İstedadla zəhmətin vəhdəti
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mustafa ilə tanışlığımızın maraqlı tarixçəsi olub. Bir neçə il qabaq SSRİ Xalq artisti, bəstəkar Arif Məlikovun əsərlərinin külliyyatının hazırladığımız günlərin birində, nəşrin musiqi redaktoru, bəstəkar, professor Ceyhun Allahverdiyev bir nəfər tələbə ilə işlədiyimiz otağa gəldi. Ceyhun müəllim Ustadına müraciət edərək həmin tələbənin trambonda məşq edərkən ifadəli ifasını eşitdiyini vurğuladı. Həqiqətən də, Arif müəllimin tələbədən bir əsər ifa etmək xahişi qarşılığında Mustafa yadda qalan çıxış elədi.
Genetik yaddaşın diktəsi
Böyüdüyü ailədə musiqiçi olmasa da, onun musiqiyə gəlişində bibisi, gözəl violin ifaçısı, Əməkdar artist Səadət Xəlilovanın rolu böyük olub.
Mustafa Xəlilov: “Atam 25 il Xüsusi Dövlət Mühafizə Xidmətində (yeni adı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) xidmət edərək polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. Hazırda Azərbaycan Atıcılıq Federasiyasının üzvü, Stend atıcılığı məktəbində məşqçidir. Anam iqdisadçıdır, Mərkəzi Seçki Komissiyasında işləyir. Lakin ailəmizdə həmişə musiqiyə böyük məhəbbət olub, bütün janrlara - xalq musiqi, klassik, caz, estrada və s. Yadımdadır, uşaqlıqda anamla bir yerdə Bethovenin 9 simfoniyasına dinləmişdik. O vaxtdan məndə klassik musiqiyə maraq yarandı, amma ağlıma heç gəlmirdi ki, öz həyatımı bu gözəl ixtisas ilə bağlayacam. Böyük qardaşım informasiya texnalogiyaları üzrə mütəxəssisdir, amma saksofonda həvəskar kimi ifa edir. Anam musiqi məktəbini bitirib. Atam musiqi dərnəyinə gedərək uşaqlıqda pioner düşərgəsində horn alətində çalıb. Həm də, ola bilsin, musiqiyə məhəbbət genetik keçib. Mənim anamın ulu babası Keştazlı Həşim XIX əsrin tanınmış xanəndəsi olub”.
Tarixi haşiyə
Şuşa yaxınlığında Keştaz kəndindən olan Həşim, Xarrat Qulu kimi tanınan (Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pəri Nazzadə (Yusifi) musiqişünaş, yaratdığı musiqi məktəbinin yetirmələrindən biri olub. Aşıq Məmmədli nəslinin təmsilçiləri sırasından çıxan Keştazlı Həşim Şuşa ilə yanaşı, Şəki, Şamaxı, Tiflis, Təbriz və Tehran şəhərlərində musiqi məclislərində və müsabiqələrdə dəfələrlə qalib gəlib. Dövrünün istedadlı xanəndələri Səttar, Hacı Hüsü, Mirzə Məhəmmədhəsən və Əbdülbaqi (Bülbülcan) ilə bir sırada dayanıb, uzun illər Şəki mahalında xanəndəlik edib, Şəkili Ələsgər, Şəkili Vahab bəy, Molla Abbas kimi görkəmli müğənnilərin müəllimi olub (istinad: Firudin Şuşinski. Azərbaycanın musiqi xəzinəsi. Bakı: Vətənoğlu. 2015. s. 436).
Keştazlı Həşimi Şəkili Ələsgərlə tanış olmağı ilə bağlı tarixi görüşü burda qeyd etmək yerinə düşər. “...Şəkidə bir toy məclisində Keştazlı Həşimi maraqla dinləyirdilər. Xanəndə dəstgahı başa vurduqdan sonra qoca bir bənna "toy bəyinə" müraciət etdi:
- Bəy, icazə verin bu uşaq da oxusun.
Bənnanın təklifini şübhə və narazılıqla qarşılayanlar da oldu. Xanəndə işə qarışmaq məcburiyyətində qaldı. Camaatı sakitləşdirib öz qavalını gəncə verərək mehribancasına dedi:
- Oğlum, istəyirəm sənin səsini yoxlayım. Odur ki, bizə bir "Qatar" oxu.
Ələsgərin bulaq kimi çağlayan səsi, vurduğu zəngulələr elə ilk oxunuşdan məclisin diqqətini cəlb etdi. Oxuyub qurtarandan sonra məclisi alqış sədaları bürüdü.
Gəncin gözəl səsinə və istedadına heyran qalan Keştazlı Həşim onu bağrına basaraq dedi:
- Oğlum, halal olsun, sənin gözəl səsin var, amma muğamata bələdçiliyin yoxdur. Mən nə qədər Şəkidəyəm, tez-tez yanıma gəl, sənə bir-iki muğam, təsnif öyrədim...
Gənc Ələsgər Keştazlı Həşimin qayğısı sayəsində öz səsinin qüdrətinə inandı, məclislərə, toy şənliklərinə yol tapdı. Məlahətli səsi, muğamatı mükəmməl bilməsi qısa müddətdə ona xalq məhəbbəti qazandırdı... (istinad: R.İbişova. Səsin möcüzəsi, sənətin zirvəsi. Ələsgər Abdullayev-145. “Xalq qəzeti”. 2011. 4 sentyabr, səh. 6)
Nümunəvi müəllimin sinifində
Musiqi sənətinə tam bağlanmaq qərarı Mustafanı M. və L.Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin birinci sinifinə gətirir. M.Xəlilov: “...Bibim, Əməkdar artist, Azərbaycan Dövlət Simfonik orkestrin solisti Səadət xanım mənim sənədlərimi musiqi məktəbinə verərək qabiliyyət imtahana getməyə məcbur etdi. Mən isə bu şərtlə razılaşdım ki, əgər xoşuma gəlməsə, istədiyim zaman məşqləri dayandıracağam”.
Mustafanın məhz trombon aləti ixtisası seçməyi bir təsadüf idi. O, musiqi təhsilinə başlarkən yaşı bir qədər keçmişdi, üstəlik, trombon alətinə tələbələr çox az sayda sənəd verirdi. Amma həyatda təsadüfi heç nə olmur, daha doğrusu, hər təsadüf bir zərurətə çevrilir. Musfanın ixtisas seçimində düzgün mövqeyini gücləndirən əsas amil müəllimi, peşəkar trombon ifaçısı, Əməkdar artist Vladislav Kuznetsovun rolu həlledici oldu.
Mustafa Xəlilov: “...Vladislav müəllimin dərsləri çox maraqlı, həm də dostluq, bərabərlik, qarşılıqlı hörmət şəraitində keçirdi. Onun bütün şagirdləri musiqi məktəbinə orta məktəbdən sonra gəlirdi. Biz bir yerdə məşq eləyir, bir-birimizə qulaq asıb öyrənir, hətta kiçik brass ansambl təşkil olunmuşdu. Mən çox şadam və minnətdaram ki, mənim musiqidə ilk addımlarım 21 saylı musiqi məktəbində, məhz Vladislav müəllimin sinifində başladı. Məktəbin direktoru, rəhmətlik Rafiq məllim, çox qayğıkeş, səmimi insan idi, məktəbdə əsl yaradıcı atmosfer yaratmışdı və musiqiyə və musiqiçilərə həmişə sevgi və hörmət ilə yanaşırdı”.
Qeyd eləmək istərdim ki, trombon mis nəfəs aləti olaraq, bas-tenor reqisterə malikdir. Həmin alətin olduqca parlaq səs tembrinə malik olan alət müxtəlif səciyyədə: əsasən simfonik orkestrində bas alətlər qrupuna daxil olmaqla (ənənəvi olaraq 3 trombon və bir tuba qruplaşması) yanaşı, caz, estrada janrlarında səslənən musiqi əsərlərində geniş istifadə olunur.
Bundan başqa, trombon solo alət kimi çox əlverişlidir. Məsələn, V.A.Motsartın “Rekviyem”dən “Tuba mirom” bölməsində trombon və vokal partyanın polifonik duetini, Q.Malerin 3 saylı simfoniyasından və M.Ravelin “Bolero”sunda mövcud solo parçaları da əlavə eləmək olar.
İlk uğurlar
Mustafanın musiqi məktəbində oxuduğu illərdə, Xalq artisti Teymur Göyçayevin təşəbbüsü ilə yaradılan Uşaq simfonik orkestrinin üzvü olur. 2012-ci ilin yanvarında TÜRKSOY-un göndərişi ilə “Doğus cocuk senfoni” orkestirinin tərkibində Konya, Nigde və Kayseri şəhərlərində keçirdiyi konsertlərdə iştirak edir. Eyni zamanda təhsil aldığı məktəbin şagird yoldaşları ilə birgə həmin ilin oktyabrın 18-dən 24-dək Sankt-Peterburqda keçirilən M.Rostropoviç adına Beynəlxalq festivalda solo ifaçı kimi çıxışı yadda qalır.
2013-cü ildə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə II Respublika müsabiqəsinin laureatı olur. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə amerikalı bəstəkar Artur Villard Pryor trombon üçün “Bluebells Scotland” (“Şotlandıyanın mavi zınqrovları”) adlı xalq mahnısı əsasında fantaziyasını və danimarkalı müəllif Launi Qryondalın konsertini ilk dəfə Bakıda ifa edir. Xüsusi olaraq vurğulamaq istərdim ki, olduqca mürəkkəb texnikaya malik həmin əsərlər Kristian Lindberq, Jozef Alessi, Brett Baker, Massimo La Rosa, Jasques Mauger və Branimir Slokar və başqa mahir ifaçıların reperturarını bəzəyir.
Yeni hədəflərə doğru
2013-cü il Mustafanın həyatında iki hadisə ilə yadda qalır. Əvvəla, o, Ü.Hacıbəyli adına BMA-nın ifaçılıq fakültəsinə qəbul olur. Eyni zamanda Azərbaycan Dövlət Simfonik orkestrinə işə götürülür. Müəyyən zaman keçdikdən sonra müsahibim ifaçılıq yaradıcılığında yeni hədəflərə çatmaq üçün beynəlxalq yarışmalara qatılmağa başlayır. M.Xəlilov: “...2015-ci ildə Finlandiyanın Lieksa şəhərində keçirilən Beynəlxalq trombon müsabiqəsi və “Lieksa Brass Week” festivalına qatıldım. Münsiflər heyətinə Jak Moje (sədr) ilə yanaşı, məşhur trombon ifaçıları Zoltan Kiss, Frits Vinter, Aleksandr Erbrich-Krauford daxil idilər. Bu müsabiqə mənim həyatımda böyük rol oynadı. Mən başqa bir atmosferə qatıldım. Fərqli ölkələrdən musiqiçilər, müxtəlif üslub və janrlı konsertlərlərlə yanaşı, tanınmış German Brass ansamblını dinlədim...”
German Brass ansamblı (alman. Deutsches Blechbläserquintett, fr. Quintette a Cuivres Allemand) 1974-cü ildə nəfəs alətləri kvinteti kimi yaranıb.
Həmin müsabiqədə Mustafa uğur qazanmasa da, gələcək ifaçılıq yaradıcılığına təsir göstərəcək mütəxəssislərlə tanışlıqlar böyük rol oynayır. Münsiflər heyətinin sədri Jak Moje istedadlı gəncə Paris konservatoriyasında oxumağı təklif edir.
Mustafa Xəlilov: “...Belə bir dəvət mənim üçün gözlənilməz idi. Lakin valideynlərim məsləhət gördülər ki, Bakıda təhsilimi bitirib, sonra xaricə gedim. Onlar xaricdə təhsil almağıma etiraz etmirdilər, sadəcə hesab edirdilər ki, hələ tezdir, bir az yaşa dolum, müstəqil olum. O zaman mən Bakı Musiqi Akademiyasının III kursuna keçmişdim. Bundan əvvəl İqor Yakovlev məni təqaüd təklifi ilə Sankt-Peterburq konservatoriyasında onun sinfində oxumağa dəvət etmişdi. Amma yenə valideynlərim məsləhətinə qulaq asaraq həmin təklifdən imtina edəsi oldum. İndi mən başa düşürəm ki, onlar tamamilə haqlı idilər”.
Xarici təhsil ocaqlarında
BMA-nı bakalavr pilləsini uğurla bitirən Mustafa 2017-ci ildə Jak Mojenin təklifi ilə Lozanna şəhərində yerləşən Ali musiqi məktəbinə (Haute ecole de musique de Lausanne) sənədlərini verir. Çətin bir müsabiqədən (1 yerə 20 nəfər) uğurla keçərək tələbə adını qazanır. Qısa müddət ərzində diqqəti cəlb edən Mustafa Fribourq Çamber Orchestra, Lausanne Çamber Orchestra, La Konkordia de Fribourq və başqa orkestrlərdə iş təklifi alır.
Magisr diplomunu alandan bir qədər sonra Paris regional yönümlü konservatoriyasında (Conservatoire a Rayonnement Regional de Paris) (1978-ci ildən təsis olunub) oxumaq şansını qazanır. Mustafa Xəlilov: “...Konservatoriyada oxuyarkən tələbələr arasında keçirilən müsabiqədə Fransa milli orkestri ilə (Orchestra national Ile-de-France) çıxış eləmək şansını qazandım. Lakin bütün dünyanı əhatə edən pandemiya planlarıma mane oldu”.
Parisdən sonra Mustafa Brüssel konservatoriyasının aspiranturasına qəbul olaraq təhsilini başa vurur. Burada olduğu müddətdə Lyej filarmoniya orkestrində ( L'Orchestre Philharmonique de Lieg) çalışmağa başlayır. Brüssel filarmoniyasına işləməyə dəvət alır. Bundan başqa, Brüsseldə qədim nəfəs alətləri ifaçılardan biri Lambert Kolsonun layihəsi olan “InAlto” ilə birgə erkən İntibah və Barokko dövrünə aid musiqi əsərlərinin təvsiri ilə məşğul olan ansamblda sakbut alətində (trambonun ilk forması) çıxış edir.
Pandemiyadan sonrakı zamanda Mustafa Xəlilovun ifaçılıq yaradıcılığında yeniliklərlə zəngin olmuşdur. O, 2023-24-cü illərin konsert mövsümündə Sofiya filarmoniyasının tərkibində qastrol turunda iştirak etmişdir. Cari ilin may ayının 25-də isə yenə də Sofiya filarmoniyasının səhnəsində pianoçu Svetlin Xristoun müşayiəti ilə solo konsert vermişdir. Konsertin proqramında P.Çaykovski, L.Bertstayn, S.Prokofyevin əsərləri ilə yanaşı, həmyerlimiz tərəfindən xalq mahnısı “Sarı gəlin” solo trombonda səsləndirilmişdir.
Dönüb geriyə baxanda
Mustafa Xəlilov: “Trombon mənim üçün nədir? Meloman olaraq trombon mənim üçün ideal bir alətdir. Klassik musiqi ilə yanaşı, intibah, barokko, caz, estrada, punk jaz, reggi və digər formalarda trombonun ifa üslubunu tətbiq etmək olar. Mən həmişə yenilik axtaran bir insanam. Hər bir janrda öz emosiyamı heç vaxt yorulmadan ifadə edə bilərəm”.
Oçerkimizin qəhrəmanı Mustafa Xəlilovun gənc olmasına baxmayaraq, bu zamana qədər keçdiyi və ciddi uğurlar gətirdiyi həyatı ilə tanış olduq. Bu, hələ son deyil. Onun istedad və bacarığının yeni tərəflərinin özünü göstərəcək layihələr hələ qabaqdadır. Sənə uğurlar, Mustafa Xəlilov!
Yavər Neymətli
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 30 Yanvar 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















