Icma.az
close
up
RU
Gənc müğənni Dilarə Mahmudova: Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır Səsin izi ilə

Gənc müğənni Dilarə Mahmudova: Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır Səsin izi ilə

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Hər səsin bir ünvanı var. Bəziləri dərhal eşidilir, bəziləri isə kütlə səs-küyünün arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində yaranan gurultu içində bəzən o səslər eşidilmir, zövqlər qarışır, istedadlar isə kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər doğulur. Biz də həmin səslərin izinə düşürük. Azərbaycan musiqisinə yeni nəfəs gətirən, amma hələ geniş auditoriya tərəfindən kifayət qədər kəşf edilməmiş gəncləri "525-ci qəzet"in yeni - "Səsin izi ilə" rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc, bir səs, bir hekayə, bir ümid... Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın ünvanıdır.

Gənc, istedadlı və fərqli… Musiqi dünyasında bu üç xüsusiyyətə sahib olmaq, həm də onları ahənglə birləşdirmək hər kəsə nəsib olmur. Amma müsahibim - gənc müğənni Dilarə Mahmudova bu nəsibin içindədir. O, musiqi yoluna Azərbaycanda qədəm qoydu, burada ilk səhnə təcrübələrini yaşadı, daha sonra isə İtaliyanın Milan şəhərində musiqi təhsilini davam etdirərək sənətini Avropa məktəbi ilə cilaladı:

"Bülbül adına orta musiqi məktəbini bitirmişəm. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında fortepiano üzrə təhsil almışam. Təhsilimi başa vurduqdan sonra bir müddət Bakıda incəsənət sferasının müxtəlif sahələrində işlədim. Hər zaman musiqi təhsilimin ən yüksək pilləsində olmağımı arzulayırdım. Tanrı arzumu eşitdi və 2016-cı ildə İtaliyanın Milan şəhərinə gedərək musiqi təhsilimi orada daha yüksək səviyyədə davam etdirmək şansı qazandım. Beləliklə, təhsilimi Music Art Shou Universitetində aldım. Ən parlaq və ən çox təcrübə topladığım dövr məhz həmin illərdən başladı. Biz orada rəqsləri, səhnə danışığını, düzgün oxu qaydalarını dərindən öyrəndik. Daha sonra estrada-vokal təhsili almağa qərar verdim. Beləcə, Milanda ikinci təhsilimi Nuova Accademia di Musica Moderna Universitetində davam etdirdim.

Mən Azərbaycanda klassik təhsil almışdım. Orada isə estrada-vokal və müzikl təhsili aldım. Təəssüf ki, bizdə hələ müzikl təhsili yoxdur. İtaliyada musiqi təhsili bizdən tamamilə fərqlənir. O universitetlərdə bizə təkcə ifanı deyil, hansı musiqiyə qulaq asmağı da öyrədirlər. Bu, bir ifaçı üçün çox vacib amildir. Dövrümüzün ən çox tələb olunan və aktual məsələsi efirlərdə və sosial şəbəkələrdə səslənən qeyri-peşəkar musiqilərdir ki, tamaşaçıları narazı salır. Səbəb də məhz həmin ifaçıların düzgün və əsl peşəkar musiqiləri dinləyərək şəxsi zövqlərini formalaşdırmamalarıdır. Şükürlər olsun ki, bu sahədə İtaliyada təhsil aldığım dövrdə zəngin bilik və təcrübə qazandım.Təxminən iki il öncə Azərbaycana qayıtdım və fəaliyyətimi, təhsilimi burada davam etdirirəm".

Dilarə Mahmudova musiqiyə uşaqlıqdan vurğundur. Onun üçün musiqi təkcə sənət deyil, eyni zamanda həyat tərzidir. Dilarənin dünyasında musiqisiz bir gün belə təsəvvür edilmir. Məşhur bəstəkar, Əməkdar artist Gövhər Həsənzadə ilə onu birləşdirən əsas məqamlardan biri də məhz bu tükənməz musiqi sevgisidir. Bu sevgi onları sənətdə və düşüncədə ortaq bir platformada birləşdirir:

"Musiqi mənim üçün sadəcə bir sənət deyil - o, həyatın özü, nəfəs aldığım bir dünyadır. Düşünürəm ki, özümü ən yaxşı musiqi ilə ifadə edə bilirəm. Gənclərin ruhunu oxuyan və onlara çox qayğıkeşliklə yanaşan insan, beynəlxalq arenada peşəkarlıqla sözünü söyləmiş bəstəkarımız Gövhər xanım Həsənzadə ilə tanışlığımız çoxdan başlasa da, yaradıcı əməkdaşlığımız yeni qurulub. O, əvvəlcə səsimi və potensialımı dinlədi, məni hiss etdi və inandı. Elə bundan sonra mənə sözləri və musiqisi özünə aid "Səni axtarıram" adlı ilk mahnısını təqdim etdi. Bu mahnının ifası zamanı Gövhər xanımın mənə dediyi tək bir söz yaddaşıma həkk olundu: "Ürəklə oxu". O deyirdi ki, mahnını dinləyərkən nə hiss edirsənsə, onu da səsində əks etdir - yəni səslə duyğunu birləşdir". Tam da mənim illərlə aldığım təhsilin tələbini eşitdim. Və anladım ki, məni kəşf edən insan və illərlə mənimsədiyim bilik və təcrübəmi məndən təhvil alan pedaqoqum məhz Gövhər xanımdır. Çox həvəslə və güvənlə solo fəaliyyətimə başladım".

İtalyan lirikasının incə ruhu, klassik vokal məktəbinin ciddi intizamı və Azərbaycan musiqisinin duyğusal dərinliyi - bu üç istiqamətin vəhdəti onun səsində, ifa tərzində hiss olunur. Dilarə lirikanı daha çox sevir, çünki söz və musiqi arasında yaranan incə tarazlıq ona daxili azadlıq verir. O, sadəcə oxumur, həm də danışır - musiqinin dili ilə, səmimi və tərtəmiz bir ifadə ilə:

"Mahnılar var ki, sadəcə rəqs etmək, mahnılar da var, düşünmək, hiss etmək, iç dünyana toxunmaq üçündür. Bu mahnını isə hiss etmək lazımdır. Doğrudur, ritmik mahnıları da sevirəm, amma düşünürəm ki, lirik mahnılar mənim ifamda daha təsirli və fərqli alınır. Çünki özüm də lirikanı daha çox sevirəm, bu musiqi məni daha yaxşı ifadə edir. İnşallah ki, mənim zənnimcə, dünyanın ən peşəkar və tələbkar dinləyicisi sayılan Azərbaycan tamaşaçısı ifamı müsbət dəyərləndirər. Əgər bu xoşbəxtlik mənə nəsib olsa, o zaman ifa etdiyim mahnılarımı remiks edərək gələcəkdə ritmik formatda da ifa edə bilərəm".

İtaliyada qazandığı bilik və təcrübəni Azərbaycanda daha yüksək səviyyədə dəyərləndirə bilməsi üçün yaranacaq şəraiti səbirsizliklə gözləyən Dilarə Mahmudovadan ötrü musiqi sadəcə lokal sərhədlərlə məhdudlaşan sənət deyil. O, musiqiçinin inkişafında beynəlxalq təcrübənin vacib rol oynadığını düşünür. Fərqli ölkələrdə səhnəyə çıxmaq, müxtəlif musiqi məktəbləri və sənət mühitləri ilə tanış olmaq, sənətçiyə həm peşəkar baxışını genişləndirmək, həm də öz milli kimliyini daha dərindən dərk etmək imkanı verir. Dilarə bu təcrübəni bir körpü kimi görür - dünya musiqisinin zənginliyindən öyrənərək, onu Azərbaycan səhnəsinə yeni nəfəs kimi gətirmək niyyətindədir:

"Kaş o dönəm və şərait yaransın. Çox xoşbəxt olaram. Bütün texniki və elmi biliklərimi bölüşməyə və paylaşmağa hazıram.

Fikrimcə, gənc ifaçılar üçün beynəlxalq təcrübə son dərəcə vacibdir. Əgər sən musiqi ilə dərindən və peşəkar şəkildə məşğul olmaq istəyirsənsə, təkcə istedad kifayət etmir - bu yolda həm ciddi təhsil, həm də müxtəlif musiqi mühitlərində qazandığın təcrübə böyük rol oynayır. Mən hər zaman vətənimin dərin fəlsəfi və gözəl musiqisini, mədəniyyətini təbliğ etməyi özümə borc və şərəf bilmişəm. Belə ki, bir çox beynəlxalq tədbir və layihələrdə Azərbaycanımızı təmsil etmək etimadına layiq görülmüşəm.

Xüsusilə qeyd etmək istəyirəm ki, qoy bütün gənclərimiz bilsinlər: sənətdə ən yüksək pillə məhz dünyaya çıxışdır. Ən qürurlu və məsuliyyətli səhnə isə beynəlxalq arenada vətənini təmsil etməkdir. Buna görə də peşəkar təhsil və təcrübə zəruridir. Əlbəttə, istedadlı, amma rəsmi musiqi təhsili olmayan ifaçılar da var və onların arasında çox parlaq nümunələr mövcuddur. Lakin musiqidən nəzəri və texniki baxımdan xəbərsiz olmaq uzunmüddətli inkişafı əngəlləyə bilər. Bir müddət sonra sənətdə tükənmə baş verə bilər və ifaçı özünü yeniləmək əvəzinə, eyni üslubu təkrar etməyə başlayar. Peşəkar təhsil və beynəlxalq təcrübə isə sənətçiyə həm musiqi dünyasını daha geniş perspektivdən görmək, həm də özünü daim inkişaf etdirmək imkanı verir. Məncə, bu, gənc sənətçinin gələcəyini müəyyən edən əsas faktorlardan biridir.

Azərbaycan musiqisinin təməli olan və incəsənətimizin onurğa sütunu muğamımız öz silinməz möhürünü dünya mədəni tarixinə vurub. Bütün başqa musiqi janrlarımız bu sütun üzərində yaranır və yaradılır. Mən də bu sistemə qoşularaq layiqli musiqi daşıyıcılarından olmaq niyyətindəyəm. Yəni hansı janrda ifa etməyimdən asılı olmayaraq, milli kadr olmaq mənimçün dünyada individual və seçilən biri olmaq deməkdir artıq.

Düşünürəm ki, musiqi təkcə səs və melodiya deyil - o, həm də sözün daşıdığı mənadır. Mən musiqi ilə yanaşı, mətnə, yəni mahnının sözlərinə də böyük önəm verirəm. Təəssüf ki, bu gün bəzi ifalarda nə musiqi, nə də mətn istənilən səviyyədədir. Xüsusilə, sözlər çox zaman diqqətdən kənarda qalır və bu da mahnının bütövlüyünü pozur. Mən isə hesab edirəm ki, musiqi və söz bir-birini tamamlamalı, dinləyicidə həm emosional, həm də estetik təsir yaratmalıdır. Repertuar seçərkən də ilk növbədə bu uyğunluğa diqqət yetirirəm və gələcəkdə də bu prinsipə sadiq qalacağam. Çünki musiqi yalnız eşidilməli deyil - o, həm də hiss olunmalı, düşündürməlidir. Mən də Azərbaycan səhnəsində məhz bu yanaşmanı gücləndirməyə çalışacağam".

Sonda...

Dilarə Mahmudova ilə söhbətimiz bir daha göstərdi ki, istedad təkcə səsdə deyil, düşüncədə, yanaşmada və musiqiyə olan münasibətdə gizlidir. O, səhnəyə sadəcə ifa etmək üçün yox, hiss etdiklərini ötürmək, dinləyicinin qəlbinə yol tapmaq üçün gəlir. İtaliyada qazandığı bilik və təcrübə onun sənətinə yeni nəfəs, fərqli baxış qatıb. İndi isə o, bu nəfəsi Azərbaycan musiqi mühitinə daşımaq üçün qayıdıb. Gənc, duyğulu və məqsədli bir səsin yolunu izləməyə dəyər - çünki bu yol səmimiyyətdən keçir, lirikanın içindən keçir.

Şahanə MÜŞFİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 05 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see192

Pensiyaların verilmə tarixi ilə bağlı YENİ AÇIQLAMA

03 May 2025 21:05see171

Naxçıvan şəhərinə dolu yağıb FOTO

04 May 2025 00:18see154

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see151

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see132

Premyer Liqa: XXXIII tura iki oyunla yekun VURULACAQ

04 May 2025 09:14see127

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see126

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see125

Bavariya xal itirdi, Borussiya dan darmadağın

04 May 2025 00:08see121

“Böyük Dəbilqə”nin son günündə daha 4 şans

04 May 2025 14:02see120

Super Liqaya yüksələn ikinci komanda... Son br qələbəyə ehtiyac var

05 May 2025 00:25see119

Səhər yeməyinin faydaları

04 May 2025 07:01see118

Gündə bir saat yarım idmanla məşğul oluram

04 May 2025 19:58see117

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04 May 2025 23:17see114

Ağahüseynova bürünc medal qazanıb

04 May 2025 15:00see114

Şəfa Şahdağ Qusar matçının hakimləri açıqlandı

04 May 2025 10:47see113

Kazanda “Marhamat kulu” layihəsinin ikinci təlim axını başa çatıb

03 May 2025 21:15see110

Serj Sarkisyan: Əgər Qarabağa getmək şansım olsa…

05 May 2025 01:12see110

Putin həyatında ilk dəfə nə vaxt diz çökdüyünü açıqladı

04 May 2025 16:49see109

DİQQƏT: Kartınızda oğurlanan pulları belə qaytarın VİDEO

04 May 2025 15:52see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri