İki il əvvəl baş vermiş faciə...
![](https://yeniazerbaycan.com/yukle/shekil/108295_zelzele-4.jpg)
![](https://yeniazerbaycan.com/yukle/shekil/638599_zelzele-3.jpg)
![](https://yeniazerbaycan.com/yukle/shekil/138353_zelzele-2.jpg)
Azərbaycan - Türkiyə dostluğunun möhkəmliyini bütün dünyaya göstərdi
Tarixin bu günündə - 2023-cü il fevralın 6-da Türkiyə dəhşətli zəlzələ xəbəri ilə silkələndi. Episentiri Kahramanmaraş şəhərinə düşən 7,7 və 7,6 bal gücündəki dağıdıcı zəlzələ qardaş ölkənin tarixində ən faciəvi səhifələrdən biridir. Bu gün faciənin ikinci ildönümü tamam olur.
53 mindən çox insanın həyatına son qoyan faciə
Təbii fəlakətin miqyası kifayət qədər böyük olub. Dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb. Verilən məlumata görə, 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub.
Təbii fəlakət bölgəsinə 650 min nəfərlik işçi qüvvəsi cəlb olunub. Onlardan 11 min 488-i beynəlxalq olmaqla 35 min 250-si axtarış-xilasetmə, 142 mini isə təhlükəsizlik işçisi idi. Bütün bu işlərin aparılması üçün 20 min avtomobil və tikinti texnikası, 141 helikopter, 182 təyyarə və 23 gəmi ayrılıb.
İlkin mərhələdə bölgəyə bir milyon çadır çatdırılıb ki, bu da təxminən 2,5 milyon zərərçəkənin müvəqqəti sığınmasına imkan yaradıb. Bölgədən 3 milyon 549 min nəfər təxliyə edilib.
Türkiyə dövləti ənənəvi olaraq monolit və ümummilli ideyalara sadiq olan cəmiyyəti ilə fərqlənib. Qəhrəman türk xalqı miqyası çox böyük olan 6 fevral faciəsini də bir sınaq kimi qəbul etdi. Eyni zamanda, bütün dünya Türkiyə dövlətinin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın çətin məqamlarda xalqın yanında olduğuna şahidlik etdi. Bunu zəlzələ baş verən bölgələrdə həyata keçirilən bərpa işləri əyani şəkildə təsdiqləyir. Fəlakət zonasında bütün kəndlərin 2025-ci ilin sonunadək bərpa ediləcəyi gözlənilir. Təkcə Kahramanmaraş vilayətində dağıdıcı zəlzələlərdən keçən iki il ərzində 345 kənd bərpa edilib, habelə burada 15 min ev tikilib. Onlardan sonuncusu bu ilin sonunadək zərərçəkmiş rayon sakinlərinə təhvil veriləcək. Bu barədə Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi yanında Tikinti İşləri Departamentinin baş direktorunun müavini Murat Akınbingöl məlumat verib.
Bölgənin bərpasını sürətləndirmək üçün 67 fərqli şirkətə Kahramanmaraşın 11 kəndində tikinti işləri aparmaq hüququ verilib. Akınbingöl qeyd edib ki, artıq 1100 ev Kahramanmaraşın evsiz qalmış kəndliləri arasında paylanıb. Bundan başqa, daha 9 min evin sahibinin müəyyənləşdirilməsi üçün püşkatma keçirilib. Qalan yaşayış binaları isə 2025-ci il ərzində istifadəyə veriləcək.
Bu günlərdə bir qrup jurnalist Kahramanmaraşın Türkoğlu rayonunda 2023-cü ildə baş verən zəlzələlər nəticəsində əksər evlərin dağıldığı kəndlərdən birinə baş çəkib. Artıq buradakı Özbək kəndində sahəsi 105-108 kvadratmetr olan 55 ev tam hazırdır. Yeni tikinti layihələrinin icrası zamanı Anadolunun bu hissəsinin xarakterik memarlıq xüsusiyyətləri mütləq qaydada nəzərə alınır.
Yardıma gələn birinci, fəlakət bölgəsini tərk edən sonuncu ölkə...
Həmişə bir-birinin yanında olan Azərbaycan və Türkiyə yaxşı günlərin sevincini bölüşdükləri kimi, çətin anlarda da bir-birinə qardaşlıq dəstəyi göstərirlər. İki il bundan əvvəl baş verən zəlzələ zamanı da belə oldu. Azərbaycan qardaş ölkənin faciəsini öz kədəri kimi qəbul edib. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısına başsağlığı verib. O, fevralın 6-da Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Məktubda yazılıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Bu mənəvi-siyasi dəstəklə yanaşı, Azərbaycan yardıma birinci gələn və fəlakət bölgəsini son tərk edən ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərilib. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Dövlət xətti ilə texniki dəstək və humanitar yardımlar sonrakı günlərdə də ardıcıl şəkildə davam etdirlib.
Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar yola salıb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib. Deyə bilərik ki, Heydər Əliyev Fondunun çağırışı ilə bu kampaniyaya bütün Azərbaycan cəmiyyəti qoşulub. Həmin günlərdə sadə bir azərbaycanlı ailənin zəlzələ bölgəsinə yorğan-döşək göndərməsini əks etdirən foto Azərbaycanda və Türkiyədə, eləcə də dünya mətbuatında manşetlərdə yerləşdirildi. Bəli, həmin günlərdə Azərbaycanda hər kəsin qəlbi Kahramanmaraşda, zəlzələdən zərər çəkmiş insanlarla bir yerdə döyünürdü. Bu, əsl qardaşlıq, doğmalıq hissi idi.
Azərbaycanın qardaşlıq dəstəyi Türkiyə dövləti və cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib. Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə telefon danışığında hərtərəfli dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. “Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı”, - deyə R.T.Ərdoğan vurğulayıb.
Eyni zamanda, qardaş ölkənin lideri Azərbaycan FHN-nin xilasedici giziri Elvin İsgəndərovu, Müdafiə Nazirliyi Tibb Xidmətinin polkovniki Niyamədin Ağamalıyevi və zəlzələdən sonra Türkiyəyə gedən gənc könüllülərdən Ayxan Allahverdiyevi “Yüksək Fədakarlıq Ordeni və Medalı” ilə təltif edib.
Kahramanmaraşda “Azərbaycan” məhəlləsi
Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılması ölkəmizin Türkiyəyə qardaşlıq dəstəyinin daha bir nümunəsidir. Layihə 100 milyon dollarlıq tikinti işlərini əhatə edir. “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi barədə əməkdaşlıq haqqında” saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən isə ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzalayıblar. R.T.Ərdoğan isə noyabrın 11-də sazişi təsdiqləyib.
Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Məhəllədə 71 yaşayış binasını inşası layihələndirilib. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək.
Kahramanmaraşda “Azərbaycan” məhəlləsində tikilmiş mənzillərin sahiblərinin ilk qrupu dağıdıcı zəlzələnin ikinci ildönümündə püşkatma vasitəsilə müəyyən olunacaq.
Bu barədə Kahramanmaraş Böyük Şəhər bələdiyyəsinin sədri Fırat Görgel məlumat verib. O bildirib ki, Azərbaycan hökuməti xətti ilə yaşayış massivi ərazisində aparılan işlərə cavabdeh orqan Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyidir (MİDA). Türkiyə tərəfdən isə layihənin icrasında Mənzil İnşaatı İdarəsi (TOKİ) iştirak edir: “Azərbaycan xalqına və Prezident İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk. Qardaş ölkənin dəstəyi ilə Kahramanmaraşda zəlzələ nəticəsində dağılmış ərazilər bərpa olunur”.
O qeyd edib ki, əyalət Azərbaycanla qədim tarixi bağlara malikdir. Görgel xatırladıb ki, Türkiyədə baş vermiş dağıdıcı təbii fəlakətdən əvvəl şəhərin mərkəzi və ən canlı küçələrindən birinə “Azərbaycan” adı verilib.
“Kahramanmaraşda “Azərbaycan” məhəlləsi tək yaşayış binaları və ticarət meydanlarından ibarət deyil, burada həmçinin məktəb və mədəniyyət mərkəzi də inşa edilib. Layihə çərçivəsində aparılan işləri yaxın aylarda bitirmək planlaşdırılıb. Bundan sonra məskunlaşma prosesi başlayacaq”, - deyə o qeyd edib.
“Azərbaycan” məhəlləsində fəaliyyət göstərən Heydər Əliyev adına məktəbdə tədris prosesi isə davam edir.
Mübariz ABDULLAYEV
![see](https://icma.az/template/assets/see.png)