Icma.az
close
up
RU
Hökümə Əliyevanın səsini eşidəndə anladım ki, axtardığımı tapmışam

Hökümə Əliyevanın səsini eşidəndə anladım ki, axtardığımı tapmışam

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Hər ömrün bir hekayəsi var. Əvvəlcə sakit başlayır, adi günlərini yaşayır... Amma elə bir məqam gəlir ki, həmin ömür insanın həyatından çıxaraq, bir xalqın yaddaşına çevrilir. Elə ömürlər də var ki, onları qısa zaman kəsiyində anlamaq olmur, çünki onun içində sevgi də var, zəhmət də. Arzular da var, yarımçıq qalan xəyallar da. Və bir gün bu ömrün üstünə bir qəhrəmanlıq sözü də yazılır.

Bu fikirlər ötən həftə bir sənədli filmi izlədikdən sonra düşündüklərimdir, çünki kino yaddaşları qorumağın yollarından biridir. Bütün bunların arxasında bir insan ömrü dayanır. O ömrü lentə köçürmək isə təkcə kino çəkmək deyil, həm də zamanın içindən bir hekayəni götürüb gələcəyə aparmaqdır.

Avqustun 8-də tamaşaçılara təqdim olunan 25 dəqiqəlik sənədli filmin qəhrəmanı, ölüm təhlükəsini hər an hiss etsə də, "Hər şey yaxşı olacaq" deyərək, insanları ümidsizlikdən uzaqlaşdırmağa çalışan Hökümə Əliyevanın otuz beş yaşı oldu, lakin onsuz... Sağ olsaydı, yəqin ki, tamam fərqli bir ab-havada qeyd edəcəkdi doğum gününü. Amma bu dəfə hər şey yaxşı olmadı. Onun üçün özəl olan bir gündə əksəriyyətimiz "Hökümə - kədərim mənim" sənədli filmini izləməklə xatirəsini yad etdik.

"Hökümə - kədərim mənim" sənədli filminin rejissoru, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski ilə həmsöhbət olub onu bu filmi çəkməyə sövq edən duyğulardan danışdıq.

- Bildiyim qədər çəkdiyiniz sənədli filmlərin rejissorluğundan əlavə, həm də ideya müəllifisiniz...

- Bu günədək otuza qədər sənədli film çəkmişəm. Bunlardan on iki film tanınmış şəxsiyyətlər haqqındadır. Fəxri xiyabanda bir dəfn mərasimində idim. Özüm rejissor olsam da, belə yerlərdə kameralara düşməyi xoşlamıram. Ona görə də dəfn yerindən bir qədər aralandım və Səməd Vurğunun məzarı yaxınlığında dayandım. Onun məzarının sağ tərəfində akademik Yusif Məmmədəliyev dəfn olunub. Onların məzarı başında xatırladım ki, otuza qədər sənədli filmin rejissoruyam. Tanınmış on iki şəxsiyyətdən səkkiz nəfəri I Fəxri xiyabanda dəfn edilib: Səməd Vurğun, Yusif Məmmədəliyev, Əliş Lənbəranski, İmran Qasımov, İsmayıl Şıxlı, İsa Hüseynov. Tahir Salahov, Yusif Səmədoğlu. Və sonra da düşündüm ki, on iki filmin içində bir nəfər də xanım yoxdur. Bu fikir məni rahat buraxmırdı. Düşünürdüm ki, bizim kifayət qədər haqqında sənədli film çəkilməli ziyalı xanımlarımız var, amma nədənsə bu ideyamın açarını tapa bilmirdim. İki il əvvəl bu təyyarə qəzası baş verəndə və Hökümə Əliyevanın səsini eşidəndə, anladım ki, axtardığım açarı tapmışam. Hadisədən iki həftə sonra mərhum Rasim Balayevə zəng vurub dedim ki, görüşməyimiz lazımdır. Yanvarın doqquzunda onunla görüşdük, fikrimi bildirdim, layihəyə rəhbərlik etməyini xahiş etdim. Dərhal razılığını verdi və mən işləmlərə başladım. Soruşa bilərsiniz ki, film hazır olanda Rasim Balayev sağ idi və niyə təqdimat keçirilmədi. Ötən il iki dəfə təqdimat etməyi planlaşdırdıq, lakin Rasim Balayevin səhhətindəki problemlər üzündən təxirə saldıq. Bu gün isə çox üzülürəm ki, o, rəhbərlik etdiyi layihəni görə bilmədi. Bir məqamı da vurğulamaq istəyirəm. Həyatımda rastlaşdığım iki hadisə məni sarsıtdığı qədər də, rahat buraxmayıb. Biri 20 Yanvar qırğını, ikincisi sonuncu sərnişin təyyarəsinin vurulmasıdır. O qədər düşünürdüm ki, birinci hadisə haqqında 1990-cı ildə "Ruslar müharibə istəyirmi?" və 2025-ci ildə "Hökümə - kədərim mənim" sənədli filmlərini çəkdim.

- Amma yenə də sizi cəlb edəcək başqa bir məqam da olub yəqin ki...

- Bəli, olub... Hökümə xanım beynəlxalq hüquq fakültəsini ona görə bitirmişdi ki, gələcəkdə ölkəsini dünya arenasında müdafiə edə bilsin. Amma stüardessa oldu. Ona görə yox ki, dünyanı gəzmək kimi bir istəyi olub. O, dünya ilə tanış olduqca, bilik və savadından düzgün istifadə etmək üçün bir növ təcrübə toplayırdı, doktoranturanı bitirməyinə bir il qalmışdı. Hətta bildiyimə görə, bu, onun son uçuşu olmalı idi, ondan sonra hüquqşünas kimi fəaliyyətə başlayacaqdı. Bütün bunlar diqqət cəlb edən məqamlar olub.

- Filmin başqa adı da ola bilərdi...

- İndi ki, bu sualı verdiniz, mən də sirri açıb deyəcəyəm. Bir jurnalist qohumum var idi - Valeh Musayev. O zaman indiki "Xalq qəzeti"ndə (o vaxtlar "Kommunist" qəzeti idi) bölgə müxbiri kimi çalışırdı, yaxşı da qələmi vardı. Gürcüstanda baş vermiş qanlı hadisənin ildönümündə onun qəzetdə bir məqaləsi çıxmışdı, adı belə idi - "Tbilisi - kədərim mənim". Bu məqaləni o vaxtdan yadımdan çıxara bilmirdim və etiraf edirəm ki, filmin adını həmin məqalənin başlığından götürmüşəm.

- Filmdən əvvəl yəqin ki, Hökümə haqqında təsəvvürünüz yaranmışdı...

- Həmin ərəfədə onun davamlı olaraq yayılan səsi məndə qəribə düşüncələr yaradırdı. Bəzən düşünürdüm ki, insan nə qədər soyuqqanlı ola bilər ki, o təlatümün içində bir təyyarə dolu sərnişini sakitləşdirməyə çalışsın. O zaman Hökümə otuz üç yaşlı gənc bir xanım idi, nə qədər arzuları vardı. Vəziyyətin ciddi təhlükəsini, ölüm-qalım mübarizəsinin getdiyini, öz həyatını belə, itirəcəyini dərk etsə də, həmin anda sərnişinlərin təhlükəsizliyini daha vacib bilirdi.

- Film bitəndən sonra rejissor gözü qəhrəman xanımda yeni bir cəhət tapmamış olmaz...

- Əvvəla, çox təəssüfləndim ki, onu bu faciədən sonra tanıdım. Yadıma bir məqam düşdü. Rəhmətlik Elçibəyə bir dəfə sual verdilər ki, bəy, həyatda nəyə ən yüksək qiymət verirsiniz? Cavab verdi ki, gözəlliyə. Film bitəndən sonra anladım ki, Hökümənin gözəlliyi onun daxilindən, insani münasibətindən gəlir.

- Onun sizin ekrana gətirməkdə çətinlik çəkdiyiniz həyatının məqamı...

- Hökümənin ailəsi o, körpə ikən qaçqınlıq həyatı yaşayıb və qızın beş yaşı olanda valideynləri Volqoqrad vilayətinə köçüblər. Hökümə məktəbə orada gedib və beşinci sinfə qədər orada oxuyub. Mənim üçün məhz həmin dövr çox maraqlı idi. Anasının dediklərinə görə, Hökümə orada yaşayandan hüquqşünas olmaq istəyib, çünki düzü yanlışdan ayırmağı bacarıb. O, Vətəndə yaşamadıqlarını kiçik yaşlarından anlayıb və buna baxmayaraq, gördüyüm şəkillərdə Hökümə həmişə gülərüz olub. Onu əhatə edən mühitlə tanışlıq maraqlı olardı.

- Sənədli filmdə arxiv materiallarına istinad etmək tamaşaçıya maraqlıdır...

- Tək tamaşaçıya deyil, elə yaradıcı heyət üçün də arzuolunandır. Mən Hökümə xanımın qardaşı Coşqun Nəsibliyə təşəkkür edirəm ki, ilk olaraq arxiv kadrlarını bizə verib. Filmin əvvəlində təyyarənin qalxması və son kadrda gözdən itməyi arxiv matetiallarıdır. Sizə iş üslubumun bir məqamını da deyim. Əgər filmin əvvəli və sonu məni qane edirsə, o zaman bilirəm ki, işimi görə bilmişəm.

- Qəhrəmanlarınızın həyatına öz həyatınız kimi yanaşmaq hissi yaşamısınız...

- Maraqlı sualdır... Mənim qəhrəmanlarım həmişə məndən xeyli böyük olublar, ya atam yaşında, ya da babam. Hökümə Əliyeva həm ilk qadın qəhrəmanımdır, həm də yaşca məndən çox kiçikdir. Ona görə də bu filmdə belə bir yanaşma hiss etməmişəm...

HAŞİYƏ: "Həmin günü erkən yatmışdım, gecə saat bir olardı oyandım. Gördüm ki, Hökümə zəng çalıb, gəlinə deyir ki, ömrümü mənə göstər. Nəvəmə babasının adını vermişik, Hökümə ona "Ömrüm" deyirdi. Uşaq da nə isə kürlük etdi, ağladı, sakit dayanmadı... Qəribə bir hal vardı məndə, oturduğum yerdən tərpənmədən saat səkkizə qədər səhəri dirigözlü açdım. Az keçməmiş yoldaşım gəldi ki, gedək bazara, Rusiyaya barat göndərməli idik... Elə bazara təzə çatmışdıq ki, atasının telefonuna zəng gəldi. Cəlildən bircə bunu eşitdim - belimiz qırıldı... Sonra yaşananlarda sanki bir yuxunun içində idim. Mənə elə gəlirdi ki, ayılacam və hər şey öz yolunda olacaq. Nə yazıq ki, olmadı. Hökümə gedişi ilə düzənimi də apardı. Bəzən özümü günahlandırıram ki, əvvəldən onun uçuşlarına narazılığımda israrlı olsaydım, bu faciə baş verməzdi. Amma bu qəza olmasaydı da, Hökümənin alın yazısı çoxdan yazılmışdı (Kəmalə Alıyevanın müsahibəsindən, "525-ci qəzet").

- İndiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmisiniz, amma seçdiyiniz istiqamət fərqli olub...

- Mən mütaliəni çox sevmişəm. Hətta universitetdə Xarici ölkələr kafedrasının müdiri Əkbər Ağayev məni orada saxlamaq istəyirdi. Müharibədən sonrakı dövr xarici ədəbiyyatdan o qədər mütaliə etmişdim ki, sayını belə itirmişdim. Lakin mən universitetdə qalmaq istəmirdim. O zaman İsmayıl Şıxlı indiki Azərbaycan Dövlət Pedaqoji Universitetdə Xarici ölkələr kafedrasının müdiri idi. Əkbər Ağayev ona zəng vurub dedi ki, bu uşağın başına ağıl qoy. Mən onu universitetdə saxlamaq istəyirəm, o isə inad edir ki, yox, rejissor olacağam. Ay İsmayıl, 50-ci ildən sonrakı xarici ədəbiyyatı məndən çox oxuyub. Öz aralarında gülüşdülər də, lakin mən universiteti bitirib gəldim kinostudiyaya.

- Xeyli müddətdən sonra Moskvada ikillik Ali Rejissorluq kurslarını bitirdiniz və sənədli filmlərə daha üstünlük verdiniz...

- Üç bədii film çəkmişəm. Bunların ikisi kurs, biri diplom işim olub. Sənədli filmə gəlməyimdə rejissor Cahangir Zeynalov böyük rol oynayıb. Başlanğıcda onun bu təklifinə ciddi yanaşmasam da, sonradan xronika və arxiv materialları mənə maraqlı gəldi və bu yolu tutdum.

- Yəni bədii filmə nisbətən, sənədli filmdə daha rahatsınız...

- Xeyr, hər ikisində rahatam. Plan və layihələrim kifayət qədər var və istəyirəm ki, nəzərdə tutduğum bədii film dövlət sifarişi ilə olsun. Mən filmlərimə qarşı çox həssasam. Bir dəfə mənə təklif gəlmişdi ki, filmlərinizi almaq istəyirik. Təklif mənə qəribə gəldi, çünki heç zaman filmlərimi satmaq kimi bir fikrim olmayıb. Hətta qarşı tərəf mənə onu da bildirdi ki, onlar hakimiyyətə qarşı müxalif mövqedədirlər. Onlara dedim ki, mənim üçün kimliyindən, mövqeyindən asılı olmayaraq, hamı tamaşaçıdır. Filmlərim Azərbaycan tarixi, mədəniyyəti, onun böyük şəxsiyyətləri haqqındadır və mən bu yaradıqlarımı satmaq yox, bağışlaya bilərəm ki, dünya onları görsün.

- Azərbaycan kinosunun bu günü...

 - Bu sualı o qədər mənə ünvanlayıblar ki... Təəssüf ki, heç kəs cavabımı heç zaman yazmayıb. Azərbaycan kinosu Lenin kimidir. Ölüb, lakin dəfn edən yoxdur.

- Niyə?

- Niyəsi odur ki, baxmırlar kimsən, baxırlar ki, kiminləsən...

SÖZARDI: Bəzən ömürlər yarımçıq qalsa da, zaman onların izlərini silmək əvəzinə xatirələri daha da dərinləşdirir. Bəzən insanı yaşadan yalnız onun keçdiyi yol deyil, arxada qoyduğu işıqdır. Hökümənin qoyduğu işıq bir ömrə sığmayacaq qədərdir. Və bu işıq yaddaşlarda yandıqca, gələcəyimiz üçün HƏR ŞEY YAXŞI OLACAQ!..

Tamilla M-ZAZƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri