Icma.az
close
up
RU
İslamda ekoloji mədəniyyətin formulu İmran Verdiyev yazır

İslamda ekoloji mədəniyyətin formulu İmran Verdiyev yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

İmran VERDİYEV
Əməkdar müəllim 

Bütün dinlərdə olduğu kimi, İslam dinində də təbiətin və ətraf mühitin mühafizəsi ön plandadır. Hətta digər dinlərlə müqayisədə İslamda ekosistemə qayğı anlayışı daha geniş və inteqrasiya olunmuş formada təqdim olunur. Qlobal ekoloji böhranın kəskinləşdiyi indiki dövrdə dinimizin təbiətlə, ətraf mühitlə bağlı baxış və prinsiplərinin aktuallığı göz önündədir. İslam təbiəti hər bir şeyin ilahi başlanğıcı kimi təqdim edir. Ətraf mühiti bəşər həyatının zəruri şərti sayır. Belə demək caizsə, çox geniş sosial tənzimləmə sistemi olan dinimiz bizə təbiəti mühafizənin və eko-mədəniyyətin konkret formulunu (məzmununu, qaydasını və yollarını) verir. Eko-etika məsələlərində mükəmməl əxlaqi çərçivə təqdim edir ki, bu da eko-problemlərin qlobal xarakter aldığı bir dövrdə çox əhəmiyyətlidir.

Norveçli professor A.Naes Quranın insanın qarşısına qoyduğu vəzifələri ekoloji aspektdən qiymətləndirərkən İslam dininin mövqeyini xüsusi vurğulamışdır. Dinimizdə ekologiya, təbiətin mühafizəsi ilə əlaqədar mövzular, demək olar ki, öz yüksək və bəlağətli ifadəsini tapmışdır. Quranda və İslamın digər qaynaqlarında əhalinin sağlamlığı və ətraf mühitə qayğıkeş münasibət əsas götürülüb. Dinin təbiətə verdiyi önəm və onun mühafizəsi ilə bağlı buyruqları cəmiyyətin ekoloji mədəniyyətinin formalaşmasına əhəmiyyətli töhfə verir.

İbtidai və qədim inanclarda, son monoteist dinlərdə, o cümlədən İslamda (Quranda, hədislərdə və məşhur İslam alimlərinin kəlamlarında) dəfələrlə bəyan olunmuşdur ki, təbiət müəyyən qanunlara və nizama tabedir. “Əl-Hicr” surəsinin 85-ci ayəsində göy, yer və onların arasında olan hər şeyin yerli-yerində, bir-birinə uyğun şəkildə yaradıldığı, bütün canlı varlıqların qarşılıqlı əlaqədə olduğu göstərilir. Təsadüfi deyildir ki, imam Cəfər Sadiq kəlamlarının birində deyirdi: “Bu üç şey olmasa, yaşayışın nizamı pozular: təmiz hava, təmiz, bol su, və münbit torpaq”. 

Quranın “əl-Nəhr” və “əl-Ənam” surələrində bitki həyatının müxtəlifliyindən, canlıların bir-biri ilə bağlı olmasından, ağac və yaşıllıqların həyatı təmin etməsindən bəhs olunur. Bu nizam və ölçülərin canlı varlıqların, o cümlədən insanların həyatı üçün mühüm əhəmiyyəti vardır. “Əl-Muminun” surəsinin 71-ci ayəsində təbiətdə nizam-intizamın  pozulmasının dəhşətli nəticələrə səbəb olacağı aydın göstərilir. Orada deyilir: “Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedər, aləm bir-birinə qarışıb nizamı pozulardı. Ona görə də dinimiz təbiətdəki ekoloji tarazlığın qorunmasının vacibliyini xüsusi olaraq vurğulayır.

Təbiət Allahın yaratdığı müqəddəs bir əmanət olaraq qəbul edilir və insanın bu əmanətə qarşı məsuliyyət daşıdığını göstərilir. İslam dini təlqin edir ki, ekoloji tarazlığı qorumaqla mükəlləf olan insan təbiət ünsürlərinə sonrakı nəslə ötürüləcək “əmanət” kimi ilə yanaşmalı, həmişə və hər yerdə buna bir missiya məfkurəsi tək baxmalıdır. Bilməlidir ki, təbiətin insan əli ilə dəyişdirilməsi və ya keyfiyyətsiz hala salınması tarazlığı pozan amildir ki, bu da canlı aləmin təsirlənməsinə və ya məhvinə aparır. Quran ətraf mühitə bu cür münasibəti “təcavüz” adlandırır və belə hərəkət edənləri ilahi rəhmətdən uzaq düşmüşlərdən sayır. 

Quranda və hədislərdə ekoloji amillərdən də geniş bəhs olunur. Belə ki, “əl-Ənam” surəsinin 6 və 99-cu, “əl-Əraf” surəsinin 57-58-ci, “əl-Hicr” surəsinin 12-ci ayələrində, digər surə və ayələrdə abiotik amillərin - torpağın, suyun, küləyin, günəşin (hərarətin və işığın) təsirlərindən söz açılır. Müqəddəs kitabda günəşə, küləyə, torpağa, buluda, göyə and içilməsi həmin amillərin canlıların həyatı üçün ciddi önəm kəsb etməsindən xəbər verir. Ümumiyyətlə, dinimizdə su, bitki aləmi, torpaq, hava, heyvanlar və quşlar yaradılmışların ilkin substantları (mövcudluğu öz-özündən doğan və varlığı başqa şeylərdən asılı olmayan başlanğıc) hesab olunub, müqəddəs sayılır.

İslam dini təbii sərvətlərdən qənaətlə istifadə etməyi buyurur və israfçılığı pisləyir, həddi aşmamaq və nəfsə uymamaq məsləhət görülür. İhramda olarkən ov etməyin, məişətdə qızıl və gümüş əşyalardan yersiz istifadənin qadağan olunması, cümə günlərində heyvan qanı axıdılmasının təqdir edilməməsi və s. əslində israfçılığın qarşısını almaq məqsədi daşıyır. Məhəmməd peyğəmbər buyururdu ki, “axar suyun kənarında olsanız belə, dəstəmaz alarkən suyu israf etməyin!”

“Əl-Ənam” surəsinin 141-ci ayəsində bitki yetişdirmək, “əl-Nəhl” surəsinin 6-cı ayəsində heyvan bəsləmək kimi amillərdən bəhs olunur. Quranda əncir, zeytun, xurma, buğda, üzüm, nar və digər ağacların qədr-qiymətini bilmək tövsiyə olunur. 

Quranda və hədislərdə heyvanat və bitki aləminə humanist münasibət bəslənildiyini görməkdəyik. Florida Universitetinin professoru, ekoloq R.Foltz yazır ki, “Ətraf mühitə və heyvanlara ən çox diqqət göstərən və yer verən Qurandır”. İslam dinində heyvanlara qarşı hər cür qeyri-insani münasibət pislənilir. Hətta şəriət heyvan kəsmək üçün iti əşyadan istifadə edilməsini tələb edir ki, kəsilən heyvan çox da əziyyət çəkməsin. Heyvanın döşünün yaralanmaması üçün, sağan adamın dırnaqlarını qısaltması belə bəyənilən əməl sayılır. Heyvan balalarının və ya digər heyvanların gözləri qarşısında kəsilməməlidir. Yemək üçün diri heyvandan ət qoparmaq (məsələn, qoyunun quyruğunu), kəsməmişdən oncə onun dərisini soymaq və s. qadağandır. Susamış heyvana su vermək isə savab hesab olunur.

Yeməli bitkilər üstündə namaz qılmaq belə yasaqlanır. Çöldə yemək yeyilərsə, qida qalıqlarının quşlara və heyvanlara verilməsi məsləhət bilinir. Bar verən ağac müqəddəs sayılır, belə ağacların kəsilməsi və ya icarəyə verilməsi məsləhət bilinmir. “Kim yolçuların və heyvanların kölgələndiyi ağacı boşuna və haqsız olaraq kəsərsə, Allah onu başıaşağı cəhənnəmə atar” deyilir.

Peyğmbər bitki və ev heyvanları ilə yanaşı, çöl quşlarına və heyvanlarına da xüsusi qayğı göstərməyi tövsiyə edirdi. Şəriətə görə, heyvanların və quşların qaça və uça bilməyən balalarını anasından ayırmaq və ya ovlamaq, heyvan döyüşdürmək, onları daş-qalaq etmək, qarışqaları yandırmaq və s. qadağan olunmuşdur. Peyğəmbər arını, şanapipiyi, hörümçək quşunu və digər ziyansız quşları öldürməyi də qadağan etmişdi.

Dəhşətli nəticələrə səbəb ola biləcək təbii fəlakətlərin (erroziya, zəlzələ, tufan, qasırğa, daşqın və s.) önlənməsi üçün ayət namazının müəyyən olunması təbiətə qayğıkeşliyin daha bir sübutu sayıla bilər.

İslam dinində təbiətin və ətraf mühitin mühafizəsi bütün ciddiliyi ilə tələb olunur. Göstərilir ki, təbiətə hörmət, Allahın yaratdıqlarına hörmətdir və bu, insanın dünya üzərindəki məsuliyyətinin bir hissəsidir. Həm də ətraf mühitin qorunması yalnız bir məsuliyyət deyil, eyni zamanda bir ibadətdir. İslam təbiətin bir əmanət olduğunu və ona hörmətlə yanaşmağı öyrədir. Təbiətə zərər vermək, onu məhv etmək insanın özünə qarşı zülmüdür. Çünki təbiətdə baş verən immanent dəyişikliklər öz növbəsində cəmiyyətə cavab reaksiyası verir, ekoloji ziddiyyətləri gücləndirir, onların kəskinləşməsinə səbəb olur. Həyatı təhlükə qarşısında qoyur.

Antisanitariyanı günah sayan  Peyğəmbərimizin “sizdən biri suya bövl etməsin!” hədisi də təbiət ünsürlərinin təmizliyini qorumağın vacibliyini bildirir. Bundan başqa, Peyğəmbər Qurban bayramı zamanı kəsilən qurbanların artıq hissələrinin dərhal basdırılması və kəsim yerlərinin təmizlənməsini əmr edirdi. O, küçələrə tullantı tökülməsini də qadağan etmiş, yerə düşən zibilin qaldırılaraq ətrafdan təmizlənməsini sədəqə kimi qiymətləndirmişdi. O deyirdi ki, “tullantı şeytanın məkanıdır”. Başqa bir hədisdə oxuyuruq ki, “hər kim yoldan daşı (zibili) götürsə, onun adına yaxşılıq yazılar”.

İslam dünyasında torpaq və ondan istifadə olunması məsələsinə olduqca zəruri, toxunulmaz və müqəddəs bir nemət kimi baxılır. Torpağın becərilməsi haqqında şəriət müqaviləsində onun yararlı olması, yararlı hala salınması və yararlı saxlanması vacib şərtlərdən biri kimi irəli sürülür. Torpaq həyatın çox vacib komponentlərindən biri hesab olunur. Hədislərin birində deyilir: “Kim torpağın bir qarışına zülm etsə, yerin yeddi qatı onun boğazına dolanar”.

İslam dini ancaq təbiətin mühafizəsi ilə kifayətlənmir, həm də onu zənginləşdirməyi tələb edir. Bu iş hər bir insanın borcu hesab olunur və savab sayılır. Məhəmməd peyğəmbər hədislərin birində belə buyurur: “Kim bir ağac əkər və o ağac meyvə verərsə, Allah həmin meyvələrin sayı qədər ona savab verər”. Bir digər hədisdə deyilir ki, ələ götürülmüş fidanı qiyamət saatı çatsa belə, macal tapıb əkmək lazımdır. Quranda bir çox surələrin adları (“Fil”, “İnək”, “Hörümçək”, “Bal arısı”, “Qarışqa”, “Atlar”) heyvan adları ilədir ki, bu da heyvana olan münasibətin ifadəsidir. Din at, dəvə, balıq, delfin, qoyun-keçi, fil, inək və s. heyvanların qədr-qiymətini bilməyi və onları bəsləməyi tövsiyə edir. 

Dinimiz təbiətə və ekoloji mühitə zərər vuranların - onlardan şəxsi məqsədləri üçün israfçılıqla və düşməncəsinə istifadə edənlərin, qoyulmuş normaları pozanların ciddi cəzalandırılmasını irəli sürür. Məsələn, “əl-Əraf” surəsinin 163-cü ayəsində qadağan olunmuş vaxtda balıq ovlayanların Allah tərəfindən ciddi cəzalandırılacağı qeyd olunur. İmam Sadiq deyirmiş: “Heç vaxt ağacları kəsməyin. Ağacları kəsənə şiddətli əzab vardır”. Nəsainin hədislər kitabında isə belə yazılır: “Kim haqlı bir səbəb olmadan bir sərçəni öldürsə, o canlı qiyamət günü Allaha şikayət edər və “Ey Rəbbim, filan adam məni heç bir səbəb olmadan öldürdü” deyər. Şəriət ev heyvanlarının öldürülməsi və onlara xəsarət yetirilməsi üstündə diyə cəriməsi müəyyən edir.    

Gördüyümüz kimi, İslam dini ekoloji mədəniyyət və maarifləndirmənin formulunu təqdim etmişdir. Yuxarıda qeyd etdiklərimiz bu formulun əsas mündəricatını təşkil edir.

Bizcə, qlobal ekoloji problemlərin həllində, ekoloji şüurun, əxlaq və etikanın formalaşdırılmasında dinlərin, o cümlədən də İslam dininin adı yerli və beynəlxalq təşkilatlarla bir sırada çəkilməlidir. Məscid və dini icmalarda (həmçinin ölkəmizdəki kilsə və sinaqoqlarda) moizələr zamanı, müxtəlif rəsmi və qeyri-rəsmi tədbirlərdə, ekomaarifləndirmə işlərində İslam dininin ekoloji mədəniyyət formulundan geniş istifadə olunmalıdır. Araşdırmalar göstərir ki, bu cür məlumatlarla maarifləndirmə ətraf mühitin canlıların həyatına təsiri haqqında insanların biliklərini daha da dərinləşdirir, onları ekoloji kəşfiyyat və təmizlik işlərinə təşviq edir. Ekoloji şüurun və əxlaqın formalaşmasına daha çox kömək edir. Çünki İslam dininin buyuruqları insanların şüuruna və düşüncəsinə daha güclü təsir göstərir. İslam həm də müəyyən həyat tərzindən, məişət qaydaları və adətlərindən ibarət olduğuna görə, bunlara dinə laqeyd adamlar belə riayət edirlər.

Quranın təbirincə, insan Allahın yerdəki xəlifəsidir. Xəlifə olaraq o, Allahın əmanəti olan təbiəti, onun substantlarını və ətraf aləmi qorumaq üçün məsuliyyət daşıyır və bunun üçün Yaradan qarşısında  cavabdehdir. Buradan da belə anlaşılır ki, xəlifə (insan) ilahi əmanəti özündən sonrakı nəsilə  ötürməyə borcludur. Və bu onun Allah qarşısında borcudur.

Gəlin borcumuzu ləyaqətlə yerinə yetirək!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://525.az
archiveBu xəbər 15 İyul 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see145

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see126

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see122

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see119

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see117

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see116

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see114

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see114

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see114

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

18 yaşını xüsusi parti ilə qeyd edən Lamin Yamal hakim qarşısına çıxmalı olacaq

14 İyul 2025 08:49see112

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see112

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see111

APL klublarının transfer fəallığı

14 İyul 2025 03:41see111

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri