Icma.az
close
up
RU
Gürcüstan Avropa İttifaqı: etimadsızlıq davam edir

Gürcüstan Avropa İttifaqı: etimadsızlıq davam edir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Son dövrlər Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında gərginlik müşahidə olunur. Bu, təkcə diplomatik ritorika səviyyəsində qalmır, artıq siyasi, iqtisadi və institusional müstəvilərdə də özünü göstərir. Mövcud vəziyyət bir tərəfdən Aİ-nin genişlənmə siyasətində yaşanan daxili ziddiyyətləri, digər tərəfdən isə Gürcüstanın dövlət suverenliyi və daxili siyasi seçimini qorumaq istiqamətində getdikcə daha prinsipial mövqe sərgilədiyini aydın şəkildə nümayiş etdirir. Görünən odur ki, Gürcüstan–Aİ münasibətləri qarşılıqlı gözləntilər dövründən fərqli, yeni mərhələyə qədəm qoyub.

Şübhəsiz, bu gərginlik təsadüfi və epizodik xarakter daşımır. Əksinə, uzun müddət Gürcüstan–Aİ münasibətlərinin əsasını təşkil etmiş “normativ inteqrasiya” modeli artıq effektivliyini itirməyə başlayıb. Aİ-nin demokratik dəyərlərin ixracı və siyasi şərtlər üzərindən təsir mexanizmi Gürcüstan cəmiyyətində və siyasi elitada əvvəlki kimi konsensus yaratmır. Bu isə Brüsselin normativ güc kimi etibarlılığına ciddi suallar doğurur.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin açıqlamaları rəsmi Tbilisinin mövqeyini açıq şəkildə ifadə edir. Onun fikrincə, Brüssel ilə yaranmış gərginlik birtərəfli problem deyil, Aİ-nin Gürcüstan demokratiyasına yanaşmasında yol verdiyi sistemli səhvlərin nəticəsidir. Baş nazir vurğulayıb ki, əsas problem Avropa bürokratiyasının gürcü xalqının demokratik seçimini tanımaması və seçilmiş hakimiyyətə qarşı qərəzli və hörmətsiz münasibət sərgiləməsidir. Bu yanaşma Aİ-nin tez-tez bəyan etdiyi “demokratik legitimliyə hörmət” prinsipinə ziddir.

“Gürcüstan daxili siyasi seçimini kənar mərkəzlərin diktəsi ilə dəyişmək niyyətində deyil” fikri isə rəsmi Tbilisinin Aİ ilə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında qurmaq istədiyini göstərir. Bu mövqe Gürcüstanın xarici siyasətində suverenlik vurğusunun gücləndiyini və qərarvermə prosesində milli maraqların ön plana çəkildiyini təsdiqləyir. Postsovet məkanında bu yanaşma Qərblə əməkdaşlığı davam etdirməklə yanaşı, siyasi manevr imkanlarını qorumaq cəhdinin tərkib hissəsi sayılır.

Bu kontekstdə viza liberallaşdırılması məsələsi xüsusi əhəmiyyət kəsb edir. İrakli Kobaxidzenin sözlərinə görə, Avropa bürokratiyası bu alətdən uzun müddət məqsədsiz və siyasi təzyiq mexanizmi kimi istifadə edib, nəticədə onun təsir gücü xeyli zəifləyib. Əvvəllər Gürcüstan cəmiyyətində güclü motivasiya yaradan viza rejimi məsələsi artıq siyasi şantaj vasitəsi kimi əvvəlki effekti vermir. Mümkün qadağanın Gürcüstanda ciddi siyasi nəticələr doğurmayacağına dair mövqenin səsləndirilməsi Brüsselin yumşaq güc strategiyasında aşınmanın açıq göstəricisidir: “Ümid edirəm ki, heç olmasa bunu anlayırlar ki, şantajın bu son aləti ilə də ölkəmizdə süni şəkildə inqilab yarada bilməyəcəklər. Çünki cəmiyyət sağlam düşünür və Avropa bürokratiyasının ədalətsiz şəkildə qəbul etdiyi bütün qərarlara praqmatik yanaşır. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, onlar qeyri-praqmatik qərar qəbul etməyəcəklər. Nəzəri cəhətdən belə bir qərar qəbul etsələr belə, yenə də inqilab yarada bilməyəcəklər və nəticə etibarilə gürcü xalqına qarşı şantaj üçün əlində qalan son aləti də itirmiş olacaqlar”, – İrakli Kobaxidze bildirib.

Hökumət başçısı Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun açıqlamasını da tənqid edib. Yada salaq ki, o, Gürcüstanda digər ölkələrlə müqayisədə “misilsiz demokratik geriləmə” yaşandığını iddia edərək, hökumətin “fərqli davranmalı” olduğunu vurğulayıb. Eyni zamanda, Aİ-nin vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstəyi davam etdirəcəyini bəyan edib: “Biz, əlbəttə ki, vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstəyi davam etdirəcəyik, çünki bu, təkcə insanlara ümid vermək üçün deyil, həm də hökumətə xalqın iradəsini nəzərə almadıqda haqlı olmadıqlarını demək üçün çox vacibdir. Həqiqətən, doğrudan da ümid edirəm ki, Gürcüstan hakimiyyəti, hökumət, xalqınızın dəstəyi ilə Avropa yoluna qayıdacaq”.

Bu arada diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, bütün siyasi gərginliklər maliyyə müstəvisində də konkret nəticələr doğurub. Aİ-nin Gürcüstana ayırmalı olduğu 120 milyon avro həcmində dövlət səviyyəli maliyyə yardımının əvvəlcə 2024-cü il üçün, daha sonra isə 2025-ci ildə də dondurulması münasibətlərdəki böhranın açıq praktik təzahürlərindəndir. Avropa Komissiyası 2026-cı ildə də maliyyələşmənin bərpasının çətin olacağını bildirir. Brüssel bu qərarları demokratik meyarlarla əsaslandırsa da, Gürcüstan hakimiyyəti onları siyasi təzyiq və şantaj aləti kimi dəyərləndirir, maliyyə yardımlarının siyasi şərtlərlə bağlanmasının tərəfdaşlıq ruhuna zidd olduğunu vurğulayır.

Gürcüstan hazırda Avropa qitəsində və regionda ən yüksək iqtisadi artım tempinə malik ölkələrdən biridir. Ölkə iqtisadiyyatının həcminin ilk dəfə 100 milyard larini keçməsi və iri investisiya layihələrinin gündəmdə olması rəsmi Tbilisinin iqtisadi özünəinamını nümayiş etdirir. Hökumət hesab edir ki, məhz bu iqtisadi uğurlar müəyyən daxili və xarici dairələri narahat edir. O ki qaldı Aİ-nin yardımlarına, bu dəstək, əsasən, QHT-lərə yönəldilirdi: “Gürcüstanda qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin fəaliyyəti süni şəkildə qurulmuş bir sistem təşkil edir və bu sistem altında xarici dövlətlər tərəfindən maliyyələşdirilən strukturlar, faktiki olaraq, fəaliyyət göstərir və Qərbin maraqlarına xidmət edirlər”.

Bunlar onu deməyə əsas verir ki, Gürcüstan hakimiyyəti xarici təzyiqlər fonunda siyasi kursunu dəyişmək niyyətində deyil və daxili konsolidasiyanı prioritet sayır. Ümumilikdə, mövcud gərginlik Gürcüstan–Aİ münasibətlərinin ideoloji yaxınlıq mərhələsindən daha çox maraqların uzlaşdırılması mərhələsinə keçdiyini göstərir. Əgər Aİ Gürcüstanı geosiyasi və ya daxili siyasi seçim qarşısında qoymaqda israr edərsə, bu, münasibətlərin daha da soyumasına deyil, eyni zamanda, Aİ-nin Cənubi Qafqazdakı nüfuzunun zəifləməsinə gətirib çıxaracaq. Digər tərəfdən, Gürcüstan üçün əsas çağırış suverenlik ritorikasını institusional sabitlik və demokratik legitimliklə balanslaşdırmaq olacaq.

Bununla bağlı Gürcüstan parlamentinin sabiq deputatı İsak Novruzov XQ-yə bildirdi ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin açıqlamaları rəsmi Tbilisinin mövqeyini aydın şəkildə ifadə edir: “Gürcüstan–Aİ münasibətlərində formalaşmış dərin etimadsızlıq artıq sistemli xarakter alıb. Rəsmi Tbilisinin mövqeyi ondan ibarətdir ki, Avropa inteqrasiyası prosesində əsas şərt yalnız normativ tələblər deyil, həm də qarşılıqlı hörmət və suverenliyə yanaşmadır. Gürcüstan rəhbərliyi Aİ-nin istifadə etdiyi siyasi və maliyyə alətlərini təzyiq mexanizmi kimi qiymətləndirərək, bu vasitələrin ölkə daxilində gözlənilən nəticə vermədiyini açıq şəkildə bildirir.

Aİ-nin Gürcüstanla bağlı ritorikası daha çox dəyərlər və demokratik standartlar üzərində qurulub. Brüssel hesab edir ki, hökumətin atdığı addımlar Avropa yolundan uzaqlaşma deməkdir və buna reaksiya vermək zəruridir. Lakin bu yanaşma Gürcüstan cəmiyyətinin bir hissəsi tərəfindən daxili işlərə müdaxilə kimi qəbul olunur və Aİ-yə inamın azalmasına səbəb olur”.

Beləliklə, hazırkı vəziyyət tərəflər arasında münasibətlərin yenidən formatlanmasını zəruri edən dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu prosesin gələcək istiqaməti Aİ-nin genişlənmə siyasətini nə dərəcədə çevik şəkildə yenidən nəzərdən keçirəcəyindən və Gürcüstanın daxili siyasi konsolidasiyanı hansı səviyyədə təmin edə biləcəyindən asılı olacaq.

Əgər dialoq mexanizmləri bərpa olunmazsa, gərginlik uzunmüddətli siyasi ayrılığa çevrilə bilər. Gürcüstan üçün əsas çağırış Avropa kursunu qoruyaraq suveren qərarvermə imkanlarını itirməməkdirsə, Avropa İttifaqı üçün əsas məsələ regionda təsirini təzyiqsiz və etibarlı tərəfdaşlıq modeli ilə saxlamaqdır.

P.ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see245

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see238

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see234

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see229

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see191

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see191

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see176

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see164

Dünya bazarlarında WTI neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun 2026 08:44see164

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see163

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see162

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see162

Futbol üzrə 2026 cı il dünya çempionatında artıq on avtoqol var

25 İyun 2026 03:06see160

100 yaşlı superfanat DÇ 2026 nın əsas ulduzuna çevrildi: Messi, mənimlə evlənərsən? VİDEO

25 İyun 2026 08:35see159

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see158

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see158

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see157

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see157

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see153

Messi və Ronaldu elə bir şey etdilər ki...

25 İyun 2026 01:34see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri