Icma.az
close
up
RU
Hacı Əliyev: “Gərək bəzi dostları yaxınıma buraxmazdım” MÜSAHİBƏ

Hacı Əliyev: “Gərək bəzi dostları yaxınıma buraxmazdım” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hər yarışın öz gözəlliyi var. Olimpiya çempionu da, dünya çempionluğu da gözəl səslənir. Amma bilirsiniz də, mən Azərbaycanda sərbəst güləş üzrə yeganə 3 qat dünya çempionuyam".

Bunu sərbəst güləş üzrə 3 qat dünya, 4 qat Avropa çempionu, 2 dəfə də Olimpiada mükafatçısı olan Hacı Əliyev futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– 1991-ci ildə Naxçıvanda dünyaya göz açmısan. Neçə il orada qalmısan?

– 1-ci sinifə qədər demək olar ki, Naxçıvanda yaşamışam. Amma 1-ci sinifi Bakıda oxumuşam. Dərs ilini başa vurduqdan sonra yenidən Naxçıvana qayıdası olduq. Yenidən 4-cü sinifə qədər günlərim doğulduğum yerdə keçib. Orada 3 nömrəli rus dili təmayüllü məktəbdə oxumuşam. Ondan sonra atam güləşlə bağlı qərar verdi və biz həmişəlik Bakıya köçdük.

– Uşaqlıq illərin orada necə keçdi?

– Biz Naxçıvan şəhərinin özündənik. O da balaca şəhərdir. Bütün yaxın qohumlarım elə yaxın ərazilərdə qalırdı. Anamın rəhmətlik atası, yəni babam da Naxçıvanın mərkəzində həyət evlərində qalırdı. Mənim anamgil 8 uşaqdırlar, təsəvvür edin ki, hər birinin də 3-4 uşağı, biz demək olar ki, hər gün babamgilin həyətində yığışırdıq. Həmişə mehriban şəraitdə yaşamışıq. Bu gün hamı Bakıya gəlib, hərənin öz problemi. Amma biz Naxçıvanda qalanda tamam fərqli mühit idi. Buna baxmayaraq, yayda yenə Naxçıvana gedib bir yerə yığışırıq.

– Güləşə maraq atandan yaranıb?

– O vaxt fərqli dövrlər idi. Ölkə müharibədən çıxmışdı, internet yox idi. İndiki uşaqlar “İnstagram”a baxıb Hacı Əliyev və Rafael Ağayevə baxıb ilhamlanır. O vaxt bizim idmanla bağlı fikirlərimiz yox idi. İşimiz-gücümüz səhərdən axşama qədər futbol oynamaq idi. Ona görə də atamdan görüb-götürmüşəm. O, nəticə qazanan güləşçi olmasa da, demək olar ki, Azərbaycan güləşində atamı tanımayan olmayıb. Güləş üçün can yandıran, əziyyət çəkən biri olub. Atam qardaşımla məni bu yola yönəltdiyinə görə biz də məcbur olaraq onun dediklərini yerinə yetirmişik. Şükür ki, bunun bəhrəsini də gördük.

– Artıq nə vaxtdan valideynlərin, ətrafın və özün anladın ki, istedadlısan?

– Doğrusu, 5 yaşım olanda 10-a yaxın xalq mahnısını əzbər bilirdim. Musiqi sahəsində çox istedadlı idim. Qohum-əqraba yığışıb mənə qulaq asırdı, çəkinmədən oxuyurdum. O vaxt güləşə yararlı uşaq deyildim, çox arıq idim. Nə vaxtsa güləşçi olacağımı düşünmürdüm. Amma atam bizi güləşə qoyanda, ilk yarışımızda qardaşım Yaşar 1-ci, mən isə 3-cü yerə çıxdım. Atam gördü ki, bizdə alınır və sona qədər dəstək oldu.

– 2014-cü ildə artıq dünya güləşində Hacı Əliyev rüzgarı əsməyə başladı. Amma 1 il əvvəl qardaşın Avropa çempionatında bürünc medal qazandı. Onun karyerasını necə dəyərləndirərdin.

– Hazırda Yaşar yeniyetmələrdən ibarət komandanın məşqçisidir. Özü də yeniyetmə və gənclərin yarışlarında çox gözəl çıxış edib. O, yeniyetmə, gənclər və hətta böyüklər arasında Azərbaycan çempionu olub. Avropa və dünya çempionatlarında da medalları var. Qardaşım böyüklərin yarışına gələnə qədər çox yaxşı nəticələr qazanıb. Böyüklərə gələndə dünya kubokunda milli komandanın üzvü kimi bürünc medal əldə edib. Onun Avropa çempionatında bürünc medal qazandığı turnirdə mən mübarizəni erkən dayandırmışdım. Ailəmizə ilk böyük turnirlərdə medalı məhz o gətirib. Onun bu nailiyyəti məni çox həvəsləndirdi. Çünki biz bir yerdə məşq edir, bir yerdə əziyyət çəkirdik. Hərçənd mən daha çalışqan və daha istəkli olmuşam, bunu Yaşar özü də təsdiqləyir. Gördüm ki, qardaşım bunu bacarıbsa, mən də edə bilərəm. Belə düşünüb istəyimə çatdım. Onu da deyim ki, Yaşar 55 kq-da güləşirdi və bu çəki dərəcəsində güclü rəqabət olub. Namiq Abdullayev də bu çəkidə mübarizə aparıb. O dövrdə legioner güləşçilər də Azərbaycana axışmağa başladı, bu da Yaşarın çətin rəqabətlə üzləşməsinə səbəb oldu. İdman elə bir şeydir ki, burada bir az bəxtin də gətirməlidir. Yaşar Bakıda keçirilən Avropa Oyunlarında erməni idmançıya qalib gəlsə də, təsəlliverici görüşdə uduzduğuna görə medal qazana bilmədi. Bir az bəxtsizlik onu həvəsdən saldı, karyerasını bitirdi. Amma yenə də, şükür Allaha, milli komandada çalışmağa başladı, bu gün də Avropa və dünya çempionatlarında uğur qazanan yetirmələri var.

– Hacı hansı keyfiyyətlərinə görə Yaşarı üstələdi?

– Mən təkcə Yaşarı yox, Azərbaycanda bir çox güləşçiləri üstələmişəm. Amma konkret aramızdakı müqayisədən söhbət gedirsə, mən daha çalışqan idim. Səhər tezdən durub məşqə qədər qaçırdım, məşqdə də hamıdan artıq çalışırdım, bir işin arxasınca sona qədər gedirdim. Çalışqanlığım məni ucaltdı. Hamı Toğrul Əsgərov kimi istedadı sayəsində qabağa getmir ki…

– 3 qat dünya və 4 qat Avropa çempionusan. Bunların neçəsini verib əvəzində Olimpiadanın qızıl medalını götürərdin?

– Hər yarışın öz gözəlliyi var. Olimpiya çempionu da, dünya çempionluğu da gözəl səslənir. Amma bilirsiniz də, mən Azərbaycanda sərbəst güləş üzrə yeganə 3 qat dünya çempionuyam. Bunu kiminsə etməsi üçün gərək hələ çox vaxt keçsin. Son 8 ildə ümumiyyətlə, sərbəst güləşdə dünya çempionumuz yoxdur. Əlbəttə, olimpiya çempionu olmaq hər bir idmançının arzusudur. Mən şəxsən bu qızılları olimpiya çempionluğuna dəyişməzdim. Baxın, bizim olimpiya çempionlarımız var, amma 3 qat dünya çempionumuz yoxdur. Bu, mənim üstünlüyümdür. Bununla yanaşı, cənab prezident də deyib ki, “Hacının 3 qat dünya çempionu olmağı Olimpiadanın qızıl medalına bərabərdir”. Mən məhz onun dəstəyi sayəsində olimpiya çempionları kimi olimpiya təqaüdü, həmçinin prezidentin fəxri təqaüdünü də alıram. Ölkədə tək-tük idmançı var ki, bu iki təqaüddən yararlanır. Mən bunu çox qiymətləndirirəm. Bunu təkrarlamaqdan yorulmayacağam.

– Yunan-Roma güləşi ilə məşğul olsaydın, yenə də belə nəticələrdən qazanardın?

– Yunan-Romanın da sərbəstə oxşarlığı var, biz demək olar ki, federasiya daxilində bir ailəyik. Mənə elə gəlir ki, nəticə qazana bilərdim. Ümimiyyətlə, istənilən idman növündə uğur əldə edərdim.

– Olimpiya çempionu olmaq üçün səndə nə çatmadı?

– Bunu haradasa bəxtsizliklə əlaqələndirərdim. Hər halda, finala qədər irəliləmişəm. Nəzərə alaq ki, Tokiodakı final görüşünün başa çatmasına 20 saniyə qalmış uduzdum. Çempion olmaq üçün hər şeyi etmişdim, hər əziyyəti çəkmişdim. Fikrimcə, karyeramın ən pik dövrü o Olimpiadaya təsadüf edirdi. Mənə elə gəlir ki, çox tez sevindim. Elə bildim ki, artıq qələbə qazandım. Təəssüf ki, vaxtı nəzərə almadım, rəqibin qabağında dayandım, halbuki bunu etməməli idim. Buna baxmayaraq, təəssüflənmirəm. Olimpiya Oyunlarında iştirak etmək böyük uğurdursa, onu medalla başa vurmaq daha böyük nailiyyətdir. 100 ildir güləşçi yetişdirib, böyük turnirlərdə medalı olmayanlar var, mənim hesabımda təkcə 2 olimpiya medalı var. Olimpiya Oyunlarında uğursuz olduğumu düşünmürəm.

– Geriyə qayıtsaydın, daha yaxşı olması üçün nəyi dəyişərdin?

– Bəzi xasiyyətlərimi. Xüsusən də, lazımsız dostlarımı dəyişərdim. Onları yaxınıma buraxmazdım. Həyatımda lazımsız insanlar olub. Güləşdiyim dövrlərdə belələrinin sayı çox idi. Düzdür, mən rejimə riayət edən adam olmuşam, amma daha yaxşı ola bilərdi. Gərək bəzi insanlardan uzaq olaydım. Təbii ki, fikrimi yayındıranlar olub. Bilirsiniz, qələbə qazanandan sonra dost da çoxalır. Pulun olanda ətrafındakı insanların sayı artır. Məncə, nəticə qazanmaq üçün bir müddət insanlardan uzaqlaşmaq lazımdır. Qohum və ya dost həmişə olacaq, amma bugünkü vaxtınız, sağlamlığınız və imkanlarınız olmayacaq.

– Tokiodan sonra karyeranı bitirmək haqda fikirləşdin? Bu, ağlından keçdi?

– Tokio Olimpiadasından öncə çox ağır bir göz əməliyyatı keçirmişdim. Məndə göz dibində qopma əmələ gəlmişdi. Məşhur oftalmoloqumuz Paşa Qəlbinurun oğlu Tural Qəlbinur mənim gözümü əməliyyat etdi. Ümumiyyətlə, biz gələcəkdə bir film çəkmək istəyirik, o ekran əsərində Tural müəllim də yer alacaq. Həkim mənə ikinci dəfə həyat verdi. Göz ən şirin nemətdir, Tural mənə o nuru qaytardı. Mən buna qədər çox əməliyyat keçirmişəm, amma göz ayrı bir şeydir. Gözümdə problemlər mənə ciddi problem yaradırdı. Belə bir ağır əməliyyatdan sonra Olimpiadaya getdim. Belə əməliyyat keçirirsənsə, bir neçə il özünü qorumalısan, amma mən 2 ay sonra Tokioya lisenziya qazandım. Çox riskli addım atdım. Olimpiadadan sonra yenə də gözümdə problemlər yarandı. Tural məni ikinci dəfə əməliyyat etdi. Artıq zədələrim də çoxalırdı, göz də mənə problem yaradırdı. Fikirləşdim ki, karyeramı bitirsəm yaxşıdır. Sağlamlıq hər şeydən önəmlidir. Amma məşqçilərim yenə uğur qazana biləcəyimi söylədilər. Nə yaxşı ki, onların sözünə qulaq asdım və nəticədə 2023-cü ildə 4-cü dəfə Avropa çempionu oldum. Sonra yenə də Olimpiadaya yollandım.

– Parisdə qələbə üçün nə çatmadı?

– Paris Olimpiadasından əvvəl də dizimdən zədələnmişdim. Ora problemlərlə yollandım. Nəzərə alaq ki, 34 yaşım var idi. Ən güclü rəqiblərim isə 20-25 yaş arasında idi. Nəzərə alaq ki, olimpiya medalı qazanan uşaqlar vaxtilə məğlub etdiyim idmançılar idi. İnsan qəbul etmək istəməsə də, reallıqla barışmaq lazımdır. Dayanmağın da öz zamanı var. İnsan bunu hiss etməlidir.

– Tokionun Hacısı Parisdə çempion olardı?

– Məncə, olardım. Parisdə olimpiya çempionu olan yapon idmançını ayyarım qabaq Macarıstanda reytinq turnirində 5:1 hesabı ilə məğlub etmişdim. Milli komandanın uşaqları ilə görüşəndə onlara zarafatca deyirəm ki, kaş, mənim 20-22 yaşındakı dövrümə düşərdiniz, deyirlər ki, elə indi də güclüsən. Təbii ki, biz hər şeyin gözəl olmasını istəyirik, amma həyatla da hesablaşmaq lazımdır.

– İndiyə qədər çox məqçi ilə işləmisən. Onların keyfiyyətləri ilə bağlı nə deyə bilərsən? Hansının fəlsəfəsi sənə daha uyğun idi?

– Bütün məşqçilərlə yola gedən idmançı olmuşam, hamısı ilə də nəticə qazanmışam. Amma Firdovsi Umudovun dövründə medal sayım daha çox olub. Namiq Abdullayevin dövründə Olimpiadada gümüş medal qazandım – bu, böyük uğurdur. Xetaq Qayzumovun başçılığı altında 4-cü dəfə Avropa çempionu oldum. Firdovsi müəllimin vaxtında dünya çempionluqlarını sıraladım. İdman şansı gözəl şeydir. Məşqçi var ki, gəlişi ilə sənə qələbə gətirir, məşqçi də var əksinə. Bu, hər bir idman növündə var. Mənim bu mənada bəxtim gətirib. Nə yaxşı ki, belə məşqçilərim olub, onların hamısını sevirəm.

– Futbolda məşqçilərin öz oyun üslubu və dəsti-xətti var. Güləş məşqçiləri də bu mənada bir-birindən fərqlənir?

– Bu gün ən gözəl güləş üslubu hücumu sevməkdir. Yaponiya, ABŞ və İran məktəbinin nümayəndələri görüş başlayan kimi yıxmağa çalışır, sona qədər eyni tempdə güləşirlər. Amma mən düşünmürəm ki, hansısa məşqçi yetirməsinə müdafiə üslubunu aşılasın. Əlbəttə, müdafiə də lazımdır. Amma bugünkü güləş hücum və sürət üzərində qurulub. Buna baxmayaraq, məşqçilərin üslubları fərqlənir. Eləsi var fiziki gücə, bir digəri döşəkdə güləşə, başqa birisi başqa ölkələrin idmançıları ilə müntəzəm olaraq təlim-məşq toplanışı keçirməyə meyillidir. Hərənin öz fəlsəfəsi var…

– Dəfələrlə İsmayıl Muskayevlə qarşılaşmısan və yeganə güləşçidir ki, ona qalib gələ bilməmisən. Bunun səbəbi nə idi?

– Doğurdan da o, yaxşı güləşçidir, dünya çempionudur, sadəcə olaraq mən onunla güləşərkən qeyri-adi heç nə görməmişəm. Deyim belə dəhşət fiziki gücü var, yalan olar, sadəcə, onunla döşəkdə üzbəüz çıxanda bir növ hipnoz olurdum. Həmişə İsmayılın qabağında tutulmuşam. Həyatım boyunca heç bir güləşçi ilə görüşlərdə belə vəziyyətlə üzləşməmişəm. Gürcüstanlı olimpiya çempionu Vladimir Xinçiqaşvili var idi, o da mənə 3-4 dəfə qalib gəlmişdi, amma Minskdə keçirilən Avropa Oyunlarının finalında onu 10:2 hesabı ilə məğlub etdim, sonra Moskvada da ondan üstün oldum. Amma Muskayevin heç cür öhdəsindən gələ bilmədim. Mənim qalib gəldiyim idmançılara da o qalib gələ bilməyib.

– Hacı, beynəlxalq yarışlardakı əsas rəqiblərinlə dostluq münasibətlərin var? Yoxsa, elə yarışdan-yarışa görüşürsünüz?

– İdman nə qədər sağlamlıqdırsa, bir o qədər də dostluq və birlik deməkdir. Çünki biz hər zaman yarışlarda olanda görüşürük, aramızda xoş münasibətlər olur. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, ora getsəm, oranın güləşçisi məni tapmayacaq. Biləndə ki, həmin ölkədəyəm, mənimlə görüşməyə gəlirlər. Əlaqələrim çoxdur. Yaponiyadan Kubaya, ABŞ-yə, eləcə də Avropa və MDB ölkələrinə qədər. Hər yerdə titullu güləşçilərlərlə dostluq edirəm. Məsələn, Türkiyə Güləş Federasiyasının prezidenti Taha Akgül ən yaxın dostlarımdan biridir. Eləcə də Abdulrəşid Sadullayevlə də dostluq edirəm. Amerikalı Kayl Sneyderlə əlaqələrim yüksək səviyyədir. Siyahıya Cordan Barrouzla Frank Çamisonu da əlavə edə bilərəm. Rusiyalı güləşçilərinin çoxu ilə münasibətlərim yüksək səviyyədədir.

– Elə olub ki, hansısa ölkəyə getmisən, orada gözləmədiyin anda arenadan kənarda azarkeşlərin əhatəsinə düşmüsən? Yəni səni görüb yaxınlaşsınlar…

– Çox olub. Amma ən yadda qalanını deyim. Qardaşımla birgə Almatıda görüşə getmişdik, bir döyüşə çıxıb qayıtmalı idik. Yarışdan iki gün əvvəl ora getdik, bizi otelə yerləşdirdilər. Yaşara dedim ki, “gəl, oteldən çıxıb rahat gəzək, burada heç kim bizi tanımır”. Deməli, oteldən çıxdıq, sən demə, bir az aralıda idman institutu yerləşir, biz də bunu bilmirik. Elə oranın qabağından keçəndə, üstümə orada bir hücum oldu ki, gəl görəsən. Yaşar dedi ki, “burada da imkan vermədilər ki, səninlə gəzək”. İnanırsan, biz təzədən otelə qayıtdıq. Belə hadisələr Avropada da olub. Yeri gəlmişkən, onu da deyim ki, biz bir neçə il əvvəl Rafael Ağayevlə birgə Tuva Respublikasının prezidenti tərəfindən Rusiyaya qonaq çağrılmışdıq, orada şəhərdə hara gedirdik, hamı mənə yaxınlaşırdı. Tuvada güləş çox populyardır.

– Bizdə yeniyetmə yaş qruplarında çoxsaylı Avropa və dünya çempionlarımız olur. Amma sonradan onlar itib-batır. Bunun səbəbi nədir?

– Hazırda biz bununla bağlı böyük işlər görürük. Bunun üstünə çox ciddi düşmüşük. Çünki uşaqlar yeniyetmələr arasında turnirlərdə çox çəki salırlar və uğur qazanırlar. Amma gələcəklərini düşünmürlər. Onların gələcəyini düşünməyən ilk növbədə şəxsi məşqçiləridir. Məşqçilər tələsir. Elə meyvə ağacı var ki, əkirsən, meyvəsi 1 ildən sonra çıxır, elə ağac var ki, gec meyvə verir, amma satdığın zaman daha çox qazanırsan. Məşqçilər medal üçün tələsməsinlər. Milli komandanın mütəxəssisləri də məcburiyyətdən şəxsi məşqçi ilə razılaşırlar. Biz bu gün qayda çıxartmışıq ki, yeniyetmə idmançı 3 kq-dan artıq çəki sala bilməz. 15-16 yaşında uşaq Azərbaycan çempionatı üçün 6-7 kq salır, daha sonra o biri turnirlər üçün bir o qədər arıqlayır. Artıq uşaq gənc yaşına çatanda o qədər çəki itirir ki, prosesdən iyrənir, həyatdan küsür. Biz uşaqlarımızı qoruya-qoruya bura gətirib çıxartmalıyıq.

– Sərbəst güləşçilərimiz yunan-Roma güləşi ilə məşğul olanlarla müqayisədə bir qədər intizamsız olur. Bunun nəticəsində uğurun davamını gətirə bilmir. Konkret adlar çəkəcəyəm: Mahir Əmiraslanov, Əfqan Xaşalov, Murad Süleymanov, hətta dünyasını dəyişən Ruslan Surxayev… Bu, nə ilə əlaqəlidir?

– Adlarını çəkdiyiniz idmançıların hamısı perspektivli, istedadlı və bacarıqlı güləşçilər olub. Təbii ki, burada onların məsuliyyətsizliyi də problem yaradıb. Cəmiyyətdə pis insanlarla dostluq və qələbənin eyforiyası da öz sözünü dedi. Onlar intizamlı olsaydı, dünya və Avropa çempionu olardılar, hətta Olimpiadada medal da qazana bilərdilər. Təəssüf ki, pis vərdiş və pis insanlar onları qələbə dolu həyatdan uzaqlaşırdı. Amma tək güləşdə yox, digər idman növlərində də belə hallar var. Ümumiyyətlə, insanları mənfi tərəfə dartanlar var. Pis vərdişlə məşğul olanlar görür ki, idmançının pulu var, deyir ki, qoy onunla dostluğumu edim. Tək idmançı yox, müğənnilərə də girişirlər. Uçurumdan düşən kiminsə əlindən yapışıb dayanmaq istəyir, amma onu da dartır. Mən bundan sonra belə halların baş verməsini istəmirəm. Bundan sonra heç olmayacaq da. Çünki federasiyada dəyişikliklər sayəsində idmançılarımızı qoruyuruq.

– Bu gün iranlılar güləşdə at oynadır. Onlar bizdən nədə üstündürlər ki?

– İranlılar həmişə yaxşı güləşiblər. Onlar fiziki cəhətdən çox güclüdürlər. Məşq öz yerində, gücləri də irsiyyətdən qaynaqlanır. Amma bizim də iranlılara qalib gələn güləşçilərimiz var. Bu gün yaponlar və amerikalılar da cənub qonşularımızı rahat məğlub edir. Hər ölkədə 2-3 çəki var ki, oranın idmançıları daha güclüdür. Biz güləş olaraq heç kimdən geri qalmırıq. Sadəcə, bir dənə əleyhimizə işləyən səbəb o ola bilər ki, İran, ABŞ və Yaponiyanın əhalisinin sayı çoxdur, bizdə güləşə 1000 nəfər qoşulursa, onlarda bu rəqəm milyona bərabər olur. İstənilən halda, Azərbaycan güləşi dünyada öz adını qoyub.

– Bu gün Rusiyadan olan güləşçilər dünyanın hər tərəfinə səpələnib. Bu bir tərəfdən rəqabəti yüksəldir, amma bir tərəfdən də xoş olmayan mənzərə yaranır. Məsələn, Bəhreyn millisinin üzlərinin hamısı Rusiyadandır. Səncə, UWF bunun qarşısın almalıdır? Almalıdırsa, necə etməlidir?

– Dünya Güləş Birliyi də artıq qərar qəbul etməlidir. Səhv etmirəmsə, Rusiya millisi artıq ildə bir dəfə hansısa ölkəyə öz güləçisini göndərə bilər. Dediyiniz halın baş verməsi yaxşı bir şey deyil. Bu gün hamı bilir ki, Dağıstanda güləş məktəbi güclüdür. Bir yarışda rusiyalı ilə qarşılaşırsan, onu məğlub edirsən, növbəti mərhələdə qarşına macarıstanlı çıxır, o da rusiyalı, finala gedə-gedə ancaq bu ölkənin güləşiləri ilə qarşılaşırsan. Bu da daha çox sərbəst güləşdədir. Ona görə də burada qələbə qazanmaq bizim üçün çətinləşir. Yunan-Roma güləşində belə bir şey yoxdur. Dağıstan məktəbi “yunan-Roma”ya maraq göstərmir. Bilmirsən, yaponiyalı, amerikalı və iranlı ilə bacarasan, bilmirsən bu dağıstanlıların öhdəsindən gələsən…

– Keçək futbola. “Neftçi”nin yetirməsisən, amma “Qarabağ”a azarkeşlik edirsən. Bu, Sadıq Sadıqovla aranızda soyuqluq yaratmır ki?

– Yox, qətiyyən! Sadıq müəllim məndən öncə də atamın yaxın dostudur. Hər ikisi naxçıvanlıdır və doğma şəhərimizdə bir yerdə böyüyüblər. Mən “Qarabağ”a qədər “Neftçi”yə azarkeşlik etmişəm. Bu komanda əvvəllər ölkədə futbolu ən yaxşı oynayan komanda olub. Mənə elə gəlir ki, hansısa azərbaycanlı “Qarabağ”la fəxr etmirsə, bu komandanın qələbəsi üçün dua etmirsə, deməli, paxıl insandır. Bu gün “Qarabağ” elə bir nöqtədir ki, ölkə prezidenti öz səhifəsində onunla bağlı paylaşım edir. Bu gün Azərbaycan çempionatında “Qarabağ”la “Neftçi” oynayanda Ağdam klubuna azarkeşlik edirəm” desəm, doğru çıxmaz, çünki mən “Neftçi” idmançısı olmuşam və hələ də “Neftçi”liyəm. Ölkə çempionatında bir addım “Neftçi”yə yaxınam. Amma bu gün “Qarabağ” böyük arenalarda uğur qazanırsa, sözsüz ki, bu komandaya da azarkeşlik etməliyik. Bu komanda hazırda bütün dünyaya səs salır. Qarşıdakı oyunda da Qurban Qurbanovun komandasına uğurlar arzulayıram. Allah “Qarabağ”a məğlubiyyət qismət eləməsin!

– “Neftçi”nin bu vəziyyətdə olmağı yəqin səni də narahat edir.

– Bəli, bir neçə ildir ki, bu komanda geriləyib. Biz buna öyrəşməmişik. Gözümüzü açandan “Neftçi”ni çempion görmüşük. Mən istərdim ki, “ağ-qaralar” əvvəlki vəziyyətinə qayıtsın! Ümumiyyətlə, tək “Neftçi” yox, o vaxtlar bizim güclü “Şəmkir”, “Kəpəz”, “Xəzər Lənkəran” və bizim yaxınlarımızdan olan Hafiz Məmmədovun “Bakı”sı kimi güclü komandalarımız olub. Rəqabət nə qədər güclü olsa, “Qarabağ” Avropada bundan da yaxşı çıxış edəcək.

– Qurban Qurbanov və Rəşad Sadıqovla dostluğunuz haradan başlayıb?

– Rəşad Azərbaycan futbolunda sözünü demiş idmançılardan olub. Qurban müəllimi də məşqçilik dövründən tanımağa başlamışam. İkisi də futbolda böyük uğurlar qazanıb. Mən onlardan zövq aldığım kimi, mənim çıxışım da onların diqqətini çəkib. Nəticəli idmançı olmaq gözəl şeydirsə, paxıl olmamaq ondan da gözəldir. Mən həmişə digər nəticə qazanan idmançılarımızla ünsiyyətin tərəfdarı olmuşam. Mənə doğru 1 addım atana mən 5 addım yaxınlaşmaq istəmişəm. Rəşadla münasibətlərimiz “İnstagram”dan yaranıb. Orada həmişə bir-birimizə uğurlar arzulamışıq. İş elə gətirdi ki, bir gün görüşdük və münasibətlər istiləşdi. İnanırsız, Rəşad bəlkə də ölkədə yeganə futbol adamıdır ki, dünyanın bütün güləşçilərini tanıyır. Hətta hansısa yarışda olanda mənə yazırdı ki, “filan rəqibin belədir, belədir, o birisi bu cür güləşir və s”. Tək Rəşadla Qurban müəllim yox, idmanda olan digər dostlarım da sağ olsunlar! Biz idmançılar dostluğumuz və əxlaqımızla nümunə mənbəyi olmalıyıq.

– Rəşadla “İnstagram”, bəs Qurban Qurbanovla dostluq necə başladı?

– Rəşadın vasitəsilə. Oyunlara baxmağa getdim və nəticədə aramızda isti münasibətlər yarandı.

– Güləşçilər yaxşı futbol oynamağı bacarır. Bunun səbəbi nədir?

– Güləşçilər həmişə futbolu sevib, ümumiyyətlə futbolu kim sevmir ki?! Bizdə yorulmaq yoxdur, fiziki cəhətdən çox güclü oluruq, uduzmağı sevmirik, üstəlik müdafiədə də yaxşı oynayırıq. Təsəvvür edin, top aramıza düşdü, qırğın başlayır. Mən həftədə iki dəfə futbol oynayıram.

– Elə bir güləşçi tanıyırsan ki, futbol haqda “bu nədir e, bu nə oyundur baxırsan” desin?

– Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Eldəniz Əzizli futbolu çox sevir. Eldəniz futbola baxmalıdır, çünki dayısı Şahin Diniyevdir…. Suala gəlincə, futbolu oynayan ona baxmağı da sevir. Bircə bizdə Ağahüseyn Mustafayev var, bir ara heç futbol oynaya bilmirdi… Mən şəxsən inanmıram ki, o, oturub hansısa futbol matçını izləsin.

– Kriştianu Ronaldo azarkeşisən. O, hansı kluba keçirsə, həmin komandaya da azarkeşlik edirsən. Niyə Messi yox, Ronaldo?

– Bu ailədən qaynaqlanır. Evin içində 2 nəfər Ronaldo həvəskarıdırsa, digər 2-si də Messi fanatı olur. Mən atamla “Real”a azarkeşlik etmişəm, anamla qardaşım “Barsa”ya pərəstiş edib. “El Klasiko” olanda evdə qırğın düşürdü. Bu gün düz danışmaq lazımdır – qətiyyən bu iki oyunçunu ayırmaq və aralarında güclü axtarmaq doğru deyil. İkisi də böyük uğur qazanan oyunçulardır. Bundan sonra dünyaya nə Messi gələcək, nə də Ronaldo. Heç biri digərindən üstün və ya zəif deyil.

– Futbolçu olsaydın, hansı mövqedə oynayardın?

– Yarımmüdafiəçi. Mən solaxayam, solaxayların oyunu da bir az fərqli olur. Onların zərbələrinin qarşısını almaq da çətindir. Bir az hücumameyilli olardım.

– Solaxay demişkən, futbolda solaxaylar bir qədər fərqlənirlər, güləşdə də bu hiss olunur?

– Mən ikitərəfli güləşmişəm. Mənim üçün fərq etmir. Amma güləşçi var ki, sol ayağa sağ ayağa girdiyi kimi girə bilmir. Belə baxanda, solaxay güləşçilər qeyri-adi bacarığa malik olmur, sağ əllilər necədirsə, solaxaylar da elədir.

– Futbol millimizin çıxışını necə dəyərləndirərdin? Səncə, komandamızı kim çalışdırmalıdır?

– Əvvəla, Fransa ilə oyundan danışım. Biz çox güclü komandaya qarşı oynadıq. Oyunçularının transfer qiyməti çox şeydən xəbər verir. Amma Azərbaycan futbolunun səviyyəsi də hazırda ürəyimcə deyil. Uşaq futbolunun üstünə düşmək lazımdır. Bu gün Azərbaycanda olimpiya və dünya çempionu yetişirsə, deməli, yaxşı futbolçu da çıxara bilərik. İdmana sevgi bizim qanımızdadır. Məşqçi məsələsi haqda, konkret heç nə deyə bilmərəm. Sadəcə onu demək istəyirəm ki, millini yerli mütəxəssis çalışdırmalıdır. Bizdə yaxşı məşqçilər var.

– Ayxan Abbasovun təyinatını dəstəkləyirsən?

– Azərbaycanlımızdır, canımızdır, qanımızdır, sonuna qədər dəstəkləməliyəm. O, millimizin başında durubsa, ona ancaq dəstək verməli və uğurlar arzulamalıyıq. Ayxan futbol mühitində və cəmiyyət tərəfindən sevilir. Fransa yığması ilə oyunda da onun komandasının uğursuz çıxış etdiyini düşünmürəm.

– Rəşada “millinin başına sən də keç” deyirsən?

– Aramızda elə söhbət olmayıb. Ümumiyyətlə, Sadıqovla futbolla bağlı çox danışmıram.

– Orta statistik azərbaycanlı futbolçu digər idman növlərində olimpiya və dünya çempionlarından daha çox qazanır. Səncə, bu nə dərəcədə ədalətlidir?

– Gözəl sualdır. Ümumiyyətlə, idmanda ən böyük uğur Olimpiya çempionluğudur. Bizdə olimpiya çempionu orta statistik yerli futbolçunun maaşının yarısının yarısını alır. Məsələ ondadır ki, futbol pullu idman növüdür. Mən istərdim ki, olimpiya mükafatçılarımız, dünya çempionlarımız qazandığı uğura uyğun mükafat alsınlar. Mən demirəm ki, onlar az alır və ya dəyər verilmir, amma futbolçulardan az qazanırlar. Bizim heç kimin qazancında gözümüz yoxdur. Biz çox şey istəyirik, amma Allah hər kəsə qədərində verir. Nə qismətdirsə, odur! Əsas təmiz yaşamaqdır!

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see261

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see212

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see171

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see169

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see167

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see153

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see146

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see145

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see141

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see138

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see131

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see131

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see129

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see126

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see123

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see122

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see120

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri