Icma.az
close
up
RU
Gəncədən başlayan böyük dostluq: Səməd Vurğun və Mir Cəlal

Gəncədən başlayan böyük dostluq: Səməd Vurğun və Mir Cəlal

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Səməd Vurğun-120

      Səməd Vurğun yeniyetmə çağlarında da , Qazax müəllimlər seminariyasında oxuduğu illərdə də, sonralar qaynar həyata atılanda da, yüksək vəzifə kürsüsündə də həmişə çevrəsində çoxsaylı dostları, tələbə yoldaşları, ziyalılar, dövrünün görkəmli şəxsiyyətələri, söz və sənət adamları olurdu. O, həm fitri istedadı ilə, həm də şəxsiyyətinin bütövlüyü ilə müasirləri arasında şöhrət qazanmışdı.

Səməd Vurğun şəxsiyyətinə və yaradıcılığına böyük hörməti olan,  onunla dostluq edən ziyalılarımızdan biri də görkəmli pedaqoq, nasir, ədəbiyyatşünas alim Mir Cəlal olmuşdur. Duzlu, məzəli, yumoristik və nəsihətamiz hekayələrin, altı romanın, altı monoqrafiyanın, ədəbiyyat nəzəriyyəsi dərsliyinin müəllifi, Səməd Vurğunun yaradıcılığına aid 6 disertasiyanın elmi rəhbəri, milli ziyalılıq etalonu olan  Mir Cəlal həm də maraqlı memuarların,  xatirələrin müəllifidir. Onun İçərişəhədə, Kiçik Qala küçəsindəki 16 nömrəli kirayədə yaşadığı evin sahibi, hesabdar Mirzə Qasımdan tutmuş, Ali Sovetin sədri Soltan Məcid Əfəndiyevədək, “Kommunist”qəzetinin baş redaktoru İbrahim Əminbəylidən, məşhur folklorşünas Vəli Xulufluya, dahi bəstəkarımız Üzeyir bəyədək, ən səmimi xatirələri vardır. Ancaq onun ən kövrək xatirələri məhz böyük şairimiz Səməd Vurğunla bağlıdır. Bu xatirələrdən biri 1956-cı ilin mayında şair ağır xəstə yatarkən yazılıb. Həyatının son günlərini yaşayan Səməd Vurğun üçün çox ağır may günlərində, onu itirəcəyini yəqin bilən dostu Mir Cəlal böyük kədər hissi ilə yazırdı: “...otuz ilə yaxın bir müddətdə onunla bir yerdə, eyni cəbhədə, eyni sahədə, həm işdə, həm ailədə, məişətdə yaxın-həmfikir olmuşam. Onunla keçirdiyim saatlar, günlər zehnimdə canlandıqca ətrafıma baxır, böyük şairi, həqiqi dostu axtarır, həyacanımı gizlədə bilmirəm.”

Səməd Vurğunla Mir Cəlal arasında cəmi iki  yaş fərqi olmasına baxmayaraq, elə ilk tanışlıqdan sonra onların arasında qarşılıqlı mehriban və səmimi bir ünsiyyət yaranmışdı. Sonralar bu münasibət inkişaf edərək ailəvi dostluğa çevrilmişdi. Mir Cəlal da, Səməd Vurğun kimi, istər  yaradıcılıq, istər elmi-pedaqoji,  istər ictimai fəaliyyəti, istərsə də şəxsiyyəti etibarı ilə dövrünün görkəmli ziyalılarından  idi. Bu baxımdan onların sıx münasibətlərinin olmasında bir təbii qanunauyğunluq var  idi.
Böyük şairlə, böyük ədibin dostluğunun başlanğıcı 100 il bundan əvvələ-1928-ci ilə gedib çıxır. Mir Cəlalın uşaqlıq və gənclik dövrü Gəncədə, 30-cu illərin qaynar ədəbi-mədəni nühitində keçir və bu mühit onun gələcək taleyinin müəyyənləşməsində və formalaşmasında mühüm rol oynayır. O vaxtlar  Gəncədə “Qızıl Gəncə” jurnalı nəşr olunurdu.  “Qızıl qələmlər”cəmiyyətinin Gəncə filialı fəaliyyət göstərir və Həmid Araslı, Mikayıl Rzaquluzadə, Nigar Rəfibəyli,  Zeynal Xəlil, Cəfər Xəndan, Səməd Vurğun, Əli Məhzun, Əli Razi, Əhməd Cəmil kimi gələcəyin görkəmli ədəbiyyat adamları bu dərnəyin  fəal üzvləri idi. Bu ədəbi mühit elmə, təhsilə, yaradıcılığa böyük meyl göstərən  Mir Cəlalı da özünə çəkir və çox keçmir ki, o, da bu cəmiyyətin fəal üzvlərindən birinə çevrilir.  Elə həmin illərdən də Mir Cəlalın Səməd Vurğunla münasibətləri yaranır. Mir Cəlal xatirələrində yazır: ”Mən Səməd Vurğunu ilk dəfə Gəncədə (Kirovabadda) o zaman cavan ziyalıların çox sevdiyi Maarif evində görmüşəm...Səməd Vurğun...Qubadan müəllimlik vəzifəsinə Gəncəyə köçürülmüşdü. Partiya məktəbində ədəbiyyat dərsi deyirdi. Ancaq Vurğun yaratmaq, yazmaq, gündən-günə böyüyən doğma, izdihamlı şəhərin qaynar ictimai həyatında fəal çalışmaq həvəsi ilə yanırdı. Proletar yazıçıların burda bir şöbəsi təşkil olunmuşdu, ”Qızıl Gəncə” adlı jurnal  nəşr edilirdi. Sənaye ocaqlarında , komsomol, həmkarlar yığıncaqlarında  cavan şair və ədiblərin çıxışları təşkil olunurdu.”

Bu tədbirlərdə yaxından  iştirak edən gələcəyin böyük ədəbiyyatşünası və yazıçısı Mir Cəlal həmin  günləri xatırlayaraq yazırdı: ”Belə məclislərdən biri dəmir körpü yanındakı Maarif evində keçirilirdi. Bakıdan Proletar Yazıçıları cəmiyyətindən gəlmiş nümayəndələr çıxış edirdilər. Şeirlər oxunur, nitqlər deyilir, alqışlar gedirdi. Məclisin axırına yaxın Əbdülbaqi Fövzi bir şeir oxudu: “Komsomol qız , məni gəl dinlə bir az”. Sonra boz şinel geymiş arıq, qara oğlan tribunaya çıxdı, nitqini qeyri-adi, o zaman az təsadüf edilən bir ahəng və sərbəstliklə başladı.

A yoldaşlar, bayaq siz burda oxunan yazını nəyə görə alqışladınız? Bəyəm o şeirdi? Bəyəm şeir elə olar? Yox, yanılırsınız. O, şeir deyil, açıq məktubdur. Şeirə, sənət əsərinə verilən tələb başqadır...

Oradaca mən bildim ki, bu oğlan Səməddir. Səməd Vurğun Fövzinin zəif bir şeiri xüsusi bir əda ilə oxuyub, lovğalanmasından bərk hirslənmişdi. Fikrini açıq söyləyib, o yazının şeir ilə heç bir əlaqəsi olmadığını dedi...Sonralar  Fövzi mərkəzi mətbuatda (“Maarif və Mədəniyyət” R.G.) “Şairə cavab” şeirini yazdı. Cavab özü o vaxt oxunan şeirdən də dayaz və məzmunsuz idi.”  

      Gənc Mir Cəlal da baş verən hadisələrin təsiri altında  ilk hekayələrini yazır, “Müəllim” adlanan birinci heklayəsi “Qızıl Gəncə”nin ədəbiyyat səhfəsində, “Həkim Cinayətov” adlanan ikinci hekayəsi “Ədəbiyyat cəbhəsi” adlanan jurmalda nəşr edilmişdi. Bu hekayələr  əslində baş verən proseslərə gənc ədibin mövqeyi və reaksiyası idi. Həmin hekayələr Mir Cəlalın bir yazıçı kimi ədəbi mühitdə tanınmasında xüsusi rol oynamışdı. Elə həmin günlərdən Mir Cəlalın Səməd Vurğunla həm çəxsi münasibətlər zəmnində, həm də yaradıcılıq müstəvisində bir yaxın dostluq münasibətləri yaranmağa başlamışdı. Həmin günləri xatırlayan Mir Cəlal  “Xatirə dəftəri”ndə yazırdı: ”...Belə məclislərdə Vurğunun gur, bakir, yeni, səmimi, cazibəli  şair səsi eşidilir, sürətlə yayılırdı. Həmin yığıncaqlarda mən Vurğunu həm komsomol yoldaşım, həm də yeni, inqilabi şeirin gələcəyə, böyük gələcəyə, bir müraciəti kimi iftixar hissi ilə dinləyirdim...Bir dəfə şeirlərindən birini çap etdirmək üçün Gəncə qəzetinin redaksiyasına getməyi məndən xahiş etdi. Redaksiyada “Şərq Ərəbi” təxəllüsü ilə çaılışan, rəsmiyyətçi bir qəzetçi var idi. Şeiri alıb oxudu və ehmalca Səmədə qaytardı ki, “Bizim qəzetdə çap oluna bilməz.” Vurğun vüqar və təmkinini pozmadan qəzet işçisinə kəskin cavab verdi:

Nə oldu, mənim şeirlərim mərkəzi mətbuatda  çap olunmağa layiq oldu, amma sənin qəzetində yaramadı?...

... Səməd şeiri götürüb , cibinə qoydu, redaksiyadan çıxdı. Neçə gün sonra həmin şeir mərkəzi mətbuatda, sonra isə Moskva qəzetlərində çap olundu (gərək ki, şeir “Mən də bir əsgər kimi” sərlövhəli idi).Vurğunun şeiri və  şöhrəti yalnız gəncədə yox, bütün respublikada  və onun xaricində sürətlə yayılmağa başlayırdı. ”

Çox keçmir xəyalı göylərdə uçan, yazıb yaratmaq eşqi ilə alışıb yanan gənc Səməd üçün Gəncə mühiti ona dar gəlir, onu daha byük şəhərlər, daha qaynar mühit cəlb edir, yeni meydan axtarır, dünya görüşünü artırmaq, təhsilini davam etmək barədə düşünürdü. Və 1929-cu ilin may aynda artıq Səməd Vurğunun Bakı, həmin ilin iyulundan isə Moskva həyatı başlamışdı. Həmin illər Səməd Vurğunun “Şairin andı”,sonra isə “Fənər” kitabları nəşr olunur və müəllifinə şöhrət gətirməklə, gənclər tərəfindən böyük rəğbətlə qarşılanır. Həmin kitaba daxil olan şeirlərindən birində yazırdı:

Mən

     nəfəsləri benzin və kükürd qoxulu

                             milyonların şairiyəm,

Düşməniyəm onların-

Divanları məxmər və ipək döşəməli salonların...

Və ya

Üfüqləri sonsuz bu kaintda

Məni yaşadan quvvət,

                    öz əməyim, öz əlimdir.

Böyük bir insan olmasam da  həyatda,

Cəbhədə bir əsgər kimi qalmaq son əməlimdir.

     Artıq Gəncə mühiti gənc ədib- Mir Cəlalın da  arzu və ideallarının gerçəkləşməsi üçün kifayət etmirdi.  O, da təhsilini davam etdirmək, ədəbi və ictimai proseslərdə daha fəal iştirak etmək istəyirdi və elə bu məqsədlə də Bakıya köçərək, o vaxtlar yeganə aspiranturası olan Elmlər Akademiyası Filialının nəzdindəki Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olur. Həmin illər hər iki şəxsiyyətin yolları yenidən kəsişir və Səməd Vurğun da həmin institutda aspiranturanın ədəbiyyat şöbəsinə qəbul olunur. Lakin onların heç birinin Bakı şəhərində yaşamağa yerləri yox idi.  Mir Cəlal həmin günləri xatırlayaraq yazırdı: ”Aspiranturanın müdirliyinə Ali Sovet sədri vəzifəsində olan Soltan Məcid Əfəndiyev təyin olunmuşdu. Qəbul haqqında əmri alandan,  dərs cədvəlini  öyrənəndən sonra  yaşamaq yeri hayına qalmalı olduq. Aspiranturanın yataqxanası yox idi və buna təminat da verilmirdi. Biz Soltan Məcidin yanına gedib yer xahiş edəndə bir qəbz yazıb, kəndli evində  bizə yer istədik. Həmin kağız ilə bizi (mən və Səmədi) ümumi yataqxanaya buraxmalı oldular.”

Aspiranturada oxuduğu illərdə də Səməd Vurğunla Mir Cəlalın dostluğu daha da möhkəmlənir. Mir Cəlalı Səməd Vurğunun yaradıcılığı daha ciddi maraqlandırır və O, şairin yaradıcılığına həsr olunmuş “Yenidən qurulma yollarında “adlı məqalə yazır və məqalə “Hücum” jurnalında dərc edilir. Bu məqalə həm müəllifinə, həm də Səməd Vurğuna nüfuz qazandırmaqla ədəbiyyatçılar tərəfindən maraqla qarşılanır. Mir Cəlal yazırdı: ”Onun (Səməd Vurğunun R.G.) təhsili də, iş üslubu da, münasibətləri də, həmişə yenilik, bir az da şairlərə məxsus qəribəliklərlə  seçilirdi. Biz aspiranturada oxuyarkən  K.Marksın  “Kapital” əsərini öyrənib təhlil etmək məsələsi müzakirə olunurdu. Bəziləri deyirdi: ”Bu kitabı ədəbiyyatçı aspirantlar üçün sətirbəsətir təhlildən keçirmək, əmtəə təsərrüfatının hətta detallarını konspektləşdirmək lazımdır... Səməd Vurğun ümumi axına qoşulmadı və müəllimlə açıq danışmaqdan çəkinmədi:

Yoldaş müəllim –dedi - siz iqtisadçısınız, “Kapital”ı hərfinəcən bilirsiniz, çox sağ olun.

Amma mən iqtisadçı yox, şairəm, şairliyimdə də qalmaq istəyirəm. Ona görə də siz bu kitabın əsas teoriya ilə ictimai inkişaf qanunları, sənət və ədəbiyyatın spesifikası ilə bağlı fəsillərini bizə öyrədin, minnətdar olarıq.

Bütün aspirantlar və müəllim bu fikri bəyəndilər, dərslər bu istiqamətdə planlaşdırıldı...

Bir dəfə sinifkom, dərsə geçikən aspirantlar sırasında onun adını oxuyanda Səməd qəti etiraz etdi.

Gecikmək,- dedi-yarımçıq adamın işidir. Mən geçikmərəm, Mən ya gələrəm, ya heç  gəlmərəm.”

İndi işıqlı xatirəsi, müdrik söz-söhbətləri minlərlə məsləkdaşlarının, tələbələrinin xatirəsində yaşayan, görkəmli pedaqoq, yazıçı və alim Mir Cəlalın dahi şairimiz Səməd Vurğunla dostluğunu, ədibin varislərindən biri, görkəmli dövlət və təhsil xadimi, diplomat,  ADA universitetinin yaradıcısı və rektoru professor Hafiz Mir Cəlal oğlu Paşayev, həm yaddaşında və qəlbində yaşadır, həm də əməlində  gerçəkləşdirir. Onun nəticəsidir ki, bu günkü Azərbaycan təhsilinin təşəkkülündə və inkişafında müstəsna rolu olmuş  Qazax Müəllimlər Seminariyasının yenidən bərpası, bu təhsil ocağının bazasında ADA Universitetinin Qazax Müəllimlər Seminariyası Təhsil Mərkəzinin yaradılması, bir vaxtlar bu seminariyanının ilk məzunlarından biri olmuş və həm də seminariyaya şöhrət gətirmiş Səməd Vurğunun xatirəsinin əbədilədirilməsinə ən böyük töhfədir. Həmin təhsil Mərkəzində Səməd Vurğun oturduğu partanın qoyulması və guşənin yaradılması isə Hafiz müəllimin böyük şairə olan ehtiram nümunəsidir.

                                                                                                               Ramiz Göyüş

                                                                                                              Yazıçı-publisist

                                                                                                           
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Mart 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri