İgidlərimizin qanı ilə qazanılan azadlıq ŞƏRH
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Şuşanın azad edilməsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarixi hadisələrdən biridir. 2020-ci il noyabrın 8-də xalqımız illərlə həsrətində olduğu böyük sevincə qovuşdu, Qarabağın döyünən ürəyi, mədəniyyətimizin beşiyi olan Şuşa şəhəri işğaldan azad edildi. Bu qələbə təkcə hərbi əməliyyatın uğurla başa çatması deyildi. Şuşanın azadlığı Azərbaycanın tarixi torpaqlarına bağlılığının, milli iradəsinin və ən çətin sınaqlar qarşısında belə mübarizədən geri çəkilməyən xalqın əzminin təntənəsi idi.
Şuşa uğrunda döyüşlər Azərbaycan əsgərinin hansı gücə, cəsarətə və dözümlülüyə malik olduğunu nümayiş etdirdi. Şəhərin mürəkkəb relyefi, sıldırım qayaları, sıx meşələri və çətin keçidləri hərbçilərimizdən xüsusi hazırlıq və böyük fiziki dözüm tələb edirdi. İgidlərimiz bütün çətinliklərə sinə gərərək irəlilədilər, Vətən sevgisini hər addımda nümayiş etdirdilər. Onların qəhrəmanlığı sayəsində uzun illər işğal altında qalan Şuşada Azərbaycan bayrağı yenidən dalğalandı. Bu, hər bir azərbaycanlının qəlbində silinməz iz qoyan, gələcək nəsillərə örnək olacaq bir qəhrəmanlıq dastanıdır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı bu qələbə xalqımızın birliyinin və dövlətimizin gücünün təcəssümü oldu. Noyabrın 8-də Prezidentin Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azadlığını bəyan etməsi tarixi an kimi yaddaşlara həkk olundu. “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri illərlə doğma yurdunun həsrəti ilə yaşayan insanların qəlbində böyük qürur və sevinc yaratdı. Bu müraciət həm də Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiram, xalqımıza isə gələcəyə inam mesajı idi.
Şuşanın azadlığı şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin misilsiz igidliyi hesabına qazanıldı. Bu qələbəni xatırlayarkən Vətən uğrunda həyatını qurban verən qəhrəmanlarımızı ehtiramla anmaq, yaralanaraq sağlamlığını itirən qazilərimizin xidmətlərini unutmamaq hər birimizin borcudur. Onların göstərdiyi şücaət Azərbaycanın azadlıq salnaməsinin ən qiymətli səhifələrindəndir. Şuşada dalğalanan bayrağımız bizə hər zaman xatırladır ki, azadlıq böyük məsuliyyət, fədakarlıq və birlik tələb edir.
Şuşanın əhəmiyyəti onun coğrafi mövqeyi ilə məhdudlaşmır. Bu şəhər Azərbaycan musiqisinin, ədəbiyyatının, incəsənətinin və milli-mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayıb. Şuşa ilə bağlı hər bir küçə, hər bir tarixi abidə və hər bir mədəniyyət yadigarı xalqımızın keçmişindən xəbər verir. Şəhərin azad olunması milli irsimizə qovuşmaq, tarixi yaddaşımızı qorumaq və gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət daşıyır. Bu gün Şuşada aparılan bərpa və quruculuq işləri şəhərin yenidən dirçəldilməsinə, mədəni həyatının canlanmasına və doğma simasının qorunmasına xidmət edir.
Şuşa Zəfəri bizə bir daha göstərdi ki, xalqın birliyi və Vətənə sədaqəti qarşısında heç bir çətinlik keçilməz deyil. Bu tarixi qələbə Azərbaycan gəncliyinə cəsarət, məsuliyyət və vətənpərvərlik nümunəsi verir. Şuşanın azadlığına aparan yolu, şəhidlərimizin qəhrəmanlığını və qazilərimizin fədakarlığını unutmaq olmaz. Çünki bu günün xoşbəxtliyi dünənin ağır sınaqları və böyük qurbanları bahasına əldə edilib.
Bu gün Şuşa yenidən qurulur, öz tarixi və mədəni əzəmətinə qovuşur. Şəhərin küçələrində həyat canlanır, mədəni tədbirlər keçirilir, tarixi abidələr bərpa olunur. Bu mənzərə qələbənin yalnız döyüş meydanında qazanılmadığını, azad edilmiş torpaqlarda həyatın yenidən qurulması ilə daha da möhkəmləndiyini göstərir. Şuşanın dirçəldilməsi xalqımızın gələcəyə inamının və doğma torpaqlarına sahib çıxmaq əzminin ifadəsidir.
8 Noyabr Zəfəri Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Bu tarix bizə həm böyük qürur, həm də şəhidlərimizin qarşısında mənəvi məsuliyyət bəxş edir. Şuşanın azadlığı ilə xalqımız öz tarixi yaddaşına, mədəni irsinə və doğma torpaqlarına qovuşdu. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Qənaət Əsgərov
YAP Kəlbəcər rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 04 Noyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















