Icma.az
close
up
RU
Musiqi təhsili müğənniyə səs nəfəs qədər vacibdir Səsin izi ilə

Musiqi təhsili müğənniyə səs nəfəs qədər vacibdir Səsin izi ilə

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər səsin bir ünvanı var. Bəziləri dərhal eşidilir, bəziləri isə kütlə səs-küyünün arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində yaranan gurultu içində bəzən o səslər eşidilmir, zövqlər qarışır, istedadlar isə kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər doğulur. Biz də həmin səslərin izinə düşürük. Azərbaycan musiqisinə yeni nəfəs gətirən, amma hələ geniş auditoriya tərəfindən kifayət qədər kəşf edilməmiş gəncləri "525-ci qəzet"in yeni - "Səsin izi ilə" rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc, bir səs, bir hekayə, bir ümid... Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın ünvanıdır.

Gənc xanəndə Cahangir Əliyevin gözəl səsi, incə musiqi duyumu və özünəməxsus ifa tərzi onu həmyaşıdları arasında fərqləndirir. Onun ifasında klassik muğamlar yeni bir təravət qazanır, xalq mahnıları isə sanki yenidən doğulur. Son zamanlarda xanım həmkarı ilə birgə ifa etdiyi "Məni yandırma" xalq mahnısı böyük maraqla qarşılanıb, sosial şəbəkələrdə trendə çevrilib. Bu müsahibə ilə Cahangiri daha yaxından tanımağa və tanıtmağa, onun musiqi dünyasına birlikdə səyahətə cəhd etmişik.

"Mən Lerik rayonunda anadan olmuşam. Musiqiyə sevgim uşaq yaşlarımdan var, oxumağa da elə o dövrdən atam sayəsində başlamışam. 8-9 yaşlarımda dağda mal otaran zaman öz-özümə ifa edirdim. Xalq artisti Nəzakət Teymurovanı xüsusən həvəslə dinləyirdim. Bir gün dağda oxuduğum vaxt dayım eşitmiş və atama səsimin, istedadımın olduğunu demişdi. Məsləhətləşib məni Lerikdəki musiqi məktəbinə qoydular. Əslində, öz həvəsim qarmona idi, amma onlar səsimin yaxşı olduğunu deyib xanəndəlik sinfinə yönəltdilər. Nə yaxşı ki belə oldu. Sonradan bu sənəti çox sevdim.

Bir neçə ay idi məktəbə başlamışdım, "Tanıdım səni-2" müsabiqəsinin Lerikdə seçim turları keçirildi. Məktəbdən mənim də müsabiqəyə qatılmağımı məsləhət bildilər. Özümün də istəyim, həvəsim var idi. Çünki Bakıya gəlib, təhsilimi burada davam etdirmək istəyirdim. Ona görə də müsabiqəyə qoşuldum və seçildim. Həmin ərəfədə Şirvanda Uşaq Festivalına qatıldım və birinci yerə layiq görüldüm. Sonra Bakıya gəldik və Zaur Baxşəliyevin vasitəsilə Xalq artisti Gülyaz Məmmədovanı tapdıq. Onunla ilk görüşümüz indiyə qədər yadımdadır. Mən onun üçün bir qızılgül alıb getmişdim. O da, deyəsən, hansısa səfərdən qayıdırdı. Beləcə, görüşdük və başladı məni hazırlaşdırmağa. 14 həftə müsabiqədə oldum və müsabiqə boyunca da Gülyaz xanımla hazırlaşırdıq. O müddətdə hər dəfə onların evinə gedəndə onun üçün bir dənə qızılgül alırdım (gülür). Həmin layihənin yarımfinalçısı oldum".

Cahangir musiqi təhsilini Xəzər rayonu Binə qəsəbəsində 24 nömrəli musiqi məktəbində davam etdirib. Orada dəyərli xanəndə və pedaqoq Arif İsmayıloğludan dərs almağını da həyatının, yaradıcılığının şanslı məqamlarından sayır:

"Arif müəllimin bir çox tələbələri bu gün Azərbaycan musiqisində öz sözünü demiş sənətçilərdir. Mən 2013-2015-ci illərdə Azərbaycan peşəkar vokal xanəndəlik məktəbinin banisi Bülbülün yubileylərində çıxışıma görə I yerə layiq görüldüm. 2014-cü ildə Xan Şuşinski adına keçirilən festivalda 3-cü yerə çıxdım. 2016-cı ildə Amerika, Belçika, Almaniya, Ruminiya, Niderland, Rusiya və başqa ölkələrdə keçirilən Beynəlxalq müsabiqələrdə uğurla iştirak edərək diplom və fəxri fərmanlarla təltif olundum. 2023-cü ildə "Space" telekanalında yayımlanan "Milli səs" yarışmasının yarımfinalçısı oldum. 2017-ci ildə orta məktəbi bitirərək Asəf Zeynallı adına musiqi kollecinə Xanəndəlik ixtisası üzrə qəbul edildim. Orada da, təbii ki, Gülyaz xanımı seçdim. 2018-ci ildə təhsilimi yarımçıq saxlayıb hərbi xidmətə getdim. Hərbi xidmətimi bitirib gəldim və təxminən 8 ay keçmişdi ki, Vətən müharibəsi başladı və mən də könüllü şəkildə müharibəyə yollandım".

Bəli, C.Əliyev həm də Vətən müharibəsi iştirakçısıdır. O, silaha sarılıb torpaqlarımız uğrunda vuruşmaqdan çəkinməyib, ən qaynar nöqtələrdə, ölümün nəfəsinin bir an belə səngimədiyi səngərlərdə son günə qədər döyüşüb:

"Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Xocavənd, Şuşa və Laçın uğrunda gedən döyüşlərdə iştirak etdim. Müharibə də mənim üçün bir həyat təcrübəsi idi. Heç zaman insan qanı, ölüm görməyən 19-20 yaşlı gənc kimi birdən-birə müharibənin içərisinə düşəndə əvvəlcə çox çətin oldu. Sonra isə getdikcə öyrəşdim, içimdə düşməndən qisas almaq istəyi gücləndi. Müharibədə başıma gələn və heç unutmadığım bir hadisəni danışım. Deməli, Həbibzadə Əli vardı, əslən Kəlbəcərdən olan bu döyüş yoldaşımla ixtisasımız eyni idi. Səhv etmirəmsə, Laçın uğrunda döyüşlərə gedəcəkdik, xəbər gəldi ki, Əlinin uşağı olub. Döyüş əməliyyatına qatılacaq əsgərlərin siyahısı oxunanda Əlinin də adı çəkildi. Yəni o da döyüşə getməli idi. Mən bundan çox narahat oldum. Bəli, biz müharibədəydik, döyüş əmrini mütləq yerinə yetirməliydik. Amma orada hər şey ola bilər, gedib qayıtmamaq da var. Əlinin isə yenicə körpəsi dünyaya gəlmişdi. Heç cür razılaşa bilmirdim onun getməyi ilə. Nə qədər çalışdım ki, onu qoymayım getsin, gördüm, yox, alınmır. Özü də getməkdə qərarlı idi. Yola düşən ərəfədə sobanı yandırmaq bəhanəsi ilə birtəhər onun başını aldatdım və odun gətirməyə göndərdim. O gedən kimi, silahımı götürüb, maşına minib getdim həmin döyüş bölgəsinə. Təxminən bir həftədən sonra onlar bizim yanımıza gəldilər. Gələn kimi mənə tutarlı bir sillə vurdu ki, niyə bu hərəkəti elədin? Çünki mən daha bir körpənin öz atasını görmədən böyüməsini qəbul edə bilməzdim. Əli həmin döyüşdə şəhid ola bilərdi. Onun əvəzinə mən getdim ki, eybi yox, mənim anam-atam gözü yaşlı qala bilər, amma onun körpəsi yetim qalmasın. Allah bundan sonra heç zaman ölkəmizə, xalqımıza müharibə göstərməsin. Amma nə zamansa yenə torpaqlarımız, millətimiz təhlükədə olarsa, canımı vətənimə qurban verməyə hazıram".

Müharibədən qayıtdıqdan sonra isə həm buradakı həyata alışmaq, həm də musiqiyə geri dönmək müsahibim üçün heç də asan olmayıb:

"2021-ci ilin yanvarın 11-də cəbhədən qayıtdım. Bir müddət həm buradakı həyata adaptasiya oldum, həm də müalicə aldım. Çünki müharibədə zədələnmişdim, belimdə ciddi problem yaranmışdı. Ondan sonra Musiqi Kollecini bitirdim və ali təhsil üçün hazırlaşmaq qərarına gəldim. Ancaq ailəmin maddi vəziyyəti elə idi ki, işləyib onlara dəstək olmalı idim. Fəhlə, yanacaqdoldurma məntəqələrində operator işlədim və digər bu kimi işlərdə çalışdım. Bundan heç zaman utanmamışam, əksinə, fəxr eləmişəm ki, əlimin zəhməti ilə həm pulumu qazanırdım, həm universitetə hazırlaşırdım. Bir yandan mahnı yazdırmağa çalışırdım, bir yandan da ailəmə kömək olurdum.

Səsim dəyişən zamanlarda bir az ruh düşkünlüyü yaranmışdı məndə. Bəzi yerlərdə, xüsusən müsabiqələrdə gördüyüm müəyyən haqsızlıqlar da həvəsimi qırırdı. O vəziyyətdən çıxmağım üçün atam, dayılarım, müəllimlərim, ətrafım mənə çox dəstək oldular. Hər kəs istedadıma, potensialıma inanırdı və onlar var gücləri ilə çalışırdılar ki, bu sənəti davam etdirim. Sonra hiss elədim ki, səsim yavaş-yavaş özünə gəlir, başladım məşq etməyə, hazırlaşmağa. Gülyaz xanımdan əl çəkmədim, heç zaman da əl çəkməyəcəm (gülür). O, müəllimlikdən əlavə, bütün tələbələrinin mənəvi anasıdır. 

Çox qısa müddətdə hazırlaşdım və Mədəniyyət və İncəsənət Universitetinin Vokal sənəti (Xanəndəlik) ixtisasına qəbul olundum. Yenə də mənəvi analarım, uğur mənbəyim Gülyaz və Gülyanaq Məmmədovaların yanındayam. Əslində, ilk il Milli Konservatoriyaya qəbul olmuşdum, amma onlar orada deyildilər deyə getmədim, növbəti il bu Universitetə, məhz onların sinfinə daxil oldum".

C.Əliyev müsahibəmizdə son dövrlərdə böyük rezonansa səbəb olan ifasından - "Alma almaya bənzər" motivli "Məni yandırma" xalq mahnısından da danışdı:

"O mahnını Gülyaz xanımgilin konsertində eşitmişdim və çox sevmişdim. Mahnı tədqiqatçı, tarzən Mehman Mikayılovun musiqi xəzinəsindəndir. Bir dəfə Zaur və Günay Baxşəliyevlərin verilişində qəfildən o mahnı yadıma düşdü və heç hazırlaşmadan ifa etdim. Gülyaz xanımın da xəbəri yox idi və mən bunu ifa edəndə gördüm çox sevindi. Sonra həmin ifanı sosial şəbəkələrdə paylaşdım və gördüm ki, insanların marağına səbəb oldu, sevildi. Gülyaz xanıma bunu birlikdə oxumağı təklif etdim. Oxuduq, o da çox sevildi. Təxminən, 7-8 ay sonra Gülyaz xanımdan icazə alaraq dəyərli həmkarım Gülnar Zeynalova ilə bu mahnını oxuduq. Mahnı özümüzün də gözləmədiyimiz şəkildə bir gecənin içərisində böyük səs-küyə səbəb oldu, çox sevildi və trendə çevrildi. Bir gecədə 5 min insan o mahnıya video çəkdi. Məncə, bu mahnının sevilməsinin bir səbəbi də bizim onu böyük ürəklə, sevgi ilə oxumağımız oldu. Biz bu ifaya öz ürəyimizi qoyduq. Həm də bizim uğurumuz odur ki, bu gün keyfiyyətli mahnılara, əsl musiqiyə marağın, tələbatın azaldığı bir zamanda yaşlı nəslin nümayəndələrindən əlavə, gənclər tərəfindən də çox böyük maraq və sevgi gördük".

Musiqi təhsilinin müğənni üçün çox vacib olduğunu düşünən həmsöhbətim, muğamla kifayətlənmək fikrində deyil, özünü musiqinin bütün janrlarında sınamaq istəyir:

"Təhsilsiz müğənni meyvəsiz ağac kimidir. Məncə, müğənniyə səs-nəfəs qədər təhsil də vacibdir. Təhsil olmasa, müğənni bir müddət gündəmdə olacaq, bu sənətin müəyyən pilləsinə qədər gedəcək, amma sonra dayanacaq, bir addım da uzağa gedə bilməyəcək. Səhnə elədir ki, orada hər şey ola bilər, müğənni hər vəziyyətdən çıxmağı bacarmalıdır. Musiqi təhsili olan müğənni o durumdan çıxmağı bacaracaq. Təhsilsiz isə çaşıb qalacaq. Ondan da əlavə, oxuduğun mahnını bilmək, oxuduğunu tanımaq önəmlidir, gözəldir. Demirəm, mütləq professional təhsil olmalıdır, amma bəlli bir səviyyədə anlayışın olması vacibdir. Ümumiyyətlə, heç kim musiqini tam dərinliyinə qədər bilmir. Musiqi elə bir dəryadır ki, oraya batdıqca batırsan. Amma o dəryadan hansısa damlalar qədər öyrənib bilmək xoşbəxtlikdir.

Xanəndəlik təhsili almağım təkcə muğamla kifayətlənəcəyim demək deyil. Mən özümü musiqinin hər janrında layiqincə sınamaq fikrindəyəm. Estrada, caz, rok, pop, hətta xarici mahnılar da ifa edə bilərəm. Ən azından, özümü hər janrda sınamış olaram, bəlkə hansısa məndə daha yaxşı alınacaq. Tamaşaçılar bunların hər birini məndən gözləsinlər. Mən tar ifaçısı deyiləm, amma tarda, qarmonda özümü müşayiət edəcək səviyyədə ifa etməyi bacarıram. Hər şeydən məlumatlı olmağın nəyi pisdir ki?! Məncə, müğənni hərtərəfli olmalıdır.

Çalışıram ki, unudulmuş, yaddan çıxmış qədim milli musiqilərimizi, xalq mahnılarımızı yeni tərzdə ifa edib təzədən xatırladım. Keçmişimizi unutmaq olmaz. Azərbaycan musiqisi dünyanın ən zəngin musiqisidir. Buna sahib çıxmaq, qorumaq və yaşatmaq lazımdır. Mən də əlimdən gəldiyi qədər buna çalışacağam. Məncə, bundan böyük uğur ola bilməz".

Şahanə MÜŞFİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://525.az
archiveBu xəbər 26 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see539

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see162

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see117

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see114

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see114

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see114

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Meningitin müalicəsi də icbari tibbi sığorta hesabına həyata keçirilir

15 İyul 2025 10:54see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see111

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see111

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see111

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri