həmin matçda Leo iki məhsuldar ötürmə etdi, lakin bu, nöbbəti mərhələyə keçmək üçün kifayət etmədi.
Ona qədər Argentina cəmi iki dəfə – 1978 və 1986-cı illərdə Dünya çempionu olmuşdu. Bundan sonra tilsimi qırmaq milliyə müyəssər olmurdu. Amma 2021-ci ildə Rio-de-Janeyrodakı əfsanəvi Marakana stadionunda Braziliya ilə keçirilən Amerika kubokunun finalında hər şey dəyişdi. Matçda Argentina 1:0 qalib gəldi. Messi kuboku komandası ilə birlikdə başı üzərinə qaldırdı.
Məhz bundan sonra kapitan millisi ilə tarix yazdı – 2022-ci il Dünya çempionatı. Fransaya qarşı finalda qisas alındı, Messi iki qol vurdu. Fransızlar cavab verdilər. Dramatik matç penaltilər seriyasına qədər uzandı və Argentina, nəhayət, üçqat Dünya çempionu olmaq arzusunu gerçəkləşdirdi. Boynundan qızıl medal asılan Leo zirvədə. Doğma Argentinanın hər evindən, uşaqların ayaqyalın futbol oynadığı tozlu əyalət meydançalarından yüksələn “Campeones del mundo!” qışqırığını külək Pataqoniya buzlaqlarına qədər çəkib aparırdı. Bu, məhz o matç idi ki, başa çatandan sonra saat qurşaqlarından asılı olmayaraq insanlar televiziya ekranları qarşısında ağlayırdılar. Ədalət nəhayət ətə və qana gəlmiş, abstraksiya olmaqdan çıxmış və bir fakta çevrilmişdi.
Dünya kubokundan sonra Messi və onun komandası Finalissimonu da qazandı. Londondakı Uembli Stadionunda Argentina İtaliyanı 3:0 hesabı ilə məğlub etdi.
2024-cü il Amerika kubokunun finalı. Argentina daha bir kubok qazandı, bu dəfə Kolumbiyanı 1:0 hesabı ilə məğlub etdi. Bununla da Leo Messi futbol tarixinin ən çox mükafat qazanan futbolçu oldu. İndi milli komanda tablosunda Messi yalnız 2008-ci il Olimpiadasında qazandığı təvazökar bir qızıl medala deyil, futbol yarışlarının bütün ali mükafatlarına sahibdir.
İki il sonra Messi 2026-cı ildə özünün ən yaxşı Dünya çempionatı oynunu keçirdi. Argentina yenidən finala yüksəldi və Messi yenidən onları öz arxasınca aparırdı. Bu turnirdə o, 8 qol vurdu və 4 məhsuldar ötürmə etdi. Bununla da bütün zamanların Dünya çempionatlarının bombardirləri siyahısında birinci pilləyə qalxdı. Nəhayət, Dünya çempionatı tarixində het-trik edən ən yaşlı oyunçu (38 il 357 gün) oldu. Lakin finalda Argentina əlavə vaxtda gənc və iddialı İspaniya komandasına 1:0 hesabı ilə məğlub oldu.
8 avqustda Dünya çempionatı zamanı Rosariodakı klinikalardan birindən kədərli xəbər gəldi: ağır xəstəliklə mübarizə aparan Leonun atası Xorxe Messi vəfat etmişdi.
Bəzi fəsillər idman təqviminə görə deyil, insan təqviminə görə bitir və insan təqvimi həmişə daha vacib, həmişə daha əhəmiyyətlidir.
31 avqustda Messi milli komandadan ayrılacağına işarə edərək, təmtəraqsız və mətbuata açıqlamaları olmadan qısa bir mesaj yayımladı.
“Elə də çox vaxt qalmayıb. Bir mərhələ başqa bir mərhələdən sonra başa çatır və bu mərhələ mənə daha ağır gəlir. Mən milli komandada olmağı sevmişəm, sevirəm və həmişə sevəcəyəm. Mən nəyi bacardımsa verdim, artıq verəcəyim heç nə qalmayıb…”.
Vida matçı ərəfəsində isə daha bir neçə sətir əlavə etdi: “Vaxt gəldi. Mən rahat qəlblə gedirəm, artıq hər şeyi verdim. Bu futbol forması uzun illər ərzində mənim arzum, mənim qürurum və mənim həyatım idi. Sağ olun ki, məni belə sevmisiniz, mənə dəstək olduğunuza görə sağ olun”.
“Adidas” firması Leonun millidə son matçı üçün xüsusi forma hazırlamışdı – mavi-ağ zolaqlı və qızılı 10 nömrə. Messi bunu sosial mediada paylaşdı və altında yazdı: “Son matç. Ömürlük forma”.
Bu, tanıdığımız əsl Messidir. Onun bütün mahiyyəti, bütün fəlsəfəsidir. Əvvəlcə heç kimin tanımadığı, sonra isə heç kimin buraxmaq istəmədiyi, Rosariodan olan oğlan milli komandanın oyunçusu və kapitanı kimi sonuncu dəfə yaşıl meydançaya çıxdı. Tribunalar bir ağızdan onun adını hayqırır və “Təşəkkürlər, Leo!” deyirlər.
Messi Argentinada qazandığı kuboklarına görə deyil, sədaqətinə görə həqiqətən sevilirdi. Bu sevgiyə doğru atılan hər addım əvvəlkindən daha dəyərli idi və hər addım könüllü idi. Ayrılıb “İspan” olaraq qalmağın daha asan olacağı zaman o, dogma Argentinası ilə qaldı. Hər şeyi öz sehirli oyunu ilə sübut etdi və xalqını inandıra bildi.
Dünyanın hər yerindən azarkeşlər, futbol əfsanələri və komanda yoldaşları kapitanlarını yola salmaq üçün “Monumental”a toplaşdılar. Çünki belə daha düzgündür, bu, daha ləyaqətlidir, bu daha insanidir. Kapitan heç vaxt tək getmir. Kapitanı yola salırlar.
Sağ ol Leo, hər şeyə görə. Hər qola görə. Hər ötürməyə görə. Dəyanətinə və sədaqətinə görə. Ona görə ki, sən olmusan. Ona görə ki, sən varsan. Ona görə ki, sən hər məhəllədə topu götürüb qapıya qaçan və hər şeyin mümkün olduğuna inanan hər oğlanın qəlbində olacaqsan, çünki Rosariodan olan kiçik bir insan bunun mümkün olduğunu sübut edib.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 09 Oktyabr 2026 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















