İnsanı yaradan nədir?
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Səs-küydən uzaq, sadəcə özümlə baş-başa qalmaq istədiyim bir an idi. Yan-yana dayanmışdıq. Nə zamanın tələsi vardı, nə də gündəlik təlaşlar. Əzəldən bəri düşüncələrimdə dolaşan təlatümlü bir sualla sükutu pozdum:
- Yaranışa dair bütün sirlər bu sualda düyünlənir: Bizi yaradan nədir?
Bayaqdan diqqətlə məni süzən adam sanki dərin bir xəyaldan ayılmış kimi silkələnib, danışmağa başladı:
- Bəlkə də sualın cavabı nə göylərin sonsuzluğunda, nə zamanın başlanğıcında, nə də hansısa uzaq həqiqətdə gizlənib. Cavab elə insanın öz içindədir.
- Nədir o?
- Bizi yaşadan, ucaldan, böyüdən, bəzən də öz dünyamızı öz əlimizlə dağıtmağa vadar edən qüvvə.
Bir anlıq susub, yenə davam etdi.
Kainatın mayası elə bir cövhərlə yoğrulub ki, onun qarşısında məsafələr mənasını itirir, sərhədlər pozulur, hətta ən sərt qanunlar belə qüvvədən düşür.
- Və onun adı?
- Məhəbbət...
Bu kəlmə dodaqlarından elə xəfif süzüldü ki, sanki hansısa sirri yox, çoxdan bildiyi həqiqəti söyləmişdi.
Böyük bir heçliyin içində bərqərar olan bu dünyanın ilk memarı məhz məhəbbətdir!
- Həyatın yaranma səbəbini başqa harada axtarmaq olar ki?
- Bəlkə də heç yerdə.
Məlul-məlul baxdım.
- Biz yalnız sevdiyimiz qədər varıq?
- Şübhəsiz. Və bir gün həqiqətən sevilmək ümidi ilə nəfəs alırıq.
Sonra baxışlarını uzaqlarda harasa zillədi.
Bəşəriyyətin ilk səhifəsi açılanda, hələ heç bir yazılı tarix yox ikən yerlə göy arasında yeganə həqiqət vardı. Bu həqiqət bizi lap əvvələ - Adəm və Həvvanın imtahanına aparır.
- Həmin gün ilahi hökm qarşısında seçim etməli olan əcdadlarımız yer üzünə özləri ilə bir sualı da gətirdilər: İnsan itaət etmək üçün yaranıb, yoxsa seçimlərinin nəticəsini yaşamaq üçün?
- Səncə?
Bu dəfə mənə baxdı. Bir qədər gözlədi. Cavab tapmaqda çətinlik çəkdiyimə əmin olub, davam etdi.
Hekayəyə yalnız bir qadağanın pozulması kimi baxsaq, yer üzündəki taleyimizi izah etməyə çox az sözümüz qalar. Çünki həmin anda ürəyin istəyilə ilahi hökm ilk dəfə üz-üzə gəldi. Seçim qarşısında qalan insan bunun nəticəsini yaşadı və elə ordaca, hələ yer üzünə ayaq basmamış məhəbbətin sirrinə toxunduq.
- Deməli, yaranmışların bir-birinə sevgisi onları həm də Yaradanın dünyasından uzaqlaşdırdı?
Sualım havada asılı qaldı.
- Bəs insanı məhəbbət yaradıb, yoxsa məhəbbəti insan var edib?
- Sualının cavabı əzəli bir nizamın içində gizlidir. Nə vaxtsa əbədiyyətdə Tanrı ilə qarşılaşsaq, bu böyük sirrin cavabını elə Özündən soruşarıq.
- Bu sirrin mahiyyəti nədir? O, sadəcə həyat verir, yoxsa bəzən məhv etməyə də qadirdir?
Gülümsədi.
- Hər ikisinə.
Məhəbbət yaradılışla məhvin eyni anda baş verdiyi nadir müstəvidir. Çünki eşq insanın daxilindəki rahatlığı, təhlükəsizlik duyğusunu və xudbin istəkləri dağıdır. İnsan əvvəlki “mən”indən çıxır, sərhədlərini aşır.
- Bu, məhv olmaq deyilmi?
- Bax, elə burada yanılırıq. Bəzən məhv olmaq dirilişin ilk şərtidir.
Bir qədər susdu. İfadələrimi izlədi. Anladı ki, bu cavabla kifayətlənmədim.
Beləliklə, köhnə mənliyimizin dağıntıları altında daha fədakar, daha mərhəmətli, daha uca bir ruh inşa olunur. Eşqin ən gözəl təsviri də elə bu ziddiyyətin ağrısından doğulur. Sevən qəlb hər şeyi verməyə hazırdır - heç bir qarşılıq tələb etmədən.
- Bütün bunların içində həqiqi məhəbbəti necə tanıyaq?
Başını aşağı saldı.
- Görünənə baxaraq bunu anlamaq çətindir.
- Niyə?
- Çünki maddəni hərəkətə gətirən əsas qüvvə çox vaxt görünənin deyil, görünməyənin içindədir.
Bir anlıq susdu.
Elə bu səbəbdəndir ki, özümüzü bir məfhuma, bir məkana əbəs yerə bağlamırıq. Gündəlik həyatın ən adi anlarında belə bizi bütün yorğunluqlara, çətinliklərə və məyusluqlara rəğmən, gözləməyə vadar edən bir cazibə gizlənir.
- Məhəbbət elə bu cazibədir?
- Bəzən.
- Bəs başqa vaxt?
- Bəzən də insan öz yaratdığı cazibənin əsirinə çevrilir.
Bu cavab məni düşündürdü.
- Necə?
- O, sevdiyini öz daxilində elə ucaldır, elə böyük mənalar yükləyir ki, bir müddət sonra həmin müqəddəsliyin qurbanına çevrilir. Sevdiyi məfhum onu nə qədər incitsə də, ondan vaz keçə bilmir.
- Çünki artıq sevgi deyil?
- Xeyr. Ona görə ki, sevgi ilə bağlılıq arasındakı sərhəd görünməzdir. Sevgiylə bağlanan tellər zamanla qalınlaşıb zəncirə çevrilir. İnsan isə bağlandığı məfhumun açarının öz əlində olduğunu unudur. Ya da unutmaq istəyir.
- Belə təhlükəli bir həddə çata bilirsə, deməli, sevginin bütün növləri, bütün dərəcələri ağrılıdır?
- Sevgi yox, amma insanın sevdiyini ilahiləşdirməsi həmişə təhlükəlidir.
- Bəs çıxış yolu nədir?
- Eşqi ilahi mərtəbəyə yüksəltmək.
- Fərqi var ki?
- Əlbət ki, dünyəvi məhəbbət çox vaxt sahib olmaq istəyir, ilahi məhəbbət isə azad edir.
Dərindən köks ötürüb davam etdi.
Biri “mənim ol” deyir, digəri “özün ol”.
Bu cümlədən sonra mən də bir müddət susdum. Amma söhbətin burda sonlanmasını istəmədiyimdən davam etdim.
- Biz bu fərqi niyə vaxtında anlaya bilmirik?
- Çünki dünyəvi olanı ilahiləşdirir, ilahi olanı isə dünyəvi ölçülərə sığışdırmağa çalışırıq.
- Bəlkə də bütün bunların kökündə fani aləmə olan bağlılığımız dayanır. Maraqlıdır, ötərilik insanı niyə bu qədər cəlb edir?
Bu dəfə dərhal cavab vermədi. Barmaqları ilə oynamağa başladı, başını qaldırıb əvvəlcə göy üzünə baxdı, sonra gözlərini yerə dikdi və kövrək səslə dilləndi:
- Tərk edildiyi yeri sevmək bəşər övladının fitrətindəndir.
- Ona görə üzüldükcə daha çox bağlanırıq?
- Bağlandıqca da daha dərindən üzülürük.
Sanki dediyi sözlərin davamını özü də çoxdan axtarırdı.
Məhəbbətin qəribə böyüklüyü də elə bu sonsuz dövrədə gizlənir. Sən onu öz iradənlə buraxa bilmirsən.
Gözlərimə baxdı. Əli ilə ürəyimi işarə etdi.
- Ta ki, o, səni azad edənə qədər.
- Deməli, ən böyük zindanımız sevdiklərimizdir?
- Bəzən insanı sevdikləri yox, ona yüklədiyi məna, anlam məhbus edir.
- İnsan öz verdiyi mənanın əsirinə necə çevrilə bilər?
- Elə ən çətini də budur.
Asta səslə davam etdi:
Barmaqlıqlar görünmür, qapılar bağlı deyil, açar öz əlimizdədir. Amma yenə də çıxa bilmirik. Çünki bu zindanda özümüzü hüzurlu və xoşbəxt hiss edirik.
- Hüzurlu, amma anlaşılmağa möhtac...
Duruxsundu.
- İnsan hərdən elə bir nöqtəyə gəlib çatır ki, onu bu kainatda heç kimin anlamayacağını düşünür. Amma ən ağrılı həqiqət budur ki, heç özü də özünü anlamır.
- Nə istədiyini bilmir.
- Hara getməli olduğunu da.
- Nədən vaz keçəcəyini də...
Bir müddət heç birimiz danışmadıq. Xeyli sükutdan sonra bu dəfə söhbətə o başladı.
- Bəlkə də insanın ən böyük məsələsi budur, - dedi. Sevdiyi məfhumları öz dünyasında o qədər ilahiləşdirir ki, bir müddət sonra yaratdığı ideal obrazın əsirinə çevrilir. O obraz zədələnməsin deyə hər şeyi fəda edir. Yetər ki, təsəvvüründəki toxunulmaz portretin rəngləri solmasın.
- Bəzən də bu fədakarlıq amansız reallıqlarla toqquşur...
- Və insan ən çox da həmin toqquşmada əslində, nə qədər təmənnasız sevdiyini anlayır.
- Axı həqiqi aşiq qarşılıq gözləmir.
- Ola bilməz, çünki qəlb heç vaxt tam səssiz qalmır.
- Dilə gətirmədiyimiz arzular belə?
- Onlar belə bir gün gözləntiyə çevrilirlər.
Sonra anlayırsan ki, qoruduğun məhəbbət artıq reallıqdan uzaqlaşıb, başqa bir şeyə çevrilib. Sən isə onu itirməkdən elə qorxursan ki, gözünlə gördüyün həqiqətlərdən də qaçırsan.
- Və fani dünyanın içində özünə dayaq axtarırsan...
- Halbuki insanın ən böyük xülyası da elə budur.
- Nədir?
Diqqətlə üzümə baxdı. Elə bil gözləri ilə mənə “nə hiss etdiyini bilirəm”, deyirdi.
- Fanidə əbədi olanı axtarmaq...
Adəm son cümləsini bitirib dərin sükuta daldı. Bu səssizlik bayaqkılardan fərqlənirdi. Baxışları sanki zamanın ötəsinə, insanlığın ilk və son nöqtəsinə dikilmişdi. Bir an sonra özü də həmin sükutun içində görünməz oldu. Mən isə onun dediyi həqiqətlərin ağırlığı altında öz daxili dünyamla baş-başa qaldım...
Anladım ki, əslində, hər şey ta əzəldən belə qurulub. Yarandığımız gündən qadağaları aşır, ürəyimizi dinləyir, ağlımızın səsinə qulaq asmırıq. Bu, ya bəşəriyyətin ən qədim xəstəliyidir, ya da lütfü.
Görəsən, sərhədləri aşmasaydıq, insan ola bilərdikmi? Adəm seçməsəydi, bu gün bizim bildiyimiz dünya yaranardımı? Məhəbbətin dağıdıb-yaradan tufanını, bizi həm incidən, həm də ucaldan o asılılığı dada bilərdikmi? Bəlkə də yox.
Axı insan itirdiyi, seçdiyi, peşman olduğu və bütün bunlara baxmayaraq, yenidən sevməyə cəsarət etdiyi qədər insandır.
Deməli, Adəmin seçimini günah kimi dəyərləndirmək bu böyük hekayənin mahiyyətini yarımçıq anlamaqdır.
Çünki insanlığın başlanğıcında ilk dəfə günahdan daha böyük bir hadisə baş verdi.
Seçim!
O seçim ki hələ də öz hökmranlığını davam etdirir. Biz hər gün öz cənnətimizi tərk edirik. Bir şeyə “hə”, başqa bir şeyə “yox” deyir, hansısa sevgini seçir, hansısa qorxudan vaz keçir, bir cığırı arxada qoyub bilinməyən yola çıxırıq. İnsanın əsl imtahanı da budur: seçdiklərinin bədəlini ödəməyə hazır olmaq.
Elə buna görə Adəmin seçimi sonu gəlməyən bir hekayədir. Hər dəfə ağlımıza qarşı çıxıb ürəyimizin ardınca getdiyimiz zaman o hekayənin ardına bir cümlə də biz yazırıq.
Bəs insanın ilk itkisi nə idi? Cənnətdən çıxmaq. Amma əsl möcüzə də ondan sonra başladı. Biz yer üzünə təsadüfən düşmədik, bugünkü həyatımıza seçimlərimizin içindən keçərək gəldik. Məhz buna görə də dünyadakı missiyamızı tamamlamaq yolunda neçə dəfə yox olsaq, əslində bir o qədər var oluruq...
Odur ki, yox olmaqdan qorxmayın. Məgər sonu yoxluğa varan bir aləmdə yaşamırıq? Bir gün bu yerlərdən əbədi gedəcəyiksə, heç olmasa özümüzü tapmış olaq. Özümüzdən keçməkdən, sevdiyimiz uğrunda dəyişməkdən, bizi biz edən həqiqətin ardınca getməkdən çəkinməyək. Bəlkə də insanın bu dünyadakı ən böyük qazancı əbədiyyət qapısından keçənə qədər kim olduğunu dərk etməsidir. Bəlkə də vaxtilə o qapıdan elə kim olduğumuzu unutduğumuz üçün qovulmuşduq... Zatən insan da hərfi mənada unutqan anlamına gəlmirmi? Onda gəlin adımızı unudub, kim olduğumuzu xatırlamağa çalışaq.
Sonra? Sonra bəlkə də yenidən var olarıq. Amma bu dəfə doğulduğumuz andan üzərimizə biçilmiş rollarla, qorxularımızın gizlətdiyi tərəfimizlə yox, bütün seçimlərimizdən, sevgilərimizdən, itkilərimizdən və fədakarlıqlarımızdan süzülüb gələn həqiqi özümüzlə...
Günel Abbas
Baxış sayı:122
Bu xəbər 03 Sentyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















