Həyat nəzəriyyəyə sığmayanda Kinoseans
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İnsan başqalarının həyatına dair çox müdrik fikirlər söyləyə bilər. Hadisələri soyuqqanlı təhlil edə, itkilərin qaçılmazlığından, zamanın geri dönməzliyindən, insanın dəyişməyə məcbur olduğundan danışa bilər. Bəs həmin həqiqətlər bir gün onun öz həyatının qarşısına çıxanda nə baş verir?
Fransız rejissoru Mia Hansen-Lövenin 2016-cı ildə çəkdiyi "Gələcək" (L'Avenir) filmi məhz bu sualın ətrafında qurulub. Baş rolda İzabel Yupperin canlandırdığı Natali məktəbdə fəlsəfə müəllimidir. Əri də fəlsəfə ilə məşğuldur. İki övladları artıq müstəqil həyat yaşayır. Natali işini sevir, kitab hazırlayır, keçmiş şagirdləri ilə görüşür, ailəsi ilə əlaqələrini qoruyur. Kənardan baxanda onun həyatı qaydasındadır.
Amma həyatın "qaydasında" olması heç də onun dəyişməyəcəyi anlamına gəlmir.
Əri başqa qadına görə onu tərk edir. Anası - keçmiş model, xarakteri çətin və tələbkar bir qadın - dünyasını dəyişir. Uşaqları isə öz həyatlarını yaşayırlar. Bir-birinin ardınca gələn bu dəyişikliklər Natali üçün illərlə qurduğu həyatın dayaqlarını sarsıdır. Qarşısında isə əvvəllər planlaşdırmadığı bir vəziyyət qalır: tənhalıq və azadlıq.
Filmin maraqlı tərəfi də elə buradadır. Natali həyat haqqında düşünməyi bacaran qadındır. O, fəlsəfə öyrədir, müxtəlif mövzular barədə məntiqli və soyuqqanlı mühakimələr yürüdür. Hazırcavabdır, yumoru var, emosiyalarını çox vaxt ironiyanın arxasında gizlədir. Lakin ərinin getməsi onun üçün nəzəri məsələ deyil. Gecə yatağında tək qalanda ağlayır. Deməli, fəlsəfə insanı ağrıdan immun etmir.
Mia Hansen-Löve burada vacib bir paradoks yaradır: həyatı başa düşmək həyatın sınaqlarına hazır olmaq demək deyil.
Nə qədər intellektual, təmkinli və təcrübəli olsaq da, həyatın gözlənilməz məqamlarında nəzəri biliklərimizlə instinktlərimiz, məntiqimizlə duyğularımız qarşı-qarşıya gəlir. İnsan başqasının yaşadığı ayrılığı asanlıqla izah edə bilər, amma öz yatağında tənhalığın nə demək olduğunu yalnız həmin an anlayır.
Filmin adı da təsadüfi deyil. "Gələcək" burada konkret bir zaman anlayışından çox, insanın qarşısında qəfil açılan naməlum məkan təsiri bağışlayır. Natali üçün gələcək ərinin yanında, uşaqlarının ətrafında, əvvəlcədən müəyyənləşmiş həyat ritmində idi. Həmin həyat dağılandan sonra isə gələcək ilk dəfə həqiqətən ona məxsus olur.
Maraqlıdır ki, rejissorun özü də filosoflar ailəsində böyüyüb; valideynləri fəlsəfə professorlarıdır. Natali obrazının məhz İzabel Yupper üçün yazılması isə filmin intellektual və emosional tonunu daha da dəqiqləşdirir.
"Gələcək" böyük dramatik hadisələrə söykənən film deyil. Burada fəryad, nümayişkaranə faciə, emosional şişirtmə yoxdur. Əksinə, həyat necə baş verirsə, film də elə irəliləyir: sakit, təmkinli, bəzən ağrılı, bəzən ironik.
Və Natali yavaş-yavaş anlayır ki, azadlıq həmişə xoşbəxtlik kimi gəlmir. Bəzən insan əvvəlcə itirməli, sonra isə öz həyatını yenidən qurmağı öyrənməlidir.
2016-cı ildə 66-cı Berlin Beynəlxalq Film Festivalının əsas müsabiqəsində nümayiş olunan "Gələcək" Mia Hansen-Löveyə ən yaxşı rejissor işi üzrə Gümüş Ayı qazandırdı. Film tənqidçilər tərəfindən də yüksək qiymətləndirildi.
Ancaq filmin ən böyük mükafatı, bəlkə də, tamaşaçıya verdiyi sadə sualdır: öz həyatımızı nə qədər yaxşı bildiyimizi düşünürüksə, bəs həyatın özünü nə qədər tanıyırıq?
"525"
Baxış sayı:116
Bu xəbər 09 Oktyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















