Icma.az
close
up
RU
İran və Turan sənindir!

İran və Turan sənindir!

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Qaraqoyunlu və Ağqoyunludan Səfəvilərə

Qaraqoyunlu və Ağqoyunlu dövlətləri çox zaman “tayfa dövlətləri” kimi təqdim olunur. Bu, qismən doğrudur, amma yarımçıqdır. Daha düzgün sual belə olmalıdır:
Bu dövlətlər niyə yarandı, niyə bir-birini əvəz etdi və niyə onların yerini məhz Səfəvilər tutdu?
XIV–XV əsrlərdə Yaxın Şərqin siyasi xəritəsində mühüm yer tutan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri Azərbaycan mərkəzli türk dövlətçiliyinin formalaşdırıcı mərhələləri idi və Səfəvilərin yüksəlişi məhz bu zəmin üzərində baş verdi.
Onu da qeyd edim ki, Ağqoyunlu adındakı Ağ müqəddəslik, legitimlik, günəş, cənub, “haqlı hakimiyyət”, Qaraqoyunlu adındakı Qara isə təkcə rəng yox, türk siyasi-mifoloji düşüncəsində güc, şimal, böyüklük, hökmranlıq anlamını verir. Qoyun isə totem, iqtisadi həyatın mərkəzi, tayfa nişanı kimi yozulurdu.

Qaraqoyunlu dövləti: gücün və dilin qurulması

Qaraqoyunlu dövləti monqol-sonrası siyasi boşluqda meydana çıxaraq real hakimiyyət qura bildi. Onun əsas tarixi rolu etnik, dil və hərbi bazanın formalaşdırılması idi. Hakim elit Oğuz–türk tayfalarından ibarət idi, ordu türk süvariliyinə söykənirdi, saray və gündəlik idarəçilikdə Azərbaycan türkcəsinin erkən formaları işlək idi. Diplomatiyada fars dili istifadə olunsa da, siyasi güc türkdilli aristokratiyanın əlində cəmlənmişdi.
Qaraqoyunlu dövlətinin zirvə mərhələsi Cahan Şahın hakimiyyəti dövrünə (1438–1467) təsadüf edir. Onun zamanında Təbriz yalnız siyasi paytaxt deyil, həm də mədəniyyət və poeziya mərkəzinə çevrildi. Hökmdarın özünün şair olması və türk dilini saray mühitinə daşıması təsadüfi deyildi; bu, sonrakı dövlətçilik mərhələləri üçün mühüm presedent yaratdı.
Dini baxımdan Qaraqoyunlu dövləti sünni əsaslı olsa da, şiə və sufi cərəyanlara açıq idi. Bu ideoloji elastiklik Səfəvilərin gələcək yüksəlişi üçün sosial və dini zəmin formalaşdırdı. Lakin dövlətin zəifliyi gücdə deyil, institusional strukturun yetərsizliyində idi: tayfa sədaqətinə əsaslanan ordu və vahid legitimlik ideyasının olmaması uzunömürlü dövlət quruculuğuna imkan vermədi.

Ağqoyunlu dövləti: qanun və mərkəzləşmə cəhdi

Qaraqoyunlu mirasını Ağqoyunlu dövləti davam etdirdi. Eyni etnik və hərbi bazaya söykənən Ağqoyunlular dövlətçiliyi təkcə güc üzərində deyil, qanun və idarəçilik üzərində qurmağa çalışdılar. Bu mərhələnin simvol fiquru Uzun Həsən oldu. Onun hakimiyyəti (1453–1478) Ağqoyunlu dövlətinin zirvə dövrü sayılır.
Uzun Həsən vergi və torpaq münasibətlərini tənzimləyən qanunnamələr hazırlatdı, diplomatik əlaqələri genişləndirdi və mərkəzləşməni gücləndirməyə çalışdı. Dil və ordu baxımından tam davamlılıq vardı: hakim elit türkdü, ordu türk tayfalarından ibarət idi, saray mühitində türkcə işlək idi. Uzun Həsənlə bağlı araşdırmasında Tofiq Nəcəfli belə yazır: "Uzun Həsənin böyük hörmət etdiyi təriqət rəhbərlərindən biri Baba Əbdürrəhman Şami idi. O, Uzun Həsənə ilahi yardım vəd edərək, gələcəkdə qazanacağı qələbələr barədə xəbər ver¬məklə şöhrət qazanmışdı. O, Teymuri Əbu Səi¬də qarşı mübarizədə Uzun Həsənin qalib gələcəyini öncədən söyləyərək “İran və Turan sənindir” demişdir."

Qaraqoyunluda əsas dəyişiklik dini müstəvidə baş verdi. Rəsmi sünnilik qorunsa da, saray çevrəsində şiəliyə meyl gücləndi, Səfəvi təriqəti himayə edildi və bu təriqətlə ailə bağları quruldu. Beləliklə, ideoloji toxum artıq dövlət mühitində mövcud idi. Buna baxmayaraq, Ağqoyunlu dövləti də tayfa rəqabətini və elit parçalanmasını tam aradan qaldıra bilmədi. Qanun və idarəçilik vardı, lakin onları bir mərkəzdə birləşdirən ideoloji sədaqət hələ formalaşmamışdı.

Paralel mövcudluq: ziddiyyət yox, model

Oxucu üçün haqlı sual yaranır: Qaraqoyunlu (1375–1468) və Ağqoyunlu (1378–1501) dövlətləri eyni dövrdə mövcud olubsa, bu necə mümkündür?
Cavab sadədir: bu dövlətlər müasir anlamda millət dövləti deyildi. Onlar tayfa-konfederativ siyasi qurumlar idi və sərt sərhədlərlə yox, hakimiyyət iddiası ilə mövcud olurdular. Uzun müddət Qaraqoyunlular Azərbaycan, Təbriz və İranın qərbində, Ağqoyunlular isə Diyarbəkir və Şərqi Anadoluda güclənmişdi.

Bu səbəbdən paralel mövcudluq mümkündür və Orta əsr Avrasiya reallığında tam normaldır. Zamanla bu paralellik hegemonluq mübarizəsinə çevrildi və 1467-ci ildə Uzun Həsənin Cahan Şah üzərində qələbəsi ilə Qaraqoyunlu mərhələsi başa çatdı. Bu hadisə təkcə bir hökmdarın məğlubiyyəti deyil, bir dövlətçilik mərhələsinin digərini əvəz etməsi idi.

Səfəvilər: mirasın ideologiya ilə tamamlanması

Bu prosesin məntiqi nəticəsi Səfəvi dövləti oldu. Səfəvi dövləti 1501–1736-cı illərdə mövcud olmuşdur. Səfəvilər Qaraqoyunludan hərbi-etnik bazanı, Ağqoyunludan idarəçilik və qanun təcrübəsini, cəmiyyətdən isə şiə-sufi inanc enerjisini miras aldılar. Onların fərqi bu elementləri vahid ideoloji çərçivədə birləşdirmələrində idi.

Qızılbaş ordusu artıq təkcə tayfa sədaqəti ilə deyil, məzhəbi inamla şaha bağlanmışdı. Sarayda, orduda və ideoloji çağırışlarda Azərbaycan türkcəsi aparıcı rol oynadı. Bu, Səfəviləri əvvəlki dövlətlərdən fərqləndirən əsas keyfiyyət sıçrayışı idi.

Qaraqoyunlu və Ağqoyunlu dövlətləri süqut etmiş layihələr deyil. Onlar biri gücü, dili və siyasi elitanı, digəri isə qanunu və idarəçilik təcrübəsini formalaşdırdı. Səfəvilər bu mirası ideologiya ilə tamamlayaraq dövləti tarixi subyektə çevirdi. Bu baxımdan Səfəvi dövləti Azərbaycan mərkəzli türk dövlətçiliyinin məntiqi təkamül zirvəsidir.

Bəzi mənbələrdə Karl Marksa istinadən belə bir fikir yayılıb ki, Şah İsmayıl 14 illik hakimiyyəti dövründə 14 vilayət fəth etmişdir. Mövcud elmi ədəbiyyatda Karl Marksın əsərlərində Şah İsmayıl və ya Səfəvilər haqqında bu məzmunda konkret sitata rast gəlinmir.

Tarixi fakt ondan ibarətdir ki, Şah İsmayılın hakimiyyəti (1501–1524) dövründə Səfəvi dövləti çox sürətlə genişlənmiş, Azərbaycan, İran, İraq və Cənubi Qafqaz əraziləri mərkəzləşdirilmiş hakimiyyət altında birləşdirilmişdir.

Qərb tarixşünaslığında Qaraqoyunlu–Ağqoyunlu–Səfəvi xətti

Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin Səfəvilərə aparan bir keçid mərhələsi olması fikri təkcə yerli tarixşünaslığa məxsus deyil. Qərb alimləri də bu siyasi ardıcıllığı artıq uzun müddətdir təsadüfi epizodlar yox, struktur davamlılıq kimi baxır.

Məşhur britaniyalı–rus şərqşünası Vladimir Minorsky Qaraqoyunlu və Ağqoyunlu konfederasiyalarını Səfəvi dövlətinin birbaşa “etnik və hərbi matrisi” adlandırırdı. Onun fikrincə, Səfəvilərin qurduğu imperiya nə yeni bir etnosun, nə də kənardan gətirilmiş ideologiyanın məhsulu idi; bu dövlət mövcud türk tayfa aristokratiyasının üzərində inşa edilmişdi.

Səfəvilər üzrə aparıcı Qərb tədqiqatçılarından biri olan Roger Savory isə açıq şəkildə vurğulayırdı ki, Səfəvi hakimiyyət mexanizmi Ağqoyunlu idarəçilik modelindən kənara çıxmır. Fərq yalnız ondadır ki, Səfəvilər bu mexanizmi şiə ideologiyası ilə legitimləşdirərək onu davamlı dövlət formasına sala bildilər. Savoryə görə, ideologiya olmasaydı, Səfəvilər də Ağqoyunluların taleyini yaşaya bilərdi.
Orta əsr Avrasiya tarixi üzrə tanınmış britaniyalı tarixçi Peter Jackson isə Qaraqoyunlu və Ağqoyunluları “post-monqol dövrdə türk siyasi sintezinin ən yetkin mərhələsi” kimi qiymətləndirir. Onun yanaşmasında bu dövlətlər monqol mirası ilə yerli türk tayfa sisteminin birləşdiyi, Səfəvilər isə bu sintezi ideoloji dövlətə çevirdiyi mərhələdir.

Bu baxımdan Qərb tarixşünaslığında formalaşan ümumi qənaət belədir ki, Səfəvilər nə sıfırdan yaradılmış dövlət, nə də tarixi istisna idi. Onlar Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin hərbi-sosial bazasını, idarəçilik vərdişlərini, dil və elit davamlılığını ideoloji çərçivəyə salaraq tamamladılar.

Elbəyi Həsənli. Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Fevral 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see302

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see280

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see209

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see195

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see192

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see187

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see185

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see182

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see180

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see176

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see176

Novxanıda hotel yanır

19 May 2026 19:10see170

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see167

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see165

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see161

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see156

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see152

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see151

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see148

Meyvə şirəsi zərərlidir? Açıqlama

19 May 2026 20:38see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri