Gümrü merinə dəstək aksiyasının 33 iştirakçısı saxlanılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 21 oktyabr, AZƏRTAC
Gümrü şəhərinin meri Vardan Qukasyana dəstək aksiyasının iştirakçıları arasında saxlanılanların sayı 33 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın istintaq komitəsi məlumat yayıb. “Kütləvi iğtişaşlarda iştirak etmək və ədalət mühakiməsinə mane olmaq” maddəsi ilə başlanmış cinayət işi çərçivəsində 33 nəfər saxlanılıb”, - deyə istintaq komitəsinin mətbuat katibi Kima Avdalyan bildirib.
Vardan Qukasyanın vəkili Aramayis Ayrapetyan jurnalistlərə açıqlamasında merin “rüşvətxorluq”da ittiham edildiyini bildirərək, bunu siyasi təqib adlandırıb. O qeyd edib ki, Qukasyan günahını etiraf etmir.
Bundan əvvəl Ermənistanın korrupsiyaya qarşı mübarizə komitəsinin yaydığı məlumata görə, genişmiqyaslı əməliyyat-istintaq tədbirləri nəticəsində Gümrü şəhərinin meri və şəhərin baş memarı tərəfindən rüşvətxorluq halları ilə bağlı məlumatlar əldə edilib. Bələdiyyə sədri də daxil olmaqla, başlanmış cinayət işi çərçivəsində 8 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.


