Icma.az
close
up
RU
İnnovativ universitetdən “süni intellekt universiteti”nə

İnnovativ universitetdən “süni intellekt universiteti”nə

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın rəqəmsal inkişaf strategiyası yeni mərhələyə qədəm qoyur. Son illərdə dövlət səviyyəsində qəbul edilən qərarlar göstərir ki, ölkənin gələcək inkişaf modeli artıq yalnız təbii sərvətlərə deyil, bilik iqtisadiyyatına və yüksək texnologiyalara əsaslanmalıdır. Bu strategiyanın uğuru isə ilk növbədə ali təhsil sisteminin necə yenilənəcəyindən asılıdır. Çünki XXI əsrin iqtisadiyyatını neft və qaz deyil, insan kapitalı, elmi tədqiqatlar və süni intellekt texnologiyaları formalaşdıracaq.

Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında o,  bildirdi ki, məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.

Bəşər sivilizasiyasının inkişaf tarixi göstərir ki, hər bir tarixi mərhələ özünün iqtisadi, sosial və texnoloji xüsusiyyətlərinə uyğun təhsil modeli formalaşdırmışdır. Aqrar cəmiyyətlərdə dini və klassik məktəblər biliklərin qorunub saxlanılmasına xidmət edirdisə, sənaye inqilabı kütləvi ali təhsil sisteminin yaranmasını zəruri etmişdir. XX əsrin sonlarında informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı universitetləri rəqəmsal transformasiya mərhələsinə gətirib çıxardı. Lakin bu gün dünya artıq daha mürəkkəb və daha sürətli dəyişikliklərin yaşandığı yeni bir dövrə qədəm qoyur.

Generativ süni intellekt texnologiyalarının meydana çıxması sadəcə yeni proqram təminatının və ya rəqəmsal alətin yaranması kimi qiymətləndirilə bilməz. Bu proses iqtisadiyyatın strukturunu, əmək bazarının tələblərini, dövlət idarəçiliyinin prinsiplərini və ali təhsilin mahiyyətini yenidən formalaşdıran qlobal sivilizasiya dəyişikliyidir. Əgər yaxın keçmişdə universitetlərin əsas vəzifəsi yeni biliklər istehsal etmək və onları cəmiyyətə ötürmək idisə, yaxın gələcəkdə onların missiyası insan intellekti ilə süni intellekt arasında səmərəli əməkdaşlıq mühiti yaratmaq olacaqdır. Bu səbəbdən innovativ universitet anlayışı da yeni məzmun qazanır və tədricən "Süni İntellekt Universiteti" konsepsiyasına transformasiya edir.       

2000-ci illərin əvvəlində "İnformasiya Cəmiyyəti" nəzəriyyəsi qlobal inkişafın əsas modeli kimi qəbul edilirdi. İnternetin, rəqəmsal texnologiyaların və informasiya-kommunikasiya sistemlərinin geniş yayılması bilik iqtisadiyyatını dövlətlərin rəqabət üstünlüyünün əsas amilinə çevirmişdi. Universitetlər də bu mərhələdə əsasən elmi tədqiqatların aparılması, yüksək ixtisaslı kadrların hazırlanması və innovativ ideyaların formalaşdırılması funksiyalarını yerinə yetirirdilər.

Bu gün isə vəziyyət köklü şəkildə dəyişməkdədir. Süni intellekt artıq yalnız məlumatları emal edən texnologiya deyil. O, mürəkkəb analitik hesabatlar hazırlayır, proqram kodları yazır, elmi araşdırmalar aparır, tibbi diaqnostikaya dəstək verir, layihələr hazırlayır və müxtəlif sahələrdə qərarvermə prosesinə fəal şəkildə qoşulur. Beləliklə, insanın intellektual imkanları süni intellekt vasitəsilə genişlənir və yeni keyfiyyət mərhələsinə yüksəlir. Məhz buna görə də müasir dövrdə əsas strateji resurs artıq informasiya deyil, insanın süni intellektlə birlikdə yaratdığı koqnitiv və yaradıcı potensial hesab olunur.

Ali təhsil sisteminin tarixi inkişafına nəzər saldıqda universitetlərin təkamülünün bir neçə mərhələdən keçdiyi aydın görünür. Birinci mərhələ tədris universitetləri ilə xarakterizə olunur və burada əsas məqsəd biliklərin ötürülməsi idi. Sonrakı mərhələdə tədqiqat universitetləri formalaşdı və elmi fəaliyyət ali məktəblərin əsas missiyalarından birinə çevrildi. Daha sonra elm, təhsil və innovasiyanın inteqrasiyasına əsaslanan innovativ universitet modeli meydana gəldi. Rəqəmsallaşma prosesi isə Universitet 4.0 konsepsiyasını formalaşdırdı və təhsil xidmətlərinin qlobal müstəviyə çıxmasına imkan yaratdı. Hazırda isə dünya Universitet 5.0 mərhələsinə qədəm qoyur. Bu modeldə universitetin əsas missiyası insan və süni intellektin əməkdaşlığı əsasında yeni biliklərin, texnologiyaların və innovativ həllərin yaradılmasıdır.      

Azərbaycan universitetlərinin inkişaf dinamikasına nəzər saldıqda isə fərqli mənzərə ortaya çıxır. Sovet dövründə ali məktəblərin əksəriyyəti tədris və elmi fəaliyyətin paralel həyata keçirildiyi tədqiqat universiteti modelinə yaxın idi. Müstəqillik illərində isə müxtəlif səbəblərdən universitetlərin böyük hissəsi əsasən tədris funksiyasını yerinə yetirən ali məktəblərə çevrilmişdir. Elmi tədqiqatların maliyyələşdirilməsinin zəifliyi, innovasiya mühitinin kifayət qədər inkişaf etməməsi və universitet elminə uzun illər sistemli investisiyanın qoyulmaması bu geriləmənin əsas səbəbləri kimi qiymətləndirilə bilər. Nəticədə ölkədə yalnız məhdud sayda ali təhsil müəssisəsi tədqiqat universiteti xüsusiyyətlərini qoruya bilmiş, əksər universitetlər isə hələ də klassik tədris modeli çərçivəsində fəaliyyət göstərməkdə davam etmişdir.

Yeni texnoloji reallıq göstərir ki, ali təhsil sistemi qarşısında duran əsas vəzifə yalnız rəqəmsallaşmaq deyil, süni intellekti universitetin bütün fəaliyyət istiqamətlərinə inteqrasiya etməkdir. Gələcəyin universiteti tədris, elm, innovasiya və idarəetməni vahid intellektual ekosistem şəklində birləşdirən çevik və yaradıcı inkişaf platformasına çevrilməlidir.

“Süni İntellekt Universiteti” – ali təhsilin yeni inkişaf modeli

Ali təhsil sistemi hazırda tarixi transformasiya mərhələsini yaşayır. Əgər orta əsrlərdə universitetlərin əsas missiyası biliklərin qorunması və ötürülməsi, XX əsrdə isə elmi tədqiqatların inkişafı idisə, XXI əsrdə onlar innovasiya və texnologiya istehsal edən intellektual mərkəzlərə çevrilirlər. Generativ süni intellektin sürətli inkişafı bu prosesi daha da sürətləndirərək yeni bir model – "Süni İntellekt Universiteti" konsepsiyasını meydana çıxarmışdır.

Bu model yalnız tədrisdə süni intellekt alətlərindən istifadəni nəzərdə tutmur. Burada universitetin bütün fəaliyyəti – təhsil, elmi tədqiqatlar, idarəetmə, tələbə xidmətləri və innovasiya ekosistemi süni intellekt texnologiyalarının imkanları əsasında yenidən təşkil olunur. Belə universitetlərdə süni intellekt sadəcə köməkçi vasitə deyil, təhsil prosesinin fəal iştirakçısıdır.

Gələcəyin universitetinin əsas məqsədi hibrid intellektə malik mütəxəssislər hazırlamaqdır. Bunun üçün tələbələrə yalnız peşə bilikləri deyil, süni intellekt savadlılığı, prompt mühəndisliyi, məlumatların verifikasiyası, Sİ etikası və təhlükəsizliyi kimi yeni kompetensiyalar da aşılanmalıdır. Eyni zamanda universitetlər startap mədəniyyətini inkişaf etdirməli, texnoparklar, innovasiya mərkəzləri, texnologiya transferi ofisləri və süni intellekt laboratoriyaları yaratmalıdırlar.

Bu transformasiya müəllimin rolunu da dəyişir. O, artıq əsas informasiya mənbəyi deyil, öyrənmə prosesinin təşkilatçısı, mentor və tədqiqat rəhbəri kimi çıxış edir. Müasir universitetlərin uğuru isə yalnız məzunların sayı ilə deyil, elmi nəşrlər, patentlər, innovasiya məhsulları, startaplar və sənaye ilə əməkdaşlıq səviyyəsi ilə qiymətləndirilir. Buna görə də "Süni İntellekt Universiteti" ali təhsilin gələcəyini müəyyən edən yeni inkişaf modeli kimi çıxış edir.

Azərbaycan universitetləri üçün yeni inkişaf prioritetləri

Post-neft dövründə Azərbaycanın beynəlxalq rəqabət qabiliyyəti ilk növbədə insan kapitalının səviyyəsindən asılı olacaqdır. Bu isə ali təhsil sisteminin yeni çağırışlara uyğun yenidən qurulmasını zəruri edir. Milli universitetlərin qarşısında duran əsas vəzifələr tədqiqat universitetləri şəbəkəsinin formalaşdırılması, süni intellekt mərkəzlərinin yaradılması, elm–təhsil–biznes əməkdaşlığının gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasıdır.

Gələcəyin universitetləri yalnız təhsil haqları hesabına fəaliyyət göstərməyəcək. Patentlər, texnologiya transferi, innovasiya məhsulları, konsaltinq xidmətləri və startap investisiyaları ali məktəblərin əsas gəlir mənbələrindən birinə çevriləcəkdir. Dünyanın aparıcı universitetləri artıq bu inkişaf modelini uğurla tətbiq edirlər.

Müasir dövrdə universitetlərin uğuru yalnız elmi məqalələrin və ya akademik nüfuzun səviyyəsi ilə qiymətləndirilmir. İnnovasiya, sosial təsir, sahibkarlıq, texnologiyaların kommersiyalaşdırılması və cəmiyyətin problemlərinin həllinə verdiyi töhfə əsas meyarlara çevrilmişdir. Bu yanaşmanı əks etdirən İnnovasiya üzrə Dünya Universitetləri Reytinqi (WURI-World University Rankings for Innovation) reytinqi universitetləri elmi göstəricilərdən daha çox innovasiya və real sosial-iqtisadi nəticələrə görə qiymətləndirir.

Bu baxımdan Azərbaycan universitetləri qarşısında duran əsas çağırış klassik tədris modelindən innovasiya yönümlü inkişaf modelinə keçməkdir. XXI əsrdə universitetlərin rəqabət üstünlüyü onların tarixindən və ölçüsündən deyil, dəyişən texnoloji mühitə nə dərəcədə çevik uyğunlaşmalarından asılı olacaqdır. Süni intellekt dövründə uğur qazanan universitetlər bilik ötürən deyil, bilik, innovasiya və texnologiya yaradan inkişaf mərkəzləri kimi fəaliyyət göstərəcəklər.

Azərbaycan universitetləri qlobal innovasiya məkanına necə inteqrasiya olmalıdır?

Azərbaycan üçün maraqlı nümunələrdən biri Türkiyə universitetlərinin son illərdə keçdiyi inkişaf yoludur. Aparıcı ali təhsil müəssisələri texnoparklar, startap inkubatorları, texnologiya transferi ofisləri və sənaye tərəfdaşlıqları yaratmaqla universitetləri regional innovasiya mərkəzlərinə çevirməyə nail olublar. Bu gün həmin universitetlər yalnız tədris və elmi fəaliyyətlə deyil, həm də yüksək texnologiyaların istehsalı, sahibkarlığın inkişafı və regional iqtisadiyyatın gücləndirilməsi ilə seçilirlər.

Azərbaycan universitetləri isə hələ də bu istiqamətdə ciddi struktur problemləri ilə üzləşirlər. Patentlərin sayının azlığı, texnologiya transferi mexanizmlərinin zəif inkişafı, startap mədəniyyətinin kifayət qədər formalaşmaması və universitet–sənaye əməkdaşlığının məhdud olması innovasiya potensialının tam reallaşmasına mane olur. Nəticədə ali məktəblər əsasən tədris funksiyasını yerinə yetirsələr də, innovasiya ekosisteminin aparıcı iştirakçılarına çevrilə bilmirlər.

Süni intellekt dövrü universitetlərin inkişaf prioritetlərini də dəyişir. Müasir ali təhsil müəssisələri süni intellekt laboratoriyaları, böyük verilənlər analitikası mərkəzləri, rəqəmsal innovasiya platformaları və texnologiya transferi ofisləri yaratmaqla yeni iqtisadiyyatın tələblərinə uyğunlaşmalıdırlar. Gələcəyin universiteti yalnız bilik ötürən deyil, bilik yaradan, innovasiya istehsal edən və insan ilə süni intellekt əməkdaşlığını təşkil edən inkişaf platforması kimi fəaliyyət göstərəcək.

Bu prosesdə layihə əsaslı idarəetmə xüsusi əhəmiyyət kəsb edir. Dünyanın aparıcı universitetləri inkişaflarını beynəlxalq qrantlar, elmi konsorsiumlar, sənaye sifarişləri və innovasiya layihələri üzərində qururlar. Azərbaycan universitetlərinin də beynəlxalq proqramlarda daha fəal iştirakı, layihə idarəetmə bacarıqlarının gücləndirilməsi və tədqiqatların kommersiyalaşdırılması strateji prioritetlərdən biri olmalıdır.

Eyni zamanda ali təhsilin beynəlxalq tanınması məsələsi də diqqət mərkəzində saxlanılmalıdır. Universitetlərin qlobal akkreditasiyalara qoşulması, keyfiyyət təminatı sistemlərinin təkmilləşdirilməsi və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi Azərbaycan diplomlarının nüfuzunu artıracaq, məzunların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini yüksəldəcəkdir.

Bütün bunlar göstərir ki, Azərbaycan universitetlərinin gələcək inkişaf modeli klassik tədris fəlsəfəsindən innovasiya yönümlü universitet modelinə keçidi tələb edir. Tədqiqat universitetlərinin formalaşdırılması, texnologiya transferi ofislərinin yaradılması, startap və inkubasiya mərkəzlərinin inkişafı, süni intellekt laboratoriyalarının qurulması, universitet–sənaye əməkdaşlığının genişləndirilməsi və sosial təsir yaradan layihələrin həyata keçirilməsi bu transformasiyanın əsas istiqamətləri olmalıdır. Məhz belə universitetlər ölkənin elmi potensialını gücləndirə, innovasiya iqtisadiyyatının inkişafına təkan verə və Azərbaycanın qlobal ali təhsil məkanında mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilər.

Universitetlərin innovasiya fəaliyyəti üzrə dünya reytinqi

İnnovasiya üzrə Dünya Universitetləri Reytinqi Azərbaycan universitetlərinə hansı mesajı verir? Bu reytinq ali təhsildə yeni qiymətləndirmə fəlsəfəsini ortaya qoyur və göstərir ki, müasir universitetlərin uğuru artıq yalnız akademik nüfuz, elmi məqalələrin sayı və ya tarixi ənənələrlə müəyyən edilmir. Əsas meyar universitetin cəmiyyətə verdiyi real töhfə, yaratdığı innovasiyalar, sahibkarlıq mühiti, sənaye ilə əməkdaşlığı və sosial təsiridir.

Gələcəyin ali təhsil müəssisələri yalnız bilik ötürən deyil, bilik yaradan, texnologiya istehsal edən və innovasiyaları iqtisadi dəyərə çevirən inkişaf mərkəzləri olmalıdır. Süni intellekt texnologiyalarının sürətli inkişafı isə universitetlərin fəaliyyət modelini köklü şəkildə dəyişdirərək onları yeni intellektual ekosistemə çevirir.

Əgər universitetlər ənənəvi tədris modeli ilə kifayətlənsələr, qlobal rəqabətdə geri qalmaq riski daha da artacaq. Buna görə əsas məqsəd yalnız beynəlxalq reytinqlərdə yer almaq deyil, universitetlərin missiyasını müasir dövrün tələblərinə uyğun yenidən müəyyənləşdirməkdir.

XX əsrin universiteti əsasən bilik ötürürdü, XXI əsrin universiteti bilik yaradır. Süni intellekt dövrünün universiteti isə elm, innovasiya, sahibkarlıq və sosial məsuliyyəti vahid inkişaf modelində birləşdirən strateji mərkəzə çevrilir. Azərbaycan ali təhsili də bu gün mühüm seçim qarşısındadır: universitetlər ənənəvi diplom verən təhsil müəssisələri kimi fəaliyyətlərini davam etdirəcəklər, yoxsa tədqiqat, innovasiya və yüksək texnologiyalar istehsal edən rəqabətqabiliyyətli inkişaf platformalarına çevriləcəklər? Qlobal innovasiya yarışı artıq başlayıb və bu yarışda uğur qazanmaq üçün zamanın çağırışlarına uyğun dəyişmək əsas şərtdir.

İlham Əhmədov 

ADPU-nin dosenti, 

 pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri