Gürcüstanda növbəti “Maydan” uğursuzluğu
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qonşu Gürcüstanda ötən il baş tutan parlament və prezident seçkilərindən sonra cari il oktyabrın 4-də yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Lakin bu dəfə də seçkilər insidentsiz ötüşməyib. Belə ki, parlament və prezident seçkiləri ərəfəsində olduğu kimi, bələdiyyə seçkilərindən sonra da müxalifət təmsilçiləri Tbilisidə küçələrə çıxaraq elan olunan nəticələrə etirazlarını bildiriblər. Bəs, əslində, qonşu ölkədə nə baş verir? Niyə Gürcüstanda hər seçki ərəfəsində ara qarışır? Müxalifət nə istəyir? Xalq kimin tərəfindədir? Beləliklə, Gürcüstanın siyasi həyatına nəzərə salaq.
12 siyasi partiyanın iştirakı ilə keçirilən seçkilər
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərdə səsvermə saat 08:00-da başlayıb və 20:00-da başa çatıb. Ölkə üzrə, ümumilikdə, 3061 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi qaydada təşkil olunub. Bundan əlavə, cəzaçəkmə müəssisələrində də 10 seçki məntəqəsi açılıb.
Seçicilərin ümumi sayı 3 513 818 nəfərdir. Onlardan təxminən 3 130 348 nəfər elektron texnologiyalardan istifadə etməklə səs verib. 47 min gənc ilk dəfə səsvermədə iştirak edib. 60 754 seçici isə daşınan qutular vasitəsilə səsvermə üçün müraciət edib.
Seçkilərdə 12 siyasi partiya qatılıb. Onların sırasında “Vətən, Dil, İnam”, “Mühafizəkarlar Gürcüstan üçün”, “Bizim Vahid Gürcüstanımız”, “Azad Gürcüstan”, “Patriotlar Alyansı”, “Güclü Gürcüstan - Lelo”, “Gürcüstan”, “Yaşıl Partiya”, “Xalq hökuməti”, “Gürcüstan üçün Qaxariya”, “Qırçı” və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyaları var.
Majoritar dairələr üzrə 2 228 namizəd yarışıb, onlardan 32-si təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Seçki prosesini 28 beynəlxalq, 27 yerli təşkilat, həmçinin 73 KİV-dən minə yaxın jurnalist izləyib.
“Gürcü Arzusu” yenə də qalibdir
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, saat 20:00-a qədər 1 milyon 438 min 116 seçici məntəqələrə gəlib ki, bu da ümumi seçicilərin 40,93 faizini təşkil edir. MSK-nın sözçüsü Natia İoseliani səsvermənin gedişi barədə danışaraq bildirib: “Bəzi hallarda insidentlər və texniki nasazlıqlar müşahidə olunub, lakin seçki administrasiyası buna qanunvericiliyə uyğun olaraq operativ reaksiya verib. Dairə seçki komissiyalarının məlumatına əsasən, foto və videoçəkiliş qaydalarının pozulması, seçki məntəqəsinin təşkili, seçki məntəqəsinin hüdudlarından kənarda seçicilərin qeydiyyatı və s. ilə bağlı 24 şikayət daxil olub”.
Ötən il baş tutan parlament və prezident seçkilərində olduğu kimi, bu dəfə də hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qalib gəliib. Bu barədə Mərkəzi Seçki Komissiyasının ilkin məlumatında bildirlib.
İlkin nəticələr göstərir ki, ölkə üzrə səs payı belədir: “Vətən, Dil, Din” - 4 203 səs (0,372 faiz), “Gürcüstan üçün Mühafizəkarlar” - 31 306 səs (2,768 faaiz), “Bizim Vahid Gürcüstanımız” - 4 697 səs (0,415 faiz), “Azad Gürcüstan” - 3 689 səs (0,326 faiz), “Gürcüstan Vətənpərvərlər Alyansı” - 9 579 səs (0, 847 faiz), “Güclü Gürcüstan - Lelo” - 76 690 səs (6,782 faiz), “Gürcüstan” - 1 720 səs (0,152 faiz), Yaşıllar Partiyası - 1 906 səs (0,169 faiz), “Xalq hökuməti” - 2 692 səs (0,238 faiz), “Gürcüstana Sevin” - 43 647 səs (3,86 faiz), “Qırçı” - 37 348 səs (3,303 faiz), “Gürcü Arzusu” - 913 320 səs (80,768 faiz).
“Gürcü Arzusu” partiyasının rəhbərliyi seçkilərin nəticəsini xalqın hakim partiyaya olan etimadının göstəricisi kimi qiymətləndirib. “Biz xalqın bu etimadını çox yüksək qiymətləndiririk və bir daha söz veririk ki, bu etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə Baş nazir İrakli Kobaxidze vurğulayıb.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə “X” səhifəsindəki paylaşımında bələdiyyə seçkilərinin hökumətə etimad referendumu kimi mühüm siyasi məna daşıdığını vurğulayıb. O qeyd edib ki, “Gürcü Arzusu” partiyası bu referendumu inandırıcı şəkildə qazanıb: “Biz bu seçkilərdə sülhü müharibədən, vətənə sədaqəti yad hökmranlıqdan, gələcəyi keçmişdən üstün tutan xalqla birlikdə qalib gəldik”, - deyə Ş.Papuaşvili vurğulayıb.
Müxalifətin “hakimiyyəti devirmək” planı iflasa uğrayıb
Qeyd etdiyimiz kimi, Gürcüstanda bələdiyyə seçkiləri müxalifətin etirazları ilə müşayiət olunub. Etiraz aksiyalarının iştirakçıları hakimiyyəti ələ keçirmək məqsədilə meydanlara toplaşıblar. Lakin bu dəfə də Tbilisi küçələrində müxalifətin “Maydan” uğursuzluğu təkrarlanıb. Gürcüstanın Daxili İşlər Nazirliyi 4 oktyabrda Tbilisidə keçirilən etiraz aksiyasının əsas təşkilatçılarının saxlanıldığını açıqlayıb.
Nazirliyin məlumatına görə, saxlanılanlar arasında “Milli Hərəkat” partiyasının üzvləri Murtaz Zodelava və İrakli Nadiradze, “Rustaveli Prospekti” hərəkatının liderlərindən biri Paata Burçuladze, “Strategiya Ağmaşenebeli” partiyasının nümayəndəsi Paata Manjqaladze və polkovnik Laşa Beridze var.
Daxili işlər nazirinin müavini Aleksandr Daraxtvelidze bildirib ki, saxlanılan şəxslər Gürcüstanın Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırışlar etmək, qrup şəklində zorakılığın təşkili, rəhbərliyi və ona qoşulmaqda ittiham olunurlar. Onun sözlərinə görə, bu cinayətlərə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaq materiallarına əsasən, saxlanılan şəxslər Azadlıq meydanında keçirilən mitinqdə zorakılıq çağırışları ediblər, bəzi iştirakçılar isə Prezident Sarayının mühafizə baryerlərini dağıdaraq binaya daxil olmağa cəhd göstəriblər.
DİN-dən bildirilib ki, hüquq-mühafizə orqanları mitinq iştirakçılarını dəfələrlə sülh yolu ilə aksiya keçirməyə çağırsa da, bu tələblər yerinə yetirilməyib.
İstintaq Cinayət Məcəlləsinin 317-ci, 222-ci, 225-ci və 187-ci maddələri ilə aparılır. Məlumata əsasən, Murtaz Zodelava və İrakli Nadiradze Rustaveli prospektində, Paata Burçuladze isə “Helsikor” klinikasında saxlanılıb. Saxlanılan 5 nəfər 4 oktyabr aksiyasının təşkilat komitəsinin üzvləridir.
Bu arada Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat məlumatı əsasında həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində xeyli sayda odlu silah, döyüş sursatı və detonatorlu partlayıcı maddələr aşkar edilib. Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, iş materiallarına görə, Ukraynada fəaliyyət göstərən və çoxsaylı sübutlarla təsdiqlənən hərbi hissələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə Gürcüstan vətəndaşı B.Ç. çoxlu sayda odlu silah, sursat və partlayıcı maddələr alıb. Oktyabrın 4-də mütəşəkkil dəstə zorakı yolla Tbilisidə Prezident Sarayını ələ keçirməli, eyni zamanda, paralel olaraq, sözügedən sursatlardan istifadə edilməklə təxribatlar həyata keçirilməli idi.
DTX əməkdaşlarının həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində, sözügedən döyüş sursatı və partlayıcı maddələri Tbilisinin mərkəzinə çatdırmalı olan dəstənin bəzi üzvləri zərərsizləşdirilib.
Xüsusi anbarda tapılan odlu silah, döyüş sursatı və partlayıcı maddələr Tbilisi yaxınlığındakı meşədə gizlədilibmiş.
B.Ç.-nin əmri ilə detonatoru işə sala biləcək pult düzəldən şəxs də müəyyən edilərək DTX-yə gətirilib və onunla bağlı istintaq hərəkətləri aparılır.
B.Ç. barəsində axtarış elan ediləcək. Onun mənzilində axtarış aparılıb, oradan Gürcüstanda olarkən istifadə etdiyi telefonu götürülüb. Telefonun yoxlanılması nəticəsində əsas sübutlardan biri - bir neçə videoçəkiliş götürülüb, burada B.Ç. hələ istintaq tərəfindən müəyyən edilməmiş şəxsə aldığı silah və sursatları göstərir və məsələ ilə bağlı bir növ hesabat verir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətmiş digər şəxslərin müəyyən edilməsi, tutulması istiqamətində intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Kaxa Kaladze Tbilisidə, Daur İsmayılov Marneulidə mer seçiliblər
Paytaxt Tbilisi meri uğrunda seçkilər daha rəqabətli şəraitdə keçib. Burada 9 namizəd mübarizə aparıb. Qaydalara əsasən, qalib gəlmək üçün namizəd səslərin 50 faizindən çoxunu toplamalıdır. MSK-nın məlumatında bildirilir ki, Tbilisi meri vəzifəsinə keçirilən bələdiyyə seçkilərində hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze səslərin 100 faizinin hesablanmasından sonra 71,621 faiz səs toplayıb. İkinci yeri “Güclü Gürcüstan” və “Qaxariya Gürcüstan naminə” müxalifət partiyalarının namizədi İrakli Kupradze tutub - o, 12,275 faiz seçicinin dəstəyini qazanıb. Üçlüyü “Qırçı” liberal partiyasının namizədi Yaqo Xviçiya tamamlayır - onun lehinə 7,624 faiz səs var. Qeyd edək ki, K.Kaladze 2017-ci ildən paytaxtın meri postunu tuturdu.
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Marneuli şəhəri meri vəzifəsinə namizədi Daur İsmayılov qalib gəlib. O, yerli seçkilərdə 94 faiz səs toplayıb.
Marneulidə 81 seçki məntəqəsinin 41-nin nəticələrinə əsasən, soydaşımızın rəqibləri müxalif “Güclü Gürcüstan - Lelo” partiyasının namizədi Əsəd Əliyev 4,7 faiz, “Bizim Vahid Gürcüstan” partiyasının namizədi Əli Bədirov isə 1,4 faiz səs toplayıblar.
Aİ-nin bəyanatı və Gürcüstan hakimiyyətinin sərt mesajları
Son vaxtlarda Qərb dairələrinin, o cümlədən də Avropa İttifaqının (Aİ) Gürcüstan hakimiyyətini hədəfə aldığı hər kəsə bəllidir. Qərb dairələrində rəsmi Tbilisinin milli iradəyə əsaslanan siyasəti birmənalı qarşılanmır. Hər seçki ərəfəsində Aİ tərəfindən hakimiyyətin ünvanına ittihamlar səsləndirilməsi, Gürcüstanın Aİ-yə inteqrasiya yolunun əngəllənməsi, ölkəyə maliyyə dəstəyinin dayandırılması və digər faktlar bunun əyani təsdiqidir.
Həmçinin bələdiyyə çeçkiləri də hədəfə alınıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos oktyabrın 4-də Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar. Sənəddə Gürcüstanda seçkilərin müxalifətin sıxışdırılması fonunda keçirildiyi bildirilib. Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu səbəbindən seçkilər rəqabətli mühitdə keçirilməyib və seçici fəallığı nisbətən aşağı olub. “Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə çağırırıq və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq. Bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.
Gürcüstan hakimiyyəti isə Qərb dairələrindən gələn ittihamları qəbul etmir. Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının ofisində keçirilən brifinqdə bildirib ki, ölkədə konstitusiyalı quruluşu devirməyə yönəlmiş aksiyaya əcnəbilər və diplomatlar birbaşa dəstək veriblər. “Konkrekt adamlar, o cümlədən əcnəbilər və diplomatlar üzlərini göstərirlər. “Bir daha hər kəsə xatırlatmaq istəyirəm ki, konkret strukturların nümayəndələri aksiyaya birbaşa dəstək veriblər. Buna baxmayaraq, bu gün susurlar. Cəmiyyət bunu görür”, - deyə Baş nazir bildirib.
İrakli Kobaxidzenin sözlərinə görə, Avropa İttifaqının Gürcüstandakı səfiri kəskin bəyanat yaymağa, Tbilisi küçələrində baş verən qanunsuz hərəkətləri qətiyyətlə pisləməyə borcludur. Amma o, etiraz aksiyalarını dəstəklədiyini bildirib. Aİ səfiri buna görə xüsusi məsuliyyət daşıyır. “Gürcüstan xarici xüsusi xidmət orqanlarına hökuməti devirmək imkanı verəcək ölkə deyil”, - deyə Kobaxidze əlavə edib.
Baş nazir Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi qətnaməni isə Gürcüstan xalqına qarşı növbəti hücum kimi qiymətləndirib. Hökumət başçısının sözlərinə görə, sənəd Avropa bürokratiyasında mövcud olan çətin vəziyyəti bir daha üzə çıxarır və real dəyərə malik deyil. “Bu qətnamə Avropa bürokratiyasında yaranmış çətin vəziyyətin ifadəsidir. Onların arasında tənqidə tab gətirə bilməyən qeydlər də var. Bu, gürcü xalqına qarşı növbəti hücumdur və belə qətnamələrin heç bir əhəmiyyəti yoxdur”, - deyə İ.Kobaxidze vurğulayıb.
Mübariz ABDULLAYEV

