İkitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşü çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. Bu barədə SİA-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Son dövrlərdə ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasının, siyasi dialoqumuzun intensivliyinin ikitərəfli münasibətlərimizin mahiyyətcə yeni mərhələyə keçməsində və daha da zənginləşdirilməsində əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.
Görüş zamanı iqtisadi əlaqələrin, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər perspektivli sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Regional inkişaf, çağırışlar və fürsətlər barədə fikir mübadiləsi aparılıb, ikitərəfli formatda olduğu kimi, regional məsələlərdə də Azərbaycan və Pakistanın hər zaman bir-birinin legitim maraqlarını dəstəklədiyi bildirilib, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə olunub.
Nazirlər arasında Pakistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında iyul ayı üzrə sədrliyi çərçivəsində təşəbbüslər barədə də geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və beynəlxalq məsələlərə diqqət yetirilib.


