Gülpəri Bayramova: “Hər damla yağ, hər açılan iş yeri Qarabağın gələcəyinə töhfədir”
Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Agromix” şirkətinin təsisçisi, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramovanın “Tribuna”ya müsahibəsi
– Gülpəri xanım, “Agromix” şirkətinin Xocavənddə fəaliyyət göstərən Yağ emalı zavodu Qarabağın iqtisadi dirçəlişi üçün hansı əhəmiyyətə malikdir?
– Qarabağda iqtisadiyyatın bərpası və dayanıqlı istehsal zəncirinin qurulması bizim üçün təkcə biznes layihəsi deyil, həm də milli və sosial missiyadır. Xocavənddə fəaliyyət göstərən yağ emalı zavodu fermerlərdən günəbaxanı rəsmi və güzəştli şərtlərlə qəbul etməklə onların gəlirliyini artırır, kənd təsərrüfatını canlandırır və bölgədə iş yerlərinin açılmasına töhfə verir. Zavodun fəaliyyətində əsas prioritet həm keyfiyyət, həm də davamlılıqdır. Burada tətbiq olunan müasir texnologiyalar yalnız məhsul istehsalını artırmır, eləcə də yerli fermerlərin uzunmüddətli inkişafına şərait yaradır.
Bu zavod “Made in Azerbaijan” brendinin gücləndirilməsində strateji rol oynayır. Məqsədimiz təkcə yağ istehsal etmək deyil, həm də Azərbaycanın kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarda rəqabətqabiliyyətini artırmaqdır. Zavodun fəaliyyətindən həm yerli iqtisadiyyat, həm də ixrac potensialı faydalanır, bu isə öz növbəsində Azərbaycanın investisiya cəlbediciliyini yüksəldir. Eyni zamanda, bölgədə biznes etikasının inkişafına və innovativ yanaşmaların tətbiqinə dəstək göstərilir, bu da uzunmüddətli perspektivdə Qarabağın iqtisadi inteqrasiyasına mühüm töhfələr verir.
“Agromix” olaraq xammal təminatında müasir, şəffaf və uzunmüddətli əməkdaşlıq modelini tətbiq etməyə qərar vermişik. Bu yanaşma illərdir özünü doğrultmuş və müxtəlif aparıcı şirkətlər tərəfindən həyata keçirilən bir layihədir. Həmin mexanizm fermeri qoruyan, riskləri azaldan və tərəflər arasında davamlı əməkdaşlığı təmin edən etibarlı sistemdir. Fermerlərin əsas çətinliklərindən biri əkin mövsümünə maliyyə yükü ilə başlamalarıdır. Günəbaxan istehsalını stimullaşdırmaq məqsədilə fermerləri toxum, gübrə və digər aqrotexniki vasitələrlə əvvəlcədən təmin etmək, həmçinin proses boyunca aqrotexniki konsaltinq və digər sahələrdə dəstək göstərmək niyyətindəyik.
Fermerlərin üzləşdiyi əsas problemlərdən biri məhsulu alan bir çox sahibkarın qeyri-rəsmi ödənişlər etməsi ilə bağlıdır. Bu praktika fermerlərin dövlətin ayırdığı maliyyə dəstəyindən tam yararlanmasına mane olur. Fermerlər haqlı olaraq bildirirlər ki, qeyri-rəsmi satış sənədləşdirməni mümkünsüz edir və nəticədə dövlət subsidiyası itirilir. Biz öz təcrübəmizdə bu problemi kökündən həll edəcəyik. Bütün ödənişlər tam rəsmi qaydada aparılacaq və fermerin hər manatı şəffaf şəkildə rəsmiləşdiriləcək. Bu yanaşma həm fermerlərə əlavə güvən verəcək, həm də dövlətin təqdim etdiyi subsidiyalardan tam şəkildə yararlanmağa imkan yaradacaq.
– Siz uzun illər paytaxtın aparıcı marketlər şəbəkələrini meyvə-tərəvəzlə təchiz etmisiniz. Bu təcrübə hazırkı istehsal fəaliyyətinizə hansı üstünlükləri qazandırır?
– Marketlər şəbəkəsinə məhsul tədarükü uzun və mürəkkəb bir prosesdir. Burada məhsulun keyfiyyəti, logistika, vaxtında çatdırılma və bazarın dəyişən tələblərinə cavab vermək bacarığı mühüm rol oynayır. Bu təcrübə mənə istehsalın hər mərhələsini peşəkar səviyyədə idarə etməyi öyrətdi. Xocavənddəki zavodda xammalın qəbulu, istehsal prosesi, qablaşdırma və satış mərhələlərində bu təcrübə birbaşa tətbiq olunur. Məhsulun keyfiyyətini qorumaq üçün innovativ texnologiyaların tətbiqi, istehsal standartlarının sərtləşdirilməsi və davamlı nəzarət mexanizmlərinin qurulması bu təcrübənin nəticəsidir.
Eyni zamanda, market təcrübəsi mənə tərəfdaşlarla uzunmüddətli, etibarlı əlaqələr qurmağı öyrətdi. Bu, yalnız biznesin stabil inkişafı üçün deyil, həm də bazarda rəqabət üstünlüyü yaratmaq üçün vacibdir. Təcrübəm sayəsində strateji planlaşdırma, risklərin idarə edilməsi və bazar proqnozlarının hazırlanması kimi bacarıqlar formalaşıb ki, bu da “Agromix”in dayanıqlı inkişafına və müştəri məmnuniyyətinin maksimum təmin olunmasına imkan yaradır. Bu təcrübə həm də yerli istehsalın beynəlxalq bazarda tanınması üçün vacib bazis rolunu oynayır.
– Rəhbərlik etdiyiniz Azərbaycan Biznes Partnyorlar Klubu (BPC) ölkənin nüfuzlu iş adamlarını ətrafında birləşdirir. BPC-nin fəaliyyəti hazırda nə yerdədir?
– BPC-nin əsas missiyası Azərbaycan sahibkarlarının bir platforma altında toplanmasını təmin etmək və yerli istehsalın, xüsusilə “Made in Azerbaijan” brendinin geniş təşviqini həyata keçirməkdir. Klub öz üzvlərinə innovativ layihələrdə iştirak, resurs paylaşımı və strateji əməkdaşlıq imkanları təqdim edir. Biz həmçinin ixrac potensialının artırılması və yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün konkret proqramlar və təşəbbüslər həyata keçiririk. BPC həm yerli iqtisadiyyatın inkişafına, həm də sahibkarların beynəlxalq bazarlarda təmsilçiliyinə xidmət edən mühüm platformadır.
Eyni zamanda, BPC sosial məsuliyyəti yüksək tutan bir təşkilatdır. Klub çərçivəsində keçirilən tədbirlər, seminarlar və beynəlxalq forumlar Azərbaycan iş dünyasının nüfuzunu artırır və etik, şəffaf biznes prinsiplərinin təşviqinə dəstək olur. Bizim missiyamız yalnız biznes əlaqələri yaratmaq deyil, həm də ölkənin iqtisadi və sosial inkişafına töhfə verməkdir. Klub iş adamlarının peşəkar şəbəkəsini gücləndirir, eyni zamanda Azərbaycanın qlobal miqyasda tanınması üçün strateji imkanlar yaradır.
– Müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmisiniz. Xüsusilə, Laçın-Xankəndi yolundakı ekoloji aksiyanın Nyu-Yorkda nümayişi böyük rezonans doğurmuşdu. Bu cür təşəbbüslər davam edəcəkmi?
– Həmin aksiyanın əsas məqsədi Azərbaycanın ekoloji və sosial mövqeyini beynəlxalq auditoriyaya çatdırmaq idi. Laçın-Xankəndi yolunda keçirilən aksiyanın konsepsiyasını Nyu-Yorkun mərkəzi meydanında nümayiş etdirərək dünya ictimaiyyətinə bölgədə yaşanan ekoloji problemlərin və sosial təsirlərin reallığını göstərdik. Bu təşəbbüs Azərbaycan həqiqətlərini beynəlxalq platformada tanıtmaq, ölkəmizin haqq səsini geniş auditoriyaya çatdırmaq və ekoloji maarifləndirmə rolunu daşımaq məqsədini güdürdü.
Mən hesab edirəm ki, hər bir iş adamı yalnız iqtisadi layihələrlə kifayətlənməməli, həm də milli maraqların müdafiəsində və sosial məsuliyyətdə fəal olmalıdır. Bu aksiyalar Azərbaycanın nüfuzunu gücləndirir, ölkəmizin vətənpərvərliyini və sahibkarlıq fəallığını nümayiş etdirir. Bizim üçün əsas məqsəd odur ki, biznes yalnız mənfəət üçün deyil, həm də ölkənin inkişafı və beynəlxalq tanınması üçün xidmət etsin. Bu təşəbbüslər həm də gənc sahibkarları sosial məsuliyyət və ekoloji təfəkkür üzərində düşünməyə təşviq edir. Şübhəsiz ki, bu kontekstdə fəaliyyətimiz bundan sonra da daam edəcək və vaxtaşırı olaraq ictimaiyyətə bu barədə məlumatlar təqdim ediləcək.
İmran Kərimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 28 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















