Icma.az
close
up
RU
Həbsdəki keçmiş icra başçısına “5 ci kolon” ittihamı KONKRET

Həbsdəki keçmiş icra başçısına “5 ci kolon” ittihamı KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya zamanında qurduğu “yuva”ları indimi hərəkətə keçirir?

İmişli rayonunda keçirilmiş 9 may tədbirində SSRİ bayrağının qaldırılması və iştirakçıların sinəsinə Rusiya imperiyasının rəmzi olan “Georgi lenti”ni taxması ətrafında yeni versiyalar ortaya çıxıb.

Tədbirin təşkilatçısı – rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovu bu hadisədən sonra vəzifədən azad ediblər. Amma onun əvəzinə təyin edilən Vahid Tağıyev də kürsüsündə çox otura bilmədi. Bəlli oldu ki, Vahid Tağıyev də Sarıxanlı kəndindəki SSRİ bayrağının fonunda keçirilmiş məlum tədbirin təşkilatçılarından olub və o da sinəsinə “Georgi lenti” taxıb.

Ağsaqqallar Şurasının üzvlərinin SSRİ rəmzlərinə, İosif Stalinin şəxsiyyətinə və bu gün Kremlin rəsmi ideologiyasında fəal şəkildə istifadə olunan rus təbliğatının elementlərinə rəğbətinin səbəbləri naməlum qalır. Haqqın.az yazır ki, vaxtilə Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vladimir Doroxin İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, sonradan korrupsiya və digər cinayətlərdə təqsirli bilinən Vilyam Hacıyevlə xüsusi münasibətdə olub. “Yada salaq ki, 2017-ci ildə Hacıyev II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunanda səfir Doroxin ona təbrik məktubu göndərmişdi. Bu isə görünməmiş hadisə idi, çünki bundan əvvəl heç bir xarici dövlətin Azərbaycandakı səlahiyyətli nümayəndəsi rayon administrasiyalarının rəhbərlərini təbrik etməyib. Rusiya Federasiyası səfirinin məktubu hətta İmişli RİH-in rəsmi internet saytında və bir sıra yerli KİV-lərdə dərc olunmuşdu.

KONKRET.az xəbər verir ki, 2014-cü ildə həmin Vladimir Doroxin “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov (Bakıda bu yaxınlarda bağlanmış “Rus evi” ilə əlaqəlidir) və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçlə birlikdə İmişliyə səfər edib, Vilyam Hacıyevlə görüşüb. Regionun Rusiya və Belarus regionları ilə əlaqələrinin genişləndirilməsi məsələləri rəsmi müzakirə olunub.

Xatırladaq ki, bundan əvvəl Göygöl, Samux və İmişli rayonlarının icra hakimiyyətlərinə rəhbərlik etmiş Vilyam Hacıyev 2020-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən şəxsi kabinetində saxlanılıb və daha sonra 12 il müddətinə azadlıqdan məhrum edilib (sonradan bu müddət 3,5 il azaldılıb – red.) Hazırda Vilyam Hacıyev cəzasını çəkməkdə davam edir. İddiadan belə anlaşılır ki, İmişlidəki Ağsaqallar Şurası Rusiyanın “beşinci kolon”unun “yuvalarından” olub. Bakı-Moskva münasibətlərində indiki gərginlik fonunda isə həmin “yuva” fəaliyyətə keçib.

Rusiya zamanında V.Hacıyev kimiləri və səfiri vasitəsilə “5-ci kolon” yuvaları qurub və onları indi hərəkətə keçirir?

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü, siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, İmişlidə Rusiya şovinizminin rəmzi olan “Georgi lenti” taxaraq tədbir keçirilməsinə daha geniş aspektdən yanaşılmalıdır. Bu hadisələr rayon səviyyəsində məhdudlaşdırılan təxribat deyil: “Ola bilər, korrupsiya cinayəti ilə cəzalandırılan sabiq icra başçısının Rusiya ilə və yaxud həmin ölkənin məsul şəxsləri, nümayəndələri ilə sıx dostluğu, əlaqələri olsun. Bu tip əlaqələrin digər icra başçıları ilə olması da mümkündür. Ancaq hesab edirəm ki, zaman-zaman ölkəboyu hücrələr yaradılıb və İmişlidəki sadəcə xəbərdarlıq siqnalı idi. Mən bildiyim qədər Saleh Səmədov özü həmişə təhlükəli oyunların içində olub və ona müxtəlif səviyyələrdə himayədarlıq göstərilib. Bir zamanlar özünü “Boz Qurd”çu kimi də gözə soxmağa çalışıb və mərhum daxili işlər naziri İsgəndər Həmidovun partiyasında da görünüb. Onun dələduzluq əməllərinə görə Qafqazsayağı cəzalandırılması barədə də məlumatlar var. Öz maraqlarının təmin edilməsi üçün asanlıqla xarici dövlətlərin alətinə çevrilən bu kimi adamlar çox təhlükəli olurlar və belələrinin tez üzə çıxarılıb ifşa olunmaları və zərərsizləşdirilmələri ölkənin təhlükəsizliyinin təminatı üçün də faydalıdır”.

Ə.Orucov dedi ki, Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun nümayəndələri bütün dövlət və qeyri-dövlət strukturlarında, həyatın müxtəlif sahələrində mövcuddur və istənilən vaxt hərəkətə gətirilməsi ölkədə ciddi problemlər yarada bilər: “Onlardan bəziləri hətta həyasızcasına və açıq şəkildə rusiyapərəst təbliğat aparmaqdan, Rusiyanı müdafiə etməkdən belə çəkinmirlər. Cəmiyyət Ayaz Salayevin timsalında bunun bir nümunəsini gördü. Vilyam Hacıyev kiçik fiqurdur. Həm də artıq onun fəaliyyəti məhduddur. Daha böyük fiqurlar var ki, onlar hələ də təhlükəsiz şəraitdə fəaliyyətlərini və onlara verilən tapşırıqları rahat icra etməkdədir. Mən Rusiya ilə düşmənçilik aparılmasının, nifrətə və qəzəbə köklənməyin də tərəfdarı deyiləm. Rusiya ilə normal və dost münasibətlər qurulması Azərbaycan üçün də yaxşı haldır. Ancaq Rusiyanın maraqlarına xidmət göstərmək, onun imperiyapərəst və təcavüzkar ambisiyalarının gerçəkləşdirilməsinə dəstək vermək normal qarşılana bilməz. Bu, xəyanətə bərabər addımdır. Məlum olduğu kimi, Rusiya postsovet məkanında yerləşdirdiyi və hazırladığı “5-ci kolon”unu fəallaşdırmaq, habelə koordinasıyalı idarə etmək üçün ən yüksək səviyyədə hərəkətə başlayıb və Rusiya Prezident Administrasiyasının rəhbərliyi səviyyəsində cavabdehi də müəyyənləşdirilib. Demək, cəmiyyətin növbəti təxribatlarla üzləşəcəyi istisna olunmur. Ona görə də həm cəmiyyət, həm dövlətin yetkili qurumları, həm də fərd olaraq hər kəs ayıq-sayıqlığını itirməməlidir”.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya daima Azərbaycanda öz “5-ci kolun”unun formalaşdırılması istiqamətində iş aparır: “Bu proses bu gün də var, sabah da olacaq. Çünki Rusiya yeni variantda SSRİ qurmaq planına malikdir və bu istiqamətdə ideoloji iş aparır. Azərbaycanda “Rus evi” bu istiqamətdə fəaliyyət göstərib. İstər hansısa icra başçıları, istərsə də digər vəzifəli şəxslər və müxtəlif sahələrin təmsilçiləri sırasında “5-ci kolon”a aid şəxslərin olması ehtimalı yüksəkdir. Həmi şəxslərin həm səfirlik, həm də “Rus evi” tərəfindən koordinə edildiyini söyləmək mümkündür. Ancaq “Rus evi”nin aqibəti, SSRİ bayrağı qaldıranların aqibəti onu deməyə əsas verir ki, belələrinin fəaliyyətə keçirilməsi ilə Azərbaycan dövlətinin sarsıda bilməzlər. Azərbaycan cəmiyyəti İmişlidəki məlum olayı pislədi və müstəqilliyimizə zidd olan addım kimi qəbul etdi. Bu da bir daha sübut etdi ki, Azərbaycan xalqı “SSRİ xülyası” ilə yaşayanların arxasınca getməz. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün milli maraqlara söykənən siyasət aparır. Xarici ölkələrin burada uzantılarını daima neytrallaşdırır. Rusiyanin həyata keçirmək istədiyi yeni SSRİ planı da Azərbaycanda alınmaz. Ukraynaya Rusiyanın hücumu da əslində yeni SSRİ qurmaq planının tərkib hissəsidir. Digər postsovet ölkələrində isə Rusiya yumşaq güclə – öz “5-ci kolon”u vasitəsilə işləyir”.

Ekspert düşünür ki, Ağsaqqallar Şurasında islahatlar aparılmalıdır. Belə görünür ki, Rusiyanın “5-ci kolon”u daha çox həmin təsisatdadır: “Şübhəsiz ki, onların təsir dairəsi ora ilə kifayətlənmir. Bu, təəssüf doğurur. Ancaq əminəm ki, dövlətimiz daha da gücləndikcə bu kimi şəbəkələr zəifləyəcək. Azərbaycan müstəqildir və öz azadlığı uğrunda mübarizə aparıb xalqının qanı, canı bahasına müstəqillik əldə edib. Biz torpaqlarımızı işğaldan azad etmək üçün şəhidlər vermədik ki, biriləri çıxıb bizə SSRİ-ni sırısın. Qarabağ məsələsini də SSRİ ömrünün son çağında Azərbaycana problem yaratmaq üçün yaratmışdı. Ona görə də “5-ci kolon”dakılara baş qalıdırmağa imkan verilməməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri