Icma.az
close
up
RU
Göytürklərin ənənəsini “Yaşıl enerji”lilər davam etdirirlər

Göytürklərin ənənəsini “Yaşıl enerji”lilər davam etdirirlər

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Üç qardaş ölkə bu gün öz əməkdaşlığını yeni səviyyəyə qaldırır. Sazişin imzalanması, deyərdim ki, tarixi hadisədir. Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır.

Prezident İlham Əliyevin COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının üçtərəfli görüşündəki çıxışından
Bakı, 13 noyabr 2024-cü il

Məlum məsələdir ki, Azərbaycan son otuz ildə çoxsaylı beynəlxalq tədbirlərə evsahibliyi etmişdir. Təxminən iki ay əvvəl 30 illiyini qeyd etdiyimiz “Əsrin müqaviləsi”ndən iki həftə sonra – dekabrın 2-də 16 yaşını qeyd edəcəyimiz “Bakı prosesi”ndən bu yana, demək olar ki, hər il paytaxtımızda (son illər isə həm də işğaldan azad edilmiş ərazilərimizdə) bütün beynəlxalq təşkilatların ya özləri, ya da hansısa təsisatı möhtəşəm tədbir keçirib və sonda rəsmi Bakının evsahibliyi yüksək qiymətləndirilib.

Ancaq COP29 miqyasca çox ölkələrə əlçatmaz olan, məzmunca tamamilə fərqli, mahiyyətcə daha önəmli tədbir kimi dünya tarixinə yazıldı. Çünki burada iştirak edən və etməyən bütün ölkələrin ən birinci problemi müzakirə edilirdi. Yəni hamı qazanırdı. Burada bir məqamı xatırladaq. Belə ki, “iştirak etməyən ölkələr” ifadəsi bir az qeyri-real səsləndi. Çünki iştirak etməyənlər ancaq Fransa və Ermənistan oldu. Qalan bütün dövlətlər müxtəlif səviyyələrdə təmsil olundular və planetimizin nəbzinin normal şəkildə vurmasına hərə öz gücünə (büdcə və səlahiyyətinə) uyğun kömək etməyə çalışdı.

Etiraf edək ki, bu möhtəşəm tədbirdən daha çox qazanan Azərbaycan oldu. Çünki biz, həm digər ölkələrin hamısı kimi ekoloji problemlərin həllindən bəhrələnəcəyik, həm rəsmi Bakının beynəlxalq aləmdəki nüfuzu, reytinqi heç zaman olmayan bir şəkildə artdı (yəni dövlət başçımız BMT Baş katibi ilə üz-üzə duraraq dedi ki, sizin otuz ildə həll edə bilmədiyiniz məlum qətnamələri cəmi otuz yaşı olan müstəqil Azərbaycan dövləti təkbaşına yoluna qoydu.), həm 44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfərimizin yaratdığı yeni reallıqları bütün dünyaya göstərə bildik, həm işğalçı ölkəyə himayədarlıq edən Fransanın tarixindəki qara ləkələrə və iyrənc siyasətinə qarşı BMT rəhbərliyinin gözü qarşısında açıq etiraz etdik, həm də Azərbaycanın Türk dünyası ilə əməkdaşlığının, iş birliyinin yeni üfüqləri açıldı.

Bu qeydləri qələmə almaqda əsas məsədimiz də məhz həmin sıralamadakı sonuncu məqamı daha çox qabartmaqdan ibarətdir. Məlum olduğu kimi, COP29 çərçivəsində keçirilən tədbirlərdən birində – noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub. Biz, əslində, bu dövlət başçılarının ikitərəfli, üçtərəfli və ya çoxtərəfli görüşlərinə dəfələrlə şahidlik etmişik. Noyabrın 13-də keçirilən görüşü daha əhəmiyyətli edən məqam isə həmin gün “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”inin imzalanması idi.

Dövlət başçımızın həmin gün dediyi kimi, Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə əldə edilmiş böyük planlar və nəticələr haqqında artıq hamı bilir. Yəni, ölkələrimiz paralel kursla gedirlər və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə bu üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır.

Azərbaycan Prezidenti xatırlatdı ki, bu layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir və bununla da biz Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcəyik: “Xüsusilə sevindirici haldır ki, bu saziş hər zaman bir-birinə yaxın olan üç qardaş ölkə arasında imzalanır. Özbəkistanla münasibətlərimiz bu il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb, müvafiq saziş imzalanıb. Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik. Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu gün qardaşlığımızın bariz sübutudur”.

Həm Azərbaycanın COP29 kimi böyük tədbirə uğurla evsahibliyi etməsindən, həm rəsmi Bakının Türk Dövlətləri Təşkilatındakı səmərəli fəaliyyətindən, həm də gündəlikdəki əsas məsələdən – yenicə imzalanmış sazişdən danışan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi ki, bu gün biz davamlı inkişaf üçün ümumi səylərimizin tarixində yeni səhifə açırıq. Strateji tərəfdaşlıq Sazişinin imzalanması Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı üzrə üçtərəfli əməkdaşlıqda mühüm mərhələdir: “Sənəd dövlətlərimizin enerji sistemlərinin inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar açır. Qazaxıstan böyük tranzit ərazi kimi burada son dərəcə mühüm rol oynayır. Bu sazişin praktiki nəticələri Orta dəhlizin iqtisadiyyatlarımızı birləşdirən yaşıl körpü qismində inkişafına töhfə verəcək. Bu əsas sahədə sıx əməkdaşlıq üç dövlət arasında təcrübə və qabaqcıl texnologiyalar mübadiləsini gücləndirəcək və enerji təhlükəsizliyimizin gələcəkdə də möhkəmləndirilməsinə kömək edəcək”.

Daha maraqlı məqamlardan birini Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dilə gətirdi. Onun fikrincə, bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil. Bu, indiki insanların gələcəyə verdiyi töhfədir, gələcək nəsillər qarşısında məsuliyyət hissinin nəticəsidir: “Mən bu layihənin ekoloji əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Nəql ediləcək enerji külək və Günəş enerjisidir, iqlimə təsiri azaltmağa kömək edəcək bərpaolunan və təmiz mənbədir. Bununla biz Paris Sazişi çərçivəsində iqlimin qorunması üzrə birgə səyləri və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağı dəstəkləyirik. Ölkələrimiz əhəmiyyətli dərəcədə bərpaolunan enerji resurslarına malikdir və qlobal enerji keçidinə mühüm töhfə verə bilər. Özbəkistanda bu istiqamətdə genişmiqyaslı işlər aparılır, yaşıl enerjinin inkişafı üçün böyük proqram qəbul edilib”.

Özbəkistan Prezidenti xatırlatdı ki, onun ölkəsi 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 giqavatlıq enerjisaxlama sistemləri yaratmağı planlaşdırır. Bundan başqa, cari ilin sonunadək özbəkistanlı mütəxəssislər əlavə olaraq 2,6 giqavat bərpaolunan enerji və 300 meqavat enerjisaxlama sistemlərini şəbəkəyə birləşdirəcəklər.

Xatırladaq ki, həmin gün Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə daha bir tarixi sənəd də imzalanmışdı. Həmin sənədin isə başqa bir tərəfdaşı da var idi. Bu, Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Al-Səud idi. İmzalanan növbəti sənədin məzmunu da birbaşa COP29-un prinsiplərini əhatə edirdi: “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında icra proqramı”.

Yeri gəlmişkən, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda çıxış edərkən ölkələrimiz arasında imzalanmış sazişi strateji tərəfdaşlığın təzahürü adlandırmışdır: “Bu saziş regionda “yaşıl enerji” dəhlizinin yaradılması, inteqrasiya olunmuş elektrik enerjisi bazarlarının inkişafı və bərpa olunan enerjinin digər regionlara ixracının asanlaşdırılması üçün güclü təməl yaradır. Milli enerji şirkətlərinin səhmdarlarının razılaşması, birgə müəssisənin yaradılması bu layihənin uğurla həyata keçirilməsi üçün mühüm mərhələlər olacaq”.

Sonda xatırladaq ki, Türkistanda və Cənubi Qafqaz ərazisində uzun illər boyu mövcud olmuş Göytürklər dövlətinin bugünkü varisləri mükəmməl və möhtəşəm əməkdaşlıq nümunəsi ortaya qoyurlar. İnanırıq ki, bu format Türkdilli Dövlətlər Təşkilatının daha da qüdrətlənməsinə zəmin yaradacaqdır.

Yeni əməkdaşlıq çərçivəsini əlamətdar edən məqamlardan biri də Türkistan və Cənubi Qafqaz regionları arasındakı işbirliyinə Yaxın Şərq təmsilçisinin – Səudiyyə Ərəbistanının da qoşulması idi. Elə dövlət başçımız da üçtərəfli görüşdə həmin məsələyə xüsusi olaraq toxunmuşdu: “Bu gün burada iştirak edən əziz dostumuz, Səudiyyə Ərəbistanının nazirinə və Səudiyyə Ərəbistanından olan bütün dostlarımıza minnətdarlığımı ifadə edirəm. Dünən haqqında danışdığım “ACWA Power” şirkəti bizim yaxşı tərəfdaşımız, investorumuzdur və həm Azərbaycanda, həm də Mərkəzi Asiyada fəaliyyət göstərir”.

İttifaq MİRZƏBƏYLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see229

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see227

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see166

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see166

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see140

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see139

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see134

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see134

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see129

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see128

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see127

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see124

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see120

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri