Icma.az
close
up
RU
Hacıbəyli qardaşlarının sarsılmayan əməl və əqidə birliyi Abid Tahirli yazır

Hacıbəyli qardaşlarının sarsılmayan əməl və əqidə birliyi Abid Tahirli yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abid TAHİRLİ

Talelərinə fərqli idarəçilik və idarəetmə formaları olan dövlət quruluşlarında - monarxist Çar Rusiyasında, Azərbaycan Xalq Cümhuriyyətində, totalitar Sovet rejimində, demokratik Avropa ölkəsində yaşamaq nəsib olmuş Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının təzadlar, təbəddülatlar, təlatümlərlə dolu həyatı onların düşüncə tərzini, əməl və əqidə birliyini, inamını, mübarizə əzmini və qətiyyətini nəinki sarsıtmış, əksinə, daha da möhkəmlətmişdi. Mədəniyyət tariximizin iki böyük siması - Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının yeniyetmə çağlarından başlayan və ömürləri boyu davam etdirdikləri bədii, publisistik yaradıcılığı, epistolyar irsi, fəaliyyət göstərdikləri digər sahələr fikrimizi təsdiqləyir. Ailəsinə bağlı, elinə, obasına vurğun Hacıbəyli qardaşlarının missiyası millətə, xalqa təmənnasız, sədaqətlə və sonadək xidmət olub.

Hələ XX əsrin əvvəllərində Bakının qaynar siyasi, ədəbi-mədəni həyatına atılan Üzeyir və Ceyhun Hacıbəyli qardaşları təxminən eyni vaxtda, eyni mühitdə jurnalistik fəaliyyətinə, bədii yaradıcılığa başlamışlar. Onların dünyagörüşü, tərbiyə və təhsil mühiti, müşahidələri, qarşılıqlı fikir mübadiləsi, heç şübhəsiz ki, qardaşların ortaq düşüncə tərzinin formalaşmasına, yaradıcılıqlarına da bu və ya başqa şəkildə təzahür edib. Nümunələrə nəzər salaq. Dahi bəstəkar, opera sənətimizin banisi, istedadlı yazıçı Üzeyir Hacıbəylinin (18 sentyabr 1885, Ağcabədi, Şuşa qəzası - 23 noyabr 1948, Bakı) "İrşad" qəzetinin 1905-ci il tarixli 6-cı nömrəsində "Pristav ağa" satirik hekayəsi dərc edilib. Bir müddət sonra C.Hacıbəylinin (3 fevral 1891, Şuşa - 22 oktyabr 1962, Paris) "Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci nömrələrində "Dağıstanski" imzası ilə eyniadlı felyetonu çap olunub. Süjeti, kompozisiyası, məzmunu, qəhrəmanları ilə bir-birinə bənzəyən bu əsərlər arasında ideya, sənətkarlıq, dil, hadisələrin cərəyan etdiyi məkan baxımından diqqəti çəkən cəhətlər var. Birincisi Azərbaycan dilində, ikincisi rus dilində qələmə alınıb. Çar rus hakimiyyətinə, onun məmurlarına qarşı sərt tənqidi münasibətin əks olunduğu bu əsərlər XX əsr bədii irsimizin gözəl nümunələrindəndir və Hacıbəyli qardaşlarının gələcək məram və amallarının göstəricisi kimi nəzəri çəkir...

Ceyhun Hacıbəylinin qürbətdə, heç bir mənbəyə, tarixi sənədə yox, yalnız yaddaşına istinad edərək ömrünün sonlarına yaxın qələmə aldığı, bir sıra ədəbi, tarixi və mədəni hadisələrin tədqiqi və dəyərləndirilməsi, eyni zamanda qardaşların əməl və əqidə birliyinə dəlalət edən "Leyli və Məcnun operası necə yarandı" xatirəsi mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, Üzeyir bəylə Ceyhun bəy arasındakı qardaşlığın, silahdaşlığın ötəsindəki münasibətin, ünsiyyətin, yaxınlığın parlaq nümunəsi olan məqalədən gətirdiyim aşağıdakı cümlələrin şərhə ehtiyacı yoxdur. Nə yazılsa, necə yazılsa, həmin kəlmələrin, duyğuların kölgəsində qalacaq: "Mən və qardaşım Üzeyir (o, məndən üç yaş böyükdür) ilk gənclik illərimizdən musiqiyə meyl edirdik", "Mənim və qardaşım Üzeyirin məlahətli səsimiz vardı və tezliklə biz yalnız təcrübələr yolu ilə klassik musiqinin (muğamların və ya "dəstgahların") bütün incəliklərini öyrəndik, "təsniflər" (ritmik oxuma) haqqında heç demirəm", "Deməliyəm ki, qardaşım Üzeyir skripka çalmağı və not sistemini hələ biz Şuşadan Bakıya köçəndən əvvəl, Qori Müəllimlər seminariyasında oxuyan vaxt öyrənmişdi", "Həm Şuşada, həm də Bakıda bu təşəbbüs (opera yaratmaq təşəbbüsü - T.A.) qardaşıma məxsus idi. O, öz ideyalarını mənimlə bölüşür, sonra isə yaradıcı işin əvvəlcə ümumi şəkildə, daha sonra təfsilatı ilə rəsmiləşdirilməsi üçün mənim fikrimi soruşurdu", "Şərait münasib idi: Üzeyirlə mən "İslamiyyə" mehmanxanasında yaşayırdıq, ailəmiz isə əyalətdə, böyük qardaşım Zülfüqarın yanında idi", "Qardaşım bu təsnifləri nota köçürürdü. Tədricən o, xorun çıxışları üçün polifonik tendensiyaları tətbiq edirdi", "Polifoniyanın tətbiqi sonralar qardaşım tərəfindən təkmilləşdirilib. Beləliklə, bu mühüm islahatın pioneri mənim qardaşım olub", "Qeyd etmək lazımdır ki, bütün bu gərgin işin çox böyük hissəsini qardaşım Üzeyir yerinə yetirirdi. Bəzən o, gecə saat ikiyə-üçə qədər masa arxasında əyləşir, heyrətamiz səbir və inadkarlıqla musiqili-vokal ifa üçün harmonik səhnə ansamblı yaratmağa çalışırdı", "İsabəylə "İrşad" qəzetindən dost idik.

Mənim qardaşım Üzeyir həmin qəzetin əsas əməkdaşlarından biri (mən özüm də jurnalist fəaliyyətimə bu qəzetdə başlamışam), İsabəy isə naşir idi".

Amma bu cümlələr qələmə alınanadək artıq Hacıbəyli qardaşlarının münasibətlərini izhar edəcək, üzə çıxaracaq çox olaylar baş vermişdi. Maddi sıxıntılar onlar və ailələri arasında gərginlik yaratmamış, əksinə, mehribanlığı və səmimiyyəti artırmış, tarixin ağır sınaqlarına iradə və dözümlə tab gətirmişdi.

Qori Müəllimlər Seminariyasını (1899-1904) bitirib bir müddət Hadrutda müəllimlik edən Üzeyir Hacıbəyli 1905-ci ildə Bakıya gəlir, "İrşad", "Həyat", "Həqiqət", "İqbal", "Yeni İqbal", "Kaspi" və digər mətbu orqanlarla sıx əməkdaşlıq edir, "Səadət" məktəbində dərs deyir, dərslik və dərs vəsaitləri yazır. Böyük qardaş Zülfüqar Hacıbəylinin (17 aprel 1884, Şuşa - 30 sentyabr 1950, Bakı) 1907-ci ildə bacıları ilə Bakıya köçməsi, kiçik qardaş Ceyhunun ali təhsilə yiyələnməsi məqsədi ilə Peterburqa, sonra Parisə getməsi ailənin qayğılarını artırmışdır. İş o həddə çatmışdı ki, Üzeyir bəy 1911-ci ildə musiqi təhsilini inkişaf etdirmək məqsədi ilə Moskvaya - xüsusi musiqi kursuna getsə də, maddi çətinliklər səbəbi ilə təhsilini yarıda qoyaraq Bakıya qayıtmışdı. Tamaşalara görə "Nicat" Cəmiyyətinin müqavilə əsasında verdiyi qonarar da böyük ailənin problemlərini ödəməyə kifayət etmirdi.

Hacıbəyli qardaşlarının müxtəlif illərdə bir-birinə ünvanladıqları məktublar onların həyat yolunu, maddi, sosial durumunu, ailədaxili münasibətlərini, dövrün ictimai-siyasi proseslərini, mühacirət problemlərini, tanınmış tarixi şəxsiyyətlərlə əlaqə və əməkdaşlığını hərtərəfli və dərindən öyrənmək, təhlil etmək və dəyərləndirmək baxımından, maraq doğurur. Daha dəqiq, dolğun və sanballı qənaətlər hasil etmək üçün Bakıdan, Moskvadan, İstanbuldan, Parisdən, Münhendən yazılan məktubları qələmə alındığı tarixlərə görə aşağıdakı kimi qruplaşdırmaq məqsədəuyğundur:

- 1918-ci ilədək yazılan məktublar;

- Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazılan məktublar;

- Sovet hakimiyyəti illərində yazılan məktublar.

Qardaşların məktubları məzmun, mündəricə, yazılma şəraiti fərqli olsa da, onları bir ana xətt birləşdirir: səmimiyyət, həqiqət, sədaqət, ailənin hər bir üzvünə diqqət, qayğı, nigarançılıq, vətənə bağlılıq, millətə məhəbbət! Bəri başdan deyək ki, Üzeyir Hacıbəylinin Ceyhun bəyə yazdığı bütün məktublar "Nuri-didəm" (gözümün işığı - T.A.), Ceyhun bəyin məktubları isə "Bəradəri-mehriban" (mehriban qardaşım) ilə başlayır.

1918-ci ilədək olan məktubların sayı çox deyil, lakin onlar təsirli, maraqlı, çox məlumatlıdır. Yazışmalar qələmə alındığı dövrdə şəxsi, ailədaxili münasibətləri, məişət problemlərini əks etdirən məktub idisə, illər ötdükcə mühüm tarixi, ədəbi, ictimai, siyasi məzmun kəsb edən sənədə çevrilmiş və bu gün qardaşların arzu, istəklərini, fəaliyyət sahəsini, cəmiyyətdə baş verən prosesləri, eyni zamanda publisistlərin yaradıcılıq manerasını öyrənmək baxımından nəzəri çəkməkdədir. Bir-iki nümunəyə diqqət edək. Ceyhun Hacıbəylinin 23 avqust 1912-ci ildə musiqi təhsilini davam etdirmək məqsədilə Moskvaya gedən Üzeyir bəyə ünvanladığı 1912-ci il oktyabr tarixli məktubda əvvəlcə pulsuzluq ucbatından bu il bütün planlarının - Peterburqa, Parisə getmək arzusunun alt-üst olduğundan şikayətlənir, yardım üçün "Nicat" Cəmiyyətinə, Hacı Zeynalabdin Tağıyevə, "Kaspi" qəzetinə müraciət etdiyini yazır. Məktubda oxuyuruq: "Quran haqqı borclular məni daha lap əldən salıblar. ...Mən Zöhrədən (Ceyhun Hacıbəylinin həyat yoldaşı - T.A.) utanıram. Vallah, yazığın geyməyə paltarı, yatmağa təxti yoxdur. İndi ayın biri olan kimi çörəkçi, bir yandan qəssab, bir yandan suçu, neftçi, dükançı, ələlxüsus ev yiyəsi... utanıb yerə girirəm. Evdə də uşaqların əyin-başı tökülüb. Aişə paltosuz və çəkməsiz gəzir. Məhbub) naxoş, Sayad naxoş (Ceyhun bəyin bacısı Sayad xanımın qızları) - pis halət, gərək pul ola ki, bunların hamısı düzələ". Həmin ilin sonrakı məktublarında da əsasən Ceyhun bəy maddi sıxntıdan, evlərin darısqallığından giley-güzar edir.

Qardaşların Azərbaycan Xalq Cümhuriyyəti dövründəki yazışmaları məzmun, mövzu baxımından fərqlidir, xoşovqatlıdır. Məktublardan milli dövlətin, istiqlalın bəxş etdiyi ruh yüksəkliyi, istiqbala inam və məhəbbət açıq-aydın duyulur. Üzeyir bəy qardaşına yazdığı 1919-cu il 19 mart tarixli məktubunda ailə üzvlərinin səhhəti, sağlamlığı barədə "işlərinin yaxşı", "hər bir şeyin qaydasında olduğunu", "Bakıda tez-tez veçerlərin təşkil edildiyini" yazdıqdan sonra Ceyhun bəyi "Azərbaycan" qəzetinin formatını böyüdəcəkləri, hökumət kabinetində baş verən dəyişikliklər barədə ətraflı məlumatlandırır, qardaşına tezliklə sağ-salamat Vətənə dönməyi (bu zaman C.Hacıbəyli Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh konfransına yola düşən nümayəndə heyətinin tərkibində səfərdə idi) arzulayır. Üzeyir bəyin sonrakı yazışmalarında da 1919-cu il 8 oktyabr, 1920-ci il 13 yanvar məktublarında da xoş ovqat aşkar hiss olunur. O, evlərində "Məhəmməd Əminin, Nəsib bəy və arvadının, Şəfi bəyin iştirakı ilə qonaqlıq təşkil etdiklərini", "onların da sağlığına içib yada saldıqlarını" qeyd etdikdən sonra "qəzetin işinin pis olmadığını", redaksiya üçün təzə mebel və telefon gətirtdiyini sevinclə xəbər verir. Siyasi işlərdən bəhs edən Üzeyir bəy yazır: "Əhvali-siyasimiz dedikcə yaxşıdır. Nəsib bəy işi çox gözəl apardı və demək olar ki, məmləkəti hər bir təhlükədən qurtarmaqla bərabər, abad və qüvvətli bir hala saldı. Bu saat tam mənası ilə müstəqil dolanırıq. İçimizdə heç bir yad əl yoxdur. Qarabağ və Lənkəran məsələləri bizim nəfimizə qan tökülmədən həll edildi. Bir əndişəmiz varsa, o da Şimaldandır... Qərəz işimiz "xod" gedir. Yalnız bir arzumuz var ki, siz gələsiniz, tezliklə görüşək". Başqa bir məktubunda Üzeyir bəy "Azərbaycanın təsdiqi bayramına" hazırlaşdıqlarından, qəzet işinin musiqi fəaliyyətinə çox xələl gətirdiyindən qəzetdən çıxmaq istədiyindən bəhs edir.

Hacıbəyli qardaşlarının fəaliyyəti, yaradıcılığı daim erməni millətçilərinin məkrli müqaviməti ilə üzləşib. Ceyhun Hacıbəyli hələ XX əsrin onuncu illərində "Kaspi" qəzetindəki yazıları ilə erməni qəzetlərinin və ermənipərəst rus mətbuatının azərbaycanlılara qarşı qərəzli, düşmən münasibətini ifşa edir, onları çirkin və yalan məlumatlardan əl çəkməyə çağırırdı. Bu mənada publisistin "Sərhəddə" adlı məqaləsi çox ibrətamizdir. Erməni qəzetləri İranla sərhəddə yerləşən soydaşlarının - xristianların silahlandırılmasını, şahsevənlərin talanına qarşı yerli müdafiənin təşkilini canfəşanlıqla təbliğ və müdafiə edirlər. C.Hacıbəyli tutarlı faktlara istinad edərək opponentlərinin yalanını, fitnəkarlığını, mənfur niyyətlərini ifşa edir: "Hər hansı Qafqaz qəzetini götürün və sərhəd komissarlığının məlumatlarını izləyin: şahsevənlərin hücumuna məruz qalan müsəlmandır, mal-qarası sürülüb aparılan müsəlmandır. ?n yaxşı müdafiə işi görüldüyünə görə bu günə kimi erməni kəndlərinə heç bir ziyan dəyməmişdir". C.Hacıbəyli mühacirət illərində də ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri əks etdirən yazılar qələmə alıb.

Dahi bəstəkarın çoxşaxəli fəaliyyəti, yaradıcılığı erməni millətçilərinin gözünə ox kimi batırdı. Üzeyir Hacıbəyli 1918-ci ilin mart qırğınlarından xilas olmaq üçün çox sayda azərbaycanlı ziyalı kimi Arazın o tayına keçməyə məcbur olmuşdu. Ermənilər, həm də xalqımıza məxsus milli, mədəni, maddi sərvətləri də hədəfə almışdılar. Onlar Mart qırğınları zamanı soydaşlarımızı cismani məhv etməyə çalışdıqları kimi, Bakıda və Azərbaycanın bölgələrində mədrəsə, məktəb, teatr, klub, kitabxana binalarını da yandırır, yer üzündən birdəfəlik silməyə cəhd göstərirdilər. Məkrli qonşularımız, mədəni xəzinəmizə məxsus dəyərli sənət əsərlərini mənimsəmək üçün dəridən-qabıqdan çıxıblar. Üzeyir Hacıbəylinin Ceyhun bəyə ünvanladığı 1920-ci il 16 yanvar tarixli məktubu erməni oğurluğunu ifşa edən maraqlı mənbədir. Həmin məktubu sakit, həyəcansız oxumaq olmur. Burada adəti üzrə "nuri-didə"sindən hal-əhval tutduqdan, "Avropaya səfər etmək" arzusunu, əsərləri ilə "Avropa əfkari-ümumiyyəsinin diqqətini cəlb etmək" istəyini bildirdikdən sonra yazır: "Və bir də bir neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan bir məktub aldım. Yazır ki, ermənilərin fransızca "Renesans" qəzeti iddia edir ki, "Arşın mal alan"ı yazan ermənidir. Yusif bəy bu işdən çox mütəəssir olduğunu yazır və israr edir ki, mən əsərlərimin notlarını çap edib ona göndərim ki, səfarət xərcinə bütün Avropada, həmən Amerikaya belə intişarına səy etsin. Hərgah mən Parisdə olsaydım, notlarımı tezliklə və yəqin ki, ucuz çap elətdirərdim". Erməni oğurluğunu ifşa edən bu tarixi məktubun daha bir özəlliyi var. Üzeyir bəy qardaşına nəql edir ki, mən bu əhvalatı Nəsib bəyə danışdım. O da mənə dedi ki, ermənilərin bu iddiası Zəngəzur iddiasından da betərdir.

Qardaşların Sovet hakimiyyəti illərindəki yazışmaları məzmun baxımından əvvəlki məktublardan kəskin fərqlənir, rejimin və funksionerlərinin mənfur simasını açmaq, eyni zamanda Hacıbəylilərin iztirab, təlaş, təşviş, daxili həyəcan, mənəvi əziyyət, sıxıntı çəkdiklərini hiss etmək nöqteyi-nəzərindən də böyük maraq doğurur. Üzeyir bəyin Ceyhun bəyə ünvanladığı 1921-ci il 26 noyabr, 1922-ci il 10, 18 mart, 24 iyul, 1923-cü il 18 dekabr, 10 iyun, 20 avqust tarixlərində və digər məktublarında "Nuri-didəm Ceyhun" sözlərindən başqa demək olar ki, digər cümlələrin hamısı sanki kiminsə diktəsi ilə yazılıb. Məktubları oxuyanda sətirlərin arxasından sovet komissarının qəzəbli siması görünür. Ceyhun bəy xalq Cümhuriyyəti dövründə Parisə yola düşəndə Üzeyir bəy qardaşı üçün darıxdığını, vəzifəsini yerinə yetirib tezliklə vətənə dönməsini sidq-ürəkdən, bütün səmimiyyəti ilə arzulayırdı. Sovet dövründə zorla, təhdidlə yazdırılan məktublarda mehribanlığı, səmimiyyəti, məhəbbətli, şəfqətli münasibəti sovet məmurunun məkrli, hiyləgər, eyni zamanda şirin vədlərlə dolu planları əvəz edirdi. Məktubların az qala hər cümləsində Bakıya qayıtmağın vacib və qorxusuz, perspektivli olduğu vurğulanır. Amiranə yazdırılan cümlələr mövcud vəziyyəti tam əks etdirir: "...sizə bildirirəm ki, buraya qayıtmaq məsələsini qəti şəkildə həll etmişik. Əlbəttə, tezliklə buraya qayıtmağınız yaxşıdır. Məsul yoldaşlar tərəfindən SSRİ-yə qayıtmağa izn verilir", "Vacib budur ki, gələsiniz. ...başqa fikirlərlə vaxtınızı itirməyib səfarətxanaya müraciət edin", "Bakıda hər kəs azadcasına yaşayır", "O ki, qaldı buranın yaşayışına, burada bizlər çox yaxşı yaşayırıq və getdikcə də daha yaxşı dolanacağıq", "Səni inandırıram ki, əcnəbi qəzetlərində oxuduqlarınız pis-pis xəbərlərdən burada heç bir əsər də görməzsiniz". 1930-cu illərin əvvəllərinədək davam edən bu məzmunlu məktublar sovet milli və ailə siyasətini dərk etmək, dəyərləndirmək baxımından da maraq kəsb edir. Repressiya, cəza edam maşınının işə düşməsindən ötrü qardaşı qardaşa, övladı valideynlərə, qonşunu qonşuya qarşı-qarşıya qoymaq üçün rejim bu çirkin metoddan yararlanmışdı və heç də təsadüfü deyil ki, mühacir yazarlar, o cümlədən Ceyhun Hacıbəyli totalitar sovet rejiminin bu istiqamətdəki mənfur siyasətini ifşa etmək naminə belə faktlardan ustalıqla istifadə etmişlər. Mövzu, ideya, sənətkarlıq baxımından mühacirət nəsrinin, ümumiyyətlə, Azərbaycan hekayəçiliyinin ən gözəl nümunələrindən saydığımız "Müəzzinin lənət" əsərində bolşevik hakimiyyəti, sovet ideologiyası ata müəzzinlə ateist övladı, ailənin bütün üzvlərini üz-üzə qoyur: "Qırmızı kafirlər məmləkətə mütləq sahib kəsiləndən, hər şey bir-birinə qarışmış, baş-ayaq olmuşdu: uşaqları valideynlərinə, arvadları ərlərinə, yaradılmışları Yaradana qarşı təlim edirdilər". Yekunda ailə faciələri milli fəlakət həddinə çatırdı. Hacıbəyli qardaşlarının yazışmalarından da göründüyü kimi, rejimin nökərlərinin bütün səylərinə baxmayaraq, qardaşlar arasında nifaq sala bilməmiş, onlar arasında isti, səmimi münasibətlər, əməl və əqidə birliyi sona qədər davam etmişdi.

Hacıbəylilərin məktublarının məzmunu, mahiyyəti onu deməyə əsas verir ki, yazışmalar yalnız qardaşlar və ailədaxili münasibətlər, məişət problemləri haqqında məlumatla məhdudlaşmır, müəlliflərin xarakteri, dünyagörüşü, əqidəsi, yaradıcılıq üslubu haqqında kifayət qədər təəssürat yaradır, onları əhatə edən mühit, cəmiyyət həyatı və ünsiyyətdə olduğu şəxsiyyətlər barədə əhatəli bilgiyə sahib olma imkanı verir. Yüz il bundan əvvəl qələmə alınan şəxsi məktublar hazırda tarixi, ictimai, siyasi əhəmiyyət kəsb edən qiymətli mənbələrdir. Müstəqil Azərbaycan övladlarında sələflərin keçdiyi çətin, lakin şərəfli həyata, mücadilə yoluna bələd olmaq imkanı yaradır, onlarda istiqlala sevgi, Vətənə məhəbbət, ailəyə, dostluğa sədaqət, qədirbilənlik kimi məziyyətlərin formalaşmasına yardım edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see5180

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see371

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see266

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see160

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see146

TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq

15 Sentyabr 2025 23:28see144

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see143

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see143

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see136

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see135

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see132

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see132

Braziliya lideri Trampı dürüst dialoqa çağırdı

14 Sentyabr 2025 20:42see129

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see127

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

15 Sentyabr 2025 18:12see124

Təəssüf: Türkiyə yığması qitə çempionu ola bilmədi

15 Sentyabr 2025 00:04see124

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see124

Premyer Liqa: Mançester Siti dən rahat qələbə

15 Sentyabr 2025 00:54see123

Ukraynalı səfir infarkt keçirdi

14 Sentyabr 2025 21:34see120

“İsrail regional təhlükəsizliyə birbaşa təhdiddir” BMT yə üzvlüyünün dondurulması tələb edildi

15 Sentyabr 2025 21:27see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri