Paralellər kəsişəndə
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dmitri Şostakoviçin anadan olmasının 120 illiyi Bakıda keçirilən Beynəlxalq İncəsənət festivalı - BIAF-ın musiqi proqramında geniş əksini tapıb. Bəstəkarın müxtəlif dönəmlərə və janrlara aid əsərlərinin səslənməsi onun yaradıcılığına fərqli rakurslardan nəzər salmağa, Azərbaycan musiqisi ilə bağlılığını yenidən duyub dərk etməyə geniş imkan yaradıb.
525.az xəbər verir ki, festivalın zəngin açılış proqramında Şostakoviçin erkən əsərləri Vivaldi, Bax və Sarasatenin, Azərbaycan bəstəkarlarının musiqisi ilə əhatədə təqdim olunub. Dmitri Sitkovetskinin rəhbərliyi ilə BIAF Festival Orkestri və Bakı Dövlət Kamera Orkestrinin musiqiçilərindən təşkil edilmiş kollektiv bəstəkarın simli oktet üçün İki pyesini dirijorun simlilər üçün işləməsində səsləndirib. Vaxtilə 1934-cü ildə gənc Şostakoviçin özünün Aleksandr Qaukun idarə etdiyi orkestrlə pianoçu kimi Bakıda ifa etdiyi Birinci fortepiano konsertinin təqdimatını açılış gecəsində solist qismində Lukas Genyuşas və truba ifaçısı Tine Ting Helset gerçəkləşdiriblər. Elmira Nəzirovanın “Andante cantabile” pyesinin Y. Yakulov tərəfindən simli orkestr üçün versiyası da proqramda xüsusi məna qazanıb: E.Nəzirovanın adının Şostakoviçin Onuncu simfoniyasında musiqi motivi şəklində kodlaşdırılması festivalın konsertləri arasında incə bir bağ yaradıb.
Bu mövzu Nizami Kino Mərkəzində keçirilən konsertdə davam edib. BIAF Festival Orkestri Dmitri Sitkovetskinin dirijorluğu ilə Şostakoviçin bədii təcəssüm baxımından ən kamil Onuncu simfoniyasını Uilyam Kentricin (William Kentridge) “Oh To Believe in Another World” filminin nümayişi ilə birlikdə təqdim edib. Musiqi və ekran təsvirinin qarşılıqlı münasibəti əsərin məzmununa yeni baxış sərgiləyib. İkinci hissədə Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano və orkestr üçün ərəb mövzuları əsasında Konserti səslənib. Konsertin mahir təfsirçisi Fərhad Bədəlbəyli BIAF Festival Orkestri ilə Fuad İbrahimovun dirijorluğu altında çıxış edərək, əsərə yeni, son dərəcə təravətli yanaşma, zəngin səslər palitrası ilə auditoriyanı heyrətə gətirib.
Festivalın bu geniş musiqi mənzərəsində noyabrın 2-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən “Müəllim və yetirmələri” konserti xüsusi əhəmiyyət daşıyıb. Həmin konsertin festival proqramlarında yer alması BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin təşəbbüsüdür. Şostakoviç — Qarayev — Məlikov xətti üzərində qurulmuş proqram müəllimdən tələbəyə ötürülən sənət təcrübəsinin, estetik düşüncənin və mənəvi dəyərlərin canlı ifadəsinə çevrilib. Professor Zümrüd Dadaşzadənin giriş sözü və əsərlər barədə şərhləri bu varisliyin məğzini açaraq Şostakoviçin Azərbaycan bəstəkarlıq məktəbi ilə çoxşaxəli əlaqələrini diqqətə çatdırıb.
Qara Qarayevin müəllimi Şostakoviçə ithaf etdiyi İkinci simli kvartet Ceyla Seyidova, Səid Məmmədov, Vaxtanq İmanov və Aleksey Miltıxın ifasında təqdim olunub. Neoklassisizm məcrasında bəstələnən, forma aydınlığı ilə seçilən, incə zövqlə milli intonasiyalara boyanmış Kavertetin musiqisi auditoriyada böyük əks-səda doğurub.
Arif Məlikovun Nazim Hikmətin şeirlərinə bəstələdiyi romanslar isə bu sənət şəcərəsinin lirik dünyasını açıb. Nigar Cəfərova və Fərhad Bədəlbəylinin təqdimatında Məlikovun poetik sözü musiqiyə çevirmək bacarığı, şeirin danışıq ahəngini və duyğu çalarlarını həssaslıqla ifadə etmək istedadı önə çıxıb. Burada vokal və fortepiano partiyaları bərabərhüquqlu tərəflər kimi çıxış edir: fortepiano poetik fikri davam etdirir, sözdə əks olunan hisslərin daxili qatlarını açır. Bu dialoqun qurulmasında, vokal xəttin nəfəsi ilə fortepianonun ifadə imkanlarının vahid bədii məcrada birləşdirilməsində F.Bədəlbəylinin rolu xüsusidir.
Konsertin kulminasiyası Şostakoviçin öz yaxın dostu, musiqişünas İvan Sollertinskinin xatirəsinə həsr etdiyi İkinci fortepiano triosu olub. Fərhad Bədəlbəyli, Dmitri Sitkovetski və Boris Barazın bir araya gəldiyi bu ifada ansambl duyumu, qarşılıqlı həssaslıq əsərin dramaturji xəttini bütövlüklə qurmağa imkan verib. Şəxsi itki ilə müharibə dramını qovuşduran musiqinin gərgin inkişafında hüzn dolu passakalya dramaturji mərkəz kimi səslənib. Finalın çoxmənalı musiqi mətnində isə oynaq rəqslə faciə, istehza ilə iztirab uzlaşdırılaraq dinləyiciyə bütün mürəkkəbliyi ilə çatdırılıb. Üç musiqiçinin vahid bədii niyyətdə birləşən təfsiri sarsıdıcı təsir bağışlayıb, dinləyicilərin coşqun alqışları ilə qarşılanıb.
Bakı Musiqi Akademiyasında keçirilən konsert böyük sənət əsərlərinin hər yeni ifada yeni məna və ifadə çalarları ilə zənginləşən tükənməz qüvvəsini bir daha sərgiləyib.
.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 04 Noyabr 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















