Icma.az
close
up
RU
Xalqın seçimi Heydər Əliyev idi

Xalqın seçimi Heydər Əliyev idi

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər bir xalqın tarixində Vətəni üçün atdığı addımlarla, gördüyü işlərlə vətəndaşları tərəfindən qəhrəmanlıq simvolu, xilaskar kimi qəbul edilən, illər keçsə də qəlblərdə daim yaşayan  şəxsiyyətlər olmuşdur. Belə şəxsiyyətlər dövlətin ən çətin, qaranlıq dövrlərinə işıq tutmuş, xalqının gələcəyini xilas etmiş və adlarını dövlətçilik tarixinə əbədi yazdırmışlar.

      Şübhəsiz ki, Ulu Öndərimiz, Ümumilli Lider Heydər Əliyev də Azərbaycan xalqının əvəzsiz şəxsiyyəti, əbədi qəhrəmanıdır. Xalqımız Ümumilli Liderinin əziz xatirəsini daim yad edir, onun vətəni üçün etdiyi əvəzsiz xidmətləri heç vaxt unutmur.

1991–1993-cü illər Azərbaycan üçün olduqca mürəkkəb siyasi, sosial və iqtisadi proseslərin baş verdiyi bir dövr kimi tarixə düşüb. Ölkədə idarəçilik sistemində hökm sürən qeyri-sabitlik dövlət institutlarının fəaliyyətinə ciddi təsir göstərir, əhali isə gündəlik həyatında çoxsaylı çətinliklərlə üzləşirdi. Ermənistanla davam edən müharibənin yaratdığı ağır vəziyyətə ölkə daxilindəki siyasi böhran və sabitliyin olmaması da əlavə olunmuşdu. Dövlət idarəçiliyində peşəkarlığın və səriştənin zəifləməsi nəticəsində ölkədə xaos və nizamsızlıq dərinləşir, iqtisadiyyat isə ağır böhran keçirirdi.

Belə mürəkkəb şəraitdə Azərbaycan xalqı ölkəni düşdüyü ağır vəziyyətdən çıxara biləcək siyasi lider kimi Heydər Əliyevə üz tutdu. 1993-cü ilin yayında xalqın təkidli çağırışları ilə Ulu Öndər Naxçıvandan Bakıya dəvət edildi. Onun siyasi rəhbərliyi ilə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və qanunun aliliyinin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan böhranlı vəziyyətdən çıxaraq sabitlik və inkişaf mərhələsinə qədəm qoydu.

3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkiləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Azərbaycan xalqı Heydər Əliyevə böyük etimad göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçim müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyırdı.

Heydər Əliyevin Azərbaycanın gələcək inkişafına ömrünü həsr etmək əzmi onun andiçmə mərasimində səsləndirdiyi fikirlərdə də aydın şəkildə ifadə olunmuşdu. Ulu Öndər həmin çıxışında demişdi: “Bu gün mənim üçün tarixi, əlamətdar gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan xalqına dərin ehtiramımı bildirir və əmin edirəm ki, ömrümün sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək, bütün fəaliyyətimi respublikamızın gələcək inkişafına sərf edəcəyəm.”

Azərbaycan xalqının dərin rəğbətini qazanan və “Ulu Öndər” adı ilə yaddaşlarda yaşayan Heydər Əliyev bütün siyasi fəaliyyəti boyunca dövlətçiliyin möhkəmləndirilməsinə, ölkədə davamlı sabitliyin yaradılmasına və güclü dövlət institutlarının formalaşdırılmasına çalışıb. Onun qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycan mürəkkəb sınaqlardan keçərək siyasi sabitlik və sosial-iqtisadi inkişaf yoluna çıxdı.

Ulu Öndərin geniş dünyagörüşü, beynəlxalq prosesləri dərindən təhlil etmək bacarığı və reallıqlara əsaslanan siyasi yanaşması Azərbaycanın dövlətçilik tarixində mühüm iz qoydu. O, ölkə daxilində həyata keçirdiyi siyasətlə yanaşı, beynəlxalq münasibətlər sistemində də Azərbaycanın mövqelərinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Peşəkarlığı, siyasi uzaqgörənliyi və strateji düşüncə qabiliyyəti Heydər Əliyevin nüfuzlu dövlət xadimi kimi tanınmasına səbəb olmuş, ona müxtəlif dairələrdə “siyasət qrosmeysteri”, “siyasət nəhəngi” və “siyasət patriarxı” kimi ifadələrlə müraciət edilmişdir.

Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm istiqamətlərindən biri də onun yüksək natiqlik qabiliyyəti idi. Onun çıxışları yalnız siyasi mesajları ilə deyil, milli-mənəvi dəyərlərə, tarixə və xalqın milli kimliyinə verdiyi önəmlə də seçilirdi. Ulu Öndər mürəkkəb siyasi məsələləri sadə və anlaşıqlı dillə ifadə edir, xalqın düşüncə və gözləntilərini öz çıxışlarında əks etdirirdi. Onun nitqlərində analitik yanaşma ilə yanaşı, milli tarixə, mədəniyyətə və mənəvi dəyərlərə xüsusi yer verilirdi.

Xalqın çağırışı ilə siyasi həyata qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atdı. Müstəqilliyin qorunması, dövlət institutlarının gücləndirilməsi və dövlət quruculuğunun sürətləndirilməsi onun fəaliyyətinin əsas istiqamətlərindən oldu. Ulu Öndərin rəhbərliyi ilə iqtisadiyyatın dirçəldilməsi, təhsil sisteminin inkişafı və milli ordunun gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm nəticələr əldə edildi. Ölkədə sabitliyin bərqərar olması iqtisadi inkişaf üçün əlverişli şərait yaratdı. Bu dövrdə formalaşdırılan neft strategiyası, xüsusilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri və digər enerji layihələri Azərbaycanın iqtisadi və geosiyasi imkanlarının genişlənməsinə mühüm töhfə verdi. Nəticədə Azərbaycanın beynəlxalq aləmdə siyasi və iqtisadi çəkisi əhəmiyyətli dərəcədə artdı.

Ulu Öndərin neft strategiyasının əsas mərhələlərindən biri 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması oldu. Dünyanın 8 ölkəsini təmsil edən 13 iri neft şirkəti ilə bağlanmış bu saziş Azərbaycanın enerji ehtiyatlarının beynəlxalq əməkdaşlıq çərçivəsində işlənməsi üçün geniş imkanlar açdı. Müqavilənin imzalanması ölkəyə xarici investisiyaların cəlb olunmasını sürətləndirdi, iqtisadi imkanların genişlənməsinə və enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm zəmin yaratdı. Sonrakı dövrdə həyata keçirilən enerji layihələri Azərbaycanın dünya enerji sistemində mövqeyinin güclənməsinə şərait yaratdı.

Heydər Əliyevin xarici siyasət kursunda Azərbaycanın əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və iqtisadi potensialından səmərəli istifadə xüsusi əhəmiyyət daşıyırdı. Onun təşəbbüsləri nəticəsində Azərbaycan regional və beynəlxalq enerji, nəqliyyat və kommunikasiya layihələrində fəal iştirak edən dövlətə çevrildi. “Böyük İpək Yolu”nun bərpası və Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər ölkənin tranzit və logistika imkanlarının genişlənməsinə mühüm töhfə verdi.

Ulu Öndərin siyasi irsində milli ideologiya və milli-mənəvi dəyərlər də mühüm yer tutur. Onun irəli sürdüyü ideoloji yanaşmalar Azərbaycan xalqının milli həmrəyliyinin və dövlətçilik şüurunun möhkəmləndirilməsinə xidmət etdi. Milli ideyanın dövlətçilik prinsipləri ilə əlaqələndirilməsi müstəqilliyin qorunması, suverenliyin möhkəmləndirilməsi və milli birlik baxımından mühüm amillərdən biri oldu.

1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi və siyasi əsaslarının formalaşdırılmasında mühüm mərhələ təşkil etdi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Əsas Qanun ölkədə hüquqi dövlət quruculuğunun və demokratik institutların inkişafının fundamental hüquqi bazasını müəyyənləşdirdi. Konstitusiyada insan hüquq və azadlıqlarının təmin olunması dövlətin əsas vəzifələrindən biri kimi təsbit edildi.

Ulu Öndərin rəhbərliyi dövründə siyasi və hüquqi sistemin təkmilləşdirilməsi istiqamətində də mühüm dəyişikliklər həyata keçirildi. Senzuranın ləğv edilməsi, söz və fikir azadlığının genişləndirilməsi, insan hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi bu prosesin əsas istiqamətlərindən idi. Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm cəzasının ləğv olunması və digər hüquqi islahatlar Azərbaycanda hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə yönəlmiş mühüm addımlar kimi qiymətləndirilir.

Heydər Əliyevin siyasi fəaliyyətində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq müstəvidə gündəmdə saxlanılması da mühüm yer tuturdu. Ulu Öndər Azərbaycanın mövqeyini müxtəlif beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə edir, Ermənistanın işğal siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışırdı. Münaqişənin sülh yolu ilə həlli məqsədilə beynəlxalq təşkilatlar çərçivəsində danışıqlar prosesinin davam etdirilməsi və Azərbaycanın ərazi bütövlüyü prinsipinin diqqətdə saxlanılması onun xarici siyasət kursunun mühüm istiqamətlərindən idi.

Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı illərdə də Azərbaycanın inkişaf siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirildi. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi Zəfər, həmçinin 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələr kimi yadda qaldı.

Bu gün Heydər Əliyevin siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin mühüm tərkib hissələrindən biri kimi çıxış edir. Ulu Öndərin dövlət quruculuğu, iqtisadi inkişaf, enerji siyasəti, beynəlxalq münasibətlər və milli-mənəvi dəyərlərlə bağlı formalaşdırdığı yanaşmalar Azərbaycanın sonrakı inkişaf prosesində də öz əksini tapmışdır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki xidmətləri və siyasi irsi ölkənin müasir tarixinin mühüm səhifələrindən birini təşkil edir. Onun həyat və fəaliyyəti Azərbaycan dövlətinin möhkəmləndirilməsi və milli maraqların qorunması ilə bağlı uzunmüddətli siyasi xəttin formalaşması ilə sıx bağlıdır. Ulu Öndərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.

Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Oktyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see205

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see151

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see148

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see147

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see146

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see143

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see143

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see141

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see141

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see140

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see140

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see140

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see139

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see139

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see138

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see137

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see133

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see132

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri