Oğuzun Qədirli günləri İmran Verdiyev yazır
Icma.az bildirir, 525.az portalına istinadən.
İmran VERDİYEV
Əməkdar müəllim
Hörmətli oxucu, düz təxmin etmisiniz, söhbət milyonların sevgisini qazanmış Qədir Rüstəmovdan gedir. Heç bir təqdimata ehtiyacı olmayan Q.Rüstəmovdan. Təkcə "Sona bülbüllər"in Qədiri" ifadəsi onun haqqında hər şeyi deyir. Həmin "Sona bülbüllər" ki, maestro Niyazinin dediyi kimi, ona "qulaq asmağa bir ömür bəs etməz". O "Sona bülbüllər" ki, ona 300-dən çox şeir həsr olunub. Həmin "Sona bülbüllər" ki, bir zamanlar yer üzünü təmsilən kosmosa göndərildiyini eşitmişəm.
Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli əfsanəvi müğənninin sənətinə Ümummilli liderimiz Heydər Əliyev başda olmaqla, dövrünün dövlət, mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətlər hər zaman yüksək qiymət veriblər.
Biz də Qədirin mahnılarının vurğunuyuq. Amma onun sənətini qiymətləndirməkdə acizik. Bir də ki görkəmli şəxsiyyətlərin (X.Şuşinski, S.Suşinski, Ə.Dadaşov, F.Əmirov, Niyazi, H.Hüseynov, F.Şuşinski, X.Rza, B.Vahabzadə, E.Sabitoğlu, A.Rzayeva, Ə.Məmmədov, A.Abbas, A.Babayev, S.Rüstəm, Anar, S.Səxavət və b.) Qədirin sənəti haqqında söylədiklərinin və yazdıqlarının qabağında söz demək, nəsə yazmaq bizə düşməz.
Ona görə də bu yazıda sadəcə olaraq Qədir Rüstəmovun həyatının Oğuz dövründən söhbət açacağıq - onun həyatının Qarabağsız, Ağdamsız, çətin günlərindən.
Ağdamın işğalından sonra Qədir Rüstəmov Oğuz rayonunda məskunlaşmışdı. İnternat məktəbin yataqxanasında yaşayırdı. Niyə məhz Oğuzda? Həm də belə bir şəraitdə?
Buna Qədir Rüstəmovun ən yaxın dostlarından olan yazıçı, jurnalist Aqil Abbas müsahibələrinin birində belə aydınlıq gətirmişdi: "Oğuzda Qədir Rüstəmovu sevənlər çox idi deyə, xanəndə sonralar həmin rayonda yaşadı... Oğuzdakı dağlar, təbiət və s. ona Ağdamı xatırladırdı. Lakin Qədir Rüstəmov təkcə təbiətinə görə deyil, həm də o rayonun insanlarına görə Oğuzu seçmişdi. Yəni onun Oğuza pənah aparması oradakı insanların sevgisindən irəli gəlirdi".
Bəli, xeyli müddət Oğuzda yaşayan görkəmli xanəndəyə oğuzluların sevgisi sonsuz idi. O, burada böyükdən-kiçiyə kimi hamının hörmətini qazanmışdı. Çoxlu dostlar tapmışdı. Bu yerlərin təbiətinə və təbiəti qədər də saf olan insanlarına vurulmuşdu.
Mən Q.Rüstəmovu şəxsən tanıyan, onunla ünsiyyətdə olan və onu canlı-canlı dinləyən insanlardan biri olmuşam. Bir neçə dəfə məşhur sənətkarın qatıldığı toy və şənlik məclislərində iştirak etmişəm. Çox sadə insan idi. İnsanlarla asanlıqla dil tapa bilirdi. Səmimiyyəti, şux, duzlu-məzəli zarafatları ilə hamıda maraq oyadırdı. İradlarını zarafatla deyirdi. Kənardan qaradinməz və adama yovuşmaz görünsə də, olduğu yerdə hamını danışdıran, güldürən, diqqət çəkən insan idi. Həm də çox emosional idi. Bəzən tez təsirlənir, inciyir, küsür, əlindəki işi yarımçıq saxlayırdı. Onu ürəyi istəməyən heç nəyə məcbur etmək mümkün deyildi. Xaraktercə inadkar və dəymədüşər idi. Əlbəttə, Qədiri Qədir edən onun xarakteri yox, səsi idi.
Çox təvazökar idi həm də. Öz sənətinə belə tənqidi yanaşır, "bəyənmirdi". Onu alqışlayanda və ya tərif edəndə "Əşi, mən nə edirəm, hamı kimi oxuyuram da" deyərək söhbətin axarını dəyişərdi. Hətta müsahibələrinin birində demişdi ki, "Sona bülbüllər" mahnısına özü bir dəfə də başdan-ayağa qulaq asmayıb. Orda-burda nə eşidibsə, odur". Qədir heç vaxt istedadını gözlərə soxmaz, əksinə, ona vasitə kimi baxardı. Onu da deyim ki, onun toylarda canlı oxuduqları radioda və televiziyada səsləndirilən mahnılarından qat-qat təsirli gəlirdi insana.
Qədir müəllim musiqi məclisində yersiz söhbətləri, şit hərəkət və rəqsləri xoşlamazdı. Təsadüfi deyil ki, müsahibələrinin birində deyirdi: "Mənim yüngül adamdan zəhləm gedir. Toyda belə şeylər görəndə dözə bilmirəm. Düzü belədi e..." Şahidiyəm ki, o, kənd toylarının birində oxuyarkən bir nəfər ortaya düşüb yarısərxoş vəziyyətdə oynamağa başladı. Müğənni mahnını yarımçıq kəsdi. Həmin adamı oturub qulaq asmağa məcbur etdi.
"Qədir səsə heykəl qoyur, abidə ucaldır, səsdən məmləkət qururdu. Onu dinlədikcə bu məmləkəti qarış-qarış gəzir və anlayırsan ki, bu məmləkətin öz qanunları, öz meyarları var" (Loğman).
Rayonda heç bir toya haqq danışaraq getməzdi. Yadımdadır, 1996-cı ildə qohumlarımdan biri qızına toy edirdi. Toya müğənni kimi Qədiri dəvət etmək istəyirdi və ona xeyli pul təklif etmişdi. Lakin Qədir bunu qəbul etməmişdi. Bir az tərs olduğuna görə heç kəs onun toya gələcəyinə də inanmırdı. Lakin Qədir məclisin gur vaxtı gəldi. Xeyli oturdu. Hətta bir neçə mahnı da oxudu. Ailə quran gəncləri təbrik edib xəbərsiz gəldiyi kimi, xəbərsiz də çıxıb getdi.
O, kasıb və imkansız ailələrin toy məslislərinə də qəflətən gələr, təbrik edər, bir-iki mahnı oxuyar və sağollaşıb gedərdi. İmkansız ailələrdən heç vaxt nəsə ummazdı. Onun iştirak etdiyi toy və şənlik məclislərinin söhbəti aylarla, illərlə davam edərdi. Qədirin iştirak etdiyi toy məclislərinin videoyazıları indi də bəzi evlərdə tutya kimi qorunub saxlanılır.
Oğuzun sıravi sakinlərindən tutmuş rəsmi şəxslərinə kimi hamı ona hörmət və ehtiram göstərirdi. Burada çoxlu dostları vardı. Onlar Qədirə kömək edir, korluq çəkməsinə imkan vermirdilər. Q.Hidayətov, N.Bəbirov, Ə.Əliyev, Q.Babayev, H.Hüseynov, R.Novruzov, R.Alızadə, İ.Mənəfov, F.Rəşidov, Ə.Seyidov və digərləri onun yaxın dostları idilər. Qədir çətinlik çəkəndə ilk növbədə bu dostlarına müraciət edirdi. Rayonun məmurları da onun hörmətini saxlayır, öz köməkliklərini əsirgəmir, sözünü yerə salmırdılar.
O, Oğuzun təbiətinə vurğun idi. Qonşuları söyləyirdilər ki, yayda eyvanda durub siqaret yandırar, uzun müddət Oğuzun dağlarına baxar, saatlarla susar və fikrə gedərdi. Bu yerlərin havası ona Ağdamı xatırlatsa da, Ağdamı əvəz edə bilmirdi. Oğuz meşələrini gəzməkdən yorulmazdı. Həyat yoldaşı F.Rüstəmova müsahibələrinin birində qeyd edir ki, Bakıya köçəndən sonra da tez-tez Oğuza gedərdik. Qədir saatlarla çayların kənarında gəzər və rəngbərəng kiçik daşlar yığardı.
Oğuzun dağlarında və meşələrində ov etməyi sevərdi. Ən çox balıq ovunu sevirdi. Tilovunu atırdı çaya və gözləyirdi ki, nə vaxt balıq çıxacaq. Balıq ovuna çox vaxt dostluq etdiyi Qismət müəllim Babayevlə gedərdi. Qismət müəllimin onunla bağlı çoxlu xatirələri var. Deyir ki, Qədir Rüstəmov möhtəşəm ifası və duzlu-məzəli söhbətləri ilə daha çox yadımda qalıb: "Rəhmətliklə bir xeyli balıq ovuna getmişik. Həm də mən həmin vaxtlar rəhmətlikdən elə ifalar eşitmişəm ki, bəlkə də onları məndən başqa eşidən olmayıb. Belə bir səs çətin ki, bir də gələ".
Xahişimizlə Qismət müəllim Qədir Rüstəmovla bağlı bir xatirəsini bizimlə bölüşdü: "Yay idi. Mən istirahət mərkəzində işləyirdim. Eşitdim ki, Qədir yaxınlıqdakı çayda balıq tutur. Yanına gedib nahara dəvət etdim. Sözümü yerə salmadı. Onun üçün dana ətindən kotlet hazırlatdım. İkilikdə nahar etdik. Nahardan sonra bir kənarda oturub xəyala dalan Qədir qəflətən ucadan və yanıqlı-yanıqlı oxumağa başladı. O qədər yanıqlı və dərdli-dərdli oxuyurdu ki, tüklərimiz biz-biz olmuşdu. Yaxınlıqdakıların hamısı işini saxlayıb ona qulaq asırdı. Ancaq o, birdən başladığı kimi birdən də dayandı. Davam etməsini xahiş etdik. Lakin Qədir zarafata salıb dedi ki, yox, dana kotletinə bu qədər oxumaq bəsdir. Xeyli gülüşdük. Amma yaxşı başa düşürdük ki, o öz dərdini, Qarabağ həsrətini, Ağdam nisgilini mahnı ilə ifadə edir. Dərdini, qəmini ifadə etmək üçün mahnı bir vasitə idi Qədirə. O öz ifası ilə dərddə, kədərdə yanır, yandırır, yandırdığı qədər də qandırırdı".
Rayonda Qədirlə bağlı maraqlı xatirələri olanlar çoxdur. Onlardan biri də Oğuz şəhər sakini R.Alızadədir. Rauf bəy danışır ki, Qədir müəllim uşaqları çox sevərdi, saatlarla onlarla söhbət edər, necə oxuduqlarını, hansı peşəni sevdiklərini, hansı filmlərə tamaşa etdiklərini və s. soruşar, hətta onlara mahnı da oxudardı: "Uşaqlara yaxşı oxumağı və ağıllı olmağı məsləhət görərdi. Bir dəfə rayonda yaşayan qaçqınlar üçün ərzaq və geyim paylanırdı. Biz də Qədir müəllimin maşını ilə oradan keçirdik. Qədir müəllim maşını saxladı. İkimiz də maşından düşdük. Bu vaxt o yaxınlıqda oynayan bir neçə yarıçılpaq oğlan uşağı gördü. Onları yanına çağırıb maşının yanına gətirdi. Uşaqlara əyin-baş verməyi tələb etdi. Halbuki bu uşaqlar qaçqın yox, yerli ailələrindən idilər. Qədirin sözündən çıxmayan məsul şəxslər dinməz-söyləməz onun tapşırığını yerinə yetirdilər. O, üzünü uşaqlara tutub dedi ki, gedin bunları əyninizə geyin, sizi bir də çılpaq görməyim. Ata-ananız soruşsa, deyin ki, bunları Qədir əmi alıb.
Məşhur olduğu qədər də sadə olan Qədir Rüstəmov qonşuların da rəğbətini qazanmışdı. Keçmiş qonşuları hələ də onun duzlu-məzəli söhbətlərini həsrətlə xatırlayır, böyük sənətkara rəhmət oxuyurlar. Qədir Rüstəmov Oğuzda yaşayan qaçqın ailələri ilə də tez-tez görüşər, onların vəziyyəti ilə maraqlanardı. Özünün imkanı o qədər yaxşı olmasa da, kimin problemi vardısa, qabağa düşüb həll etməyə çalışardı. Deyərdi ki, "darıxmayın, qorxmayın, Qarabağa gedəcəyik".
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Qədir Rüstəmova Bakıda ev verilsə də, çox sevdiyi Oğuzdan ayrıla bilmirdi, bir ayağı Oğuzda idi. Yay aylarını isə, demək olar ki, Oğuzda keçirirdi. Köhnə dostları, qonşuları və qaçqın düşmüş həmyerliləri ilə görüşər, onların dərdinə şərik olar və öz köməkliyini göstərərdi.
Qədir müəllim bir dəfə özü haqqında danışanda deyib ki, "Lovğalıq olmasın, deyəsən, mən də özümdən sonra bir iz qoyub gedəcəyəm". Dediyi kimi də oldu. O, elə bir iz qoydu ki, indi hamı bu izin bənzərsizliyindən xüsusi hörmət və ehtiramla danışır. Onun qoyduğu izlə, yolla, yöntəmlə getmək isə hər müğənninin işi deyil.
Çətin və ağır olsa da, Qədir Rüstəmovun ömrünün Oğuzda keçən illəri Oğuzu şərəfləndirdi. Əfsanəvi xanəndəni canlı görən, mahnılarını dinləyən, onunla həmsöhbət olan oğuzlular şərəf duyur, qürur hissi keçirir, onu həmişə böyük hörmət və ehtiramla yad edirlər.


