İki dost, qardaş və müttəfiq
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
III MƏQALƏ
Dostluq və qardaşlıqdan strateji müttəfiqliyə
Dövlətlərarası münasibətlərə hər şeydən öncə prinsipial, ciddi və syasi-nəzəri təməli hüquqi tənzimlənən fenomen kimi baxılmalıdır. Söhbət dövlətdən gedirsə, hər bir emosional məqam arxa plana atılmalıdır. İki müstəqil dövlət tarix, din, dil, mədəniyyət, dünyaduyumu, birgəyaşam tərzi və başqa vacib sosial-mədəni, mənəvi, psixoloji sferalar üzrə yaxın olsalar da, dövlət kimi münasibətlərin öz qaydası vardır. Burada hər bir dövlətin maraqları və strateji inkişaf təsəvvürləri ciddi olaraq nəzərə alınmalıdır. Əgər iki dövləti müstəqil qəbul edib, onları mürəkkəb, açıq sistem kimi təsəvvür ediriksə, onda onların qarşılıqlı münasibətlərini fəlsəfi anlamı olan “kommunikativ münasibətlər” kateqoriyasına aid edə bilərik. Bu anlamda müasir fəlsəfi, siyasi, nəzəri, elmi yanaşmaların qənaətləri prizmasından baxanda bir maraqlı məqamı görmək mümkündür.
Münasibətlərin nəzəri dərki
Talkot Parsons sosial fəaliyyətin baza mənasını izah edərkən yazırdı ki, hər bir kommunikativ situasiya kontingent xarakterlidir. Yəni istənilən halda iki və daha çox obyektin sosial qarşılıqlı təsiri iştirakçıların heç birindən tam asılı olmayaraq formalaşan situasiyadır. Bu situasiyanın kontentləri (yəni təşkiledici faktorları) olur. Nəticədə hər bir anda obyektlər (subyektlər, sistemlər, insanlar, cəmiyyətlər, dövlətlər və s.) arasında münasibətlərdə qeyri-müəyyənlik məqamı mövcud olur. Dərketmə hadisəsi olaraq Maykl Polani bu cür vəziyyəti hər zaman müəyyən qeyri-aşkar biliyin mövcud olması səbəbi ilə əlaqələndirir. Yəni istənilən situasiyada onun iştirakçılarının tam dərk edə bilmədiyi məqamlar mütləq surətdə var olur.
Belə olan halda subyektlər arasında münasibətlərdə həmişə bir qeyri-müəyyənlik olmalıdır. Vəziyyətdən müsbət anlamda çıxış yolu münasibətlərin dialoq formasına üstünlük verməklə bağlıdır. Lakin burada N.Lumanın da ümumnəzəri səviyyədə vurğuladığı “ikiqat mesaj” faktoru özünü göstərir (çox sayda tanınmış alim bundan istifadə etmişdir, məsələn, Qreqori Beytson “zəkanın ekologiyası”ndan həmin bağlılıqda bəhs etmişdir və s.). Deməli, insan idrakı prinsipial olaraq heç zaman hər hansı situasiyanı tam aydın qavraya bilmir.
Dialoq bu baxımdan münasibətlərin pozitiv və ortaq nəticə əldə etmək üçün ən yaxşı kommunikasiya metodudur. Politoloqlar, beynəlxalq münasbətlər üzə araşdırmaçılar, strateqlər ümumelmi yanaşmadan gələn bu qənaətləri dövlətlərarası münasibətlərə tətbiq edirlər (və ya reduksiya edirlər).
Dövlətlərarası münasibətlərdə öhdəlik və məsuliyyət
Ümumi nəzəri yanaşmadan belə alınır ki, dövlətlərarası münasibətlərdə iştirakçıların özündən asılı olmayaraq həmişə tam aydınlaşmayan informasiyalar, təsirlər və biliklər olacaqdır. Deməli, burada söhbət dövlətlərarası münasibətlərin tənzimlənməsi və neqativ təsirlərə müqavimət ciddi rol oynayır. Münasibətlərin tənzimlənməsi səmimi dialoqa, müqavimət isə qeyri-müəyyən situasiyalara (qeyri-aşkar informasiyalara, biliklərə və s.) ortaq maraqların təmini prinsipinə əməl etməklə reaksiya verməyə əsaslanmalıdır.
Belə alınır ki, dövlətlərarası münasibətlərin əsl strateji xarakteri onlar arasında hansısa qeyri-müəyyənliyin heç zaman meydana gəlməməsi ilə deyil, hər zaman meydana çıxa biləcək qeyri-müəyyənliklərə qarşı maksimum dirəniş göstərmək, dost və qardaş dayanışması nümayiş etdirmək və ortaq maraqların təmin edilməsinə istiqamətlənməklə bağlıdır.
Bu baxımdan hər hansı sualın və ya anlaşılmazlığın meydana gəlməsi təşviş yaratmamalı, ondan ayrılıqçı nəticələr çıxarılmamalı və dost olmaq istəməyən dairələrə əlavə şans verilməməlidir.
Lakin dövlətlərarası münasibətlər üçün burada bir vacib xüsusiyyət də vardır. Məsələ onunla bağlıdır ki, strateji müttəfiqliyin siyasi-hüquqi təmini rəsmən təsbit edilməlidir ki, tərəflər ona praktikada əməl etsinlər. Yəni rəsmi imzalanmış hüquqi xarakterli sənəd həm də məsuliyyətdir, verdiyi sözlərə əməl etmək öhdəliyidir. Vədlər, öhdəliklər, hüquqlar, məhdudiyyətlər və s. dövlətlərarası münasibətlərin elementləri kimi münasibətlərin tənzimlənməsinə aid olan konkret sənədlərdə aydın və dəqiq ifadə edilməlidir.
Şuşa Bəyannaməsi – müttəfiqlik zirvəsi
Bu, müasir dövrdə bir sıra baxımdan tarixi əhəmiyyəti və özəlliyi olan siyasi-hüquqi sənəddir. O, iki müstəqil dövlət arasında münasibətləri tənzimləyən və beynəlxalq hüququn bütün qaydaları üzrə hazırlanmışdır. Şuşa Bəyannaməsinin məzmunu, mahiyyəti və məqsədləri onun strateji müttəfiqliyə aid olduğunu təsbit edir. Yəni Şuşa Bəyannaməsi elə məzmun və məqsəddə hazırlanmışdır ki, iki müstəqil dövlət arasında münasibətləri strateji olaraq müttəfiqlik kateqoriyasına aid etmək mümkündür. Məhz bu anlamda Azərbaycan-Türkiyə strateji müttəfiqliyi özündə hər iki ölkənin cəmiyyətlərindən qaynaqlanan dostluq və qardaşlığın institusional özəlliklərini ehtiva etməkdədir.
Belə alınır ki, Şuşa Bəyannaməsində toplumlardan gələn dostluq və qardaşlıqdan siyasi müttəfiqliyə məntiqi keçid olduğu kimi, sənədin hüquqi ruhu kontekstində strateji müttəfiqlikdən qardaşlıq və dostluğa keçid mövcuddur. Bu qarşılıqlı bağlılıq dünya təcrübəsində dostluq, qardaşlıq və siyasi müttəfiqliyə özəl məna və məzmun verməkdədir. Həmin məqam hələ öyrənilməlidir. Biz burada sənəddəki bir neçə müddəadan çıxış edərək strateji müttəfiqliyin Azərbaycan-Türkiyə nümunəsinə “Qəhrəmanmaraş tezis”i fonunda nəzər salmağa çalışacağıq.
Dostluq və qardaşlığa sadiqlik
Bəyannamədə vurğulanır ki, Azərbaycan və Türkiyə dostluq və qardaşlığa əsaslanaraq və Qars müqaviləsinə sadiq qalaraq sənədi imzalayırlar. Bu o deməkdir ki, Şuşa Bəyannaməsi dostluq, qardaşlıq və hüquqiliyin üzərində bərqərar olmuş dövlətlərarası münasibətlərə aid sənəddir.
Onun üç sütun prinsipinin ikisi türklüklə bağlıdırsa, münasibətlərin tənzimlənməsində başlıca şərt hüquqiliyin təminidir. Əlbəttə, dostluq və qardaşlıq bütövlükdə iki dövlət arasında münasibətlərin “tarixi, mədəni, ideoloji, dəyər, siyasi kompası” rolunu oynamalıdır. İki türk dövlətinin münasibətlərini həmin çərçivə daxilində qurmaları şərtdir. Bununla yanaşı, dövlət olaraq münasibətlərin tənzimlənməsi beynəlxalq hüquqi zəminə əsaslanır. Qars müqaviləsinin burada xüsusi yer tutması müasir müstəqil dövlətçiliyin mövcud ola bilmə şərtləri ilə bağlıdır. Türkiyə ilə münasibətlərdə həmin şərtlərin hüquqi məzmununu Bəyannamədə vurğulandığı kimi “9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər” tutmaq təşkil edir.
Bununla Bakı və Ankara dəqiq hüquqi çərçivədə dostluq və qardaşlığa əsaslanan münasibətlərin Qars müqaviləsindən başlayan, 1994-cü il və 2010-cu il sənədləri ilə müasir şərtlərə uyğunlaşan siyasi-hüquqi münasibətlər sisteminə keçmişlər.
Prezident İlham Əliyevin “Qəhrəmanmaraş tezis”inin yeni tarixi mərhələdə mənasının ana xəttini bu bağlılıq təşkil edir. Azərbaycan lideri yığcam şəkildə dostluq və qardaşlığı hüquqi anlamda müttəfiqliklə eyni məntiqi bucaq altında ifadə edə bilmişdir.
Ölkə və xalqların qardaşlığı
Şuşa Bəyannaməsində bir məqam da tam yerində vurğulanmışdır. Orada yazılmışdır: “İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayaraq...”. Məhz bu fundamental məqam “Qəhrəmanmaraş tezis”ində çox yığcam və konkret ifadə edilmişdir: Azərbaycan-Türkiyə strateji müttəfiqliyi dostluq və qardaşlığa dayanan birlik nümunəsidir.
Burada Prezidentin yeni tezisində daxili məntiqi ifadə edilmiş və Şuşa Bəyannaməsində ayrıca qeyd edilən iki məqama çıxış vardır.
Ümumi maraqların qorunması
Birincisi, hər iki dövlət ümumi maraqların qorunmasını öhdələrinə götürürlər. Sənəddə bu məqam aşağıdakı kimi ifadə edilmişdir: “Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək”, münasibətlər qururlar. Yəni vurğulanan anlamda öhdəliyin dəqiq məna əsası mövcuddur.
Beynəlxalq hüquq
İkincisi, “Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq”, tərəflər fəaliyyət göstərəcəklər. Bu əlamət hazırda özünü tam gücü və əhatəsi ilə göstərir.
Beləliklə, “Qəhrəmanmaraş tezis”inin yeni tarixi mərhələ üçün vacib prinsipial strateji hədəfinin ümumi siyasi-nəzəri cizgisi tam aydınlaşır: dostluq, qardaşlıq, ortaq maraqlar və beynəlxalq hüquqa dayanan müttəfiqlik! Digər bütün əməkdaşlıq və birlik istiqamətləri bu dörd faktorun siyasi və məntiqi çətiri altında məzmun almışdır! Onların yekun siyasi, geosiyasi və dövləti sinerjisi “müttəfiqlik” terminində ifadə edilir. “Dostluq”, “qardaşlıq”, “ortaq maraqlar” və “beynəlxalq hüquq” isə münasibətləri tənzimləmənin, yəni müttəfiqliyin praktiki aspektinin nizamlama parametrləridirlər!
Vurğulanan məna çalarlarına əsasən, “Qəhrəmanmaraş tezis”ini yeni tarixi mərhələdə strateji müttəfiqliyin dərinləşməsinin “yol xəritəsi” hesab etmək olar. Bütün hallarda həmin tezisdə ehtiva olunan siyasi, diplomatik, geosiyasi və politoloji məqamlar Azərbaycan-Türkiyə strateji birliyinin Türk Dövlətləri Təşkilatında (TDT) inteqrativ trendlərin reallaşması üçün nüvə model rolunu oynaya biləcəyinə əminlik vardır. Deməli, növbəti mərhələdə “dostluq, qardaşlıq, müttəfiqlik” triadasının Türk dünyası miqyasına proyeksiyası nəzəri və praktiki aspektlərdə daha da aktuallaşacaq!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

