İntihar sunamisi: Hər 40 saniyədən bir özünəqəsd hadisəsi baş verir
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Psixoloqlar xəbərdarlıq edir ki, əgər uşağınız otağına qapanırsa, bu, təhlükəli siqnaldır
Dünyada hər 8 nəfərdən birində psixi problem var. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, psixi pozuntusu olan insanların sayı milyardı ötür. ÜST-ün məlumatına görə, anksiyete (qorxu, narahatlıq, sıxıntı) və depressiya (ümidsizlik) dünyada əlilliyin əsas səbəbləri olaraq qalmaqdadır. ÜST-ün məlumatında bildirilir ki, psixi sağlamlığımızdakı problemləri təsvir edən bəzi amillər bunlardır:
- İntihar sunamisi: 2021-ci ildə dünyada təxminən 727.000 intihar hadisəsi baş verib. Bu, gənclər arasında əsas ölüm səbəblərindən biridir.
- Dəstəkdə bərabərsizlik: yüksək gəlirli ölkələrdə ehtiyacı olanların 50 faizdən çoxu psixoz (şüurun kəskin “buludlanması”, reallıqla əlaqənin itirilməsi) üçün yardım alır, yoxsul ölkələrdə isə 10 faizdən azdır.
- Maliyyə çatışmazlığı: ölkələr orta hesabla sağlamlıq büdcələrinin təxminən 2 faizini psixi sağlamlığa xərcləyirlər.
ÜST ekspertləri xatırladır ki, psixi sağlamlıq və psixoloji rifahın qayğısına qalmaq hər gün bizim vəzifəmizdir.
1. Daimi fiziki fəaliyyət.
2. Sosial əlaqələrin saxlanması.
3. 7-9 saat sağlam yuxu
4. İki həftədən çox müddət ərzində depressiya, narahatlıq və ya digər çətin emosiyaların öhdəsindən gələ bilməyəcəyinizi hiss edirsinizsə, peşəkar yardım axtarmaqdan çəkinməyin.
ÜST-ün xəbərdarlığında, əslində yenilik yoxdur. Təsvir olunan vəziyyətlə cəmiyyətdə hər gün qarşılaşırıq. Adicə ictimai nəqliyyatda insanların əsəbi, narahat durumda olduqlarını görmək mümkündür. Bir çox insanların simasından yorğunluq yağır. Bu, fiziki əməkdən yaranan yorğunluq olsa, bir stəkan çay və ailə üzvləri, dostlarla səmimi ortamda edilən söhbət onu aradan qaldırmağa qadirdir. Amma fiziki yorğunluq deyil bu. Psixi yorğunluqdur. Bəlkə, psixoterapevtlər etiraz edib, “öz işinizlə məşğul olun, bilmədiyiniz sahəyə girişməyin”, deyərək bizi diletant adlandıracaqlar. Adlandırsınlar. Zatən, onların da rəyini təqdim edəcəyik. Müşahidələrimizdən irəli gələrək öz adımızdan bunu deyirik ki, psixi yorğunluğu sosial, iqtisadi problemlər, məişət problemləri, tənhalıq, cəmiyyətdən təcrid olunmaq, ailə üzvlərinin, valideynlərin, ata-ana üçün övladların, övlad üçün də ata-ananın, bacı-qardaşın, dost-tanışın səmimi, mehriban ortamında olmaqdan, söhbətlərdən, ünsiyyətdən kənarda qalmaq, tədricən özünə qapanmaq, kimsəyə etibar etməmək, sonunda “həyat yaman etibarsızmış” nəticəsinə gələrək depressiv vəziyyətə düşmək yaradır. Belədə insanın nə qəlbi gülür, nə də üzü. Depressiya elə budur. Hansı ki, təəssüf, intiharla da nəticələnə bilir.
İntihara hansı yol aparır?

Psixo-terapevt Elmir Əkbərsə Sherg.az-a açıqlamasında qeyd etdi ki, intihara gətirib çıxaran səbəbləri yox, vəziyyəti araşdırmaq lazımdır. Səbəb dedikdə, səhvən belə anlaşıla bilər ki, intiharların həqiqətən də hansısa əsaslı səbəbləri var. Cəmiyyətdəki aqressiya ümumən insanların psixologiyasına mənfi təsir edir. İntiharı yaradansa konkret vəziyyətlər var:
- Təəssüf ki, intihar halları baş verir. Yeniyetmələr, gənclər, orta və hətta yaşlı insanlar arasında da. ÜST-ün də açıqlamasından görünür ki, bu, təkcə bizim ölkədə və ya konkret bir regionda deyil, ümumən dünyada vüsət almış mənfi bir tendensiyadır. Səbəblərdən birincisi, ailələrin psixoloji-psixoterapevtik baxımdan düzgün qurulmamasıdır. Valideyn uşağa kiçik yaşlarından lazımi diqqət göstərmir, böyüdükcə isə ondan tələbləri artır. Axı sən valideyn olaraq bu ağaca vaxtında qulluq göstərməmisən, indi ondan bar verməsini necə tələb edirsən? Bəzi ailələrdə uşağı ərköyün böyüdürlər. Uşaqda isterik xarakter tipi formalaşır. Bəzi atalar evdə tiranlıq edir, bu, intihara da gətirib çıxarır. Səbəblər müxtəlifdir. Kimisi imtahanlarda uğursuzluğa görə, kimisi “cavabsız məhəbbətə” görə, bəzisi internet oyunlarının təsirinə düşərək, bəzisi bizə adi görünən, amma yeniyetməlik yaş dövrü üçün dəyərli sayıla biləcək nəyinsə əldə edilməməsinə, istəyinin yerinə yetməməsindən doğan küskünlük, yaxud əsəb, qəzəb hissi ilə hərəkət edir. Bəziləri sosial problemlərin sıxıntısına dözə bilmir. Və həyatlarına qəsd etməyə qərar verirlər. Siz bilirsiz, indi mühit necə korlanıb, mühit insanları necə bədbəxt edir?!. Çox təhlükəli dövrdə yaşayırıq. İnternet, feysbuk, instaqram, TikTok, sosial şəbəkələr… Telefonlarda qumar, mərc oyunları cəlb edir insanları. İntihara sövq edən, aqressiya, qəzəb oyadan kompyüter oyunları nə qədərdir. İnsanlar ünsiyyət ehtiyaclarını sosial şəbəkələrdə qarşılayırlar. Tanımadıqları şəxslərlə söhbət edir, dərdlərini bölüşür, çarə axtarırlar. Amma atasının, anasının, bacı-qardaşının yanına, evinə getmir, öz ailəsiylə əyləşib problemlərini çözməyə çalışmırlar. Sanki bir-birindən küsüb hamı. Amma eyni zamanda hamı bir-biriylə “dostdur” sosial şəbkədə. Bu, saxta, qeyri-səmimi dostluqdur. Ona görə də insanlar mənəvi zövq ala bilmirlər. Ruhi rahatlıq tapa bilmirlər. Əhvali-ruhiyyə yüksəlmir, əksinə, aşağı enir. Depressiv vəziyyət, ruh düşkünlüyü yaranır. Ruhi düşkünlük içində olan insan nə özünə xeyir verə bilər, nə də cəmiyyətə.
E.Əkbər valideynlərin də diqqət etməli olduğu məqamları izah etdi:
- Xüsusən uşaqların davranışlarına diqqət etmək lazımdır. Ən təhlükəli olan, əgər uşaq özünə qapanırsa, əvvəl onda maraq doğuran şeylər artıq onu maraqlandırmır, enerjisi sönüb otağına çəkilir, söhbətdən qaçır, dostları ilə də ünsiyyətdən qaçır, səliqəsinə, gigiyenaya fikir vermirsə, valideynlər mütləq həkim-mütəxəssisə müraciət etməlidirlər. Bunlar sadə forma şizofreniyanın, endogen-klinik psixiatrik depressiyanın ilkin əlamətləridir və vaxtında qarşısı alınmayanda ciddi fəsadlara yol açır. Digər təhlükəli davranışlara uşağın qəribə şəkildə aqressivləşməsi, ana-atasına qarşı aqressivlik nümayiş etdirməsi, şübhəli fikirlər səsləndirməsi, qonşular, dostları haqqında. Bu, patanoid-şizofreniyanın ilkin əlamətləri ola bilər. Xüsusilə vurğulamaq istəyirəm ki, belə hallarla qarşılaşdıqda valideynlər qohum-qonşunun “əşşi, uşaqdır, fikir verməyin, böyüyəndə düzələcək”, kimi sözlərinə fikir verməyib, övladlarının sağlamlığı ilə məşğul olsunlar. Yeniyetməlik kritik yaş dövrüdür. Mütləq həkim-mütəxəssislə məsləhətləşmək lazımdır. Hazırda ən böyük problem biganəlik, laqeydlikdir. İnsanları ölümə sürükləyən məhz bunlardır.
“İstəyirəm məni görsünlər”

Psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında qeyd etdi ki, depressiv vəziyyət müxtəlif səbəblərdən yarana bilər:
- Bu, subyektiv hallardır. Birisinin çıxış yolunu intiharda gördüyü vəziyyətdə, bir başqası fərqli yol tapa bilir. Sosial problemlər, məişət qayğıları, bəzən insanın həyatına, karyerasına mənfi təsir göstərən irihəcmli problemli məsələlər, ümidsizlik, həyatdan heç bir gözləntinin artıq olmaması fonunda intihara əl atıldığını görə bilirik. Bəziləri də sadəcə, diqqət cəlb etmək, problemin bu yolla həll olunacağına, hansısa qərarın dəyişəcəyinə ümid edərək intihara əl atır. Yadınızdadırsa, bir neçə il əvvəl “Koroğlu” körpüsünə çıxıb intihara cəhd etmək, sanki dəb halı almışdı. Çünki ora yeni tikilmişdi, görünən, gediş-gəlişin sıx olduğu yer idi. Problemi yaranmış şəxs körpüyə çıxıb intihar edəcəyini bildirirdi, asayiş keşikçiləri əraziyə cəlb olunurdu, adamı dilə tutub, söhbət aparıb fikrindən daşındırırdılar. Əslində, intihar edən şəxsi fikrindən daşındırmaq mümkündür. Bunun üçün gərək ixtisaslaşmış psixoloqlar cəlb olunsun. Amma birisi kimsənin görmədiyi, xəbər tutmadığı bir vaxtda, məkanda inthara əl atırsa, bunun qarşısını almaq, təəssüf ki, mümkün olmur artıq. Çox gec olur. İntihar etmək qərarına gəlmiş şəxs onu nəyin bahasına olursa-olsun, reallaşdırmağa çalışır. İntiharların sayı niyə artır, soruşurlarsa, burada psixoloqlarla yanaşı sosioloqların da üzərinə böyük vəzifə düşür. Hesab edirəm ki, cəmiyyətdəki aqressiyanın səbəbini sosioloqlar araşdırmalıdır. Ümumiyyətlə, hazırda dünyada aqressiya artıb. Bu, cəmiyyətlərdə, insanlar arasındakı münasibətlərdə özünü göstərir. Sosioloji mərkəzlər fəaliyyətlərini artırmalı və insanları narahat edən problemləri araşdıraraq həllinə nail olmalıdırlar. Bu, insanlardakı psixoloji gərginliyi azaltmaq üçün lazımdır.
“Gülümsəyin, insanlar”

Sosioloq Mətanət Məmmədova isə bildirdi ki, cəmiyyətdə aqressiyanın səbəbləri arasında təlim-tərbiyə sisteminin düzgün olmaması, sosial ayrı-seçkilik, insanların yaşam tərzlərindəki problemlər, cəmiyyətin mürəkkəbləşməsi və valideynlərin uşaqlarla münasibətlərindəki anlaşılmazlıqlar yer alır. Bu vəziyyətin qarşısını almaq üçün valideynlərin maarifləndirilməsi, sosial ayrı-seçkiliyin aradan qaldırılması və uşaqlara aqressiyanı idarə etməyi öyrətmək kimi tədbirlər vacibdir:
- Təlim-tərbiyə sisteminin düzgün qurulması vacibdir. Valideynlərin özlərinin də uşağı necə yönəltməyi bilməməsi, təlim-tərbiyə sisteminin düzgün olmaması aqressiyanın artmasına səbəb olur. Cəmiyyətdəki sosial ayrı-seçkilik də bəlli aqressiyanın kökündə duran amillərdən biridir. İnsanların yaşam tərzlərindəki problemlər də aqressiyanı şərtləndirən amillərdən biridir. Cəmiyyətimiz çox mürəkkəbləşib. İnsanlar arasında münasibətlər korlanıb, səmimiyyət, mehribanlıq getdikcə azalır. Cəmiyyətin müasirləşməsi onun mürəkkəbləşməsi deməkdir, bu isə bəzən cinayət tərkibli hadisələrə də gətirib çıxara bilər. Sosial ədalətin bərpası, sosial ayrı-seçkiliyin aradan qaldırılması üçün tədbirlər görülməlidir, insanların rifah halının, əhvali-ruhiyyəsinin yüksəlməsi həm də buna bağlıdır. İnsanlar bir-birinə sevgi ilə, qayğı ilə yanaşmalıdır. Bizim möhkəm ailə dəyərlərimiz, etik davranış qaydalarımız var. Bunlara maksimum əməl edilsə, hər kəs cəmiyyətdə necə davranılmalı olduğunu bilsə, gərginlik də azalacaq, intihar halları, cinayət tərkibli hadisələr də azalacaq. Mikayıl Müşfiq deyirdi, nə gözəl yaraşır insana gülmək. Əgər birisinə gülərüzlə yanaşsanız, mümkün deyil ki, o sizə aqressiv cavab versin, etinasız qalsın. Bizim cəmiyyətin əsas nöqsanı hazırda odur ki, gərginlik içindədir. Adi sualı da aqressiv tərzdə səsləndiririk. Halbuki həlimlik, xoş yanaşma hüsnü-zənn – hadisələrə mənfi deyil, müsbət prizmadan baxmaq cəmiyyətdə yarana biləcək ahəngdarlığın əsas dərmanıdır.


