Icma.az
close
up
RU
İntihar xəbərləri mediada necə verilməlidir? TƏRƏFLƏRN BAXIŞI

İntihar xəbərləri mediada necə verilməlidir? TƏRƏFLƏRN BAXIŞI

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İntihar halları ilə bağlı məlumatların mediada paylaşılması cəmiyyətin, xüsusilə yeniyetmə və gənclərin psixoloji sağlamlığına, eləcə də sosial məsuliyyət hissinə birbaşa təsir göstərir.

Belə həssas mövzularda jurnalistlərin etik prinsiplərə riayət etməsi vacib hesab olunur. Medianın İnkişafı Agentliyinin təşkil etdiyi “İctimai proseslər media müstəvisində” adlı II Forumun “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı panel sessiyasında səsləndirilən fikirlər də bu məsələyə diqqət çəkib.

Forum çərçivəsində çıxış edən Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev bildirib ki, intihar halları ilə bağlı şəxsi məlumatların mediada paylaşılması yolverilməzdir və insanları bu cür addımlara təşviq edən təqdimatlar cəmiyyətə mənfi təsir göstərir.

Onun sözlərinə görə, əgər hansısa məktəbdə belə bir hadisə baş veribsə, həmin təhsil müəssisəsinin məsələ ilə bağlı ətraflı açıqlama verməsi də məqsədəuyğun sayılmır.

Saleh Hacıyev qeyd edib ki, bəzi media orqanları bu tip xəbərləri geniş şəkildə ictimailəşdirməklə, fərqində olmadan oxşar halların təkrarlanmasına zəmin yaradır.

Onun fikrincə, bu baxımdan media nümayəndələrinin etik qaydalara riayət etməsi, mövzuya daha həssas və məsuliyyətli yanaşması zəruri hesab olunur.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov Gununsesi.info-ya fikirlərini belə ifadə edib:

“Dünyanın aparıcı psixoloqları bu məsələyə dair müxtəlif elmi araşdırmalar aparırlar. Onlar intiharların əsas səbəblərindən biri kimi maddi durumun zəifliyini göstərirlər. Lakin statistik göstəricilər təsdiqləyir ki, intihar halları daha çox iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə qeydə alınır.

Bu da onu göstərir ki, burada sırf psixoloji amillər ön plandadır. Hazırda psixologiya elmi, eləcə də sosioloqlar və digər tədqiqatçılar intiharların artma səbəblərini tam şəkildə müəyyənləşdirə bilməyiblər. “Niyə intihar halları artır?” sualı hələ də tam cavabını tapmayıb. Bəzi mütəxəssislər hesab edir ki, bəlkə də, bu sahədə məlumatlarımız artıb və əvvəllər baş verən bir çox hal sadəcə statistikaya düşməyib. Axı kim əminliklə deyə bilər ki, əvvəlki dövrlərdə intihar halları indiki qədər olmayıb?

Sadəcə olaraq, o dövrlərdə bu qədər informasiya bolluğu yox idi. Hər an, hər saniyə xəbər dəyişmirdi. Bir məlumatı qəzetdən oxumaq üçün bəzən 10 gün gözləyirdik. Yəni informasiya dövriyyəsi bu qədər sürətli deyildi. Bu baxımdan, bu gün intiharların artdığı ilə bağlı yekun və qəti fikir bildirmək çətindir. Ola bilər ki, sadəcə qeydəalma və məlumatlılıq səviyyəsi artıb. Mümkündür ki, bunun da öz təsiri var”.

Onun fikrincə, ikinci vacib məsələ məsuliyyətin yalnız bir şəxsə və ya qrupa yönəldilməsinin yolverilməzliyidir:

“Əslində, bu məsələdə cəmiyyətin hər bir üzvünün müəyyən məsuliyyəti var. İntiharlara aparan müxtəlif səbəblər mövcuddur və bu istiqamətdə sosioloqlar tərəfindən geniş araşdırmalar aparılır. Əsas məqsəd bu səbəblər arasında daha təsirli olanları müəyyənləşdirmək və məhz həmin istiqamətdə tədbirlər görməkdir. Araşdırmalıyıq: intihar hallarına əsasən hansı faktorlar səbəb olur, hansı amillər daha çox təsir göstərir?

Bu baxımdan ən həssas və risk qrupunda olanlar gənclər, xüsusən də yeniyetmələrdir. Məhz bu səbəbdən onlarla daha məqsədyönlü və sistemli şəkildə işləmək zəruridir. Statistika göstərir ki, intihara meyillilik daha çox keçid dövründə — yəni yeniyetməlik və gəncliyin ilk mərhələlərində özünü büruzə verir. Bu yaş dövründə psixoloji həssaslıq yüksək olur. Məsələn, ali məktəbə qəbul ola bilməmək, arzulanan məqsədlərə çatmamaq, ailədən və ətraf mühitdən kifayət qədər dəstək görməmək gənclərdə ümidsizlik hissi yarada bilər.

Belə vəziyyətlərdə gənc bir insan ani emosional gərginlik fonunda intihara cəhd edə bilər. Buna görə də keçid yaş dövründə olan uşaqlara, yeniyetmələrə və gənclərə xüsusi diqqət yetirilməlidir. Onların yanında olmaq, psixoloji dəstəyə çıxış imkanlarını asanlaşdırmaq bu gün cəmiyyət olaraq qarşımızda duran ən mühüm vəzifələrdən biridir”.

Deputatın sözlərinə görə, bu məsələdə xüsusilə məktəb psixoloqlarının üzərinə böyük məsuliyyət düşür:

“Məktəbdə sinif rəhbərləri, valideynlər və ümumilikdə cəmiyyət bu prosesdə birgə şəkildə fəaliyyət göstərməlidirlər. Yəni məktəb–valideyn–cəmiyyət üçbucağı daha sıx əməkdaşlıq etməli, bu əməkdaşlıq real və praktik səviyyədə hiss olunmalıdır. Gəncin psixoloji vəziyyətini vaxtında dəyərləndirmək və müdaxilə etmək üçün bu üç tərəfin qarşılıqlı və koordinasiyalı fəaliyyəti olduqca vacibdir.

Əgər uşaqda və ya gəncdə intihara meyllilik müşahidə olunarsa, o, ilk növbədə sinif rəhbərinə və ya məktəbin psixoloquna müraciət etməlidir. Psixoloq isə bu vəziyyəti gizlətməməli, dərhal valideyni məlumatlandırmalıdır. Tərəflər arasında məlumat mübadiləsi gecikmədən həyata keçirilməli, informasiya zənciri qırılmamalıdır. Belə hallarda risk qrupuna daxil olan uşaqlara və gənclərə xüsusi diqqət, dəstək göstərilməlidir. Çünki bəzən bircə səbəb, ani emosional gərginlik və ya qısamüddətli ruh düşkünlüyü insanı faciəvi qərar verməyə sürükləyə bilər.

Ümumilikdə, məktəblərdə psixoloq sayının artırılması son dərəcə vacibdir. Mövcud şəraitdə məktəblərin ölçüsü və şagird sayı ilə müqayisədə psixoloq sayı yetərli deyil. Adətən, bu vəzifəni bir, ən yaxşı halda iki nəfər icra edir. Bu isə təbii ki, kifayət etmir. Uşaqların psixoloji vəziyyəti ilə effektiv şəkildə işləmək üçün kifayət qədər peşəkar mütəxəssis cəlb olunmalıdır. Bu sahəyə xüsusi diqqət və resurs ayrılmalıdır. Bununla yanaşı, məsuliyyət təkcə psixoloqların deyil – müəllimlər, valideynlər və ümumilikdə cəmiyyətin hər bir üzvünün üzərinə düşür. Ətrafımızdakı insanlara qarşı daha diqqətli və həssas yanaşmalıyıq.

Risk altındakı şəxslərə, xüsusilə uşaqlara qarşı daha diqqətli yanaşmaq zəruridir. Cəmiyyət üzvlərində sosial məsuliyyət hissi gücləndirilməlidir. Ətrafımızda özünə qapanan, susqunlaşan, daxili narahatlıq keçirən insanlar – xüsusilə də uşaqlar – çox zaman açıq şəkildə kömək istəməsələr də, davranışları və baxışları ilə bunu ifadə edirlər. Biz onların bu səssiz çağırışlarını görməyi və anlamağı bacarmalıyıq.

Bu problemin həllində məsuliyyəti başqasının üzərinə atmaqla nəticə əldə etmək mümkün deyil. “Media günahkardır” və ya “cəmiyyətin günahıdır” deyərək məsələni bağlamaq düzgün yanaşma deyil. Hər bir şəxs – istər media nümayəndəsi, istər müəllim, istər valideyn, istərsə də sadə vətəndaş, üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Problemin həlli qarşılıqlı ittihamlar deyil, hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməsindən keçir.

Bu məsələdə yalnız dövlətin deyil, vətəndaş cəmiyyətinin, yerli icmaların, bələdiyyələrin və ümumilikdə hər bir fərdin üzərinə mühüm məsuliyyət düşür. Hamımız bu məsələdə diqqətli olmalıyıq. Diqqət, diqqət və bir daha diqqət — bu, cəmiyyət olaraq bizim üzərimizə düşən ən önəmli vəzifədir. Heç kim bu problemi “məndən yanadır” deyərək kənara ata bilməz”.

Gununsesi.info-ya şərh edən jurnalist Elman Cəfərlinin fikrincə, mətbuatın əsas missiyası xəbəri olduğu kimi, obyektiv şəkildə cəmiyyətə çatdırmaqdır.

Onun sözlərinə görə, heç bir kütləvi informasiya vasitəsinə “hadisə baş verib, amma sən onu işıqlandırma” demək doğru yanaşma sayıla bilməz:

“Hadisəni nə sayt, nə qəzet, nə də informasiya agentliyi yaradıb. Ona səbəbkar da deyil. Burada əsas məsələ xəbərin necə təqdim olunmasıdır. Saytlar bəzən daha çox izləyici, IP qazanmaq məqsədilə həddindən artıq sensasion, çığıran başlıqlardan istifadə edirlər. İntihar, qəza, cinayət kimi hadisələrin görüntülərini paylaşır, hətta bu sahədə bir-birilə yarışa girirlər. Sosial şəbəkə səhifələrini, tiktokerləri qismən anlamaq olar – çünki onlar üçün peşə etikası anlayışı yoxdur. Onların əsas məqsədi daha çox izləyici toplamaqdır.

Amma KİV belə deyil. Azərbaycan Respublikası Jurnalistinin Peşə Etikası Kodeksi qəbul olunub. Hər bir KİV buna əməl etməlidir. Xəbərlərin təqdimatına həssas yanaşmaq lazımdır. Hər media orqanının özünün oxucu kontingenti var. Ən azı oxuculara hörmət etmək, onların zövqünü nəzərə almaq lazımdır. Məsələn, 90-ların mətbuat orqanları “Aydınlıq”, “Avropa” qəzetləri bu cür “çılpaq xəbərləri” yaymazdı. İndi də buna əməl edən səviyyəli KİV-lər az deyil. Ancaq hər kəs işini sosial şəbəkə ilə qurur deyə, hamı izləyicini itirməməyə çalışır.

Bəs bu cür xəbərlər necə təqdim olunmalıdır? Hesab edirəm ki, hadisə baş veribsə, media bu barədə məlumat yaymalıdır. Amma bu xəbər müəyyən filtrdən keçməlidir.”

Elman Cəfərli bildirib ki, media xəbərləri yayarkən cəmiyyətin xüsusilə həssas təbəqələrini – əsəbləri zəif olan insanları, yeniyetmələri və gəncləri nəzərə almalıdır. Onun sözlərinə görə, gənclər onsuz da kifayət qədər zərərli təsirlərə məruz qalırlar:

“Kriminalı, qanı, zorakılığı və ölümü təbliğ edən seriallar TV-lər və sosial şəbəkələr vasitəsilə evlərimizə daxil olur. Bunun tam qarşısını almaq mümkün deyil. Amma heç olmasa bu təsirlərin fəsadlarını azaltmaq üçün ciddi düşünmək lazımdır. Bir zamanlar avtoqəza xəbərləri qəzetlərin 2-ci səhifəsini, TV-lərdə xəbərlər proqramlarını “bəzəyərdi”. Amma zamanla bunun sayı azaldıldı.

Bir neçə il əvvəl İsveçrədə yaşayan bir mühacir yazar qeyd etmişdi ki, orada kütləvi informasiya vasitələri intihar, qanlı cinayət, yol qəzaları kimi xəbərləri paylaşmır. Çünki bu cür məlumatlar cəmiyyətdə pessimizm, pis əhval ruhiyyə yaradır. Bəzi ekspertlər düşünür ki, mediada gedən neqativ xəbərlər (qanlı cinayət, intihar, həbs) bu cür hadisələrin daha da çoxalmasına səbəb olur. Bu baxımdan heç bir media orqanı bu tip xəbərləri yaymaqda maraqlı olmamalıdır. Əksinə, Media orqanları arasında “centlemen sazişi” olmalıdır ki, heç kim bu cür neqativ xəbərləri yaymasın. Əgər xəbər verilməlidirsə, o zaman materialın içində psixoloq və ya sosioloq rəyi də yer almalı, intiharın çıxış yolu olmadığı açıq şəkildə bildirilməlidir.

Ümumiyyətlə, cəmiyyətin gələcəyini düşünən beyin mərkəzləri bu məsələ üzərində ciddi düşünməli, vəziyyətdən çıxış yollarını araşdırmalı və intiharların qarşısını almağa yönələn praktiki təkliflər hazırlamalıdır. Lazım gələrsə sosial şəbəkələrə nəzarət mexanizmi tətbiq edilməli, KİV-lərə müəyyən çərçivələr təqdim olunmalıdır”.

Dünyada erkən ölüm hallarının əsas səbəblərindən birinin intihar olduğunu deyən psixoloq Sevinc Həbibovanın fikrincə, daha çox ümidsizliyə qapılan və ya psixoloji çətinliklər yaşayan insanlar bəzən bu vəziyyətdən çıxış yolu kimi intiharı seçirlər.

Psixoloqun sözlərinə görə, statistik göstəricilər də bu problemi təsdiqləyir:

“Statistik məlumatlara nəzər salsaq, görərik ki, son dövrlərdə baş verən faciəvi ölümlərin təxminən yarısı intihar hadisələrinin payına düşür. Bu, adətən iş mühitindəki gərginlik, ailədaxili problemlər, maddi sıxıntılar və həyat tərzindəki digər çətinliklərlə əlaqəlidir.

Əslində, bu cür çətinliklərlə demək olar hər bir insan müəyyən dövrlərdə qarşılaşa bilər. Lakin belə hallarda intihara daha çox özünü dəyərsiz hiss edən, psixoloji gərginlik içində olan və iradəsi zəifləmiş şəxslər meyillilik göstərirlər.

Empatiya və açıq ünsiyyət çox vacibdir. İnsanlarla səmimi və diqqətli söhbətlər aparmaq, xüsusilə yeniyetmə və azyaşlılarla düzgün kommunikasiya qurmaq, onların psixoloji rifahı baxımından əhəmiyyətlidir. Müasir dövrdə sosial şəbəkələrin təsiri də diqqətdən kənarda qalmamalıdır. Bu platformalarda yayılan video və vizual materiallar gənc və həssas psixikaya malik şəxslərin düşüncələrinə mənfi təsir göstərə bilər. İntiharla bağlı görüntü və məlumatların geniş yayılması lazımdır, çünki bu, bəzi uşaqlar və yeniyetmələr üçün intiharı çıxış yolu kimi qələmə verə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 1 milyon insan intihar nəticəsində həyatını itirir. Bu isə orta hesabla hər 40 saniyədə bir insanın intihar etməsi deməkdir. Bu statistika cəmiyyətin psixoloji sağlamlığı üçün ciddi siqnal olmalıdır”.

Psixoloq onu da qeyd edib ki, intihar hallarının artmasına səbəb olan amillərdən biri insanların yaşadığı emosional böhran dövrləridir:

“Belə dövrlərdə insanlar özlərini çıxılmaz vəziyyətdə hiss edirlər və adekvat psixoloji dəstək almadıqları halda vəziyyət daha da ağırlaşa bilər. Bu baxımdan, ailə mühiti həlledici rol oynayır. Ailə insanın ilk sosial mühitidir və burada formalaşan münasibətlər onun emosional dayanıqlığını müəyyənləşdirir.

Əgər ailədə sevgi, diqqət, anlayış və dəstək yoxdursa, uşaq özünü tənha, laqeyd və dəyərsiz hiss edə bilər. Bu cür emosional boşluqdan əziyyət çəkən uşaqlar – istər qız, istər oğlan – sevilmək və diqqət görmək ehtiyacı ilə davranışlarında dəyişikliklər göstərə bilər. Əgər bu ehtiyaclar qarşılanmırsa, ümidsizlik və dəyərsizlik hissi onları intihara meyilli hala gətirə bilər. Xüsusilə yeniyetmə dövrü bu baxımdan daha həssas və risklidir.

Valideynlərin rolu burada xüsusilə önəmlidir. Uşaqları erkən yaşlardan müxtəlif dərnəklərə, idman və sənət kurslarına yönləndirmək onların həm sosiallaşmasına, həm də özünü ifadə etməsinə şərait yaradır. Hər bir uşağın maraq dairəsinə uyğun fəaliyyətlərlə məşğul olması – istər idman, istər rəsm, istərsə də musiqi – onların özünəinamını artırır, mənəvi boşluğu doldurur və neqativ təsirlərdən qoruyur.

Uşaq sevdiyi fəaliyyətlə məşğul olduqda, özünü dəyərli hiss edir, cəmiyyətə və ailəyə bağlılığı güclənir. Buna görə də valideynlər övladları ilə davamlı və səmimi ünsiyyətdə olmalı, onların maraq və ehtiyaclarını anlamağa çalışmalıdırlar. Uşaqları açıq havada gəzməyə təşviq etmək, onlarla empatiya qurmaq və hisslərini ifadə etmələrinə şərait yaratmaq – bütün bunlar onların sağlam psixoloji inkişafı üçün mühüm amillərdir.Unutmaq olmaz ki, intihara qarşı ən təsirli vasitə diqqət, anlayış və sevgidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 May 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bura o qədər də ciddi yanaşmırıq Qurban Qurbanov

12 May 2025 00:24see204

Qəhrəman qazimiz televiziyalara od püskürdü: O, diqqətsizlikdən gileyləndi...

12 May 2025 20:34see195

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see191

Əlaqələrimiz ən yüksək pillədə

12 May 2025 10:59see177

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see174

Nigeriyada toqquşmalarda 23 nəfər öldü

12 May 2025 01:51see172

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

12 May 2025 03:04see156

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see155

50 yaşlı kişi alçaya görə öldü KONKRET

12 May 2025 09:41see141

Super Liqa: “Beşiktaş”dan darmadağın

11 May 2025 22:59see140

“El Klasiko”nu “Barselona” qazandı

12 May 2025 01:19see138

MPL: Zirə də səfərdə sevindi, Neftçi də

12 May 2025 01:12see137

Hər iki ayağını itirmiş qazimiz Everestə qalxacaq VİDEO

13 May 2025 01:04see135

Son zəng ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

12 May 2025 21:08see130

Pedatr: Vitamin və minerallar qida zəncirində əvəzolunmaz yerə sahibdir

12 May 2025 13:36see128

İsrail Qəzzaya hücumları davam etdirir

13 May 2025 01:27see127

Vasili Berezutski Moskvaya dönür

12 May 2025 22:18see123

LukOil dan bezin fırıldağı FOTOFAKT

12 May 2025 04:13see123

Ceki Çan filmlərdəki tryukları özünün etməyini nə vaxt dayandıracağını açıqlayıb

13 May 2025 04:49see117

Trampın masasında gözlənilməz əşya Foto

13 May 2025 01:27see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri