Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Liqa 1: Marsel darmadağına sevindi

Daşların nağılı İmran Verdiyev yazır

Daşların nağılı İmran Verdiyev yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İmran VERDİYEV
Əməkdar müəllim 

Gəlin sizlərə daşların nağılını danışım. Kim deyir ki, daşların nağılı olmur. Niyə olmur ki?  "Daşdəmirin nağılı" ola bilir, daşların nağılı ola bilmir? Daşların o qədər nağılı var ki! Günlərlə dinləsəniz, qurtarmaz. Amma mən daşlar haqqında öz nağılımı danışacam sizə. Əfsanəvi yox, daha çox realist nağıllardan olacaq mənim nağılım. Ola bilsin ki, ara-sıra qarışdırdım. Amma siz bənd olmayın, ötüb keçin. Yazının janrını müəyyənləşdirmək də sizə qalıb. Mən onu nağıl adlandırdım. Nə isə, keçək nağılımıza və ənənəvi qayda da başlayaq.

Deməli, biri varmış, biri yoxmuş, çoxlu daşlar varmış. Bizim kimi onların da anası torpaqdır. Daşların bir hissəsi anaları torpağın qoynuna sərələnmiş, əbədi sükuta qərq olmuşlar və biz onları görə bilirik. Amma görə bilmədiklərimiz də var. Çünki çoxu hələ analarının bətnindədir, işıqlı dünyaya gəlmək üçün gözləyirlər. Amma hamiləlik dövrü bizdəki kimi doqquz ay yox, min, milyon illər çəkir. Çox böyük nərilti, gurultu qopararaq gəlirlər həyata. "Mamaçaları" əsasən zəlzələ, vulkan, partlayış, tufan, uçqun, sel, daşqın, daha nə bilim nələr olur. Bax, belə hay-küylə dünyaya gəlir, özlərini tanıdandan sonra ad alırlar. Yaşamağa, işə-gücə yarımağa başlayırlar. Hər birinin də öz bəxti olur: "Daş var üzüyə qaşdır, daş var məzara başdır".

Vətənləri göylərdən başqa, torpaq olan hər yerdir. Axı, dediyimiz kimi, onları torpaq "doğur". Birdə ki, "göy üzü daş saxlamaz" ki.

Yurd yerləri həm bizim qalaktika, həm də bizə məlum olmayan qalaktikalardır. Məmləkətləri bizimkindən milyon dəfələrlə böyükdür. Biz olmayan və ola bilməyən hər yerdə onlar var. Şairin söylədiyi kimi, "İnsan yoxkən daşlar olub, yer üzünün vətəndaşı".

Bu torpağa ömür qıyan,

Bizdən əvvəl daş olubdur.

Baxıb vətənin daşına

İnsan vətəndaş olubdur. (A.Cəmil)

Daşlar var olduğumuz gündən bizi sevdilər. Bütün digər varlıqlardan çox istədilər. Hamımıza bir gözlə baxdılar. Heç rəngimizin, cinsimizin, dilimizin və dinimizin fərqli olmasına da bənd olmadılar. Öz evlərində - daş mağaralarda ulularımıza sığınacaq verdilər. Əcdadlarımızı məhv olmaq təhlükəsindən xilas etdilər. Düşmənlərdən, vəhşi heyvanlardan, soyuqdan, istidən qorudular onları. Mərdlik, dözüm və cəsarət öyrətdilər, M.Araz demişkən, yaşamaq üçün "daş ayaqlı, daş əlli" olmağa məcbur etdilər.

"Yaman gündə sipər olub, Bu torpağın bürcü, daşı". Top, tank, qrad mərmisinə dönüb "Daş çevrilib bir ox oldu, oldu qılınc, güllə, mərmi..." Onlar Qaraca Çobanın üç yaşar dana dərisindən olan, hər atanda on iki batman daş atan sapandına yoldaş oldular, mələküzlü Şeytana atılmalarına belə etiraz etmədilər.

Bizim üçün elədikləri bunlarla qurtarmadı. Xəstələnəndə dərdimizə dərman da oldular. Öz sehrli güclərini işə salıb ölməyə qoymadılar bizi. Əsəb xəstəliyi olanlarımız zümrüd daşı gəzdirdilər. Özünə qapananlarımız yaqut və sapfir taxdılar. Ürək tutması olanlar mirvaridən, zəhərlənənlər zümrüddən, baş və göz ağrısından əziyyət çəkənlər kvarsdan ikiəlli yapışdılar. Malaxit onları kədərdən, qəmdən uzaqlaşdırdı, keçmişlə bağlı peşmançılıqlarını unutdurdu.

Qanaxmanı dayandırmaq, xərçəngi müalicə etmək üçün opal daşından, qorxu hissi yaşayanlar yaqut, yaşıl, sarı və adi sapfirdən, doğuşun əziyyətsiz keçməsi üçün təbii aqat ametisdən yararlanmağa, 12 xəstəliyin dərmanı olan firuzədən və s. istifadə etməyə başladılar.  Dahi təbib İbn Sina kəhrəbanın köməyi ilə dabanlardakı çatlardan başlayaraq böyrək daşlarına qədər bir çox xəstəlikləri müalicə etdi. 

Mirvari müdriklik gətirdi, zümrüd bədəni və ruhu təmizlədi, gül rəngli kvars sevgi yaratdı, qara almaz və şələ daşı cəsarət oyatdı. Əqiq daşı Peyğəmbəri "Əqiq qaşlı üzük taxın. Nə qədər ki bu üzük barmağınızdadır, qəm-qüssədən, bəd nəzərdən, pisliklərdən uzaq olarsınız", - deməyə məcbur etdi. 

Yenə bitmədi. Daşlardan qalalar, qəsrlər, qüllələr, türbələr, heykəllər  ucaltdıq. Kəndlər, şəhərlər saldıq, yollar çəkdik, səkilər, pilləkənlər qurduq, evlər tikdik. İndi də tikirik. Hələ çox illər də tikəcəyik. Bu gün düşmən əsarətindən azad olunmuş gözəl Qarabağımızı da bu daşlarla cənnətə çeviririk. 

Elədikləri bunlarla da qurtarmadı. Bir vaxtlar ulu babalarmız öz keçmişlərini "daş fırçayla daşlara çəkib"lər. Tariximizin şahidi olan həmin daşlar əcdadlarımızın tarixini qasid kimi günümüzə çatdırıblar, hələ də çatdırırlar. Çox vəfalı və etibarlıdırlar. Min illər bundan əvvəl əcdadlarımızın onlara əmanət etdiklərini olduğu kimi əmanətçilərə yetirirlər. Bu gün Göytürk (Orxon-Yenisey), Qlozel, Saymalı, Qobustan-Gəmiqaya, daşdan yapılan daşbaba, daşnənə, bəngüdaş, daşat, daşqoç kimi plastik daş fiqurlar və yer kürəsinə səpələnmiş minlərlə digər kitabələr türkün daş yaddaşına çevrilərək, tariximizə güzgü tutur, onu dananların başına daş kimi düşür. Həmin daş kitabələr nələrdən xəbər vermir, nələrdən... "Daşlaşan, torpaqlaşan ulu babalarımız" nə çətinliklərdən keçiblərmiş, nə qəhrəmanlıqlar göstəriblərmiş! Nə gözəl öyüd, nəsihət göndəriblər bizə! Bizlə babalarımızın dilində danışan, şanlı tariximizi bizə yenidən yaşadan, ulularımızın öyüdlərini günümüzə çatdıran daşlara, daş kitabələrə eşq olsun! Əbədi olsunlar! Yaşasın daş-insan dostluğu!

Daşların etdiklərini saymaqla qurtarmaz. Çörəyimizin unu üçün kirkirə, dəyirman daşı, su daşıda da oldular. Ta nə etsinlər bizim üçün daşlar?! Bir sözlə, yarandığımız gündən daş bizimlə bir yerdədir, bizə sadiqdir, bizə gərəkdir.

Bəs biz daşlar üçün nə etdik? Biz də az şey etmədik onlar üçün. Çox sevdik onları, ən azı onlar bizi sevən qədər. Hələ səmavi dinlər yaranmamışdan əvvəl öz Allahlarımızı və totemlərimizi daşdan yapdıq. Onları ziyarət daşı edib, yanaqlarından öpdük. O qədər sevdik ki, əzizləyə-əzizləyə vətən, qarın, soy, silah, yurd, sirr kimi sözlərimizə qoşub özümüz kimi vətəndaş (vətən daşı) adlandırdıq, özümüzə qardaş, soydaş, silahdaş, yurddaş, sırdaş hesab etdik. Bizə ad qoyduqları kimi, biz də Dədəm Qorqud sayağı "elədikləri qəhrəmanlıqlara" uyğun olaraq onlara ad qoyduq: elçi daşı, çəki daşı, qaval daşı, fəlsəfə daşı, sevgi daşı, uğur daşı, dəyirman daşı, çaxmaq daşı, mişar daşı, çay daşı, cadu daşı, sehrli daş, ziyarət daşı, qara daş ...və başdaşı.

Uşaq vaxtı nəhəng boz, girintili-çıxıntılı daşları ata, bir az kiçik, sığallı və çox gözəl görünən daşları ana, ətraflarına səpələnmiş kiçik daşları onların uşaqları hesab edərdik. Böyüklərimiz bizə demişdilər ki, o balaca daşları yekə daşların yanından uzağa atanda onların anaları ağlayır, qarğış edirlər. Ona görə bir az uzağa düşən daşları "valideynlərinin" yanına toplayardıq ki, ata-analarından ayrı düşüb "ağlamasınlar". Ağlamamaqları üçün hətta onlarla "Beşdaş" da oynayardıq. 

Daşa sevgimizdən, məftunluğumuzdan alpinist də olduq. Çılpaq, sal daş qayalara dırmaşıb, onların ismətli qızlar kimi bizdən gizlətdikləri başqa gözəlliklərini də gördük, yenidən valeh olub, vurulduq onlara. Onlara o qədər aşiq olduq ki, şair demişkən, bircə insan düşüncəmizi saxlayıb, taleyimizi daş qayaların taleyinə bağlamaq istədik. "Gəlin qayası"ndakı kimi. Bəzən daş olmaq ürəyimizdən keçdi. Sevgililərimizin keçdiyi yollarda "bir daş olmağı" (Ə.Cavad) arzuladıq. Bəzən də özümüzü vətən daşına tay tutub dedik ki, "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" (M.Araz).

Daşları o qədər sevdik ki, onları baş tacımızın, üzüyümüzün, sırğamızın, boyunbağımızın qaşı elədik, başımıza qoyduq, barmağımıza, qulaqlarımıza taxdıq, boynumuzdan asdıq. Bu daşlar üstümüzdə olduqca qürurlandıq, özümüzü dünyanın ən varlı adamı sandıq, lovğalandıq hətta.

Daş sözü dilimizin əzbəri oldu. Yaxşı və ya pis olan çox şeydə o sözdən istifadə etdik. Dərdimizi daşa danışıb yüngülləşdik. Dedik ki, "Dərdimi daşa dedim, daş əridi". Pis adamlara, yaramaz iş görənlərə qarğış edəndə "Səni görüm daşa dönəsən", "Başına daş düşsün", "Yolundan daş əskik olmasın", alqış edəndə "Daş kimi möhkəm ol", "Daş kimi sağlam ol", "Daş kimi ol" söylədik. Sirlərimizi qorumaq üçün "Bir daş altda, bir daş üstdə" deyib keçdik. İnsanları birliyə və həmrəyliyə səsləyəndə düşündük ki, "Daş daşa söykənər-divar olar". Özünə umac ova bilməyənlər haqqında "Kəsək oturub daşın gününə ağlayır", peşmançılıq çəkənlərə "Daldan atılan daş topuğa dəyər" dedik. Yorulub ağır yatan adama "Daş kimi düşüb", daş ürəkliləri görəndə üzümüzü Yaradana tutub "Daş qəlbli insanları neylərdin, İlahi" söylədik.

Daşı əbədilik rəmzi bilib, daşişləmə sənəti icad etdik. Oxşaya-oxşaya onların üzərində sənət əsərləri yaratdıq. Daşların hesabına çapma alətləri ilə qaşov, iskənə, biz və bıçaqlar, hörmə texnikası ilə bənnalıq, daşyonma, şəbəkəçilik, həkkaklıq meydana çıxardıq. Daşlardan daş heykəllər düzəltdik, onların üzərində qrafik yazılar yazdıq, həndəsi və nəbati naxışlar çəkdik. Daşların köməyi ilə tariximizi gələcəyə daşıdıq. Bu daşlar əsrlərdən keçdi, gəldi. Qədim milli-mənəvi dəyərlərimizi təcəssüm etdirdi.

Daşı müqəddəs sayıb daş kultu oluşdurduq. Onlar haqqında "Daş qız", "Yada daşı", "Elçi daşı", "Oğlanqız daşı" kimi əfsanə və rəvayətlər, "El atan daş dağdan aşar", "Dağın yaraşığı daşdır, insanın yaraşığı başdır", "Keçmişinə daş atanı gələcək topa tutar" kimi atalar sözləri, "Daş üzük" və "Daş paltar" kimi nağıllar və "Ergenekon" kimi dastanlar, çoxlu bayatılar və şeirlər (Ə.Kərim: "Daş", M.Araz: "Daş harayı", M.Yaqub: "Daş", A.Cəmil: "Daş haqqında düşüncələr", R.Rövşən: "Göy üzü daş saxlamaz" və s.), mahnılar ("Ay bəri bax, bəri bax!" və s.)  düzüb qoşduq.

Daş sevgimiz yaşayır, insanlar olduqca da yaşayacaq. İşə bax, daşları o qədər çox istəyirik ki, öləndə də onlardan ayrılmaq istəmərik, özümüzə başdaşı etdirik. Onlar da istəyimizi yerə salmayıb, bizim cismən mövcud olmadığımız dövrdəki kimliyimiz olurlar. Bir zamanlar var olduğumuzun, elədiklərimizin, təvəllüd və vəfat tarixlərimizin sübutuna, qəbrimizin ünvanına çevrilirlər.

Nağılımız başa çatmaq üzrədir. Amma indilik göydən üç alma düşməyəcək. Çünki daş-insan dostluğu və yardımlaşması davam edir. Bir teluqu atalar sözündə deyildiyi kimi, daşın və insanın taleyini qabaqcadan söyləmək olmaz. Hələ çox şeylər ola bilər...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Sentyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see185

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see184

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see131

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri