Icma.az
close
up
RU
İnsanlar öz mühitinin güzgüləridir

İnsanlar öz mühitinin güzgüləridir

Sosial Mühitin Anlamı və Konsepti

Biz hər birimiz müəyyən   coğrafi və iqtisadi çərçivələr içində yaşayırıq, həm fiziki , həm də sosial mühit ilə dərindən bağ qururq. Sosial mühit tez-tez mədəniyyətlə eyniləşdirilir və bəzi alimlər bunu bir insanın "sosial irsi" adlandırır. Bu konsept, cəmiyyətlə olan qarşılıqlı əlaqələrin və paylaşılmış inancların davranışlarımıza və baxışlarımıza necə əsaslı şəkildə təsir etdiyini vurğulayır.

Fərdlər "tam mühit" içində yaşayırlar ki, bu da bütün yaşam aspektlərini əhatə edən ekoloji bir anlayışdır. Coğrafi yerləşmədən tutmuş, icmanın iqtisadi fəaliyyətlərinə qədər, insanlar sosial irsləri ilə formalaşırlar ki, bu irsi ilk dəfə ailələrində tanıyırlar. Bir uşaq hansısa hadisəyə reaksiya göstərəkən,əslində bir növ ona ailəsi tərəfindən “yüklənmiş  proqram” tərəfindən cavab verir. Gün keçdikcə bu “proqram”  təhsil aldığı , əyləndiyi , münasibət qurduğu dairələrlə yenilənir. 

Sosial mühit fiziki və sosial ölçüləri əhatə edir. Bəzi fiziki şərtlər insanın nəzarətindən kənarda qala bilər, lakin insanlar mühitlərini öz ehtiyaclarına uyğunlaşdırmaq üçün aktiv şəkildə dəyişdirirlər. Onlar torpağı becərir, heyvanları evcilləşdirir və bilik və bacarıqlarına uyğun alətlər yaradırlar. Sosial elementlər isə icma strukturları, normalar və dəyərlərdir ki, bunlar davranışları və qarşılıqlı əlaqələri formalaşdırır. Sosiallaşma prosesindən sonra, fərdlər sosial irsləri ilə o qədər iç-içə olurlar ki, ondan ayrılma onların rifahına zərər verə bilər.

Sosiallaşma, insanın yalnız bir fərd olaraq deyil, aid olduğu cəmiyyətin bir üzvü kimi yaşamağı öyrənməyi əhatə edir.  Lakin bu proses həm də cəmiyyətin təqdim etdiyi material şərtlərə uyğunlaşmağı tələb edir. Lakin bu bəzən mənfi tendensiyalara  yol aça bilər. Bəzi insanlar cəmiyyət tərəfindən qəbul olunmayacağından qorxduqları üçün olmadığı biri kimi davranır.   Tənqiddən qaçmaq üçün hər kəslə eyni fikirdəymiş kimi özünü göstərir. Halbuki, insanlar fərqli düşücələrini səsləndirdikcə əslində heç də tək olmadığını görə bilərlər. Bunun ən böyük sübutlarından biri sosial mediadır.Bir xəbər video izləyirik, müəyyən fikir formalaşır , şərhləri oxuduqca fikir dəyişməyə başlayır .Daha sonra bir nəfər əsl ilkin düşüncəsini paylaşır və bununla şərhlər iki yerə bölünməyə başlayır və s.

Sosial mühitdəki uyğunlaşma çətinlikləri bir neçə əsas formada özünü göstərir. Müasir cəmiyyətlərdə fərdlər mühitin mürəkkəbliyinə reaksiya verərkən münaqişə və uzlaşma münasibətləri ilə qarşılaşırlar ki, bu da tam uyğunlaşmaya səbəb olur. İnsanlar öz identitələri ilə uyğun gələn mədəni elementləri seçir, digərlərini isə rədd edirlər. Bu seçici proses insanlara öz yollarını, peşələrini və yaşam tərzlərini seçmək imkanı verir.

Cəmiyyət heç vaxt statik deyil; daim bir vəziyyətdən digərinə dəyişir. Bu faktor insanın "uyğunlaşma" münasibətində dinamik olmasını tələb edir. Fərdlər bir ömür boyu bir çox dəyişikliklərlə qarşılaşa bilər, xüsusilə inkişaf etməkdə olan ölkələrdə sənayeləşmənin təsiri sürətli olur. Müəyyən şərtlərə alışmış insanlar yeni mühitlərə keçdikdə siyasi dəyişikliklər və ya şəhər köçü kimi çox vaxt ciddi bir yenidən uyğunlaşma ehtiyacı ilə qarşılaşırlar.

Mədəniyyət  insan davranışına təsir edən amillər arasında ən öndə gedənlər sırasındadır. Mədəniyyət, insanların davranışlarına yön verən sosial normaları və qaydaları müəyyən etməklə, cəmiyyətin dinamikasını və sosial həyatın strukturlarını formalaşdırır . Fərqli mədəniyyətlərdə ailə münasibətləri, qonaqpərvərlik, yaşa hörmət kimi anlayışlar, bir çox cəhətdən müxtəlif şəkildə ifadə olunur. Məsələn, bəzi mədəniyyətlərdə geniş ailə strukturu ön planda olsa da, digərlərində nüvə ailə modeli üstünlük təşkil edir. Bu normalar, insanların gündəlik həyatında, qərar vermə prosesində və sosial qarşılıqlı əlaqələrdə özünü göstərir.  Bütün bunlar insanların yaşadığı coğrafi mühitin adət-ənənələrindən , mentalitetindən qaynaqlanır. Nadir hallarda insanlar doğulduğu yerin mentaliteti ilə hərəkət edir, belə ki, şəxs yaşadığı yerə elə uyğunlaşmağa meyillidir ki,  əvvəlki mühitinin qaydalarını əlverişsiz saymağa belə başlaya bilir.  İnsanlar, bu sosial normalara uyğun davranaraq cəmiyyətin tələblərinə cavab verməyə çalışırlar, bu da onları mədəniyyətin ayrılmaz bir hissəsi halına gətirir.

Dil, mədəniyyətin əsas komponentlərindən biridir və insanın düşüncə tərzini, dərk etmə qabiliyyətini, bir-biri ilə əlaqələrini formalaşdırır. Dil, yalnız informasiya mübadiləsi üçün bir vasitə deyil, eyni zamanda mədəniyyətin daşıyıcısıdır. Mədəniyyətin təsiri altında inkişaf edən dil strukturları, insanların emosional ifadə etmə formasını da müəyyən edir. Beləliklə, dil, mədəniyyətin xarakterini, dəyərlərini və dünyagörüşünü əks etdirir. Məsələn, müəyyən sözlərin və ifadələrin bir mədəniyyətdəki əhəmiyyəti, o mədəniyyətin inamları və ənənələri ilə sıx bağlıdır. Bir fikri, düşüncəmizi , emosiyalarımızı müəyyən ölkədə olduğu kimi bir-başa ifadə etmək çox adi hal kimi qəbul olunsa da , başqa mədəniyyətə sahib ölkədə “günah” kimi qəbul edilməzdir .

Mədəniyyət, eyni zamanda incəsənət anlayışını, estetik dəyərləri və yaradıcılığı formalaşdırır. Müxtəlif mədəniyyətlərdəki incəsənət nümunələri — musiqi, rəqs, ədəbiyyat — cəmiyyətin dəyərlərini, emosiyalarını və inamlarını əks etdirir. İncəsənət, insanlar arasında əlaqələri gücləndirir, mədəni kimliyi formalaşdırır və cəmiyyətin kollektiv təcrübəsini təqdim edir. Eyni zamanda, incəsənət, sosial və siyasi məsələlərə diqqət çəkmək, fərqli fikirləri ifadə etmək üçün bir vasitə kimi də çıxış edir.

Dini inanc sistemləri və əxlaqi dəyərlər də mədəniyyətin təsiri ilə formalaşır. Mədəniyyət, insanların hansı inançlara sahib olacağını, hansı dəyərləri üstün tutacağını və davranışlarını necə yönləndirəcəyini müəyyən edir. Dini inanc və əxlaq, cəmiyyətin normativ sistemini formalaşdıraraq insanların həyatını daha anlamlı və strukturlu edir. Bu inanc və dəyərlər, insanların qərar vermə prosesini, etik mühakimələrini və gündəlik davranışlarını yönləndirir. Mədəniyyətin tərkib hissəsi olan bu sistemlər, cəmiyyətin sosial strukturunu daha da dərinləşdirir.

 Sosial idarəetmə və qruplaşma da mədəniyyətin təsiri altında formalaşır. Cəmiyyətin təşkilatlanma forması, sosial iyerarxiyası və mühitdəki sosial əlaqələr, mədəniyyətin spesifik xüsusiyyətlərinə bağlıdır. Məsələn, bəzi mədəniyyətlərdə patriarxal sistemlər, bəzilərində isə matriarxal sistemlər üstünlük təşkil edir. Bu sistemlər, insanların sosial rollarını, gender bərabərliyini və cəmiyyətdəki güc dinamikalarını formalaşdırır.

Mədəniyyət, biliklərin və ənənələrin nəsildən-nəsilə ötürülməsində də mühüm rol oynayır. Mədəniyyətin təsiri altında formalaşan təhsil sistemləri, fərdlərin dünyagörüşünü, dəyərlərini və şəxsiyyətini inkişaf etdirir. Təhsil, mədəni biliklərin, vərdişlərin və davranış normlarının nəsildən-nəsilə ötürülməsində bir vasitə kimi xidmət edir. Bu, cəmiyyətin sabitliyini və davamlılığını təmin edir. Beləliklə, mədəniyyət yalnız fərdi davranışları deyil, cəmiyyətin inkişafını da formalaşdırır, mədəniyyətin müxtəlif aspektləri insanların gündəlik həyatına və sosial strukturlarına dərin təsir göstərir.

 Bu mürəkkəb proses, insanların bir araya gəlməsini, sosial əlaqələrini və cəmiyyətin inkişafını bir-biri ilə sıx bağlı şəkildə təmin edir. Mədəniyyətin bu cür təsirləri, fərdlərin və cəmiyyətlərin həyatında əhəmiyyətli bir rol oynayır, insanların kimliyini və dünya görüşünü formalaşdırır.

Sosial İqtisadi Şəraitin İnsan Davranışına Təsiri

Sosial iqtisadi şərait, insanların gündəlik həyatını, qərar vermə qabiliyyətini və davranışlarını birbaşa təsir edən bir amildir. Bu mövzuda tanınmış tədqiqatçı Amartya Sen, "İqtisadiyyat və Sosial İddialar" adlı əsərində sosial iqtisadi amillərin insanların həyatına olan təsirini geniş müzakirə edir. Sen, iqtisadi statusun insan davranışına olan təsirini izah edərkən, insanların sosial və iqtisadi resurslara olan əlçatanlığının əhəmiyyətini vurğulayır. Aşağı iqtisadi statusa malik insanlar, daha az imkanlara və resurslara sahibdirlər, bu da onların davranışlarını müxtəlif yönlərdə formalaşdırır.

Aşağı gəlirli ailələrdə böyüyən uşaqlar, təhsil, sağlamlıq və sosial fəaliyyətlərdə məhdudiyyətlərlə qarşılaşır. Bu, onların gələcəkdəki seçimlərinə və davranışlarına mənfi təsir göstərə bilər. Eyni zamanda, iqtisadi çətinliklər, stress və psixoloji narahatlıqlara səbəb olur. Sen, sosial-iqtisadi çətinliklərin insanların zehni sağlamlığına olan təsirlərini vurğulayır, bu da onların davranışlarını dəyişdirə bilər.

Sosial təbəqələşmə də insanların sosial mövqelərinə görə davranışlarını formalaşdırır. Yüksək sosial təbəqədən olan insanlar, daha yaxşı təhsil və karyera imkanlarına malikdirlər ki, bu da onların davranışlarının formalaşmasında mühüm rol oynayır. Sosial şəbəkələr, insanların bir-birinə dəstək olmasını və daha müsbət davranışlar sərgiləməsini təmin edir. Aşağı sosial təbəqələrdə olan insanlar isə bu dəstək sistemlərindən məhrumdurlar.

Başqa bir məsələ isə bu iki təbəqənin insanları arasında qurulan münasibətlərdir.  Dostluq münasibətlərində əgər iqtisadi fərqlər mövcuddursa ,  bu insanların müəyyən çevrələrdə olarkən çətinlik yaradır.  Şəxsin dəyərləri uyğun olsa da, iqtisadi cəhətddən  yuxarı olan qrupdan  kənarda qalır. Bu isə getdikcə həmin şəxsin içinə qapanmasına səbəb ola bilir. İçinə qapanan insan daxilində günü-gündən böyüyən nifrəti bəsləyir. Bir müddət sonra bu aqressivliyin səbəbini belə unutsa ətrafdakılara xüsusilə  “şanslı” insanlara qarşı qəzəbli olur.  Lakin bunun tam tərsidə baş verə bilir. Məsələn şəxs çətinliklərə , fərqliliklərə rəğmən həmin çevrədə qalmağı bacarır və önündə yeni qapılar açılır. Bu zaman fürsətlərdən yaxşı mənada istifadə edib inkişaf edir.

İş mühitinin sosial aspektləri də insan davranışına təsir edir. İş yerindəki mühit, işçilərin davranışlarını formalaşdırır. İş mühitinin mədəniyyəti, işçilərin motivasiyasını və məhsuldarlığını təsir edir. Müsbət bir təşkilat mədəniyyəti, insanların özlərini dəyərli hiss etmələrinə və iş yerində müsbət davranışlar sərgiləmələrinə səbəb olur. Eyni zamanda, iş mühitindəki sosial əlaqələr, insanların emosional sağlamlığını artırır. Bu, işçilərin qarşılıqlı dəstək vermələrini və daha müsbət davranışlar sərgiləmələrini təşviq edir.

Amartya Sen, sosial iqtisadi şəraitin insan davranışına olan təsirini geniş bir kontekstdə araşdırır. İqtisadi status, sosial təbəqələşmə və iş mühitinin sosial aspektləri, insanların həyat keyfiyyətini və davranışlarını formalaşdıran mühüm amillərdir. Bu amillərin qarşılıqlı təsiri, fərdlərin sosial dinamikalarını və davranışlarını dərin şəkildə formalaşdırır.

Ailə və İnsanın Davranışı

Ailə, insan həyatında əsas rol oynayan bir mühitdir. Uşaq ikən qurulan münasibətlər, insanın gələcək davranışlarını, emosional sağlamlığını və sosial bacarıqlarını formalaşdırır. Bu kontekstdə, bağlılıq nəzəriyyəsi, erkən dövrlərdə valideyn-uşaq münasibətlərinin əhəmiyyətini vurğulayır və bu münasibətlərin insanın gələcək həyatına necə təsir etdiyini araşdırır.

 Bağlılıq, insanlar arasındakı emosional əlaqələrin əsasını təşkil edir. Uşağın valideyninə olan bağlılığı, onun psixoloji inkişafı üçün həyati əhəmiyyət daşıyır. Sağlam bir bağlılıq, uşağın özünə inamını artırır və sosial münasibətlərdə daha müsbət yanaşmalar sərgiləməyə imkan tanıyır. Əksinə, təhlükəli bir bağlılıq, uşağın gələcəkdə sosial əlaqələrdə çətinlik çəkməsinə səbəb ola bilər.

Ailə dinamikalarının rolu da bu nəzəriyyənin əsasını təşkil edir. Valideynlərin uşaqlarına göstərdiyi diqqət və emosional dəstək, onların şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Uşağın sevgi və dəstək hiss etməsi, onların özlərinə inamını artırır. Ailə içindəki sağlam mühit, uşağın psixoloji sağlamlığını artıraraq, müsbət sosial davranışları inkişaf etdirir. Ancaq ailədəki münaqişələr və emosional çatışmazlıqlar, uşaqların psixologiyasına ciddi ziyan vura bilər.

Sudabə Dursunəliyeva

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu, Bakı Dövlət Universiteti, Sosial iş ixtisası üzrə magistrant

seeBaxış sayı:81
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri