IATA rəhbəri: Bu il qlobal aviasiyanın artımında əsas hərəkətverici qüvvə Asiya olacaq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 2 fevral, AZƏRTAC
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Uilli Uolş bildirib ki, bu il dünya aviasiya sənayesi rentabellik, təchizat zəncirləri və ekoloji gündəmlə bağlı mövcud problemlərə baxmayaraq, sabit artımı qoruyub saxlaya biləcək.
AZƏRTAC xəbər verir ki, o, bunu bu gün Çangi (Sinqapur) şəhərində keçirilən Aviasiya sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il ümumilikdə aviasiya üçün uğurlu keçib. Belə ki, qlobal sərnişin axını 5,3 faiz artıb. Bununla yanaşı beynəlxalq daşımalar 7,1 faiz, daxili daşımalar isə 2,5 faiz artıb ki, bu da dünya üzrə sərnişin dövriyyəsinin təxminən 37 faizini təşkil edir. Yük hava daşımaları isə gözləntiləri üstələyərək 3,4 faiz artıb.
IATA rəhbəri qeyd edib ki, geosiyasi dəyişikliklər daha çox yük seqmentinə təsir göstərib. Belə ki, Asiya ilə Şimali Amerika arasında daşımalar uzun müddətdən sonra ilk dəfə olaraq 0,8 faiz azalıb, Avropa ilə Asiya arasında yük hava daşımalarının həcmi isə əksinə, 10,3 faiz artıb. Asiya–Sakit okean regionu ötən il həm sərnişin daşımalarının (7,8 faiz), həm də yük daşımalarının (8,4 faiz) artımında lider olub.
Bu il üçün proqnozlardan danışan U.Uolş bildirib ki, IATA sərnişin daşımalarının 4,9 faiz, yük daşımalarının isə 2,4 faiz artacağını gözləyir. Bu zaman Asiya–Sakit okean regionu yenidən bu sahənin inkişafına ən böyük töhfə verəcək. Burada sərnişin daşımalarının artımı 7,3 faiz, yük daşımalarının artımı isə təxminən 6 faiz səviyyəsində proqnozlaşdırılır.
Eyni zamanda, rentabellik dünya aviasiyasının zəif nöqtəsi olaraq qalır. IATA-nın qiymətləndirməsinə görə, ötən il bu sahədə xalis mənfəət 40 milyard ABŞ dollarından az olub (xalis marja – 3,9 faiz), bu il isə 41 milyard dollara yüksələcək. Lakin bir sərnişinə düşən xalis mənfəət cəmi 7,9 dollar təşkil edəcək ki, bu da böhrandan əvvəlki illərin göstəricilərindən xeyli aşağıdır.
U.Uolş Asiya–Sakit okean regionuna xüsusi diqqət çəkərək bildirib ki, burada xalis marja proqnozlara əsasən cəmi 2,3 faiz olacaq. Müqayisə üçün, dünya üzrə orta hesabla bir sərnişinə düşən mənfəət 3 ABŞ dollarını ötəcək.
IATA-nın rəhbəri bu sahə üçün əsas çağırışlar sırasında təchizat zəncirlərində davam edən pozuntuları və ekoloji öhdəlikləri qeyd edib. Onun sözlərinə görə, yeni təyyarələrin tədarükündə gecikmələr aviaşirkətlərin daha köhnə hava gəmilərindən istifadə etməsinə səbəb olub ki, bu da əsasən yanacaq və texniki xidmət xərcləri hesabına sahənin xərclərini 11 milyard ABŞ dollarından çox artırıb.
Ekologiya məsələsinə toxunan U.Uolş “CORSIA” mexanizminin əhəmiyyətini və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 2050-ci ilə qədər sıfır emissiya səviyyəsinə nail olmaq təşəbbüslərinə dəstəyi vurğulayıb. IATA-nın qiymətləndirməsinə görə, “CORSIA” çərçivəsində öhdəliklərin yerinə yetirilməsi 2035-ci ilə qədər dünya aviasiyasına təxminən 60 milyard ABŞ dollarına başa gələcək.
Eyni zamanda, assosiasiyanın rəhbərinin qeyd etdiyi kimi, dayanıqlı aviasiya yanacağı sahəsində irəliləyiş yetərli deyil. Ötən il onun istehsalı cəmi 1,9 milyon ton təşkil edib ki, bu da aviasiya yanacağının ümumi istehlakının təxminən 0,6 faizinə bərabərdir. Onun sözlərinə görə, yüksək qiymətlər və məcburi kvotalar istehsalın daha da artmasını məhdudlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 02 Fevral 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















