Parıltının arxasındakı həyat Kinoseans
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vudi Allenin filmlərində həyat çox vaxt zahiri görünüşü ilə gerçək mahiyyəti arasında ziddiyyət təşkil edir. Onun qəhrəmanları gözəl məkanlarda yaşayır, bahalı restoranlarda nahar edir, məşhur adamlarla ünsiyyətdə olur, sevgi və xoşbəxtlik axtarırlar. Ancaq bütün bu parıltının arxasında narahatlıq, tərəddüd, tənhalıq və məyusluq gizlənir. Rejissorun 2016-cı ildə çəkdiyi "Qlamur həyat" ("Caf? Society") komediya-melodramı da bu mövzulara qayıdışdır. 1930-cu illərin Hollivudu və Nyu-Yorku fonunda cərəyan edən əhvalat sevgi, şöhrət, sosial yüksəliş və insanın öz seçimləri ilə barışmaq cəhdi haqqında ironik hekayətdir.
Filmin qəhrəmanı Bobbi Dorfman Bruklində yaşayan yəhudi ailəsinin gənc üzvüdür. Həyatında yenilik axtaran Bobbi Hollivuda üz tutur. Burada onun məşhur kinoprodüser olan dayısı Filin köməyinə ehtiyacı var. Bir neçə gün gözlədikdən sonra dayısı ona iş tapır və katibəsi Vonni ilə tanış edir. Bobbi ilk görüşlərdən bu qıza vurulur. Vonni də ona biganə deyil, lakin sevgilisi olduğunu söyləyir. Sonradan məlum olur ki, bu sevgili elə Bobbinin dayısı Fildir. Beləcə, gəncin romantik ümidləri gözlənilməz və ağrılı şəkildə puça çıxır.
Filin həyat yoldaşından boşanaraq Vonni ilə evlənməsi Bobbi üçün Hollivudun cazibəsini də, bu dünyanın mənəvi ölçülərini də dəyişir. O, Nyu-Yorka qayıdır, qanqster qardaşı Benin gecə klubunda işləməyə başlayır. Klub şəhərin kübar cəmiyyətinin sevimli məkanlarından birinə çevrilir. Bobbi gözəl və varlı Veronika ilə evlənir, ata olur. İlk baxışda həyatında hər şey qaydasına düşür. Lakin keçmişdən qalan hiss, gerçəkləşməmiş sevgi hekayəti yaddaşından silinmir. İllər sonra Vonni ilə yenidən qarşılaşması bu duyğuları təzədən oyadır.
Əslində, Allenin maraqlandığı məsələ Bobbinin hansı qadını seçməsi deyil. Rejissor insanın həyatında baş tutmayan hadisələrin necə uzunömürlü xatirəyə çevrildiyini araşdırır. Bobbi artıq əvvəlki gənc deyil, sosial baxımdan uğur qazanıb, maddi təminatı var, ailə sahibidir. Ancaq bunlar onun daxilindəki yarımçıq hissi aradan qaldırmayıb. Vonni ilə qarşılaşanda keçmişin qapısı yenidən açılır. İndi isə onların hər ikisi başqa həyat yaşayır. Bir vaxtlar mümkün görünən gələcək artıq əlçatmazdır.
Filmin maraqlı cəhətlərindən biri Hollivudla Nyu-Yorkun fərqli həyat tərzinin qarşılaşdırılmasıdır. Hollivud məşhurluğun, kinoulduzların, prodüserlərin, dəbdəbəli qəbulların və zahiri cazibənin məkanıdır. Burada münasibətlər də müəyyən mənada maraq və nüfuz üzərində qurulur. Filin Vonni ilə münasibəti, ailəsini dağıtması, gənc qardaşı oğlunun hisslərini nəzərə almaması bu dünyanın mənəvi prinsiplərini açan epizodlardır. Nyu-York isə Bobbinin ailə köklərinə və daha sərt həyat reallıqlarına qayıdışıdır. Lakin Allen bu iki məkanı qarşı-qarşıya qoyub hansınısa ideallaşdırmır. Çünki Nyu-Yorkun da öz qaranlıq tərəfi var: Bobbinin qardaşı Ben qanqsterdir, cinayət aləmi ilə bağlıdır və nəticədə edama məhkum olunur.
Benin taleyi filmin yumoristik atmosferinə gözlənilməz dramatik çalar gətirir. Qanqster ölümqabağı keşişlə söhbətdən sonra xristianlığı qəbul edir. Onun bu qərarı dərin mənəvi dönüşdən daha çox, ölümdən sonra həyatın mövcudluğuna ümid bağlamaq istəyindən doğur. Benin etirafı filmin ən qara yumor nümunələrindəndir. O, sanki ölümün qarşısında belə öz rahatlığını düşünür. Allen bu epizodda dini inanc, ölüm qorxusu və insanın özünü aldatmaq ehtiyacı arasında ironik əlaqə qurur.
Benin taleyi ilə bağlı səhnələrdə Albert Kamyunun "Yad" romanını xatırladan müəyyən məqamlar da sezilir. Əlbəttə, bu, iki əsər arasında birbaşa bədii paralel aparmaq üçün əsas vermir. Sadəcə, hər iki halda ölümün yaxınlaşması insanın inanc, mənəvi təsəlli və həyatın mənası ilə bağlı münasibətini üzə çıxarır. Kamyunun qəhrəmanı ölüm qarşısında dini təsəllini qəbul etməkdən imtina etdiyi halda, Allenin personajı əksinə, son anda özünə dayaq axtararaq xristianlığı qəbul edir. Rejissor bu vəziyyəti qara yumor vasitəsilə təqdim edir: Benin qərarında dərin inamdan çox, ölümdən sonrakı həyata ümid və ölüm qorxusundan doğan təsəlli ehtiyacı hiss olunur.
"Qlamur həyat" Allenin əvvəlki filmlərində dəfələrlə müraciət etdiyi mövzulara qayıdır: yüksək cəmiyyətin pərdəarxası münasibətləri, xəyanət, ehtiras, şöhrət hərisliyi, sosial statusun insan xarakterinə təsiri. Ancaq bu dəfə rejissor həmin materialı xüsusi vizual fəndlər və mürəkkəb kino dili ilə zənginləşdirməyə çalışmır. Əhvalat daha çox klassik, ardıcıl təhkiyə üzərində qurulub. Bəzi səhnələrdə mürəkkəb və dinamik mizansenlər, kompozisiyanın incə quruluşu ekran əsərinə vizual gözəllik gətirsə də, filmin əsas ifadə vasitəsi dialoq, yumor və personajların davranışıdır. Operator Vittorio Storaronun işi isə 1930-cu illərin atmosferini, Hollivudun dəbdəbəsini və Nyu-Yorkun nostalji mənzərələrini xüsusi zövqlə canlandırır.
Aktyor seçimi də filmin ümumi ovqatına uyğundur. Cessi Ayzenberq Bobbinin tərəddüdlərini, romantik sadəlövhlüyünü və zamanla dəyişən xarakterini inandırıcı şəkildə təqdim edir. Kristen Stüartın canlandırdığı Vonni isə sadəcə sevgi üçbucağının iştirakçısı deyil. O da öz həyatını müəyyənləşdirmək, təhlükəsiz və təminatlı gələcək qurmaq istəyən qadındır. Stiv Karellin Fil obrazı isə nüfuz və özünəinamın arxasında gizlənən eqoizmi göstərir. Allen bu personajları öz zəiflikləri, ehtirasları və ziddiyyətləri ilə təqdim edir.
Filmin adı da müəyyən mənada onun məzmununu açır. "Caf? Society" - kafe və restoranlarda toplaşan, kübar həyat tərzi keçirən, sənət və şou-biznes aləminə yaxın insanların çevrəsi - 1930-cu illərin Amerika cəmiyyətinin özünəməxsus sosial təbəqəsini ifadə edir. Lakin Allen üçün bu mühit sadəcə dəbdəbəli həyatın təsviri deyil. O, həmin parıltının arxasında gizlənən münasibətləri, mənəvi kompromisləri və insanın xoşbəxtlik haqqında yanlış təsəvvürlərini göstərmək istəyir.
"Qlamur həyat"ın finalında Bobbinin yenidən Vonni ilə bağlı düşüncələrə dalması filmin əsas ideyasını tamamlayır. Həyat davam edir, insanlar öz seçimlərinə uyğun yeni yollar tapır, amma bəzi xatirələr zamanın təsirinə tabe olmur. Bobbinin qazandığı uğur da, qurduğu ailə də keçmişdə qalan sevgini unutdurmur. Bəlkə də insanın ən böyük paradoksu budur: əldə etdiklərinin içində xoşbəxt olmağa çalışarkən əldə edə bilmədiklərini düşünməkdən əl çəkə bilmir.
Vudi Allen bu dəfə də böyük fəlsəfi sualları gündəlik həyatın sadə hadisələri, incə yumor və nostalji ovqatı ilə ifadə edir. "Qlamur həyat" rejissorun yaradıcılığında ən seçilən ekran əsərlərindən sayılmasa da, onun insan təbiətinə, sevgi və xoşbəxtlik anlayışına ironik münasibətini əks etdirir. Ekranda hər şey parlaq görünür, amma bu parıltının arxasında hər kəsin öz yarımçıq hekayəsi, itirilmiş fürsəti və tənhalığı var.
"525"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Noyabr 2026 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















