Icma.az
close
up
RU
Gəncənin yeraltı dünyası

Gəncənin yeraltı dünyası

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Unudulmuş tunellərin harayı niyə eşidilmir?

Ola bilsin ki, mübahisə doğuracaq bu yazıya “Xalq qəzeti”nin 2013-cü il 28 fevral tarixli nömrəsində dərc olunmuş maraqlı bir xəbərlə başlamaq istəyirik:

“Gəncədə yeraltı fayton yollarını bərpa etmək üçün ABŞ-dan robotlar gətiriləcək. Bu barədə Gəncə Regional Elm Mərkəzinin direktor müavini Samir Pişnamazzadə bildirib ki, ABŞ-ın Smitson İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Maykl Teylor Gəncəyə səfəri zamanı bu məsələ müzakirə olunub. Hazırda yolların bərpasında robotların iştirakı ilə bağlı layihə hazırlanır və Vaşinqtonda müzakirə ediləcək. Layihə qəbul edilərsə, bu ilin ortalarında bərpa işlərinə başlanıla bilər”.

Xəbərdə o da qeyd edilirdi ki, Gəncədə yeraltı fayton yollarının muzey kimi bərpası planlaşdırılır. Şəhərdə aparılan tədqiqatlar nəticəsində bu yolların xəritəsi hazırlanmış, tarixi eksponatlar və inventarlar toplanmış, lakin işin təhlükəli xarakterinə görə prosesə robotların cəlb edilməsi nəzərdə tutulmuşdu.

Bəli, inanılmaz bir sensasiyalı xəbər! 12 il əvvəl rəsmi dövlət qəzetində dərc olunan bu yazını adi oxucu təəccüblə qarşılamışdı. Amma Gəncə sakinləri üçün bu, yeni xəbər deyildi. Onlar ata-babalarından bu yollar haqqında çox eşitmiş, bəziləri özləri də həmin yerlərə düşüb baxmış, hətta məktəb illərində müəllimlərinin müşayiəti ilə ekskursiyalarda o yolları gəzmişdilər.

Yəni “fayton yolları” məsələsi bir qədər mübahisəli olsa da, yeraltı yolların mövcudluğu gəncəlilər üçün heç də təəccüblü deyildi. Əksinə, arxeoloqların və etnoqrafların bu sahəni araşdırmağa gələcəyi günü səbirsizliklə gözləyirdilər.

Yerli sakinlərin xatirələrinə görə, hərbi hazırlıq müəllimləri onlara bu yolları göstərərək bildirirdilər ki, yeraltı keçidlər əsasən hərbi məqsədlərlə inşa olunub. Düşmən hücumları zamanı əhalinin təxliyəsi, həmçinin qəfil əks-hücumların təşkili üçün bu yollar strateji rol oynayıb. Bəzi yerlərdə isə ərzaq və silah anbarları da yerləşirmiş.

“Gəncə böyük hərflə” jurnalının 2009-cu il, 15-ci nömrəsində də bu tunellər barədə geniş məlumat verilib. Yazıda qeyd olunur ki, Gəncənin yeraltı yollarının ümumi uzunluğu 90 kilometrə qədərdir. Tunellərin orta hündürlüyü 3 metr, eni isə 2,5 metrdir. Tavanlar qırmızı kərpiclə tağ formasında hörülüb, bu da həm estetik, həm də dayanıqlılıq baxımından mühüm mühəndislik həllidir. Döşəmələr bəzi yerlərdə daş, bəzi hissələrdə isə qədim kərpiclərlə örtülüb.

Tunellərdə havalandırma sistemi də olub. Xüsusi borular hava dövranını təmin edirmiş. Bəzi yerlərdə bu yollar kəhrizlərlə kəsişdiyindən, orada içməli su da mövcud olub. Sovet dövründə keçidlərin bir çoxu bağlanıb, ventilyasiya borularının bəziləri tıxanıb.

Bütün bunlara baxmayaraq, Gəncənin qədim tarixində dərin iz qoymuş bu yeraltı tunellər barədə səslənən suallar hələ də cavabsız qalır. Halbuki bu unikal memarlıq nümunələri həm hərbi, həm də mühəndislik baxımından əvəzsiz irs hesab edilə bilər.

Tunellərin quruluşu həm möhkəmliyə, həm də təhlükəsizliyə hesablanıb. Qırmızı kərpiclə tikilən tağ formalı tavan təzyiqə və hətta zəlzələlərə belə dözümlü olub. Havalandırma boruları sayəsində tənəffüs mümkün idi və bəzi tədqiqatçılara görə, həmin borular bəzən rabitə məqsədilə də istifadə olunub.

Dünənə açılan qapı

Tarixi mənbələrdən aydın olur ki, bu yollar vasitəsilə silahlı dəstələr düşmənin arxasına keçərək qəfil hücumlar təşkil edə bilirdilər. Tunellərin kəhrizlərlə kəsişməsi içməli su təminatını da mümkün etmişdi. Yəni bu keçidlər həm logistik, həm də hərbi cəhətdən şəhərin “gizli silahı” rolunu oynayıb.

Rus sərkərdəsi Aleksandr Suvorovun “Gəncə yaxşı möhkəmləndirilmiş şəhərdir. Burada 50 top, 3000 atlı və 500 piyada vardır” sözləri də bunu təsdiqləyir. Mərhum alim Fərrux Əhmədovun “Gəncənin tarix yaddaşı” kitabında qeyd edilir ki, şəhər öz müdafiəsini təmin etmək üçün bütün imkanlardan, o cümlədən yeraltı keçidlərdən istifadə edib.

Sovet dövründə tunellər daha da təkmilləşdirilərək zirzəmi və sığınacaq kimi istifadə olunub. Bəzi hissələrdə dəmir-beton konstruksiyalarla möhkəmləndirilməsi onların o dövrdə də ciddi strateji əhəmiyyət daşıdığını göstərir.

Gəncə yeraltı yolları ilə bağlı ilk ciddi sənədlərdən biri 1797-ci ildə Sankt-Peterburqda çap edilmiş “Plan kreposti Qyandji” adlı kitab-xəritədir. Onu rus hərbi mühəndisi İvan Qartinq tərtib etmişdir. Daha sonra, 1855-ci ildə bu plan təkmilləşdirilərək yenidən hazırlanmış və Rusiya Müdafiə Nazirliyinə təqdim olunmuşdur.

Sovet dövründə isə bu mövzu məxfi status daşıyıb. Həmin dövrdə yalnız Moskvadakı Mərkəzi Dövlət Hərbi Tarix Arxivində (fond 349, sıra 12, iş 6067) bu barədə məlumat tapmaq mümkün idi.

Müstəqillik dövründə isə bu dəyərli irsə qarşı laqeyd münasibət nəticəsində tunellərin çoxu dağıdılıb və ya torpaq altında qalıb. Bəzi yerlərdə kanalizasiya xətləri çəkilib, bəzilərinin girişi bina tikintisi zamanı doldurulub.

Ən acınacaqlısı isə odur ki, bu dağıntılar bəzən məlumatsızlıqdan deyil, şəxsi maraqlardan doğub. Bəzi şəxslər bu tunelləri məhv etməklə, hətta erməni narrativlərinə uyğun saxtalaşdırılmış məlumatlar yaymaqdan da çəkinməyiblər.

Gəncənin qədim tarixində dərin iz buraxmış yeraltı tunellər haqqında suallar hələ də cavabsızdır. Halbuki bu unikal memarlıq nümunələri həm hərbi, həm də mühəndislik baxımından əvəzsiz irs sayılmalıdır.

Sovet dövründə bu yolların bir çoxu daha da təkmilləşdirilərək müharibə vəziyyətində sığınacaq və anbar funksiyası daşıyıb. Bəzi yerlərdə tunellərin üzəri dəmir-betonla möhkəmləndirilib, bu da onların strateji əhəmiyyətinin bir daha sübutudur.

Araşdırmalara görə, yollar inşa edilərkən faytonların hərəkəti də nəzərə alınıb. Tunellərə giriş Gəncə xan sarayından başlayırmış. Sarayın yaxınlığında yerləşən Çökək hamam və Şah Abbas məscidi arasında keçən bu yol hər iki abidəyə də bağlı imiş.

Türkiyənin Amasiya şəhərindəki bir məscidin hasarında yerləşən kitabədə Gəncənin yeraltı yollarını inşa edən və sonradan vətənini tərk edərək Türkiyəyə köçmüş memar Mahmud oğlu Məhəmmədin adı qeyd olunur.

Görkəmli alim və memar Şeyx Bəhaəddin Amuli 1606-cı ildə Gəncədə aparılan yenidənqurma işlərinə rəhbərlik edərkən yeraltı yolların qorunmasına xüsusi diqqət göstərmişdi.

Sovet illərində isə bu keçidlərdən bəziləri bağlanıb, bəzilərindən həbsxana kimi istifadə olunub. Tarixi mənbələrə əsasən, tunellər döyüş zamanı həm müdafiə, həm də gizli hərbi-strateji məqsədlər üçün istifadə edilib. Düşmən hücumları zamanı əhalinin gizlədilməsi, ərzaq və silah ehtiyatlarının saxlanması bu yollar vasitəsilə mümkün olub.

Tədqiqatlar göstərir ki, üç əsas istiqamətdə tikilmiş bu yollar şəhərin demək olar bütün ərazilərini birləşdirib. Bəzi tədqiqatçılar, hətta burada ikimərtəbəli keçidlərin də mövcud olduğunu ehtimal edirlər.

2010-cu illərdə Gəncə Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və AMEA birgə tədbirlər planı qəbul etmiş, bu tunellərin bərpa edilərək muzeyə çevrilməsi qərarlaşdırılmışdı. Lakin plan reallaşmadı.

Zirzəmi yox, yeraltı muzey

2013-cü ilin fevralında ABŞ-ın Smitson İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Maykl Teylor Gəncəyə səfər etmiş, şəhər rəhbərliyi və AMEA Gəncə bölməsinin sədri Fuad Əliyevlə görüşmüşdü. Görüşdə yeraltı yolların bərpası, hətta bu işə robotların cəlb edilməsi müzakirə olunmuş, layihə belə hazırlanmışdı. Lakin plan həyata keçmədi.

2012-ci il iyunun 19-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın əmri və akademik Mahmud Kərimovun tapşırığı ilə yaradılmış komissiya Gəncəyə baxış keçirdi. Yekun rəy isə belə oldu: “Qeyd olunan ərazidə heç bir yeraltı yoldan söhbət gedə bilməz. Yeraltı yol kimi təqdim olunan qurğular əslində qədim binaların bir neçə mərtəbədən ibarət zirzəmiləridir”. Vəssalam. Heç bir əsaslandırma, izah, arxeoloji dəlil olmadan bu nəticə rəsmi mövqe kimi qəbul edildi. Halbuki yüzlərlə şahid, saysız sübut və xalq yaddaşı bunu inkar edirdi.

...Sakinlər isə susmurlar

Gəncədə kiminlə söhbət etdiksə, dedilər şəhərə gələn o alimləri heç birimiz görməmişik, yerli adamlarla söhbət etdiklərini də eşitməmişik. Tədqiqat, araşdırma, elmi yanaşma, elmi təhlil, dəlil-sübut beləmi olur məgər?! Təbii ki, suallara biz də cavab tapa bilmirik.

Sevinc Vəliyeva: “Bizim hərbi müəllimimiz (1974-cü ildə, 4 nömrəli məktəbdə) bizi o yollarda gəzdirib. Deyirdi ki, bu yerlər sığınacaq olub, əhali burada müəyyən müddət ərzində qalmaq üçün ərzaq, dərman və yataq dəstləri ilə təmin edilirmiş. Yadımdadır, məhkəmə binasının yaxınlığındakı taxta evin yanından aşağı düşüb xeyli getdik, sonra “Gəncə” mehmanxanasının yanından çıxdıq. Müəllimimiz deyirdi ki, bu yolun bir ucu İmamzadəyə, digəri isə Daşkəsən yoluna çıxır”.

Rövşən Ələkbərov: “Mən Şahsevənlər məhəlləsində böyümüşəm. 1970-ci illərin əvvəlində M.Müşfiq küçəsində qazıntı aparırdılar. Uşaqlar oynayarkən birinin ayağının altı boşaldı və o, dərin quyuya düşdü. Onu çıxaranda gördük ki, divarlar çay daşından hörülüb. Evdən lampa gətirib aşağı düşdük, bir az irəlilədik, yol genişlənirdi. Qorxub geri qayıtdıq. Səhəri gün oranı ört-basdır etdilər. Sonradan bildim ki, bu küçənin köhnə adı Qala küçəsi olub. Fikirləşdim ki, bura yəqin şəhərin qala divarları ilə əlaqəli olub. Belə yolları bərpa edib abidə kimi saxlamaq yaxşı olmazmı? Axı bu bizim tariximizdir!”.

Altay Şükürov: “Gəncə qədim şəhərdir, onun çox yeraltı yerləri olub. Əvvəllər bu keçidlər çox idi, indi az qalıb. Qədim evlərin bəzilərinin zirzəmilərində belə keçidlər var. Bu qədim yerləri qorumaq lazımdır, çünki onlar bizim tariximizdir”.

Bir müddət məktəb direktoru işləmiş, hazırda isə fərdi sahibkarlıqla məşğul olan Mahmud Mahmudzadə isə Gəncənin tarixini öyrənən və bu işə könüllü qoşulmuş bir Gəncə sakinidir. O deyir:

– Gəncənin yeraltı yolları reallıqdır, nağıl deyil. Bu yolları öz gözlərimlə görmüşəm, xəritəsini çəkmişəm, istiqamətlərini müəyyənləşdirmişəm. Operator dostum Nazir Quliyevlə birlikdə həmin yerlərə düşdük, çəkiliş apardıq. Yol uzandıqca uzanırdı. Amma bir nöqtədən sonra nəfəs almaq çətinləşdi, çünki havalandırma sistemi torpaqla tıxanmışdı. Xüsusilə İmamzadə ətrafında saysız qollar var. Bəzi yerlər sanki min illik tarixi nəfəs alır. Amma Bakıdan gələn alimlər bir-iki zirzəmiyə baxıb “bunlar yol deyil, zirzəmidir” deyib çıxıb getdilər. Bu, alim cavabı deyil. Tarixə bu qədər səthi yanaşmaq olmaz”.

Gəncədə tanınmış televiziya operatoru Nazir Quliyev də orada olub:

– Biz kamerayla endik. İlk dəqiqələrdə nəfəs almaq çətin idi. Amma gördüklərimiz zirzəmi deyildi! Divarların quruluşu, döşəmənin materialı, yolların birləşmə forması – hamısı planlı tikili idi. Bizim çəkdiklərimiz bunun sübutudur. Amma sonra eşitdik ki, “elə bir şey yoxdur” deyiblər, məəttəl qaldıq. Nə deyim, bu, sadəcə biganəlik deyil, həm də tarixə qarşı hörmətsizlikdir.”

Yer altından gələn haray

AMEA Gəncə bölməsinin sədri, akademik F.Əliyev və bir qrup gənc alimlə birlikdə tunellərin olduğu iddia edilən əraziləri gəzərkən bir daha hiss etdik və əmin olduq ki, bu vacib işi beləcə yarımçıq qoymaq ən azından tariximizə biganəlikdir. Qırmızı kərpicdən hörülmüş qədim binaların çoxu hələ də möhkəmdir, dayanıqlıdır, lakin bir çox girişlər torpaqla örtülüb, bəzilərinin dəmir qapısına iri qıfıllar vurulub. Yəni bu yollara indi, sadəcə, düşüb baxmaq mümkün deyil.

Sakinlər isə haqlı olaraq narazıdırlar: “Bizim tariximizi inkar edirlər. Biz bu yerləri uşaqlığımızdan bilirik. Gəlib bir-iki zirzəmi görüb “heç nə yoxdur” deməklə bu iş bitmir. Axı bizim yaddaş, bizim şahidlər, bizim tarix var!”.

Bu narazılıq təkcə emosional deyil, həm də elmi baxımdan əsaslıdır. Alim bir fenomeni inkar etməzdən əvvəl onun bütün aspektlərini araşdırmalı, xalq yaddaşını da nəzərə almalıdır.

Sadəcə, bir neçə yerə baxaraq bütöv bir şəhər fenomeninə “nağıl” damğası vurmaq elmin xalqla bağını qırmaqdır. Bəlkə də Gəncənin bu qədər sirli və qədim olması kimlərisə narahat edir. Amma tarix müvəqqəti susa bilər, yox olmaz.

Bu gün Gəncə əhalisi haqlı olaraq tələb edir: “Gəlin bu məsələni araşdıraq! Gəlin müstəqil tədqiqat qrupu yaradaq! Tarixçilər, arxeoloqlar, alimlər yerində araşdırma aparsınlar!”. Tariximizin üstünə bu qədər asanlıqla torpaq atmaq olmaz. Çünki bu tunellər xalqın yaddaşı, kimliyi və keçmişidir. Onları “zirzəmi” adlandırmaqla tariximizi inkar etmiş oluruq.

Əgər bir alim öz peşəsinə hörmət edirsə, onun qərarı müşahidəyə, sənədə, şahidə, elmi analizə söykənməlidir. Xalqın yaddaşını görməzdən gələn elmi rəy sadəcə tarixin üstünə çəkilmiş tozdur.

…İndi biz iki yolun qarşısındayıq: ya bu tarixi araşdıracaq, bərpa edib gələcək nəsillərə təqdim edəcəyik, ya da inkar edib sükutla torpağın altında basdıracağıq.

Tarix qısqanclığı sevmir. O, ədalət, səbir və vicdan istəyir. Ən çox da yeraltı şəhərin səssizliyini dinləyə bilən insanlar istəyir.

Gəlin Gəncənin səsini eşidək. Gəlin bu yolları qapatmayaq. Gəlin tariximizi danmayaq. Çünki tarixə susmaq gələcəyə kor olmaqdır.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see282

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see206

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see195

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see193

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see187

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see145

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see138

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see138

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see137

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see135

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see131

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see130

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see130

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see127

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see127

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see125

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see125

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see124

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri