“Heydər Əliyev partiyası”nın yaranması zamanın tələbi idi
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bu siyasi təşkilat xalqın maraqlarına və milli dövlətçiliyin mənafelərinə uyğun fəaliyyət göstərir
Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə ulu öndərə müraciət ünvanlamışdılar.
Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin partiyanın yaradılmasının 30 illiyinə həsr edilmiş təntənəli mərasimdəki çıxışından
Bakı, 21 noyabr 2022-ci il
Ötən əsrin doxsanıncı illərində ölkəmizdə baş verən ictimai-siyasi proseslər barədə nə qədər yazılsa, danışılsa, xatırladılsa, yenə də azdır. Çünki həmin illərdə xalqımız, sözün həqiqi mənasında, məhrumiyyətlər, məşəqqətlər içərisində idi. Milli dövlətimiz uçurumun bir addımlığında, xalqımız vətəndaş müharibəsinin astanasında idi. Sanki bizə Tanrı qarğamışdı.
Bir tərəfdən dövləti idarə etmək istəyən üç “liderin” paytaxtdan qaçması, bir tərəfdən torpaqlarımızın işğal və ya ilhaq edilməsü üçün atılan bədxah addımlar, bir tərəfdən də xalqın böyük əksəriyyətində sabaha olan inamın itməsi, ümidin ölməsi vəziyyəti daha da ağırlaşdırırdı.
Ancaq bizə “qarğamış” Tanrı bizim üçün möhtəşəm bir çıxış yolu da göstərmişdi. Bakıdan başlanan həmin yolun Naxçıvandakı sonunda Heydər Əliyev işığı görünürdü. O işıq xalqın tələbi, Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasını ərsəyə gətirdi. Prezident İlham Əliyev xatırladır ki, Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Hamının bildiyi faktdır ki, o zaman ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı.
Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı, faktiki olaraq, həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi.
Sənayemizin aparıcı sahəsi olan neft-qaz sektoru da böyük tənəzzülə uğramışdı və faktiki olaraq, ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda – ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etmişdi.
Sonra nə oldu? Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı oldu. Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Qətiyyətlə deyə bilərik ki, müasir Azərbaycan dövlətinin bütün uğur və nailiyyətlərinin təməli məhz Naxçıvanda keçirilmiş məlum konfransda qoyulmuşdu. Gənc müstəqil Azərbaycan dövlətinin BMT Təhükəsizlik Şurasına sədrlik etməsi də, ordumuzun dünyanın əlli ən yaxşı ordusu sırasına düşməsi də, dövlətimizin müasir dünya siyasətinin ən fəal aktorlarından birinə çevrilməsi də, paytaxtımızın ən ali səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də, öz ərazilərini məhz öz gücümüzə işğaldan azad etdiyimiz də, kosmosa rabitə peykləri göndərməyimiz də və bu kimi onlarca uğurun təməli məhz ulu öndər Heydər Əliyevin yaratdığı siyasi kurs nəticəsində mümkün olmuşdur. O siyasi kurs ki, başlanğıcını YAP-ın yaradılmasından götürmüşdü.
İndi artıq məktəblilər də bilirlər ki, Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Ancaq zaman dəyişildikcə, bu yolda da yeni istiqamətlər yaranır.
Dövlətimizin başçısı, YAP sədri İlham Əliyev partiyamızın VIII qurultayındakı nitqində demişdir: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik.
Prezidentin fikrincə, eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Sonda bir daha xatırladırıq ki, bütün bunların təməlində ulu öndər Heydər Əliyevin 1992-ci ilin payızında ona müraciət etmiş 91 nəfər millətsevər insanın məktubuna verdiyi müsbət cavab dayanır.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 06 Oktyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















