İlbəil cavanlaşan xariqələr şəhəri
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Sumqayıt Azərbaycanın “Gənclər paytaxtı”dır
Xəzərin sahilində, Abşeron yarımadasının şimalında qərar tutmuş Sumqayıt ölkəmizdə “gənclik şəhəri” kimi tanınan yeganə coğrafi ünvandır. İndi artıq 75 yaşı olsa da, Sumqayıt özünəməxsus aurasına – qaynar həyatına görə yenə də belə adlanır. Bu şəhərin xarakterinə tükənməz şövq, coşqu, canlanma xasdır. Şəhər onu sevənlərin, qoynunda pərvəriş tapanların əlləri ilə böyüyüb, gözəlləşib, müasirləşib. Sumqayıtlı gənclər ata-babalarından qəbul etdikləri estafeti layiqincə davam etdirir və şəhərin dinamizm ruhunu yaşadırlar. Təsadüfi deyil ki, 2025-ci ildə Sumqayıt Azərbaycanın “Gənclər paytaxtı” elan edilib.
Bu layihə Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı Dövlət Proqramının müvafiq bəndinə əsasən reallaşdırılır. Məqsəd yerlərdə gənclərlə işin daha da canlandırılmasıdır. Qeyd edək ki, Avropa məkanında da “Gənclər Paytaxtı” seçmək təcrübəsi tətbiq olunur. Ötən il dekabrın 7-də Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclasında səsvermə nəticəsində namizəd şəhərlərimiz arasından Sumqayıtın “paytaxt” seçildiyi açıqlanıb. Bu il fevralın 2-də – Azərbaycan Gəncləri Günündə Sumqayıtda layihənin təqdimatı keçirilib. Gənclər və idman naziri Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim edib. Sonra layihənin loqosu və maskotu nümayiş etdirilib.
Mərasimdə “Sağlam düşüncə” Gənclər Təşkilatı İdarə Heyətinin üzvü, ADU-nun məzunu Vüqarə Əzizova da rəsmilərlə bərabər çıxış edib. Onun dedikləri:
– Doğrusu, çox həyəcanlı idim. Amma özümü tez toparlaya bildim və “Gənclər Paytaxtı” elan edilmiş Sumqayıtın sakini olmağımla fəxr etdiyimi söylədim. Söz verdim ki, yaşıdlarımla birlikdə etimadı əməli işlərimlə doğrultmağa çalışacağam. Həmin mərasimdə nazirliyin təsis etdiyi “İlin gənci” mükafatı, eləcə də ötən il fərqlənmiş dostlarıma Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri-fərmanları verildi. Az vaxt keçib, ancaq biz “Gənclər Paytaxtı” adına layiq olduğumuzu artıq sübut etməyə başlamışıq. İlin sonuna qədər də elə bu şövqlə davam edəcəyik.
Açılışdan sonrakı aylarda nazir Fərid Qayıbov bir neçə dəfə Sumqayıtda olub, Azərbaycan Gənclər və Tələbə Gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb. “Gənclər Paytaxtı”nda həyata keçiriləcək layihələr, gənclər düşərgələri, beynəlxalq təmsilçilik, süni intellektlə bağlı təşəbbüslər, gənclərin rəqəmsal bacarıqlarının inkişafı, karyera, könüllülük fəaliyyəti, biznes qurumları ilə əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb.
“Gənclər Paytaxtı”nda düzənlənən bir çox tədbir kütləviliyi, dinamikliyi və mütəhərrikliyi ilə diqqət çəkib. Məsələn, 200-ə yaxın iştirakçı ilə “Sumqayıt gənclik marafonu 2025”, Beynəlxalq Velosiped Günü münasibətilə 70-dən artıq peşəkar və həvəskarın qatıldığı “Gənclərlə veloyürüş” xüsusilə cəlbedici olub.
Marafonda qalib gəlmiş Elnur Xələfov söhbət zamanı finişə 1-ci çatmasını təvazökarcasına təsadüf adlandırdı:
– Əlbəttə, kimsə bir başqası da qələbə qazana bilərdi. Məncə, belə yarışların əsas cəhəti budur ki, əslində, heç bir iştirakçı məğlub olmur. Ən başlıcası iştirakdır, ümumi ansamblda özünü görmək və sonadək mübarizə aparmaqdır. Bir də ki, “Gənclər Paytaxtı” adı altında çıxış etmək hər birimiz üçün böyük şərəf idi. Gəncliyi idmansız təsəvvür etmək mümkünsüzdür. Yaxşı ki, belə yarışlar keçirilir və bizə motivasiya verir.
İyunun 11-də Sumqayıtda Vətən müharibəsində əldə edilən Zəfərin 5 illiyinə həsr olunmuş XXVIII “Şahin” hərbi-idman oyununun respublika final mərhələsi keçirilib. Yarışma ümumilikdə 22 min məktəblini əhatə edib. Finalda 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində gücünü sınayıb. Sumqayıt şəhər komandası 1-ci yerə layiq görülüb. Bağlanış mərasimində nazir Fərid Qayıbov, şəhər rəhbəri Zakir Fərəcov və Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev çıxış ediblər. Sonra jurnalistlərə müsahibəsində Fərid Qayıbov deyib ki, bu yarış çoxçeşidli tədbirlərimizdən biridir və 1996-cı ildən keçirilir. “Hər bir regionun qalibləri bu gün final mərhələsində yarışdılar. Minlərlə məktəbli mübarizə apardı. Burada bir çox dövlət qurumları da iştirak edirdi. Prezident İlham Əliyevin vətənpərvərlik istiqamətində verdiyi tapşırıqları nəticəsində il ərzində müxtəlif yarışlar təşkil edirik”.
Qeyd edək ki, yarışda Sumqayıt komandası qalib gəlib. Sabunçu 2-ci, Xaçmaz isə 3-cü olub. Qalib komandanın kapitanı – Təbiət Elmləri Gimnaziyasını bu il bitirən Kərəmcan Kərimlinin ürək sözləri:
– Sevinirəm ki, hərbi-vətənpərvərlik amallı yarışda qalib adını biz qazandıq. Axı, Sumqayıt əsl vətənpərvərlər, qəhrəmanlar şəhəridir. Birinci və İkinci Qarabağ müharibələrində şəhərimizin minlərlə yetirməsi döyüşlərə atılıb. Milli Qəhrəman, Vətən müharibəsi qəhrəmanı adı alan, orden və medallarla təltif olunan həmyerlilərimiz çoxdur. Şəhidlər Xiyabanında yüzlərlə igid gəncimiz uyuyur. Biz də Sumqayıtın adını ucaltmaqla onların ruhunu şad edirik.
“Gənclər paytaxtı”nın Şəhidlər Xiyabanı dənizkənarı parkın ərazisində yerləşir. Burada ucalan “Qalib Azərbaycan əsgəri” abidəsini hər bir sakin, xüsusilə də gənclər hər gün ehtiramla ziyarət edir, əbədi məşəlin önündə şəkil çəkdirir, məzarların üstünə gül dəstələri qoyur, şəhid ruhlarına dualar oxuyurlar. Xatırladaq ki, Buirinci Qarabağ müharibəsində Valeh Müslümov, Qorxmaz Eyvazov, Şükür Həmidov, Polad Həşimov Milli Qəhrəman, Adil İbrahimli, Anar Şükürov, Ramiz Cəfərov, Sübhan Cəbrayılov, Camal İsmayılov və Mehrab Niftəliyev Vətən Müharibəsi Qəhrəmanı kimi Sumqayıtın başını daha da ucaldıblar.
Burada əzəmətli Azərbaycan bayrağı hündürlüyü 30 metr olan dirəkdə dalğalanır. Ətrafı mərmərlə üzlənən fəvvarə kompleksi, 3 ədəd buta və Ay-ulduz formalı əbədi məşəl kompleksi yaradılıb. Rəmzi Zəfər ağacının budaqlarından şəhidlərin ad və soyadı yazılmış, doğum tarixi və sonsuzluq işarəsi qeyd olunmuş “yarpaq”– lövhəciklər asılıb. Ərazidə yaşıllıq örtüyü salınıb. İşıqlandırma sistemi müasirləşdirilib. Bütün bunların fonunda xatirə kompleksi daha əzəmətli təsir bağışlayır. Ziyarətçilərdən başqa, yeni ailə quran cütlüklərin də xiyabana gələrək abidə önünə gül dəstələri qoyması, əbədi məşəlin önündə şəkil çəkdirməsi gözəl bir ənənə halı alıb...
Şəhidlər Xiyabanından çıxıb parkın digər başındakı şəhər stadionuna yollanıram. Bu möhtəşəm idman kompleksi İkinci Dünya müharibəsinin qəhrəman partizanı Mehdi Hüseynzadənin adını daşıyır. Əfsanəvi “Mixaylo” Sumqayıtın yaxınlığındakı Novxanı kəndindən olub. Hələ bu şəhər yaranmazdan 31 il əvvəl qocaman Xəzərin sahilində dünyaya göz açıb və bu yerlərin övladlarına xas igidliyi ilə “Uzaq sahillərdə”n – İtaliya və Sloveniyadan dünyaya səs salıb.
Xatirə qanadlarında gəlib stadiona çatıram. Doğulub böyüdüyüm bu şəhərin stadionu sakinlərin, xüsusilə də gənclərin ən sevimli ünvanlarından biridir. Az sumqayıtlı tapılar ki, buraya gəlib futbol oyunlarına baxmasın və ya hansısa idman növü ilə məşğul olmasın. Yarım əsr əvvəl mənim də bu idman kompleksində – “Neftçi” idman cəmiyyətinin boks bölməsində məşqlərə gedib, yarışlarda iştirak etməyim yadıma düşür. İndi kompleks daha müasir, modern layihə üzrə yenidən qurularaq gənclərin ixtiyarına verilib. Abşeron–Xızı Regional Gənclər və İdman idarəsi də burada yerləşir. “Gənclər Paytaxtı”nın idman nailiyyətləri ilə tanışlıq qəlbimi qürur hissi ilə doldurur.
İlk olaraq mənə çox sevindirici bir xəbər verirlər: Bir neçə gün əvvəl Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə ilk qızıl medalı məhz Sumqayıt yetirməsi Rihad İbrahimli (110 kq) alıb. O, finalda bolqarıstanlı Denis Lazarovu göz açmağa qoymayıb və “tuş”la qələbə qazanaraq Avropa çempionu olub. Qeyd edək ki, Rihad Sumqayıtdakı Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin şagirdidir.
İlin əvvəlindən qazanılan digər idman uğurları da fərəhlidir. Ötən 5 ayda Sumqayıt idmançıları bеynəlхаlq səviyyəli yаrışlаrdаn 51 mеdаl əldə ediblər. Bunlаrdаn 24-ü qızıl, 10-u gümüş, 17-i isə bürünc mеdaldır. Əksəriyyəti də Dünyа, Аvropа səviyyəli çempionat, birincilik və kubok yаrışlаrındа əldə olunub. Bu mеdаllаrdan 9 qızıl, 5 gümüş, 2 bürünc mükafat olimpiyа oyunlаrının proqrаmınа dахil olаn idmаn növləri üzrədir. Fevral ayında Fransanın paytaxtı Paris şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışında Azərbaycanı təmsil edən Sumqayıt idmançıları – Ruslan Paşayev (66 kq) qızıl, Ömər Rəcəbli (81kq) isə bürünc medala sahib olub. Polşanın Belsko-Bialo şəhərində karatenin WKF versiyası üzrə keçirilən 52-ci Avropa çempionatında şəhər idmançıları Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) bürünc medal qazanıb. Yanvar, fevral və may aylarında müvafiq olaraq Qətər, Türkiyə və Özbəkistanda təşkil olnunan stolüstü tennis üzrə Dünya seriyalı turnirlərdə sumqayıtlı Yağmur Məmmədli 1 qızıl və 2 bürünc medal qazanıb.
Aprel ayında Serbiyada keçirilən “Gimnaziada İdman Oyunları”nın proqramına daxil olan cüdo, boks, taekvondo, yunan-Roma güləşi və karate növlərində milli yığma komandalarımızın tərkibində çıxış edən Sumqayıt idmançıları Fuad Rəhimli (cüdo), Zöhrab Səfərov (yunan-Roma güləşi), Nigar Şəkərəliyeva, Rüqəyya Əliyeva, Eda Ezen (taekvondo) qızıl, İsmayıl Aslanlı (boks), Qorxmaz Səfərli (karate) və Elmira Bayraq (taekvondo) gümüş medallara sahib olublar. Həmin ay paralel olaraq Polşa və Xorvatiyada keçirilən cüdo üzrə Avropa kuboku yarışlarında böyüklər arasında Gültac Məmmədəliyeva (52 kq) gümüş, Kamran Süleymanov (73 kq) bürünc medal, gənclər arasında isə Süleyman Şükürov (81 kq) gümüş, Nihad Məmişov (60 kq) bürünc medala layiq görülüblər. Nihad Məmişov 2023 və 2024-cü illərdə yeniyetmələr arasında iki dəfə Dünya birinciliyinin qızıl medalına sahib olub. Gültac Məmmədəliyeva Paris Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
Apreldə Kiprin Limassol şəhərində keçirilən sambo idman növü üzrə yeniyetmələrin Avropa birinciliyində Sumqayıt idmançısı Rəsul Səmədli (+98 kq) 3-cü yeri tutub. Karatenin Fudokan növü üzrə may ayında Polşada keçirilən 10-cu Dünya çempionatında Qorxmaz Səfərli (60kq), Hacıəli Vəlizadə (80 kq), Şəfəqət Zeynalov (60 kq) 1-ci, Kamran Heydərzadə (80 kq) və Yusif Mustafazadə (35 kq) isə 3-cü yeri tutublar. Mayın ortalarında Rumıniyanın Meres şəhərində karatenin digər bir növü olan Şotokan versiyası üzrə keçirilən Avropa çempionatında Xəyal Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə ucalıb.
Sumqayıtda keçirilmiş “Gənclərə öz karyera yollarını seçməkdə kömək edən – çatbotlar” layihəsinin təqdimatı, “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sənin hüququn – sənin gəncliyin!” adlı genişmiqyaslı tədbir, yaş həddi 14–35 olan gənclər arasında “Könüllülük proqramı” müsabiqəsi, “Gənclər şiddətsiz kommunikasiyada”, “Liderlik və motivasiya” psixoloji təlimləri, “Suveren dövlət – qalib gənclik” adlı dəyirmi masa, “Azərbaycanın gələcəyi: Heydər Əliyev irsinin işığında” elmi-praktik konfransı idarənin gənclər sektorunun yaddaqalan tədbirlərindəndir.
Gənclik şəhərində özünün bədii istedadı ilə seçilənlər çoxdur. “Gənclər Paytaxtı Sumqayıtda Poeziya Günü” adlı tədbir bunu bir daha göstərdi. Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü ilə baş tutan tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Xalq artisti Rasim Balayev, Xalq şairləri Vahid Əziz və Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi iştirak ediblər. Xalq şairi Nəriman Həsənzadənin videomüraciəti də yayımlanıb. Qeyd olunub ki, Sumqayıtda keçirilən bu kimi tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirir, onların ədəbiyyata, incəsənətə marağını artırır. Ədəbi-bədii kompozisiya seyrçiləri sözün əsl mənasında duyğulandırıb.
Şeirə könül verənlərdən biri yeni nəsil şairlərdən olan Sahibə Yusifdir. Onun “Bu dünyanı nağıl bilək” adlı ilk şeirlər kitabı yenicə çapdan çıxıb. Yaradıcılıq nümunələri AYB-nin ədəbi-bədii orqanı olan “Ulduz” jurnalında, almanax və qəzetlərdə, o cümlədən, “Nur ocağı” antologiyasının 1-ci və 2-ci cildlərində, “Şah dağı” ədəbi məcmuəsində dərc edilib. Sumqayıt Poeziya Evində söylədiyi şeirlərdən də hiss etdik ki, sənətə ciddi yanaşır, sözün çəkisini və qədrini bilir.
Bahar ümidlərində açdı neçə gül-çiçək,
Arzuları qəlbindən boylandı ləçək-ləçək.
İlk eşqin alovları gözlərində alışdı,
Rəngli xəyallarını axar suya danışdı.
– Bu misralar Sahibə Yusifin “Mələk” şeirindəndir. O, “Gənclər Paytaxtı” mövzusunda silsilə şeirlər üzərində işlədiyini də bildirdi.
Milli təhsilimizin flaqmanı sayılan Sumqayıtda 43 tam orta ümumtəhsil məktəbi, 4 yeni tipli məktəb – 3 lisey, 1 gimnaziya, 3 internat, 4 məktəbdənkənar–tərbiyə, 56 məktəbəqədər tərbiyə müəssisəsi, 4 peşə liseyi, 1 universitet – SDU, 4 kollec fəaliyyət göstərir. Şəhərin rəhbərliyi təhsilə diqqəti prioritet sayır. Ötən il Sumqayıt məktəblərini 3879 şagird bitirib ki, onların da üçdə-ikisi tələbə adını qazanıb. Bugünün məktəb şagirdləri isə indidən öz bilik və bacarıqları ilə fərqlənməyə çalışırlar. Təhsildə seçilənlərin öncülləri sırasında olan 2 (direktor Xalid Adıgözəlov) və 28 nömrəli (direktor Araslan Rzayev) məktəblərin yetirmələri də az deyil.
Cari ildə 2 nömrəli tam orta məktəbini 10 şagird fərqlənmə ilə bitirib. Məzunların ümumi sayı 107 nəfərdir və inam var ki, builki qəbulun nəticələrinə görə, onların böyük əksəriyyəti tələbə adını qazanacaq. Bu yaxınlarda Ulu öndərin anadan olmasının 102 illiyi münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin tarix üzrə respublika fənn yarışmasında bu məktəbin 10-cu sinif şagirdi Mühəmməd Quliyev qızıl medala layiq görülüb.
– Suallar çətin idi, amma ciddi hazırlaşdığım üçün hamısının öhdəsindən gələ bildim və 1-ci oldum, – deyə o bildirdi.
– Bu, mənim “Gənclər Paytaxtı” adını alan şəhərimizin uğur salnaməsinə töhfəm oldu. Humanitar fənlərə marağım böyükdür. Hansı sahəni seçəcəyimi indidən deyə bilmərəm. Bildiyim odur ki, zəhmətsevərlik, çalışqanlıq nəticəsiz qalmır. Gələcəkdə harada olacağımdan, hansı peşədə çalışacağımdan asılı olmayaraq, daim Sumqayıtın şöhrətini artırmaqda qərarlıyam. Bəlkə də diplomat olacağam. Axı, mən hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sumqayıt “Uşaq səfirləri” məclisinin sədriyəm.
Təhsil ocağının 8-ci sinif şagirdi Həsən Osmanov karatenin WKF növü üzrə dünya birinciliyinin qalibi olub. Sevinir ki, beşqat Dünya çempionu, 11 dəfə Avropa çempionu olan, adı Ginnesin Rekordlar klitabına düşən Azərbaycan karatesinin “Qara brilyantı”, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli sumqayıtlı Rafael Ağayevin ustadı – 6-cı dan qar kəmər sahibi, Əməkdar məqşçi Rafael Məmmədovun yetirməsidir və etimadı doğrulda bilib.
Sumqayıtdakı Milli Qəhrəman Polad Həşimov adına 2 nömrəli məktəbə gəlişimiz ənənəvi “Son zəng” mərasiminə təsadüf etdi. 11-ci sinif şagirdlərindən 57 nəfəri, 9-cu sinif şagirdlərindən isə 67 nəfəri bu il buraxılış imtahanlarında 200-dən yuxarı bal toplayıb. Tam təhsil üzrə 25 şagird, orta təhsil üzrə 23 nəfər fərqlənmə attestatına layiq görülüb. “Sabahın alimləri” XIV respublika layihə müsabiqəsində Telman Əsgərov, Ayşə İsrafilova, Ağalar Əliyev və Mədinə Abbaszadə parlaq nəticələri ilə müəllim və valideynlərini sevindiriblər. Çox keçməz ki, onlar da yüksək göstəricilərlə arzusunda olduqları tələbə adını qazanarlar.
Ümumiyyətlə, bu məktəbdə zəfər ovqatlı bir aura hökm sürür. Ötən günlərdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin Azercellə birlikdə layihəsi uğurla həyata keçirilib. Layihənin əsas məqsədi məktəblilərin kibertəhlükələrə qarşı məlumatlılıq səviyyəsini yüksəltmək, onları rəqəmsal mühitdə üzləşə biləcəkləri risklər barədə maarifləndirmək idi. Şagirdlər tədbirdə yüksək fəallaq nümayiş etdiriblər.
Məktəbin idmançıları da uğur yolçuluğunda inamla irəliləyirlər. Elə bu günlərdə 7-ci sinif şagirdi Əsma Musayeva Uşaq-Gənclər Basketbol Liqasında l-ci yerə çıxdığına görə təltif olunub. Daha öncə 8-ci sinif şagirdi Nahid İbrahimli və 7-ci sinif şagirdi Nazim İbrahimli də idmanda uğurlu nəticə əldə ediblər. Futbol yarışında isə məktəbin komandası qalib gələrək azarkeşlərini sevindirib.
Sumqayıtda kiminlə söhbət etdiksə, şəhərin heç vaxt əskilməyən gənclik ruhundan danışdı. Vurğulandı ki, nəinki burada doğulanlar, bir müddət yaşayan hər kəs də hökmən Sumqayıta ömürlük bağlanır, özünü bu şəhərə həsr edir. Sumqayıt hər bir sumqayıtlının öz adı, öz taleyi, vizit kartıdır. 75 yaş bir insan üçün müdriklik çağı sayılsa da, bir şəhərin ilkinlik dövrüdür. Buna görə Sumqayıt öz sakinlərinin təzə-tər gənclik və gözəllik ünvanı, ilham və enerji mənbəyi sayılır. İnanırıq ki, bu şəhər həmişə olduğu kimi, dinamik inkişaf edəcək və ölkəmizin parlaq gələcəyinə töhfələrini daha da artıracaq.
“Gənclər Paytaxtı” adı Sumqayıta çox yaraşır.
Əli NƏCƏFXANLI
XQ


