İslam yaxın illərdə dünyanın ən böyük dini ola bilər Reuters
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İslamın növbəti onilliyin ortalarında xristianlığı geridə qoyaraq dünyanın ən çox ardıcılı olan dininə çevriləcəyi proqnozlaşdırılır.
“Reuters” agentliyinin məlumatına görə, bu barədə ABŞ-da yerləşən Pew Araşdırmalar Mərkəzinin (Pew Research Center) çərşənbə günü açıqladığı proqnozda bildirilir.
Araşdırmaya əsasən, müsəlmanlar arasında doğum səviyyəsinin digər dini qruplarla müqayisədə daha yüksək olması qlobal dini demoqrafiyada ciddi dəyişikliklərə səbəb olacaq.
2035-ci ildə müsəlmanların sayı 2,57 milyarda çatacaq
Əsrlər boyu xristianlıq dünyanın ən çox ardıcılı olan dini hesab edilsə də, son onilliklərdə müsəlman əhalinin sayı daha sürətlə artıb.
Pew Araşdırmalar Mərkəzinin proqnozuna görə, 2035-ci ildə dünyada müsəlmanların sayı 2,57 milyarda, xristianların sayı isə 2,52 milyarda çatacaq.
Mövcud demoqrafik tendensiyalar davam edərsə, 2070-ci ildə müsəlmanların sayı 3,6 milyard, xristianların sayı isə 3 milyard olacaq.
Bu halda İslamın dünya əhalisində payı 2020-ci ildəki 26 faizdən 2070-ci ildə 37 faizə yüksələcək. Xristianlığın payının isə təxminən 29 faiz səviyyəsində qalacağı və dünyada ikinci yeri tutacağı gözlənilir.
Əsas səbəb yüksək doğum səviyyəsidir
Araşdırmada qeyd olunur ki, dini demoqrafiyada baş verəcək dəyişikliklərin əsas səbəbi müsəlman ailələrində doğum səviyyəsinin daha yüksək olmasıdır.
2020–2025-ci illərdə hər müsəlman qadına orta hesabla 3,1, xristian qadına isə 2,5 uşaq düşüb.
Digər dini qruplar üzrə bu göstərici orta hesabla 1,6 təşkil edib. Bu isə əhalinin təbii yolla özünü əvəz etməsi üçün zəruri hesab olunan 2,1 səviyyəsindən aşağıdır.
Pew mütəxəssislərinin fikrincə, doğumların ölüm hallarını üstələməsi müsəlman və xristian əhalinin sayının dəyişməsində əsas amil olaraq qalacaq. Bununla yanaşı, insanların dini mənsubiyyətini dəyişməsi də müəyyən rol oynayacaq.
Dini mənsubiyyətini dəyişənlərin sayı da təsir göstərəcək
Araşdırmaya görə, 2020–2070-ci illərdə həm İslam, həm də xristianlıq dini mənsubiyyətini dəyişənlər səbəbindən qazandığından daha çox ardıcıl itirəcək.
Lakin bu itkilərin miqyası fərqli olacaq.
Proqnozlara əsasən, həmin dövrdə dini mənsubiyyətini dəyişənlər nəticəsində müsəlmanların xalis itkisi 8 milyon, xristianların isə 105 milyon nəfər təşkil edəcək.
Ümumilikdə, 2020–2070-ci illərdə dünya əhalisinin 29 faiz artacağı gözlənilir. İslam və xristianlıq bu artım tempinə çata və ya onu üstələyə biləcək yeganə iki dini qrup olacaq.
Həmin dövrdə müsəlmanların sayının 80 faiz, xristianların sayının isə 30 faiz artacağı proqnozlaşdırılır.
Digər dinlərin gələcəyi necə görünür?
Pew Araşdırmalar Mərkəzinin proqnozuna görə, hinduizm ardıcıllarının sayı artsa da, onların dünya əhalisində payı bir qədər azalaraq 2070-ci ildə 13,6 faiz təşkil edəcək.
Yəhudilərin sayında da artım gözlənilsə də, onların qlobal əhalidə payı 0,17 faiz səviyyəsində olacaq.
Buddistlərin isə həm sayının, həm də dünya əhalisində payının azalacağı bildirilir. Proqnoza görə, 2070-ci ildə buddistlər dünya əhalisinin 2,5 faizini təşkil edəcəklər.
Bəhailik, daoizm, caynizm, siqhizm və müxtəlif ənənəvi inancların ardıcıllarının ümumi sayı bir qədər artsa da, onların dünya əhalisində birgə payı 2 faizdən aşağı düşəcək.
Dinə mənsub olmayanların payı azalacaq
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də özünü heç bir dinə mənsub hesab etməyən insanların dünya əhalisində payının azalacağı ilə bağlıdır.
Ateistlər və aqnostiklərin də daxil olduğu bu kateqoriyanın payının 2020-ci ildəki 24 faizdən 2070-ci ildə 17 faizə enəcəyi proqnozlaşdırılır.
Bununla belə, yaxın onilliklərdə əksər ölkələrdə dini mənsubiyyəti olmayan insanların sayının artacağı gözlənilir.
Lakin hazırda dünyada dini mənsubiyyəti olmayan insanların böyük hissəsinin yaşadığı Çində əhalinin azalması qlobal göstəricilərə ciddi təsir edəcək.
Xristianlığın coğrafi mərkəzi dəyişəcək
Araşdırmada dini qrupların coğrafi bölgüsündə də mühüm dəyişikliklərin baş verəcəyi vurğulanır.
2070-ci ildə xristianlıq Amerika Birləşmiş Ştatlarında ən böyük din olaraq qalsa da, artıq əhalinin mütləq əksəriyyətinin dini olmayacaq.
Eyni zamanda, Konqo Demokratik Respublikasının xristian əhalinin sayına görə Amerika Birləşmiş Ştatlarını geridə qoyacağı proqnozlaşdırılır.
Pew Araşdırmalar Mərkəzinin qənaətinə görə, qarşıdakı onilliklərdə yüksək doğum səviyyəsi, əhalinin yaş strukturu, miqrasiya və dini mənsubiyyətin dəyişməsi dünyanın dini xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayacaq.
Hazırladı:
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 19 Noyabr 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















