İrandakı iğtişaşlar Azərbaycana nə vəd edir? Bakını narahat edən vacib detal
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Hazırda İranla bağlı “silahlı münaqişə”, “vətəndaş müharibəsinin başlanğıcı”, “rejimin süqutu” kimi sərt bəyanatlar səsləndirilir. Lakin emosiyalara deyil, İran haqqında analitik yazılara və region üzrə ekspertlərin şərhlərinə baxsaq, daha mürəkkəb və daha sistemsiz mənzərəni görərik” .
Bu sözləri iranşünas, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Lana Ravandi-Fədai Globalinfo.az-a İrandakı etirazları şərh edərkən deyib:
“Bəli, biz etirazların zorakı mərhələyə keçdiyini görürük. Bəzi ərazilərdə toqquşmalar, silahdan istifadə var, radikal şüarlar, o cümlədən Ali liderin əleyhinə şüarlar səsləndirilir. Bunu görməzdən gəlmək və ya qiymətləndirməmək olmaz. Lakin başa düşməliyik ki, İran lokal silahlı eskalasiyanın avtomatik olaraq ölkə miqyaslı silahlı münaqişəyə çevrildiyi bir ölkə deyil.
İranlı analitiklər vurğulayır ki, ölkədə vahid cəbhə, mərkəzləşdirilmiş üsyan və təhlükəsizlik qüvvələrinin əraziyə nəzarəti itirdiyi bir vəziyyət yaranmayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və hüquq-mühafizə orqanları da daxil olmaqla təhlükəsizlik qüvvələri nəzarət altındadır və prosesin sistemli çöküş mərhələsinə daxil olmasının qarşısını alan məhz budur.
Ali Rəhbərə qarşı şüarlara gəldikdə, bəli, bu, radikallaşmanın ciddi bir əlamətidir. Amma bu cür şüarlar İranda əvvəlki böhranlar zamanı da eşidilib və öz-özlüyündə sistemin çöküşünün qaçılmaz olduğunu ifadə etmir. İran ənənəsinə görə, bir şey baş verəndə insan “Ey Xoda marqam bedeh” (Aman Allahım, mənə ölüm ver!) deyir, amma bu, onların ölməyə hazırlaşdığı və ya ölmək istədikləri anlamına gəlmir… Rejimin çökməsi yalnız küçə radikallaşması elit birliyin dağılması ilə müşayiət olunduqda mümkündür. Və bu gün biz bunu görmürük”.
Ekspert əminliklə bildirir ki, ABŞ və müttəfiqləri etirazları birbaşa idarə etmir, ancaq, ondan təzyiq vasitəsi kimi fəal şəkildə istifadə edirlər:
“Bu, ritorikada, mətbuatda, sanksiyalarda və “rejimin qanunsuz olduğu” barədə davamlı siqnallarda özünü göstərir. Xüsusilə İsrail burada kənar müşahidəçi deyil, sistemi mümkün qədər zəiflətməkdə maraqlı olan bir oyunçudur – dərhal müharibə yolu ilə olmasa da (baxmayaraq ki, gördüyümüz kimi, İsrail bunu da çox istəyir!), uzunmüddətli daxili qeyri-sabitlik yolu ilə. Və məhz buna görə də ölkə daxilində hər hansı gərginlik avtomatik olaraq mümkün xarici ssenari prizmasından nəzərdən keçirilir.
Təzyiq var, ritorika var, İranın “özünü zəiflədəcəyi” gözləntisi var. Vəziyyəti təhlükəli edən də məhz budur – çünki daxili böhranla xarici zəifləmə gözləntisinin birləşməsi həmişə səhv etmək riskini artırır”.
Fədai, İrandakı vəziyyətin regiona və Azərbaycana təsirləri barədə deyib ki, burada çoxlu fərziyyələr səslənir:
Lana Ravandi-Fədai
“Nə İran, nə də Rusiyadakı təhlillər Bakının İranın çöküşünün qaçılmaz olduğunu fərz etdiyini göstərir. Tam əksinə, Azərbaycan ənənəvi olaraq həddindən artıq ehtiyatla hərəkət edir, çünki İrandakı hər hansı böyük böhran ilk növbədə regional sabitliyə, ticarətə, sərhəd təhlükəsizliyinə və millətlərarası tarazlığa təhlükə yaradır.
Əgər hər hansı hazırlıqdan danışsaq, bu “İranın çöküşünə” hazırlıq deyil, monitorinqin, sərhəd nəzarətinin və diplomatik ehtiyatlılığın gücləndirilməsi ola bilər. Bölgədə heç kim İran kimi böyük ölkədəki xaosdan faydalanmır.
Hazırda genişmiqyaslı humanitar fəlakətdən söhbət getmir. Qaçqın axını, ölkə səviyyəsində infrastrukturun dağılması və təchizatda azalma əlamətləri yoxdur. Lakin böhran uzanarsa və iqtisadiyyat sanksiyalar və daxili qeyri-sabitliyin təzyiqi altında pisləşməyə davam edərsə, sosial vəziyyətin tədricən ağırlaşması riski var”.
Politoloq qeyd edib ki, İran hazırda çöküş deyil, problemlərin çox təhlükəli bir şəkildə toplanması mərhələsindədir:
“Belə vəziyyətdə nəzarəti qorumaq hələ də mümkündür, lakin hər yeni xarici və ya daxili gərginlik səhvin əhəmiyyətini artırır.
İran yaxın gələcək üçün daxili və xarici siyasətini formalaşdıracaq dərin böhran yaşayır və bu, bütün qonşular, əsas da qlobal oyunçular tərəfindən yaxından izlənilir.
Lakin hazırkı vəziyyətdə məni ən çox İrana qarşı yeni bir hərbi əməliyyat riski narahat edir. Və bu narahatlıq İsrail rəhbərliyinin daxili siyasi motivasiyasından qaynaqlanır. Məncə, Benyamin Netanyahu üçün İranla qarşıdurma məsələsi artıq çoxdan xarici siyasət məsələsi deyil. Məncə, o, dəli olub. Onun istəkləri daxili problemləri ilə – məhkəmə prosesləri, təzyiq, hakimiyyətini və ona sadiq siyasi və təhlükəsizlik mühitini qorumaq ehtiyacı ilə sıx bağlıdır. Belə bir vəziyyətdə xarici işlərdə gərginlik daxili sabitləşmə alətinə çevrilir.
Müharibə və ya daimi müharibə təhdidi cəmiyyəti səfərbər etməyə, narahatedici məsələləri arxa plana keçirməyə və siyasi meydanı nəzarətdə saxlamağa kömək edir. Məhz buna görə də gərginliyin azaldılması bu gün İsrail rəhbərliyi üçün prioritet deyil”.
Ekspert əlavə edib ki, xüsusilə ABŞ-ın bu ssenariyə müdaxiləsi riski narahatlıq doğurur:
“Əgər İsrail Vaşinqtonu mümkün əməliyyata qoşulmağa inandıra bilsə, region üçün təhlükə kəskin şəkildə artacaq. Tarix göstərir ki, ABŞ-dakı güclü İsrail lobbisi sayəsində bu cür ssenarilər tez-tez dəstək tapır. Təsadüfi deyil ki, bir çox analitiklər İsraili istehza ilə “əlli birinci ştat” adlandırırlar. İki ölkənin siyasi və strateji qərarları bir-biri ilə çox sıx bağlıdır.
Məhz bu kombinasiya – İsrail rəhbərliyinin daxili problemləri, gərginliyin artması və Amerikanın iştirakı riski hazırkı məqamı xüsusilə təhlükəli edir. Çünki bu məntiqlə müharibə son çarə olmaqdan çıxaraq əlverişli siyasi vasitəyə çevrilir. Və Yaxın Şərq regionu dəfələrlə bu cür yüksək riskli oyunların necə bitdiyini nümayiş etdirib”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Yanvar 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















