İkili diplom proqramlarıyla bağlı xarici ali məktəblərin seçimi qaydası təsdiqlənib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası” təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qayda beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir. Qaydada Proqrama dair müqavilənin bağlanılması, Proqrama tələbə seçimi şərtləri göstərilir.
Xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi aşağıdakı meyarlar üzrə aparılır:
- xarici tərəfdaş ali təhsil müəssisəsinin seçim tarixinə beynəlxalq reytinq qurumlarının (“Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)”) ən azı ikisinin tərtib etdiyi sıralamada yer alması;
- xarici tərəfdaş ali təhsil müəssisəsinin bakalavr ali peşə-ixtisas dərəcəsini, magistr ali elmi-ixtisas dərəcəsini və doktorluq elmi dərəcəsini vermək səlahiyyətinin onun fəaliyyət göstərdiyi ölkənin müvafiq dövlət qurumları, keyfiyyət və akkreditasiyaya məsul aidiyyəti təşkilatları tərəfindən tanınması;
- xarici tərəfdaş ali təhsil müəssisəsinin Proqramın icrası üçün irəli sürdüyü şərtlər sırasında əsaslı infrastruktur (bina tikintisi və s.) layihələrinin maliyyələşdirilməsi tələbinin olmaması.
Proqramın həyata keçiriləcəyi ixtisasların və təhsil səviyyələrinin seçimi aşağıdakı meyarlar üzrə aparılır:
- ixtisasın Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun sahələrə aid olması;
- ixtisas üzrə kadr hazırlığının aparılacağı yerli ali təhsil müəssisəsinin madditexniki bazasının tərəflər arasında müqavilə əsasında razılaşdırılmış təlim nəticələrinin
əldə olunmasının minimum tələblərinə cavab verməsi;
- ixtisas üzrə kadr hazırlığının ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və doktorantura təhsil səviyyələrində aparılması.
Xarici tərəfdaş ali təhsil müəssisəsinin Proqramın həyata keçiriləcəyi ixtisasın və təhsil səviyyəsinin bu Qaydanda göstərilən meyarlara uyğunluğunun qiymətləndirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən aparılır.
Tərəflər Proqram üzrə ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili və magistratura təhsil səviyyələrinə tələbələrin seçimini Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul
imtahanlarının nəticələri əsasında, ali təhsilin doktorantura səviyyəsinə tələbələrin seçimini isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparırlar. Yerli ali təhsil müəssisəsinin maddi-texniki bazası imkan verdiyi və müqavilədə nəzərdə tutulduğu halda, bu Qaydanın 4.1-ci bəndində göstərilən qaydada keçirilən seçim başa çatdıqdan sonra Proqram üzrə ödənişli əsaslarla təhsil alacaq sıralamada ən yüksək göstəricilərə (keçid balı, ÜOMG, beynəlxalq səviyyəli dil sertifikatı
və s.) malik tələbələrin seçimi aparılır. Proqrama tələbə seçimi zamanı xarici tərəfdaş ali təhsil müəssisəsinin müqavilə ilə müəyyən edilmiş seçim şərtləri təmin olunur.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Proqrama seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələbləri nəzərə alınmaqla aparılır. Bu zaman əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Proqramda ödənişli əsaslarla iştirak edirlər.
Proqrama tələbə seçimi şərtləri müvafiq yerli ali təhsil müəssisəsinin internet səhifəsində yerləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 18 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















